Fərqanə Qasımova Vyanada konsert verdi

 

Azərbaycanın əməkdar artisti Fərqanə Qasımova Vyanada təşkil olunan "Salam Orient” (Salam Şərq) festivalı çərçivəsində solo konsert proqramı ilə çıxış edib.

Adalet.az-ın verdiyi məlumata görə, Vyananın mərkəzində yerləşən "Odeon” teatrında keçirilən konsertdən əvvəl çıxış edən festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix rəhbərlik etdiyi festivalda Azərbaycan musiqisinin yenidən səslənməsindən məmnun olduğunu diqqətə çatdırıb.

 

N.Ehrlix Alim Qasımovun 1999-cu ildə Beynəlxalq YUNESCO Musiqi Mükafatı ilə təltif olunmasından sonra Vyanada onun rəhbərlik etdiyi festival çərçivəsində konsert proqramı ilə çıxış etdiyini məmnunluqla xatırlayıb.

 

Nəzərinizə çatdıraq ki, Fərqanə Qasımova konsertdə "Dəli Kür” filmindən mahnı, "Dilkeş” təsnifi, "Bayatı-Şiraz” muğam dəstgahı, bəstəkar Emin Sabitoğlunun "Arzular” mahnısını, eləcə də Azərbaycan muğam musiqisinin digər incilərini səsləndirib. İfaçını tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət ediblər.

 

Daha sonra konsertə xüsusi qonaq qismində qatılan Alim Qasımov tamaşaçıların təkidi və sürəkli alqışları ilə səhnəyə çıxıb və Fərqanə Qasımova ilə birgə eyni səhnəni bölüşüb.

 

Qeyd edək ki, Azərbaycan Xalq Artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova Vyanaya səfərdən əvvəl "El Servantino” Beynəlxalq festivalı çərçivəsində Meksikanın Mexiko, Merida, QvadalaxaraQuanaxuato şəhərlərində konsert proqramları ilə çıxış ediblər.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 31 oktyabr.- S.7.