Klassik ədəbi irslə bağlı dəyərli
nəşr: "Divan ədəbiyyatı
sözlüyü"
Orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində
mühüm xidmətləri olan görkəmli ədəbiyyatşünaslardan
söz düşərkən bu sırada ilkin yada düşən,
hörmətlə adı çəkilən alimlərimizdən
biri də filologiya elmləri doktoru, professor, AMEA-nın
müxbir üzvü Əlyar Səfərli olur. Humanitar elmlər
sahəsində çalışanların çoxunun
yaxından tanıdığı bu görkəmli ədəbiyyatşünas
alim əlli ildən çoxdur ki, klassik Azərbaycan ədəbiyyatı
nümunələrinin aşkara çıxarılması,
araşdırılması və nəşrə
hazırlanması istiqamətində yorulmadan
çalışır, səmərəli fəaliyyət
göstərir. Məhz Əlyar müəllimin
axtarışları və araşdırmaları nəticəsində
XVII əsr müəllifi Məsihinin "Vərqa və
Gülşa" poeması və doğma ana dilində
yazdığı "Divan"ı, ilkin yazılı abidələrimizdən
sayılan naməlum müəllifin "Dastani-Əhməd Hərami"
məsnəvisi, XIV yüzilliyin qüdrətli hökmdar -
şairi kimi tanınan Qazi Bürhanəddinin türk
"Divan"ı Azərbaycanda ilk dəfə həm
geniş və ətraflı şəkildə
araşdırılmış, həm də işıq
üzü görmüşdür. Onu da
qeyd etmək lazımdır ki, Əlyar Səfərlinin istər
1966-cı ildə müdafiə etdiyi namizədlik işi, istərsə
də 1983-cü ildə ərsəyə gətirdiyi doktorluq
dissertasiyası bilavasitə orta əsrlər Azərbaycan ədəbiyyatı
ilə bağlıdır və mühüm elmi yeniliyi ilə
seçilən hər iki araşdırma mütəxəssislər
tərəfindən yüksək dəyərləndirilmişdir.
Ömrünün ixtiyar çağlarını
yaşayan professor Əlyar Səfərlinin bu yaxınlarda
işıq üzü görən "Divan ədəbiyyatı
sözlüyü" ("İqtisad Universiteti" Nəşriyyatı,
488 səh.) adlı sanballı kitabı da ilk növbədə
görkəmli alimin orta əsrlər Azərbaycan ədəbiyyatına
ürəkdən bağlılığını,
vurğunluğunu göstərir və onun bu sahədə
apardığı tədqiqatlarının müəyyən mənada
məntiqi davamı və uğurlu yekunu təsirini
bağışlayır. Uzun illər indiki Bakı Dövlət Universitetində
orta əsrlər Azərbaycan ədəbiyyatı fənnini tədris
etmiş, hazırda isə Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun "Orta əsrlər Azərbaycan ədəbiyyatı"
şöbəsinə rəhbərlik edən Əlyar Səfərlinin
səmərəli araşdırmalarının nəticəsi
olan bu kitabı hesab edirəm ki, istər klassik ədəbiyyat
üzrə tədqiqatçılar, istərsə də bu sahədə
çalışan müəllim və tələbələr
üçün dəyərli bir qaynaq və faydalı bir
elmi vəsait olacaqdır. Onu da qeyd edim ki,
qardaş Türkiyə ədəbiyyatşünaslığında
indiyədək bu yöndə bir sıra dəyərli
araşdırmalar aparılmışdır ki, onlar
sırasında İskəndər Palanın "Divan"
şeiri sözlüyü" (Ankara, 1989), Kamal Ədib
Kürkçüoğlunun "Edebiyat lüğeti"
(İstanbul, 1973), Əhməd Tələt Onayın "Eski
türk edebiyatında mezmunlar ve izahı" (Ankara, 1992)
kitabları xüsusilə əhəmiyyətlidir. Azərbaycan ədəbiyyatşünaslığında
isə Ə.Səfərlinin də kitaba yazdığı
ön sözündə qeyd etdiyi kimi, bu sahə indiyədək
yalnız ayrı-ayrı məqalələr və klassik əsərlərə
yazılmış şərh, açıqlamalar səviyyəsində
işıqlandırılmışdı. Bu
isə təbii olaraq o deməkdir ki, belə bir kitabın ərsəyə
gətirilməsinə və nəşr edilməsinə, həqiqətən
də, böyük ehtiyac və zərurət duyulurdu. Və nəhayət ki, Əlyar müəllimin
hazırladığı bu dəyərli kitab ədəbiyyatşünaslığımızda
bu sahədə mövcud olan boşluğu müəyyən qədər
doldurdu və gələcəkdə bu yöndə
aparılacaq yeni-yeni araşdırmalar üçün
yaxşı bir zəmin hazırladı.
Məlum olduğu kimi, "Divan ədəbiyyatı"
dedikdə klassik şairlərin, əsasən də
"Divan" bağlayan müəlliflərin eləcə də
qələmlərini daha çox əruz vəznində
sınayan yazarların məsnəviləri və
çeşidli lirik şeir növləri nəzərdə
tutulur. Bu qəbildən
olan mətnlər üzərində çalışan
mütəxəssislər yaxşı bilirlər ki, klassik sənətkarlar
müsəlman Şərqində geniş yayılmış
üç dilə (ərəb, fars, türk) dərindən
yiyələnməklə yanaşı, islamın müqəddəs
kitabı - Quranı, hədisləri, ilahiyyatı da yetərincə
bilmiş və əsərlərində dönə-dönə
onlara müraciət edərək, bu ilkin qaynaqlardan örnəklər
gətirmişlər. Məhz bu səbəb
üzündən gənc araşdırıcılar klassik mətnlər
üzərində işlərkən tez-tez müəyyən
çətinliklərlə üzləşirlər ki, bu
baxımdan professor Əlyar Səfərlinin sözügedən
kitabı - bu sahədə olan ilk təşəbbüsü
onlar üçün dəyərli bir qaynaq və
yaxşı bir yardımçı rolunu oynayacaqdır.
Qeyd etmək lazımdır ki, "Divan ədəbiyyatı"
anlayışı bir termin olaraq Türkiyə ədəbiyyatşünaslığında
uzun müddətdir ki, qəbul edilmiş və bizdə onun
qarşılığı olaraq klassik yazılı ədəbiyyat
ifadəsi daha çox işlənir. Bununla belə, Azərbaycan ədəbiyyatşünaslığında
da son dövrün ədəbiyyatşünaslığında
"Divan ədəbiyyatı" termininə rast gəlirik
ki, bu da müəyyən mənada qeyd olunduğu kimi, klassik
yazılı ədəbiyyat anlamına uyğun gəlir.
Ə.Səfərlinin "Divan ədəbiyyatı
sözlüyü" kitabı əlifba sırası ilə
tərtib olunmuşdur və "ı", "ğ" hərfləri
istisna olmaqla, bütün hərflərlə başlayan
sözləri əhatə edir. Sözlüyün
başlıca səciyyəvi cəhətləri və
müsbət keyfiyyətləri sırasında
açıqlaması verilən bir çox anlayışlarla
bağlı, bir qayda olaraq, əyani vəsaitdən də
istifadə olunmasını, yəni, ayrı-ayrı klassik mətnlərdən
örnəklər gətirilməsini qeyd etmək olar. Yaradıcılığından ən çox
nümunələr verilən söz sənətkarları isə
klassik Azərbaycan şairlərindən Qazi Bürhanəddin,
İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və
Məhəmməd Füzulidir. Məsələn,
poetik fiqurlar sırasında önəmli yer tutan və məna
incəlikləri və gözəlliklərinə aid olan
"ləffü nəşr" maddəsində öncə
bu anlayışın lüğəvi mənası və
izahı verilir, onun növləri (mürəttəb və
müşəvvəs - qarışıq, qeyri-mürəttəb)
göstərilir, sonra isə hər bir növə aid örnək
təqdim olunur. Aydınlıq
üçün qeyd edək ki, "ləffü nəşr"də
bir-birilə bağlı olan bir neçə sözün yeri
bilərəkdən bir qədər aralı salınır.
Kitabda mürəttəb ləffü nəşrə nümunə
olaraq dahi Füzulinin məşhur:
Bülbüli-qəmzədəyəm,
bağü baharım sənsən,
Dəhənü
qəddü rüxün qönçəvü
sərvü səmənim-
beyti verilərək
ikinci misradakı "dəhən" (ağız), "qədd"
(boy) və "rüx" (üz) sölərilə
bağlı anlayışların ("qönçə",
"sərv" və "səmən" - yasəmən)
onların yanında yox, bir qədər aralı, yəni
qarşısında gətirilməsi göstərilir. Onu da əlavə edək ki, bu beytdə həm də
qüvvətli təşbehlər yaradılmışdır.
Kitabda poetika, bəlağət və ümumiyyətlə,
bədii söz sənəti ilə bağlı
anlayışların, bədii təsvir vasitələrinin izahına
daha geniş yer verilmişdir ki, onların bəzilərinə
yalnız son dövrün araşdırmalarında rast gəlirik. Sözlükdə təsəvvüflə,
ilahiyyatla bağlı anlayışların, ayrı-ayrı
Quran personajlarının, sufi şəxsiyyətlərinin
açıqlamaları da diqqəti çəkir. Yeri gəlmişkən
qeyd edək ki, kitabda izahı verilən sözlərin
qruplaşdırılaraq "Poetik fiqurlar", "Sufi terminləri",
"Şəxs adları" və s. kimi başlıqlar
altında verilməsi, fikrimizcə, daha məqsədəuyğun
olardı.
Kitabda
verilən izah - açıqlamalar həcmcə fərqlənirlər:
onlardan bəziləri cəmi bir neçə cümlədən
ibarət olduğu halda, elələri də vardır ki,
kiçik məqalə təsirini bağışlayır və
bir neçə səhifədə yer almışdır. Məsələn,
kitabda "çəngnamə" "şitaiyyə",
"vücudnamə", "hürufilik" və s. ilə
bağlı verilən açıqlamalar daha çox yığcamlığı
ilə seçilirsə, araşdırmanın baş
mövzusu olan "Divan ədəbiyyatı", eləcə
də "Mənaqibnamə", "Saqinamə", "təriqət"
və s. haqqındakı izahlar isə bir neçə səhifəni
əhatə edir və sözügedən məsələlər
haqqında tam və dolğun təsəvvür yaratmağa
imkan verir.
Professor Əlyar Səfərlinin "Divan ədəbiyyatı
sözlüyü" kitabındakı
açıqlamaların bir qismi də klassik ədəbiyyatda
tez-tez adları çəkilən məşhur tarixi şəxsiyyətlər,
eləcə də müəyyən səciyyəvi keyfiyyətləri
ilə seçilən ayrı-ayrı hökmdarlar
haqqındadır. Onlar sırasında Ayaz, Əfrasiyab (Alp
Ər Tonqa), Keyxosrov, Sultan Mahmud Qəznəvi, Nuşirəvan,
Bəhram Gur və başqalarının adlarını çəkmək
olar. Yeri gəlmişkən qeyd etmək
lazımdır ki, kitabda verilən antroponimlərdə - şəxs
adlarında müəyyən uyğunsuzluq halları nəzərə
çarpır. Məsələn, kitabdakı
"İ" hərfində klassik ədəbiyyatda
sıx-sıx işlənən "İbrahim Ədhəm"
adına rast gəlmirik. Burada həm daxili əlifba
sırasına əməl edilməmiş, həm də
"İbrahim" maddələrində yalnız İbrahim
peyğəmbər və İbrahimxəlil xan Cavanşir haqqında
bilgilər verilmişdir, halbuki divan ədəbiyyatında
sonuncu tarixi şəxsiyyətin adının belə çəkilməsi
inandırıcı görünmür. Həmin
maddədə bu barədə müəllifin heç bir
qeydinin olmaması da bunu sübut edir. Kitabda
arabir hallarda müşahidə olunan imla xətaları da onun
ümumi dəyərinə müəyyən qədər xələl
gətirir və təəssüf hissi doğurur.
Ümumilikdə
götürdükdə isə, tanınmış ədəbiyyatşünas
alim, AMEA-nın müxbir üzvü Əlyar Səfərlinin
"Divan ədəbiyyatı sözlüyü" kitabı
istər verilən bilgilərin çoxçeşidliliyi və
əhatəliyi, istərsə də ümumi dəyəri ilə
yadda qalır və bu baxımdan ədəbiyyatşünasların
işinə çox yarayır, xüsusilə də gənc
mütəxəssislərin bu sahədə tez-tez üzləşdiyi
çətinlikləri aradan qaldırır.
Ədəbiyyatşünaslıq
elmimiz üçün yeni bir töhfə olan "Divan ədəbiyyatı
sözlüyü" kitabının elmi redaktorları bir
sıra sanballı kitabların müəllifi kimi tanınan
filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm
xadimi Xəlil Yusifli və onun gənc həmkarı, filologiya
üzrə fəlsəfə doktoru Günal Səfərlidir.
Sonda görkəmli alim, AMEA-nın müxbir üzvü
Əlyar Səfərlini ədəbiyyatşünaslarımız
üçün bir növ masaüstü kitab olacağına
inandığım bu dəyərli araşdırmasına
görə ürəkdən təbrik edir və həmkarıma
möhkəm cansağlığı və yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Möhsün NAĞISOYLU
filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın
müxbir üzvü
525-ci qəzet.-
2014.- 29 oktyabr.- S.6.