“İnsan hüquqları məsələləri
üzrə birgə Qrup konstruktiv fəaliyyətini davam etdirəcək”
Mətbuatda xəbər verildiyi kimi, İnsan
hüquqları məsələləri üzrə birgə
Qrupun fəaliyyəti yenidən bərpa olunub. Bununla əlaqədar
Qrupun üzvü, Ədliyyə Nazirliyi İnsan
hüquqları və ictimaiyyətlə əlaqələr
idarəsinin rəisi Faiq Qurbanov müxbirimizin suallarını
cavablandırıb.
- Faiq
müəllim, birgə Qrupun yenidən
formalaşdırılmasında məqsəd nədən ibarətdir?
- Məlum
olduğu kimi, birgə qrupun fəaliyyəti Avropa
Şurası Baş katibi Torbyorn Yaqlandın və dövlətimizin
başçısı cənab İlham Əliyevin təşəbbüsü
ilə yenidən bərpa olunub. Bilirsiniz ki, hər
bir demokratik cəmiyyətdə insan haqlarının
qorunması mühüm rol oynayır. Dövlətimizin ali məqsədi olan insan hüquq və
azadlıqlarının müdafiəsinə daim xüsusi diqqət
yetirilir, bu istiqamətdə mühüm qanunvericilik və
institusional tədbirlər görülür. Şübhəsiz
ki, qrupun yenidən fəaliyyətə başlaması şəffaflığın
təmin olunması, vətəndaş cəmiyyəti
institutları ilə səmərəli dialoq üçün
əsaslı zəmin yaratmış, Azərbaycanın bu sahədə
güclü siyasi iradəsini ortaya qoyub.
Qrup bundan əvvəl 2005-2008-ci illərdə fəaliyyət
göstərib və onun əsas məqsədi məhkəmə
prosesi zamanı hüquqları pozulması ehtimal olunan şəxslərin
işləri ilə məşğul olmaq və ədalətlilik,
humanizm prinsiplərinə sadiqlik nümayiş etdirməklə
müvafiq qərarların qəbul olunmasına yaxından
köməklik göstərmək olub. Təsadüfi
deyil ki, həmin dövrdə qrup tərəfindən xeyli
işlər görülərək, dövlət
orqanlarının nümayəndələri ilə qeyri-hökumət
təşkilatları arasında konstruktiv əməkdaşlıq
nəticəsində 150-dən çox şəxsin
azadlığa buraxılmasına nail olunub.
Azərbaycan hər zaman insan hüquqlarına və
bütövlükdə demokratik dəyərlərə
sadiqliyini ardıcıl işlərlə nümayiş etdirir. Heç də
təsadüfi deyil ki, ölkəmizin Avropa Şurası Nazirlər
Komitəsinə sədrliyi ərəfəsində qəbul
olunan 2014-2016-cı illər üzrə Azərbaycan
üçün Fəaliyyət Planında da bir çox
mühüm istiqamətlərlə yanaşı, insan
hüquqlarının təminatı məsələsi də
başlıca prioritetlərdən biri kimi təsbit olunub.
Qrupun fəaliyyətə başlaması dialoq
üçün dəyərli və etibarlı mexanizm kimi qəbul
olunaraq digər Avropa dövlətləri üçün
unikal modeldir.
Qeyd olunan fikirlər bu günlərdə
dövlət orqanlarının və vətəndaş cəmiyyəti
nümayəndələrinin, eləcə də Avropa
Şurası Baş katibinin nümayəndəsinin
iştirakı ilə keçirilmiş iclasda səsləndirilib.
- Qeyd
etdiniz ki, Qrup müəyyən bir dövrdə fəaliyyət
göstərib və sonradan fəaliyyətini
dayandırıb...
- Bəli.
2008-ci ildən sonra Qrupun fəaliyyət göstərməməsi
Avropa Şurasında Azərbaycanda qondarma "siyasi məhbus"
məsələsinin gündəmə gətirilməsindən
sonra baş verib. Bilirsiniz ki, Avropa Şurası Parlament
Assambleyası tərəfindən Azərbaycanda "siyasi məhbus"lar üzrə xüsusi məruzəçi təyin
olunub. O da məlumdur ki, uğursuz və destruktiv fəaliyyəti,
ölkəmizə qarşı qərəzli mövqeyi ilə
yadda qalan məruzəçi Kristofer Ştrasserin, yumşaq
desək, həqiqətdən uzaq olan məruzəsi elə məhz
Avropa Şurası Parlament Assambleyası tərəfindən
böyük səs çoxluğu ilə qəbul olunub.
Ümumiyyətlə qeyd etməliyəm ki, "siyasi məhbus"
anlayışı özünün mənbəyi və
hüquqi təbiəti baxımından mübahisəlidir və
bütövlükdə beynəlxalq hüquqda, o cümlədən
Avropa Şurasının sənədlərində, konvension
normalarda müəyyən edilməyib. "Siyasi məhbus"
anlayışı yalnız Amnesty İnternational təşkilatının
və Avropa Şurasının Stefan Treksel, Evert Alkema və
Aleksandr Arabaçiyevdən ibarət ekspertlər qrupunun
hazırladıqları meyarlar əsasında istifadə edilib.
Lakin bu nümunələr nə universal, nə
də regional səviyyədə qəbul edilən beynəlxalq-hüquqi
meyarlar hesab edilə bilməz. Ona görə
də, onların yalnız Azərbaycana münasibətdə tətbiqi,
xüsusi məruzəçi institutunun müəyyən
olunması ölkəmizə qarşı qərəzli
münasibətdən və ikili standartlardan xəbər verir.
Bu, ədalətsizlik olduğu üçün
yolverilməzdir. Azərbaycanda "siyasi məhbus"
yoxdur və heç kəs siyasi mənsubiyyəti,
baxışları və mövqeyinə görə təqib
oluna bilməz. Hər kəs yalnız
konkret cinayət əməlləri törətdiyinə
görə qanunla müəyyən edilən qaydada cinayət
məsuliyyətinə cəlb olunur.
Xatırlatmaq yerinə düşər ki, Qrupun əvvəlki
fəaliyyəti dövründə qəbul etdiyi Memoranduma əsasən
"siyasi məhbus" termininin işlədilməsindən
belə imtina olunub. Bu termin "məhkəmə prosesi
zamanı hüquqlarının pozulması ehtimal olunan şəxslər"
ifadəsi ilə əvəz edilib. İndi
isə qrup yenidən bərpa olunaraq "İnsan
hüquqları məsələləri üzrə birgə
Qrup" adlandırılıb.
Eyni zamanda bildirməliyəm ki, ötən illərdə
Qrupun müvəqqəti olaraq fəaliyyətinə xitam verilməsinə
baxmayaraq dövlət orqanları və vətəndaş cəmiyyəti
institutları, o cümlədən insan hüquqları sahəsində
ixtisaslaşmış qeyri-hökumət təşkilatları
arasında konstruktiv dialoq və səmərəli
qarşılıqlı fəaliyyət davam olunub. Misal
üçün Ədliyyə Nazirliyinin təşəbbüsü
ilə hələ 2006-cı ildən yaradılaraq fəaliyyət
göstərən və tərkibində ölkədə
tanınmış, öz müstəqilliyi ilə seçilən
hüquq müdafiə qeyri-hökumət təşkilatlarının
nümayəndələrini əhatə edən İctimai
Komitəni və onun səmərəli ictimai nəzarət
mexanizmi kimi ictimai etimadını nümunə gətirmək
olar.
Xüsusi vurğulamalıyam ki, bu gün ölkəmizdə
vətəndaş cəmiyyətinin inkişafına
böyük önəm verilir, geniş imkanlar
yaradılır. Açıq hökumətin təşviqi, xüsusilə
bu il iyun ayından qüvvəyə minmiş "İctimai
iştirakçılıq" haqqında Qanun dövlət
orqanları və vətəndaş cəmiyyəti institutları
arasında əməkdaşlığın daha da genişləndirilməsinə
böyük təkan verib. Bütün bunlar vətəndaş
cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlıq
üçün daha geniş imkanlar yaradır. Bir
sıra mühüm sahələrdə, o cümlədən ədliyyə
orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin
öyrənilməsi üzrə monitorinqlər keçirilərkən,
məhkumları şərti olaraq vaxtından əvvəl azad
etmə institutunun tətbiqi zamanı, həmçinin əfv
və amnistiya aktlarının icrasında sıx əməkdaşlıq
həyata keçirilir, hüquq müdafiəçiləri,
QHT-lər mütəmadi olaraq belə tədbirlərə cəlb
olunur, eləcə də "açıq qapı"
günlərinə, mətbuat konfranslarına, habelə şəffaflığın
təmin olunması məqsədilə işə qəbulla
bağlı keçirilən müsabiqələrdə
iştiraka dəvət edilir.
Yeri gəlmişkən,
cəmiyyətimizdə dərin rəğbətlə
qarşılanan, o cümlədən Avropa Şurası və
digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən
dəstəklənən ölkə başçısı cənab
İlham Əliyevin 18 oktyabr - Müstəqillik günü ərəfəsində
imzaladığı növbəti Əfv Sərəncamının
icrası prosesində də vətəndaş cəmiyyətinin
nümayəndələri yaxından iştirak ediblər.
- Qrupun
genişləndirilmiş tərkibi ilə bağlı nə
deyə bilərsiniz?
- Qrup
yaradılaraq daha geniş tərkibdə fəaliyyətə
başlayıb. Orada təmsil olunan hüquq müdafiə fəaliyyəti
ilə məşğul olan qeyri-hökumət təşkilatlarının
və dövlət qurumlarının nümayəndələri
açıq, konstruktiv dialoq şəraitində birgə məsləhətləşmələr,
müzakirələr aparacaq və əvvəldə də qeyd
etdiyim kimi, hüquqları pozulması ehtimal olunan şəxslərin
işləri ilə bağlı qərar qəbul etmək səlahiyyətləri
olan orqanlara tövsiyələr veriləcək. Artıq Qrupun iclasından sonra müəyyən
addımların atılmasına başlanılıb, o
cümlədən azadlıqdan məhrum edilən şəxslərlə
bağlı müvafiq tədbirlər görülüb.
Qrupun işinə rəhbərlik həmsədrlər tərəfindən
həyata keçirilir, cari və hazırlıq işlərinin
təşkilini isə Katiblik aparır ki, bura qeyri-hökumət
və dövlət qurumlarının nümayəndələri
daxil ediliblər. Sözsüz ki, tərkib ehtiyac yaranarsa,
daha da genişləndirilə və digər hüquq müdafiə
təşkilatları da cəlb oluna bilər.
- Qeyd
etdiniz ki, qrupun fəaliyyəti daha da genişləndirilə
bilər. Mətbuatda xəbər verildiyi kimi, Qrupda Xədicə
İsmayılovanın da iştirakı nəzərdə
tutulurdu, lakin onun iştirakı təmin olunmadı...
- Bəli.
Formatın daha da genişləndirilməsi
üçün real imkanlar var. Bu barədə qrupun
iclasında da müzakirələr aparılıb, digər vətəndaş
cəmiyyəti nümayəndələrinin cəlb
olunmasının mümkünlüyü bildirilib və təkliflər
verilib. Xədicə İsmayılovaya gəldikdə isə
bildirməliyəm ki, iclas ərəfəsində onun
"facebook" sosial şəbəkəsindəki Qrupun bərpasına
dair nümayiş etdirdiyi qeyri-konstruktiv və məsuliyyətsiz
münasibəti, o cümlədən orada təmsil olunan şəxslərlə
bağlı təhqiramiz ifadələrlə dolu bəyanatı
Qrup üzvlərinin, xüsusilə qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin haqlı narazılıqlarına
səbəb olub, birmənalı və yekdilliklə onun qrupda
iştirakına etirazlar bildirilib. Hətta Xədicə
İmayılovanın bu addımı iclasa dəvət olunan
Avropa Şurası Baş Katibinin nümayəndəsi tərəfindən
də təəccüb və anlaşılmazlıqla
qarşılanıb.
-
Ümumiyyətlə, Qrupun işinə kölgə salmağa
çalışan Xədicə İsmayılovanın sosial
şəbəkədə dedikləri fikirlərə
münasibətiniz necədir?
- Əvvəla
onu deyim ki, fəaliyyəti, amalı bəlli olmayan Xədicə
İsmayılovanın özünün "facebook" sosial
şəbəkəsində qeyri-etik, Qrupda təmsil olunan
şəxslərin nüfuzuna, etibarına xələl gətirən,
ucuz və sensasiya xarakterli ifadələr işlətməklə
gündəmdə qalmağa çalışmasına, cəmiyyətdə
hay-küy yaratmasına dəlalət edir. Hesab
edirəm ki, bütün bunlar onun özünün
ağlının məhsulu deyil və cəmiyyətimizə,
bütövlükdə ölkəmizin imicinə hər vəchlə
zərbə vurmağa cəhd edən havadarlarının
tapşırığıdır. Görünür,
Qrupun yenidən bərpa olunması bəzi daxili və xarici
qüvvələri ciddi narahat etdiyindən himayəsində
X.İsmayılova və onun kimilərin vasitəsilə
gözdənsalma kampaniyasına başlamaq fikrinə
düşüblər. Bu baxımdan
X.İsmayılovanın sosial şəbəkədə qərəzli
çıxışı belə niyyətlərin bir tərkibi
idi. Anlaşılan odur ki, o, qrupa daxil
olmaqla dialoqa və qrupun işinə xələl gətirmək
məqsədi güdürdü. Amma çox
maraqlıdır, X.İsmayılova hansı yüksək statusundan
çıxış edərək Qrupda təmsil olunan şəxslərə,
o cümlədən uzun illər hüquq müdafiə fəaliyyəti
ilə məşğul olub, ölkədə və mötəbər
beynəlxalq təşkilatlarda kifayət qədər
tanınan, o cümlədən BMT-də müşahidəçi
statusuna malik olan hüquq müdafiəçilərinə qarşı
belə münasibət sərgiləyir və onlar nə etməlidirlər
ki, X.İsmayılovanın etimadını qazana bilsinlər. X.İsmayılovanın özündən soruşmaq
lazımdır ki, bəs o, özü kimdir?
Mən deyərdim ki, o, çıxışı ilə
özünü ifşa elədi və cəmiyyətdə barəsində
artıq formalaşan mənfi rəyi bir daha təsdiq edib. Heç də təsadüfi
deyil ki, dövlət başçısının Əfv Sərəncamını
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə komissarı Ketrin Eşton
ilə Avropa qonşuluq siyasəti və genişlənmə
üzrə komissar Ştefan Fülenin dəstəkləməsi
də X.İsmayılovanın beynəlxalq dəstəyini
puça çıxarıb.
Ona görə də X.İsmayılovanın öz
dünyagörüşünə, düşüncə tərzinə
uyğun ölkə əhəmiyyətli mühüm məsələlərə
destruktiv mövqe sərgiləməsi, Azərbaycana təzyiq
etmək istəyən qüvvələrin buyruqçusu olması
heç də təəccüb doğurmur.
Azərbaycan dövləti öz vətəndaşlarının
hüquq və azadlıqlarını etibarlı təmin etmək
iqtidarındadır. Bu məsələlərə milli dəyərlərimiz,
ümummilli liderimiz Heydər Əliyevin müəyyən
etdiyi və ölkə Prezidenti cənab İlham Əliyevin
uğurla həyata keçirdiyi humanizm prinsiplərindən
çıxış edilərək, daim həssaslıqla
yanaşılır. Bu işdə dövlətimiz,
həmçinin, beynəlxalq təşkilatlarla, o cümlədən
Avropa Şurası və onun struktur qurumları ilə sıx əməkdaşlığı
davam etdirməyə hazırdır.
R.HƏSƏNOV
525-ci qəzet.-
2014.- 29 oktyabr.S.5.