Bakı şəhərində universitetin yaradılması

 

 

(Tarixi oçerk)

Tarix dünən deməkdir, gələcək isə bu günün və dünənin sabahı. Gələcək dünənin özülü üzərində və ənənələri əsasında yaranır və yaşayır. Hər hansı bir cəmiyyətin nə dərəcədə inkişaf etməsi onun dünənindən çox asılıdır. Hər hansı bir dövlətin sivil dövlətlər səviyyəsinə yüksəlməsi üçün siyasi və iqtisadi göstəricilərilə yanaşı, elm, təhsil və mədəniyyəti də yüksək olmalıdır, çünki məhz elm, təhsil və mədəniyyət dinindən, irqindən, quruluşundan asılı olmayaraq, xalqlar və ölkələr arasında sarsılmaz bir körpü yaratmağa qadirdir. XXI əsrin 14-cü ilində özünün 95 yaşını qeyd etməyə hazırlaşan Bakı Dövlət Universiteti, məhz zəngin elmi, mədəni irsə malik olan Azərbaycan adlı dövlətin yenidən başını qaldırıb: "Mən Azərbaycanam!"  - hayqırdığı bir vaxtda, Şərqlə Qərbin qovuşdugu Bakı şəhərində ucaldı. Tarixi xalqımızın tarixi ilə səsləşən BDU-nun yaranması çox böyük məşəqqətlərlə keçmişdir. Bakıda universitetin yarandığı günə gedən yolun haralardan keçdiyini, bu yolda "kimin kim olması" və hansı olayların yaşandığını bilmək, bizcə, hər bir azərbaycanlı üçün maraqlıdır. Bu baxımdan, düşünürük ki, həmin suallara ən yaxşı cavabı hadisələrin şahidi olmuş, universitetin ilk rektoru professor Vasili İvanoviç Razumovskinin "Bakı şəhərində universitetin yaradılması" adlı tarixi oçerki verə bilər. Bugünki Bakı Dövlət Universitetinin keçdiyi tarixi yolu daha dəqiq qiymətləndirmək və onu gələcək nəsillər üçün yaşatmaq xatirinə, 95 illik yubileyimiz ərəfəsində V.İ.Razumovskinin sözügedən tarixi oçerkini ilk dəfə Azərbaycan oxucusuna öz dilimizdə (BDU-nun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Sevil Ağabəylinin tərcüməsində) təqdim edirik.

Abel MƏHƏRRƏMOV, Bakı Dövlət Universitetinin rektoru, akademik

Bakıda yeni universitetin açılması Zaqafqaziya tarixində möhtəşəm hadisə idi; mən, bu prosesdə iştirak etdiyim üçün hələ ki, buna aid faktları təfərrüatı ilə xatırladığıma görə, olayları şərh etməyi özümə borc bilirəm.

Əvvəlcə, Rusiyadan Qafqaza necə gəlməyim haqqında bir neçə söz.

Mən 1917-ci ilin yazında, Rusiyada inqilabi çevrilişdən bir az keçəndən sonra, Qafqaz ordusunun cərrahı təyin olundum və may ayının ilk günlərində Tiflisə gəldim. Yay aylarında Qafqaz cəbhəsi boyunca Kiçik Asiya və Zaurmiysk rayonuna iki (xeyli uzun müddətli) səfəri başa çatdırdım.

Payızdan Tiflisdə Travmatologiya İnstitutunun təşkili ilə məşğul oldum. Artıq bu vaxt müharibə qurtarmışdısa da, qoşunlar hələ də yerlərində qalmışdı.

Tiflisdəki Ali Qadınlar Kurslarının tibb fakültəsinin dekanı professor E.A.Meyer (zooloq) oktyabrda yanıma gəldi və mənə tibb fakültəsinin layihəsinin işlənib hazırlanmasında digər üzvlərlə birlikdə iştirak etməyimi təklif etdi. Deməliyəm ki, Tiflis Qadınlar Kurslarında tibb fakültəsi yenicə formalaşmışdı, cəmi iki kursu var idi və hazırda nəinki professorları, hətta anatomiya, fiziologiya və histologiya kimi mühüm kafedraların kursları yox idi. Buna baxmayaraq, tezliklə professor Sıtoviç ilin ikinci yarısında fiziologiya kafedrasına gəldi; anatomiya və histologiya kafedralarında isə vakant yerlər hələ də boş idi; kafedralar, nominal olaraq (yəni kağız üzərində.-A.S.), Moskva professorlarından Karuzin və Oqnevin adında idi, ancaq onların hər ikisi bu il qastrola gəlməmişdilər (keçən il qısa müddətə gəlmişdilər). Fakültənin tərkibində həkim-müəllimlərdən professor Malenük (tibbi-kimya) və anatomik prozekturada bir neçə gənc həkim (Ter-Akopov, Zamuxovski və b.) vardı; zooloq Yüzbaşev histologiyanı tədris edirdi. Tiflisdəki məşhur həkim-terapevt Arutünov fakültənin dekanı idi. Mən, əvvəlcə, fakültəyə xüsusi olaraq, tibb fakültəsinin layihəsini işləyib hazırlamaq üçün gəlirdim, yanvardan isə professor seçildim və anatomiyanın tədrisini, müvəqqəti olaraq, öz üzərimə götürdüm. Tibb fakültəsinin layihəsi təklif olunmuş "Universitet Komissiyası" adı ilə hazırlanırdı. Bu komissiyanın tarixi belədir.

Tiflis Şəhər Duması Rusiya xalq maarifi nazirindən (Salazkin) Rus Tiflis Universiteti üçün layihə və smetanı təcili tərtib etmək təklifi ilə 1917-ci il yayın axırında teleqram aldı. Qadınlar Kurslarının təbiətçi və filoloq professorlarından (Melikov, Novaşik, Maksimov, Mişşenko, Kazantsev, Lopatinski, Blaqovidov, İşkov və b.) ibarət komissiya təşkil olunmuşdu, komissiyanın tərkibinə həkimlərdən d-r Arutünov daxil idi, komissiyanın sədri professor Melikov idi. Komissiyaya mən də dəvət olundum və tezliklə, professor Melikovun bu işdən imtina etməsinə görə, komissiyanın sədri seçildim. Komissiyanın tərkibinə bəzi ictimai xadimlər daxil idi, yeri gəlmişkən, Qafqazda məşhur ictimai xadim və publisist knyaz Q.M.Tumanovu qeyd etmək lazımdır; komissiyanın iclasları məhz onun mənzilində keçirilirdi. Komissiyanın bir neçə ümumi yığıncağı olmuşdu, o, (komissiya) ümumi əsasları tərtib etmişdi, sonra isə universitetin layihə smetasının müfəssəl hazırlanması üçün özündən beş nəfərlik qrup (büro) seçdi: üç professor (Razumovski, Melikov və Maksimov) və iki ictimai xadim. Bu iş iki aya yaxın vaxt apardı və prosesin əsas ağırlığı, xüsusilə mənim və professor Maksimovun üzərinə düşdü; professor Melikov işdən uzaqlaşdı, o, bu zaman Tiflisdəki Gürcüstan Universitetinin rektoru idi. İşimizin sonuna yaxın Qafqaz, Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcü, erməni və türklərdən ibarət qarışıq hökumət yaradıldı. Xalq maarifi naziri bakılı Xan Xoyski idi. Bizim işimizdən istifadə edərək, Tiflisdə Rus Universitetinin təşkili təklifi ilə bu hökumətə müraciət etdik. Nazir (Xan Xoyski) bizi axıra kimi dinləyib, Qafqazda Rus Universitetinin yaradılmasına rəğbətini bildirdi, ancaq buna baxmayaraq əlavə etdi: "Niyə bəs Tiflisdə? Tiflisdə politexnikum var, indi Gürcü Universiteti... Bəlkə universiteti Bakıda təşkil etmək daha məqsədyönlüdür?"

O bizim tərtib etdiyimiz smeta ilə məlumat vərəqəsini nəzərdən keçirmək üçün götürdü və bu iş haqqında Nazirlər Şurasında məlumat verəcəyinə söz verdi. Maliyyə nazirinin (Karçikyan) işə ciddi münasibətilə əlaqədar, biz onun yanında olduq, o da öz rəğbətini bildirdi və vurğuladı ki, hökumət maliyyə cəhətdən çox zəif olsa da, universitet kimi belə bir iş üçün vəsait əldə olunmalıdır. Bütün bunlar, Qafqazda siyasi hadisələrin, xüsusilə siyasi münasibətlərin başgicəlləndirici sürətlə dəyişdiyi bir vaxtda, 1917-1918-ci ilin qışında baş verirdi. Bizim layihəmizə Zaqafqaziya Respublikası hökumətində də baxılmadı, çünki o, qisa zamanda fəaliyyət göstərdi və üç sərbəst respublikaya - Gürcüstan, Ermənistan, Azərbaycan - parçalandı.

Tiflisdə yenidən təşkil edilən Gürcüstan Hökuməti bütün diqqətini öz Gürcüstan Universitetinə yönəltdi. Ancaq biz, əvvəlcə, Rus Universitetini qorumaq ümidini hələ itirməmişdik və bu məqsədlə orada üç fakültə ilə (təbiət, tarixi-filoloji və yeni təşkil olunmuş tibb) artıq on il fəaliyyət göstərən Ali Qadınlar Kursu 1918-ci ilin yazında islahat edilməklə universitetə çevrildi. Tələbələrdən yığılan (payızda yenidən artırılmış) yüksək ödənişə baxmayaraq, Şuranın və Xüsusi Xeyriyyə Komitəsinin rəhbərlik etdikləri Kursların maddi durumu bu zaman artıq çətinləşmişdi. Yığılan pullar nəinki laboratoriya xərclərinə, tibb fakültəsinin genişləndirilməsi və təşkili xərclərinə, hətta personalın babat məvacibinin ödənilməsinə də çatmırdı. Vəziyyətdən çıxış yolu axtarmalı olduq. Gürcüstan (Tiflis Şəhər Duması) az maddi yardım verirdi, həmçinin Ermənistan hökumətinin yardımına ümid edilirdi, çünki dinləyicilərin əksəriyyəti ermənilər idi, müəllimlərin tərkibində erməni qrupu olduqca üstünlük təşkil edirdi. Sonuncu ümid Kurslara məxsus (indiki universitet) evin girov qoyulmasına idi. 1918-ci ilin payızında universitetin rektoru kimi (Kursların islahat edilməklə, universitetə çevrilməsindən sonra mən rektor seçilmişdim) bu işlə yaxından tanışlığımdan sonra, mənə aydın oldu ki, Rus Universiteti Gürcüstan Universiteti (ona, əsasən hökumət himayəlik edirdi) ilə eyni zamanda Tiflisdə qala bilməz. Çıxış yolu axtarmaq lazım idi. Ekaterinodarla (Rusiya), Erivanla (Ermənistan) və Bakı (Azərbaycan) ilə danışıqlara başlanıldı. 1919-cu ilin əvvəllərində Xalq Maarifi Nazirliyindən Həmid bəy Şahtaxtinskinin Rus Universitetinin Bakıya köçürülməsi təklifi ilə Tiflisə (Azərbaycandan) gəlməsindən sonra universitetin Bakıya köçürülməsi layihəsi xüsusilə ciddi müzakirəyə səbəb oldu. Professorların xüsusi müşavirəsi mənim sədrliyimlə keçirildi. Bu müşavirədə Şahtaxtinski xalq maarifi naziri Usubbəyovun adından universitetin Bakıya köçürülməsini təklif etdi: orta vəziyyətli bina, maddi təminat və s. Ümumiyyətlə, müəllimlərin əhval-ruhiyyəsi Bakıya köçməyə köklənmişdi, xüsusilə həkimlər və filoloqlar (tarixi-filoloji fakültənin dekanı N.A.Dubrovski idi), təbiət fakültəsi parçalandı: kiçik müəllimlər qrupu və bu qrupa qoşulan Melikov və məşhur alim-botanik Navaşin (hər ikisi eyni vaxtda Gürcüstan Universitetində xidmət edirdilər) universitetin Tiflisdə qalmasına tərəfdar idilər, o biri, daha kompakt qrup Tiflisdə qalmağın vacibliyini görmürdü (sonra bu qrup Yekaterinodara getdi: orada politexnikum yaradılmışdı). Yenidən Zaqafqaziya Universitetinin professoru seçilmiş A.M.Levin 1919-cu ilin əvvəllərində Bakıdan Tiflisə gəldi və müşavirədə müəllimləri universitet üçün Bakıda açılacaq perspektivlərlə tanış etdi (binalar, hökumətin və cəmiyyətin əhval-ruhiyyəsi, mədəniyyət müəssisələri və s.). Məruzədən aydın idi ki, universitetin açılması üçün Bakıda mənbə və vəsait vardır. Ayrı-ayrı qruplarla və müəllim heyətinin üzvləri ilə məsləhətləşərək, onların əhval-ruhiyyəsini öyrəndim. Mən yalnız bundan sonra Universitet Şurasına universitetin Bakıya köçürülməsi təklifini irəli sürdüm. Əksəriyyət köçməyin tərəfdarı idi, ancaq ayrı bir qrup (xüsusilə ermənilər) Tiflisdə qalmağa ümid edirdi (bəlkə də Ermənistana köçmək niyyəti ilə). Yeri gəlmişkən, göstərilirdi ki, universitet əmlakını Bakıya aparmaq olmaz, o (əmlak), Xeyriyyə Cəmiyyətinə məxsus idi, universitetin bağlanıldığı təqdirdə isə şəhərə). İclasdakı sərt müzakirələrin nəticəsində Zaqafqaziya Universitetinin gələcək taleyi məsələsinin həlli üçün 8-10 nəfərdən ibarət (tələbələrin iştirakı ilə) xüsusi komissiya seçildi.

(Ardı var)

 

V.İ.RAZUMOVSKİ

525-ci qəzet.- 2014.- 29 oktyabr.- S.4.