İgid kəşfiyyatçı
Mənfur erməni faşistləri torpaqlarımıza xaincəsinə
hücum edəndə
silaha sarılaraq ayağa qalxan qorxubilməz, cəsur Azərbaycan övladları
azğın düşmənə
mərdliklə sinə
gərib, müqəddəs
Vətən yolunda öz canını, qanını əsirgəməyib. Ağcabədi
rayonunun Kürdlər
kəndində dünyaya
göz açan Seymur Əhməd oğlu Abışov da xalqımızın belə qəhrəman oğullarındandır.
Həmin qanlı-qadalı günlərdə
digər Vətən övladları kimi Seymur da Milli
Ordu sıralarına çağırılıb. Lakin ayağında
ciddi problem olduğu üçün tibb komissiyası onu hərbi xidmətdən azad edib. Vətənə sonsuz sevgi bəsləyən, torpaq qeyrəti çəkən
məğrur gənc bununla razılaşmayıb,
rayon hərbi komissarlığına
təkidlə müraciət
edərək döyüşəcəyini
bildirib.
Nəhayət, ciddi cəhddən sonra 1992-ci ilin iyulunda Seymur Abışovun Milli Ordu sıralarına qoşulmasına icazə verilib. O, kəşfiyyatçı kimi Laçın cəbhəsində torpaqlarımızın
bütövlüyü uğrunda
amansız döyüşlərə
atılıb.
İgidliyinə, cəsarətinə və
şücaətlərinə görə Seymur qısa müddət ərzində əsgər
yoldaşlarının və
komandirlərinin hörmət
və nüfuzunu qazanıb.
Xidmət
etdiyi hərbi hissə Laçın
dəhlizinə nəzarət
etdiyi üçün
S. Abışov düşmənlə
üz-üzə kəşfiyyat
aparıb. Lakin onun verdiyi dəqiq koordinatlar əsasında ordumuz tərəfindən düşmən
canlı qüvvə və texnika sarıdan ağır itkilərə məruz qalıb.
Göstərdiyi bu igidliklərə görə cəsur döyüşçüyə serjant rütbəsi verilib.
Döyüş yoldaşları arasında
Nəbi adlandırılan
Seymur Abışovun rəhbərlik etdiyi kəşfiyyat dəstəsi
Güləburt kəndi,
Laçın dəhlizi
və Topağac yüksəkliyi istiqamətində
hücum edən düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, silah, döyüş
sürsat qənimət götürüb.
Həmin dövrdə Laçın
dəhlizində düşmənin
33 maşından ibarət
avtomobil karvanının
məhv edilməsində
Seymurun böyük xidməti olub. Qanlı
döyüşlərin birində
o, mühasirədən çıxaraq,
ağır yaralanmış
əsgər yoldaşını
6 kilometr məsafəyə
çiynində aparıb
və tibb məntəqəsinə çatdırmağa
müvəffəq olub.
1993-cü ilin sentyabrında
Seymur Abışovun xidmət etdiyi hərbi hissə Beyləqan istiqamətindəki
döyüş zonasına
çıxarılıb. Burada da
düşmən hücumlarının
qarşısının alınmasında,
onun tank və hərbi sursatının məhv edilməsində baş kəşfiyyatçı
Seymur Abışov yüksək hərbi qabiliyyət nümayiş
etdirib.
1993-cü
il dekabr
ayının 22-də igid
kəşfiyyatçı xidmət
etdiyi hərbi hissənin rabitə əlaqəsini bərpa etmək tapşırığını
yerinə yetirib geri dönərkən düşmən tərəfindən
basdırılan minaya
düşərək ağır
yaralanıb. Sürünərək
özünü hərbi
hissəyə çatdırmasına
baxmayaraq, həddindən
çox qan itirən qəhrəman döyüşçü şəhidlik
zirvəsinə yüksəlib.
Müharibə illərində S. Abışovun
igidlikləri dillər
əzbərinə çevrilib,
ölkə mətbuatında
onun haqqında geniş yazılar dərc edilib. Xidmət etdiyi
hərbi hissə Seymurun ən yüksək ada layiq olduğunu bildirib. Bunu həmin hərbi
hissə rəhbərliyi
tərəfindən Müdafiə
Nazirliyinə göndərilən
məktub və Seymur haqqında döyüş yoldaşlarının
söylədikləri aydın
sübut edir.
Təəssüf ki, bu gün
igid kəşfiyyatçının
ailəsi ciddi problemlərlə üzləşib. Şəhidin 5 qardaşı və onların övladları ixtisas təhsili olmalarına baxmayaraq heç yerdə işləmirlər. Özlərinin dediklərinə görə,
ailə üzvlərinə
məxsus 1987-ci ildə
yaradılan "Əhmədiyyə"
qoyunçuluq kooperativi
bir vaxtlar bol ət, süd,
yun məhsulları istehsal etsə də, çoxdandır ki, fəaliyyətini dayandırıb. Təsərrüfatı bərpa etmək üçün ailə kredit ala bilmir. Odur ki, dolanışıq sarıdan çətinliklər
içərisindədir. Şəhidin anası Şəndə Abışova
ağır xəstədir , kəskin ürək-damar
xəstəliyindən əziyyət
çəkir. Övladları
onun dərmanlarının
haqqını güclə
ödəyə bilirlər.Abışovlar
ailəsi köməklik göstərilməsini
xahiş edir.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.-
2014.- 30 oktyabr.- S.8.