Yazıçılar Birliyində Abbas Abdullanın kitablarının təqdimatı olub

 

 

Ötən gün Yazıçılar Birliyində (AYB) şair Abbas Abdullanın "Gördüyüm sevdiyim Nazim Hikmət" rus dilində "Şeirlər poema" kitablarının təqdimatı keçirilib.

Tədbiri AYB-nin katibi İlqar Fəhmi açıb Abbas Abdullanın yaradıcılığından danışıb: "Abbas Abdulla həm Azərbaycan ədəbiyyatı miqyasında, həm şəxsiyyət, ağsaqqal kimi bütün türk dünyasında bizi təmsil edən insanlardandır. Bilirik ki, uzun illər Türkiyədə çalışıb, orda bizim mədəniyyətimizin, ədəbiyyatımızın təbliği ilə məşğul olub. Bu gün təqdim olunan kitablarda isə bir nömrəli türk şairi Nazim Hikmət haqqında xatirələr, ona həsr etdiyi şeirlər özünün çap etmədiyi bəzi şeirləri  yer alıb. Bizim yaşlı nəsildən kimi dindirsən, elə bil ki, hər birinin içində öz Nazim Hikməti var. Anar müəllim dəfələrlə təkrar eləyib ki, uzun illər bizim üçün Türkiyə deyəndə Nazim Hikmət yada düşür. Bizim nəzərimizdə Nazim Hikmət həmişə Türkiyənin simvolu olub. Əslində bəlkə Türkiyənin özündə Nazim Hikmətin Azərbaycan, eləcə SSRİ-nin türk respublikaları üçün demək olduğunu bir o qədər dərindən hiss eləməyiblər.  Abbas müəllimin Nazim Hikmət haqqında xatirələrini oxumaq mənə çox xoş oldu. Çünki bunlar səmimi-qəlbdən qələmə alınmış Nazim Hikmətin özünə layiq yazılardı. Çünki Nazim Hikmət özü pafoslu, guruldayan insan olmayıb. Düzdü, həyatında çox keşməkeşli, qarışıq məqamlar olub, amma şeirlərindən görünən Nazim Hikmət çox sadə, səmimi, necə varsa, o cür görünən bir insandı. Abbas müəllimin bu kitabı da onu məhz bu cür təqdim edir. Abbas müəllimin bu gün təqdim olunan ikinci kitabı isə şeirlərinin rus dilinə tərcüməsidir. Bu şeirləri bizim gözəl tərcüməçimiz Siyavuş Məmmədzadə çevirib. Düşünürəm ki, bu kitabı səfirliyimiz, mədəniyyət mərkəzlərimiz vasitəsilə Rusiyaya çıxarmaq lazımdır ".

Şair Oqtay Rza bildirib ki, Abbas Abdulla bu kiçikhəcmli kitablarda böyük ağrılardan söz açıb: "Abbas Abdulla bu kitabda Nazim Hikmət kimi möhtəşəm şair haqqında səmimi-qəlbdən söhbət açıb. Bu kitabda olduqca böyük təəssürat oyadan misallar gətirilib. Bu kitabda Abbas Abdullanın Nazim Hikmətə həsr etdiyi şeirlər, həmçinin onun indiyə qədər tanış olmadığımız şeirlərindən nümunələr var. Sən demə, Nazim Hikmət Sumqayıta da şeir həsr edibmiş. Bu dəyərli kitabları ərsəyə gətirdiyinə görə Abbas Abdullaya minnətdarıq".

AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Abbas Abdulla ilə tanışlıq tarixçəsini yada salıb, onun gördüyü işlər haqqında ətraflı söz açıb: "Mən ədəbi mühiti yeni tanıyanda Abbas Abdulla "Ədəbiyyat qəzeti"nin redaktor müavini idi. "Ədəbiyyat qəzeti"nin o vaxt çox nüfuzlu vaxtlarıydı. Baş redaktor məzuniyyətə gedəndə müavini bir ay onu əvəz edirdi. Bu bir ay bizim cavan yazarların bayramı olurdu. Çünki bu ay ərzində Abbas müəllim "Ədəbiyyat qəzeti"ndə gənclərin yazılarını çap eləyirdi. O bir ayda ab-hava bir az dəyişirdi, gənclərə daha çox yer verilirdi. Həmin gözəl ayların birində mənim "At, saz, qılınc" şeirimi  Abbas müəllim "Ədəbiyyat qəzeti"ndə çap edib. Yəqin ki, özünün yadında deyil. Sonra Abbas müəllim 80-ci illərin ikinci yarısında "Ulduz" jurnalına redaktor təyin olundu. Bu jurnal o vaxt 64 səhifə çıxırdı. o vaxt səhifələrin sayını artırmaq, jurnalı qalınlaşdırmaq üçün Moskvadan icazə alınmalıydı. Onda Abbas müəllim bir xeyli mücadilə elədi, Moskvada Mərkəzi Komitədə kiminsə qəbuluna girdi. O vaxt hamı mif, əfsanə kimi Abbas müəllimin bu hərəkətini -"Ulduz" jurnalının səhifələrinin sayını 96-ya çatdırmasını danışırdı. "Ulduz" jurnalının indi 96 altı səhifə çıxmasının səbəbkarı Abbas Abdulladır. Abbas müəllim doğrudan da o dövrdə öz inadkarlığı, əzmi ilə seçilən insan idi "Ulduz" jurnalına gəldiyi vaxt xalq hərəkatının başlandığı dövrə təsadüf edirdi, yadımdadır ki, onun otağı qaynar bir mühitə çevrilmişdi, oraya çoxlu insanlar gəlirdi. Abbas Abdulla xalq hərəkatının ön sıralarında gedənlərdən biriydi, öz fikrini, sözünü çəkinmədən deyirdi. İstanbulda konsul işlədiyi dövrdə, qısa müddət olsa, gördüyü işlər hamımızın yadındadır. Bütün bu gördüyü işlərə, insanlara elədiyi xeyirxahlıqlara görə ona təşəkkürümü bildirirəm. Mən hələ gəncliyimdən Abbas Abdullanın şeirlərinin vurğunu olmuşam. Özüylə rastlaşanda da hərdən deyirəm:

Mən Abbasam, Abdullanın oğluyam,

Əzəl gündən anlayanın quluyam.

Anlamazlar elə bilər ölüyəm,

Yurd-yuvamı sar alıbdı, ay aman...

 

Borçalıya, Kəpənəkçiyə, Faxralıya bayatılar həsr eləyib Abbas müəllim. O bayatılarda yer adlarını çox gözəl yazmışdı. Bir bayatısı heç mənim yadımdan çıxmır:

 

Bu çala ov çalası,

Ov yeri, ov çalası.

sinəni, əllərim

Bir cüt nar ovcalasın...

 

Abbas müəllimin poeziyası çox fərqlidir, orada Nazim Hikmətin ruhu təsiri hiss olunur,  eyni zamanda indi dediyim bu bayatılar kimi xalq yaradıcılığından gələn dil, gözəllik, ahəng var. Abbas müəllimin gördüyü işlər, bioqrafiyası, bu gün təqdim olunan bu kitablar onun haqqında çox söz deyir. Biz Abbas müəllimin arxivindəki materiallara çox həssasıq, nəsə tapıb bizə təqdim eləyən kimi "525-ci qəzet"də çap edirik.

 

Abbas müəllimin arxivi əslində bir tarixdir, orda bizim böyük sənətkarlarla, özüylə bağlı çoxlu maraqlı məqamlar var".

 

Tədbirdə çıxış edən Siyavuş Məmmədzadə, Qəşəm Nəcəfzadə digərləri A.Abdullanın yaradıcılıq yolundan, insani keyfiyyətlərindən söz açıblar. 

 

Abbas Abdulla təqdimatda iştirak edən təqdim olunan kitablar haqqında fikir söyləyən qonaqlara minnətdarlığını bildirib. Sonda  isə Xalq şairi Hüseyn Arifin ona yazdığı şeiri tədbir iştirakçılarının diqqətinə çatdırıb:

 

Bu ağlı-qaralı dünyanı gəzdim,

Çağladı könlümün həvəsi, Abbas.

Haranı dolaşdım, haranı gəzdim,

Duyduqca bu isti nəfəsi, Abbas.

 

Sevincin duru, qəmin duru,

Bu eşqi əzizlə, bu hissi qoru.

Dağlar kəlamında dağlar qüruru,

Hər şeyin ucası, zirvəsi Abbas.

 

Qalalar, talalar, çalalar qədim,

Neçəsi fərəhim, neçəsi dərdim.

Sinəmi çovğuna, borana gərdim,

Qulaqda Koroğlu nərəsi Abbas.

 

Sadaxlı, Qaçağan, Sarvan şirindi,

Muğanlı, İncəli dindi, dindi.

Özgə almayanı özün al indi,

yanıb, yanır özgəsi, Abbas.

 

Şenliyin, Sadığın ötdüyü yerlər,

Mehlə nəfəs alıb, çiskinlə tərlər,

Gümüş üzəngili ceyran kəhərlər

Cıdırda mat qoydu hər kəsi, Abbas.

 

Çay çaya qovuşur, bağ bağa bağlı,

Düz düzə calanır, dağ dağa bağlı.

Borçalı çölləri Qazağa bağlı

Birdir mərəkəsi, məzəsi, Abbas.

 

Açar yaxasını ulduzlu göylər,

Qızıl düymə taxar qızıl güneylər,

Vətən torpağında bizə bəs eylər,

Bir çinar, bir söyüd kölgəsi, Abbas.

 

Dəyişir hökmünü illər get-gedə

Cığır hara gedə, iz hara gedə?

Dincələk bir axşam Kəpənəkçidə,

 

Qarşıda bir çəmən süfrəsi, Abbas.

 

Çalıb-çağırsaq da yüz diyarda biz,

Olub yaxınlarda, uzaqlarda biz.

Xəyanət etməyək dədə yurda biz,

Silinməz xəyanət ləkəsi, Abbas.

 

İncilər düzülüb düz kitabında,

Üfüqdən üfüqə üz kitabında,

Dostlardan söz düşüb söz kitabında,

Yayılsın qardaşlıq nəğməsi, Abbas.

 

Bəlkə zaman-zaman gül açdı dilək,

Bəlkə yarıyolda dayandı ürək.

Bəlkə unudulduq...bəlkə... bilək...

çoxdur həyatın bəlkəsi, Abbas.

 

Hüseyn Arifi gətirdin dilə,

Yaşa öz əhdinlə, öz niyyətinlə,

Bu sazlı, söhbətli, məhəbbətinlə

Babamız Abbasın nəvəsi Abbas.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 30 oktyabr.- S.7.