Axundovun yaradıcılığı
"Kafkaz"ın səhifələrində
Azərbaycan-rus
ədəbi əlaqələrinin inkişafında və
möhkəmlənməsində XIX əsrin ikinci
yarısı və XX əsrin əvvəllərində
"Kafkaz" qəzetinin xidməti az
olmayıb. Bu qəzetin səhifələrində
azəri yazıçılarının əsərləri,
şifahi xalq ədəbiyyatımızdan nümunələr
müntəzəm surətdə dərc edilib. Şərqin böyük filosof dramaturqu Mirzə Fətəli
Axundovun "Kafkaz"qəzeti ilə əlaqəsi də diqqəti
cəlb edir. Axundov həmin qəzet vasitəsilə bir sıra bədii, publisistik,
tərcümə əsərləri və ona həsr
olunmuş məqalələrin bəzilərini oxuculara
çatdırıb.
1852-ci ildə Tiflis
seminariyasının professoru D. P. Purseladze Msxetanın kilsə
kitabxanasında Gürcüstan çarının adına fars dilində yazılmış bir
neçə sənəd tapmışdı. Sənədlər
içərisində Gürcüstan tarixi üçün
böyük əhəmiyyəti olan "İran şahı Kərim
xanın və İranın digər saray əyanlarının
Gürcüstan çarı II İrakliyə məktubları"
və "İran əyanlarının knyaz Amilaxvarova bir
neçə məktubu" davar idi. Həmin məktublar
rus dilinə tərcümə edilərək 1856-cı ildə
"Kavkaz"ın 62, 75 və 78-ci saylarında
"Materialı dlya istorii Gruzii" adı ilə çap
olunmuşdu. Redaksiya həmin materialların fars dilindən
ruscaya Qafqaz
canişinliyi dəftərxanasının Şərq dillərı
üzrə mütərcimi M. F. Axundov tərəfindən tərcümə
olunduğunu qeyd etmiş və ona öz təşəkkürünü
bildirmişdi.
Şərqşünas
alim A. Berje 1855-ci ildə tarixçi Mirzə Camal Cavanşirin
"Qarabağ"əsərini fars dilindən
ruscaya tərcümə edərək, alimin həyatı və
fəaliyyəti haqqında müqəddimə ilə birlikdə
qəzetin həmin il 62-69-cu saylarında çap etdirmişdi.
Berje əsərin müəllifi haqqında məlumat
üçün M. F. Axundova müraciət etdiyinə dair belə
yazmışdı: "Gözəl insan olan Camal Cavanşirin
tərcümeyi-halı haqqında məlumatı mən
Camalın oğlu ilə məktublaşmış hörmətli
Mirzə Fətəli Axundovdan almışam".
M. F.
Axundovun Krım müharibəsi haqqında yazdığı
"Zakirə məktub" şeiri orijinalı və ruscaya tərcüməsi
ilə birlikdə
"Kafkaz"ın 1854-cü il 29-cu sayında dərc
edilib.
Türkiyə-Rusiya müharibəsi dövründə,
1853-cü ilin dekabrında Qafqaz canişini M. S. Voronsov
"Kavkazın redaktoru İ. Slivitskiyə belə bir göstəriş
vermişdi ki, qəzetin proqramında heç bir dəyişiklik
etmədən "Voenniy listok" rublikası açsın. Həmin
rublikada rus qoşunlarının döyüş həyatı,
rus bahadırlarının igidlikləri şeir, oçerk,
hekayə verilməli idi. Bu, Qafqaz şairləri
arasında bir növ müsabiqə xarakteri
daşıyırdı. Odur ki,
"Kafkaz" 1854-cü ildə, 17 mart tarixli 22-ci sayında
şairləri Krım müharibəsinə aid şeirlər
yazmağa çağırırdı. Həmin
çağırışa qəzetin əməkdaşları
gürcü dramaturqu
Anton Zurabov və M. F. Axundov səs verdilər.
Axundovun və Zurabovun şeirləri haqqında bu sətirlər
nəzəri cəlb edir: "Biz bu günlərdə yerli
şairlərimizin iki orijinal şeirini almışıq: hər
iki əsər forma və məzmun aktuallığı ilə
son dərəcə gözəldir. Şeirlərdən
biri tatar (azəri-A. Ə.) dilində,
digəri isə gürcücədir".
"Kafkaz"ın
1854-cü il tarixli 67-ci sayında farsca
lirik bir şeir dərc edilib. Bu, rus şairi
Semyonovskinin Krım müharibəsinə həsr olunmuş
"Usloviye" şeirinin tərcüməsi idi. Şeir mübarizədə iştirak edən gənc
bir oğlanın öz sevgilisinə qızğın məhəbbətini
tərənnüm edirdi. Lakin şeirin fars
dilinə kim tərəfindən tərcümə edildiyi
göstərilmir. Bununla belə, naməlum tərcüməçi
haqqında qəzetdəki sətirlər şeirin tərcüməçinin
şəxsiyyətini aydınlaşdırmağa imkan verir:
"Bu şeirin məziyyətini təşkil edən gəncliyin
mübaliğəli igidliyi hamıya xoş gələ bilməzdi;
lakin göründüyü kimi, bu gəncin
ağlasığmaz cəsarəti ölkəmızdə
yaşayanşərq adamlarına daha çox xoş gəlmişdir. Bu marağa
cavab olaraq müsəlman poeziyasının ən görkəmli
nümayəndələrindən biri cənab Semyonovskinin
şeirini böyük sənətkarlıqla tərcümə
edib, dərc olunmaq üçün bizə vermişdir. "Usloviye" şeirinin tərcüməsini belə
bir inamla dərc edirik ki, əsər həm bizim müsəlman
oxucularımızın zövqünü oxşayacaq, həm də
rus şeirinin müəllifini sevindirəcəkdir".
Biz bu şeirin tərcüməsini Axundova aid edirik. Birincisi, ona görə ki, həmin
dövrdə "Kafkaz" qəzetinə Axundov qədər
yaxın, həm də qəzetin qeyd etdiyi kimi, Tiflisdə
"müsəlman poeziyasının ən görkəmli
nümayəndələrindən biri" sayıla biləcək
və rus dilini yaxşı bilən ikinci bir şəxsiyyət
yaşamırdı. Həm də şeirin tərcüməsi
Axundovun bədii üslubuna çox yaxındır.
İkincisi, şeirin cəmi bir nömrə sonra dərc edilməsidir;
yəni şeirin orijinalı "Kafkaz"ın 65-ci
sayında dərc olunduğu halda, tərcüməsi 67-ci sayında
çıxıb. Qəzetin redaktoru şair Verderevski ilə
Axundovun dost olduqları və bir idarədə işlədikləri
də məlumdur. Buna görə də Axundov həmin
şeiri şübhəsiz, Verderevskinin məsləhəti ilə
tərcümə edib.
Gürcü
tənqidçisi M. Tumanişvili M. Liventsovun "Mixako və
Nina" əsəri haqqında "Kavkaz"da dərc
etdirdiyi resenziyada Axundov və ilk gürcü dramaturqu G.
Eristavi haqqında yazmışdı:
"...Dövrümüzdə sənət həqiqətdən
doğur, bu vaxta qədər xəyaldan yaranmış sənət
indi öz yerini sadə, lakin yüksək həyat həqiqətlərindən
ilham alan ədəbiyyatı verir. Oxucuları
hazırda Axundov, Eristavi kimi yazıçıların həyatdan
götürülmüş realist əsərləri
maraqlandırır". Resenziyanın müəllifi
Axundovun komediyalarını Zaqafqaziyadan bəhs edən elmi-tədqiqat
əsərləri tutuşdurur və Azərbaycan həyatını,
adət-ənənələrini, məişətini canlı
obrazlarla real surətdə təsvir edən bu dram əsərlərinə
üstünlük verir: "dramaturqun qələmi altında
xalqın adət-ənənələri daha aydın zahir olur,
müəyyən bir dövrün portreti canlı və
dolğun yaradılır, tam bir nəsil baş qaldıraraq,
özü haqqında, öz əfsanələri, ailə-məişət
qanunları haqqında aydın məlumat verir. Lakin
çox təəssüf ki, Axundovun komediyalarından
başqa bu vaxtadək yazılmış əsərlərin
heç biri öz vəzifəsinin öhdəsindən bu qədər
müvəffəqiyyətlə gələ bilməmişdir.
İndi bütün Rusiya Qafqaza maraqla baxır,
hamının nəzəri buraya dikilmişdir".
M. F.
Axundovun "Qafqaz"da çap olunmuş beş
komediyası 1853-cü ildə qəzetin mətbəəsində
rus dilində ayrıca kitab halında nəşr edilmişdi. Kitab çapdan çıxdıqda qəzet bir
sıra saylarında elan verib, onu təbliğ etmişdi.
Bundan əlavə, "Kavkaz" kitab halında
dəyərli bir resenziya verib, müəllifi "öz əməkdaşı"
və "orijinal yazıçı"
adlandırmışdı. Resenziya
imzasızdır. Lakin onun müəllifinin
öz elmi-tənqidi məqalələri ilə o zaman Tiflis ictimaiyyətinin
diqqətini cəlb etmiş qəzetin redaktoru və naşiri
İvan Slivitski olduğu şübhəsizdir. Əslində bu işlərin əsas təşkiledicisi
də o idi.
Rus dilini mükəmməl bilən M. F. Axundovun
birbaşa bu dildə əsərlər yazması da məlumdur. "Polojenie
turetskoy armii pod Baqdadom v 1618 qodu" ("Kavkaz", 1853, 54-55
saylarında) adlı tarixi əsərini yazıçı rus
dilində yazıb.
1875-ci ilin yayında Gəncə-Qarabağ mahallarına
səyahətə çıxan Axundov qəzetdə "Po
puti" ("Kafkaz", 1875, 85-104 saylarında) adlı
oçerki ilə çıxış edir. Böyük ədib
Gəncədə dahi şair Nizaminin qəbrini ziyarət edir,
şairin türbəsini acınacaqlı görüb mütəəssir
olur. Axundov dünya şöhrəti
qazanmış Nizaminin türbəsinə laqeyd yanaşan
feodal-patriarxal cəmiyyəti və ruhani
ziyalılarını kəskin tənqid edir. Yazıçı
ürək ağrısı ilə yazıb:
"Nizaminin kərpicdən tikilmiş türbəsi
uçulub dağılmış, orada ilanlar, kərtənkələlər
yuva salmışdır. Artıq bu türbə şairin külə
dönmüş cənazəsini küləkdən və
qızmar günəşdən qorumaq iqtidarında deyildir.
O, yalnız yorulub taqətdən düşmüş
yolçulara zülmət gecələrdə tufandan, yaxud da
gündüzlər yandırıcı günəşdən
qorunmaq üçün bir sığınacaq olur... Barı, yerli ziyalı ruhanilərimiz utanıb xəcalət
çəkəydilər. Yəqin onlar
düşünüb deyirlər: axı, nə olsun, şair
Nizamidir də... Onun qəbri üzərində küləklər
uğuldasa, tufanlar qopsa daha yaxşıdır..."
M. F.
Axundovun pyesləri "Kavkaz"da çap olunduğundan az sonra da Tiflis teatrında tamaşaya
qoyulmuşdu. Qəzetin səhifələrində
Axundov pyeslərinin həm rus, həm də Azərbaycan
teatrı səhnələrində tamaşaya qoyulmasına
dair çoxlu yazılar dərc edilib. "Kavkaz"
1853-cü il 7- ci sayında "Xırs quldurbasan"
komediyasının, 1853-cü il 26-cı sayında isə "Vəziri -Xani-Lənkəran"
pyesinin Tiflisdə tikilmiş
yeni teatr binasında rus dilində böyük müvəffəqiyyətlə
göstərildiyini qeyd edirdi.
1879-cu ildə
Azərbaycanın bir sıra qəzalarında, o cümlədən,
Ağdam, Şuşa, Gəncə, Nuxada
keçən quraqlıq aclığa səbəb olmuşdu. Azərbaycanın qabaqcıl və insanpərvər
ziyalıları yoxsullara müxtəlif yollarla maddi cəhətdən
kömək edirdilər. Şuşada şair
Xurşudbanu Natəvan və ədəbiyyatşünas
Əhmədbəy Cavanşir yoxsul ailələrinə kömək
edir, İsrafilbəyov, Mehmandarov, Ziyadxanov, Adıgözəlov,
Ağamalov, Şamxaliyev kimi qabaqcıl ziyalılar Axundovun
pyeslərini tamaşaya qoyub, gələn pulu kasıblara
paylayırdılar. Bu məqsədlə də
1880-ci ildə "Qafqaz" mehmanxanasında "Hacı
Qara" tamaşaya qoyulmuşdu.
Tamaşada
şəxsən iştirak etmiş Andriasov "Kavkaz" qəzetinə
göndərdiyi məqaləsində
yazmışdı:"Martın 2-də teatr həvəskarları
aclıq çəkənlərın xeyrinə Azərbaycan
dilində Mirzə Fətəli Axundovun "Hacı Qara"
pyesini göstərmişlər. Tamaşa
gözlənildiyindən xeyli müvəffəqiyyətli
keçmişdir. Fevralın 1-dən bu
vaxtadək hökm sürən çovğuna baxmayaraq, salon
ağzınadək dolmuşdu. Salonun yan tərəflərində
25 stul qoyulmuşdu, bununla belə, salona daxil olmağa
imkanı olmayanlara qapı və pəncərələrdən
baxmağa icazə verilmişdi".
Məqalənin müəllifi göstərir ki, teatr həvəskarları
İsrafilbəyov, Ziyadxanov, Ağamalov, Şamxaliyev tamaşa
üçün bütün xərci öz hesablarına
çəkərək, bufetdən və əsərdən
yığılan pulu yoxsul ailələrə
paylamışlar. Yoxsullara kömək məqsədi ilə
əsər aprelin 4-də yenidən göstərilmişdi.
"Müsye Jordan" pyesi də 1886-cı ildə
Naxçıvanda göstərilmiş və bu barədə
"Kafkaz"ın 222-ci sayında müxbir məqaləsi dərc
edilib.
M. F. Axundov pyeslərinin təbliği sahəsində
Tiflis maarifpərvərlərinin də böyük xidmətləri
olub. 1886-cı ildə "Müsyö Jordan" pyesi tərəqqipərvər
ziyalı Seyfəddin Seyidovun rejissorluğu ilə Tiflisdə
tamaşaya qoyulmuşdu. 1896-cı ildə
həmin əsər yenidən göstərilib və
"Kavkaz", qəzetin fəal əməkdaşı Şərif
Mirzəyevin resenziyasını çap edib.
"Müsyö Jordan" pyesinin bu
tamaşasının da böyük əhəmiyyəti
vardı. Axundovun əsərləri Zaqafqaziyanın bir
çox şəhərlərində, o cümlədən
Bakıda, Gəncədə, Şuşada və başqa yerlərdə
səhnədən düşməyib. Onun
pyeslərinin Tiflis şəhərində tamaşalarına azərbaycanlılarla
birlikdə gürcülər, ruslar, osetinlər, yunanlar, hətta
rəsmi dairələrin mötəbər nümayəndələri
də maraqla baxırdılar.
1903-cü
ildə Axundovun komediyalarının "Kavkaz" qəzeti mətbəəsində,
rus dilində kitab şəklində çapdan
çıxmasının 50 illiyi münasibəti ilə
Zaqafqaziyanın bir çox şəhərlərində
olduğu kimi, Tiflisdə də təntənəli yubiley gecəsi
keçirilib. Noyabrın 1-də
keçirilmiş həmin gecədə "Vəziri-Xani-Lənkəran"pyesi
oynanmışdı. Tamaşa haqqında
"Kavkaz"ın 325-ci sayında məlumat çap olunub.
"Kavkaz"1912-ci ildə böyük ədibin
anadan olmasının 100 illiyi münasibətilə
görülmüş tədbirlər haqqında məlumatlar
dərc edib.
Bütün
bunlarla yanaşı, Axundovun vəfatı günlərində
"Kavkaz" öz görkəmli əməkdaşının
ölümünü rəsmi, eyni zamanda yalnız bir cümlə
ilə xəbər vermişdi: "Polkovnik Mirzə Fətəli
Axundov 90 (! - red.) yaşında
qızdırmadan vəfat etmişdir". Qəzet bir gün
sonra, martın 2-də bu məlumata düzəliş verərək
yazmışdı: "Polis idarəsinin bizə verdiyi
yanlış məlumatla əlaqədar olaraq, dünənki
sayımızda bizdən asılı olmayaraq səhv
getmişdir. Məlumatda göstərilirdi ki,
polkovnik Mirzə Fətəli Axundov 90 yaşında
qızdırmadan vəfat etmişdir. Əslində
polkovnik 67 yaşında ürək partlamasından
ölmüşdür".
Qafqaz
baş idarəsinin - "Kavkaz"qəzetinin həmin il 9 iyul tarixli sayında dərc olunmuş -
1878-ci il 28 may tarixli əmri ilə Axundovun adı qulluqda
olduğu Qafqaz ordusu siyahısından da
çıxarılıb.
Bizə belə gəlir ki, bu sənədlərin
geniş tədqiqi böyük dramaturqun
yaradıcılığını, eyni zamanda teatr tariximizi
öyrənmək üçün xüsusi əhəmiyyət
kəsb edir.
Almaz YURDSEVƏR
525-ci qəzet.-
2014.- 30 oktyabr.- S.6.