Bakı şəhərində
İniversitetin yaradılması
Zaqafqaziya
Universitetinin taleyini həll edən komissiyanın işlədiyi
vaxt qəti məlum oldu ki, universitetin başqa şəhərə
köçürülməsi variantında, Kursların
(universitet qarşısında) şəhərlə
bağladığı müqaviləyə əsasən, biz
universitet əmlakının alınması və
köçürülməsini ağlımıza belə gətirə
bilmərik. Komissiya müəyyən qərara gələ bilmədisə
də, irəli addım atdı, üç nəfər
üzvü (Dubrovski, İşkov, Sitoviç) hökumət
ilə danışıqlar, binaya baxmaq və s.
üçün Bakıya göndərdi; komissiya ilə tələbələrdən
də nümayəndə ora getdi. Bu danışıqlar
müvafiq nəticələr verdi: Bakıda universitetin təşkili
bizim hamımıza məlum oldu. Azərbaycan Hökumətinin
(Usubbəyov başda olmaqla) ciddi istəyi olması, cəmiyyətin
bütün siniflərinin, o cümlədən fəhlələrin
də (onlarla da həmçinin danışıqlar
aparılmışdi) əhval-ruhiyyəsi tezliklə Bakıda
universitetin açılmasına köklənmişdi. Biz
başa düşdük ki, Azərbaycan Hökumətinin
öz universitetini yaratmaq qərarı o qədər ciddi idi
ki, Rus Zaqafqaziya Universiteti bura (Bakıya)
köçürülməsə də, Bakıda universitet
olacaq: dəqiq vaxt göstərilmişdi – mayın 1-i.
Tələbələrin
bu məsələyə münasibəti necə idi?
Universitetin
vəziyyətini izah etdiyim ümumtələbə
iclasında, həmçinin bir neçə cərəyanın
olması mənə məlum oldu: 1) Erivan tərəfdarları;
2) Tiflis tərəfdarları; 3) Bakı tərəfdarları
– Tiflisdə qalmağın
mümkünsüzlüyünü qismən başa
düşən böyük bir qrup: həkimlər. Əlbəttə,
universitet köçürüləndə hamıdan çox
tələbələrə başqa şəhərə
köçmək və məskunlaşmaq çətin
olurdu, xüsusilə də əhalisi çox olan müasir
şəhərlərdə.
Yeri
gəlmişkən, qeyd edim ki, mən müharibə olanda
Kiyev Universitetinin müvəqqəti olaraq, Saratova
köçürülməsi vaxtı tələbələrin
ağır vəziyyətinin şahidi idim. Ona görə də
biz Azərbaycan Hökuməti ilə danışıqlarda tələbələrin
yataqxana ilə təmin olunmasını da
vurğulamışdıq.
Erməni
xadimləri həmin vaxt Erivana gedib, Ermənistan Hökuməti
ilə danışıqlar aparırdılar. Yeri gəlmişkən,
onlar mənə də Erivanda universitetin təşkili
işini, rəsmi şəkildə deyil, şəxsi təşəbbüs
kimi öz üzərimə götürməyimi təklif
etdilər. Mənim üçün toplanılmış məlumata
əsasən, müharibə və aclıqdan
dağılmış Erivanda yaxın gələcəkdə universitetin
yaranması üçün əlverişli şərait yox
idi. Orada fakültə təşkil etmək, xüsusilə
çətin idi, çünki bunun üçün
yaxşı kliniki müəssisə tələb olunurdu. Mən
bu mülahizələrimi, xüsusilə Ermənistanda
universitetin açılması üçün
çalışan erməni xadimlərindən birinə,
başqaları ilə müqaisədə qismən ciddi olan
D.X.Zavriyevə bildirdim; həmçinin ona Ermənistan
haqqında rəylərini soruşduğum tibb fakültəsinin
professorlarının da qəti şəkildə Erivana getməyəcəklərini
bəyan etdiklərini söylədim. Eyni zamanda, Ermənistandan
müvafiq cavab yox idi, hətta biz, Gürcüstanın verdiyi
kiçik məbləğli yardım qədər də, Ermənistandan
hec nə almamışıq.
Mən
aprelin sonunda (1919-cu il) Azərbaycan Hökumətindən
Bakıda universitetin yaradılmasını öz üzərimə
götürməyim və təşkilat komissiyasını
yaratmağım haqqında rəsmi təklif aldım. Ləngimədən
cavab vermək lazım idi. Həmkarlarımla
danışıqlardan sonra, Zaqafqaziya Universitetinin rektoru vəzifəsindən
imtina edib, Bakıya teleqrafla öz razılığımı
bildirdim. Dərhal komissiyanın təşkilinə
başlanıldı. Komissiyanın üzvlüyünə
filoloqlardan Dubrovskini (tarixi-filoloji fakültənin dekanı) və
İşkovu; həkimlərdən Levini və Sitoviçi dəvət
etdim. Mən təbiətçilərdən heç kimi dəvət
etmədim. Belə ki, yuxarıda qeyd etdiyim kompakt qrup Bakı
ilə danışıqların nəticəsini gözləmədən,
Yekaterinodara (politexnikuma) getməyə qərar vermişdi. Bu
qrupnın bəzi üzvləri, Bakıya yola düşməzdən
əvvəl, mənə bildirdilər ki, Bakıda universitetin
açılacağı təqdirdə, ola bilsin ki, onlar ora gələrlər.
Bu mənə ümid verdi ki, yaxın gələcəkdə
Bakıda tarixi-filoloji və tibb fakültələrindən
başqa təbiət fakültəsini də açmaq
mümkün olacaq.
Elmi
personalın Bakıya və Yekaterinodara keçməsi məsələsi
həll olunduqdan sonra, Gürcüstan Universitetinin taleyi
üçün narahatçılıq Gürcüstan məkanında
özünü biruzə verdi, çünki burada, öz
gürcü müəllimləri az olan universitetdə, həmçinin
rus alimləri də xidmət edirdilər.
Gürcüstan
Xalq Maarifi Naziri (Ramişvili) bizi dəvət etdi və Tiflisdə
qalmağımız üçün razı salmaq istədi,
ancaq, bununla belə, o, bəyan etdi ki, biz ancaq müvəqqəti
– gürcülər öz xadimlərini tapana kimi –
lazımıq. Belə açıq etiraf bir daha məni
inandırdı ki, mən Bakıda yeni universiteti təşkil
etməklə düzgün hərəkət edirəm,
çünki orada həm universitet, həm də professor heyəti
qismən möhkəm vəziyyətə ümid edə bilərdi.
Hər şeydən çox, məni tələbə gəncliyin
taleyi narahat edirdi; tələbələr arasında həkimlər
üstünlük təşkil edirdi; bu isə Bakıda bir
yox, bir neçə kurslu tibb fakültəsini
açmağı mənim vəzifəmə əlavə
edirdi. Bakıya getməyimlə əlaqədar tələbələrin
təşkil etdiyi vida mərasimi (adres, çiçəklər
və s.) məni əmin etdi ki, mənim əməllərim tələbələrin
maraqları ilə üst-üstə
düşmüşdür. Yəqin ki, Bakıda yeni tibb
fakültəsinin açılması Tiflisin həkimlik məkanında
da rəğbət doğurmuşdu: Bakıya getməyimə
bir neçə gün qalmış Qafqaz Tibb Cəmiyyətinin
(Tiflisdə) sədrindən cəmiyyətin fəxri
üzvü seçilməyim haqqında məktub aldım. Mən
arxayınlıqla və sevindirici ümidlərlə
N.A.Dubrovski ilə birlikdə Bakıya yola düşdüm.
ProfessorA.M.Levin artıq Bakıda idi. Komissiya üzvlərindən
L.A.İşkov və İ.S.Sıtoviç Tiflisdə
qaldılar, onların vasitəçiliyi ilə Tiflisdə bəzi
sifarişlər etməyə və kitablar almağa ümid
edirdik: bu plan, Bakıya yola düşməmişdən əvvəl,
mənim Tiflisdəki mənzilimdə - xüsusi iclasda tərtib
olunmuşdu.
Bakıya
çatan kimi, elə həmin gün üçlükdə
(mən, Dubrovski, Levin) universitet üçün
ayrılması nəzərdə tutulmuş binalara baxdiqdan
sonra Nazirlər Sovetinin sədri Usubbəyovun yanına getdik və
nazirliklərin, parlamentin, Bakı şəhəri nümayəndələrinin
bizim komissiyaya hüquqlu üzvlər kimi cəlb
olunmalarının vacibliyini bildirdik. Usubbəyov Neft sənayeçiləri
Qurultayından 4-cü üzvü əlavə edib
razılığını bildirdi.
Həmçinin
Bakının müalicə müəssisələrinin 3
baş həkimi: Ter-Mikaelyants, Məlik-bəy Sultanov və
Qiides məşvərətçi səslə dəvət
olunmuşdular.
Komissiyaya
belə mühüm məsuliyyətli iş üçün
katib tapmaq vacib idi. Bu mənada, bizim komissiya çox xoşbəxt
idi: Bakıda, Torpaqşünaslıq Nazirliyində savadlı
hüquqşünas (nə vaxtsa Kazan Universitetində
çalışmış) İ.A.Babuşkin işləyirdi.
Bəzi tərəddüdlərdən sonra o, əvvəlki
iş yerindən çıxıb katib vəzifəsini öz
üzərinə götürdü, belə ki,
qarşıdakı böyük işlərə görə,
eyni zamanda bir neçə yerdə işləmək
mümkün deyildi. Komissiyaya parlamentin binasında (Nikolayevsk
küçəsində) 2 otaq ayrılmışdı və
kiçik dəftərxana (2 kargüzarla birlikdə)
verilmişdi, birinci iclas Xalq Maarifi Nazirliyini müvəqqəti
idarə edən İsa bəy Hacinskinin sədrliyi ilə
baş tutdu: komissiya bu işləri həyata keçirməli
idi:
nazirlikdən
parlamentə təqdim olunmaq üçün iniversitetin layihə,
smeta və nizamnaməsini tez və tələsik işləyib
hazırlamaq
universitet
üçün ayrılmış binaları payıza qədər
uyğunlaşdırmaq və avadanlıqla təchiz etmək
artıq
payızda universiteti açmaq üçün bütün
bunları: mebelləri, aparatları, laboratoriya ləvazimatlarını,
kitabları və s. yayda sifariş etmək lazımdır.
Mən
deyərdim ki, təcili, qeyri-adi gərginliklə işləməli
olduq. İşin bütün ağırlığı, əsasən
4 nəfərin (mənim, Dubrovskinin, Levinin və Babuşkinin)
üzərinə düşürdü. Etiraf etmək
lazımdır ki, komissiyanın digər üzvləri də
az işləmirdilər: hər gün komissiyanın
iclaslarına gəlirlər, sifarişlərin verilməsində
iştirak edirlər və s. Xüsusilə baş həkimlər
və Şəhər Upravasının üzvü Cəfərov
bizim çalışqan həmkarlarımız idilər.
Komissiyaya, həmçinin kimyaçı L.Q.Qurviç, zooloq
K.N.Derjavin və əczaçılıq magistri İ.K.Qolberq
cəlb olunmuşdular.
Adi gündəlik məsələlər:
komissiyanın
iclası
sifarişlərə
baxışlar
yeni
sifarişləri qəbul etmiş podratçılarla
danişıqlar və onlara lazımi müəyyən tapşırıqların
verilməsi (əlavə tikililərə, laboratoriya, auditoriya
mebellərinin eskizlərinə, aparatlara və s. aid)
Hazırlıq
işi, əlbəttə ki, mənzillərdə
aparılırdı. Xüsusilə, əqli gərginlik tələb
edən işlərə görə (məsələn,
nizamnamənin layihəsinin, məruzə qeydlərinin tərtibi
və s.) isti düşməmiş, erkən saatlarda durub, səhər
saat 6-dan 10-a kimi işləmək, sonra isə komissiyanın
iclasına yollanmaq lazım gəlirdi. Biz axşama yaxın
(gün ərzində.-A.S.) o qədər yorulurduq ki, axşam
işgörmə qabiliyyətimiz azalırdı, çünki
gün ərzində tez-tez böyük məsafələri
piyada getməli olurduq (nazirliyə, şəhərdə
universitet üçün ayrılmış binalara, bəzi
laboratoriyalara, yataqxanalara, sifarişlərə və s. baxmaq
üçün); daşıma (nəqliyyat.-A.S.) vasitələrimiz
yox idi, daha doğrusu, məhdud mənbələrimiz vardi,
nadir hallarda bahacıl faytonçulara müraciət edirdik.
Təfsilata
keçirəm. Hər şeydən əvvəl, Nazirlər
Sovetinin təcili təsdiq etdiyi komissiyanın öz işi
üçün əsas nizamnamə (təlimat) tərtib
edildi; bununla belə, xərclər üçün
(sifarişlər, alınmış əşyalar,
avadanlıq, yenidənqurulma və s.) komissiyanın
ixtiyarına yalnız xəzinənin depozitində qorunan 1
milyon buraxilmışdı. Smetalar, mövcud taariflərə əsaslanaraq,
2 fakültə üçün – tarixi-filoloji (1 kurs) və
tibb (3 kurs) – işlənilirdi.
Laboratoriya
və kliniki kafedraların smetaları böyük iş ifadə
edirdi: hər bir kafedra üçün siyahı tərtib etmək
lazım idi (xüsusi və təsərrüfat
avadanlığı); xarici şirkətlərin
kataloqlarına əsasən, qiymətlərin və kursun
sürətlə artdığı və qeyri-stabilliyi şəraitində
obyektlərin qiymətləndirilməsi yalnız təxmini ola
bilərdi. Yerindəcə laboratoriya və tibb ləvazimatlarının
yalnız bəzilərini almaq mümkün idi, amma hər
halda nə isə alınmışdı (alətlər, bir
neçə mikroskop və s.) və sifariş edilmişdi (qaz
lampaları, bəzi cihazlar və s.); bəzi şeylər
Tiflisdə əldə olunmuşdu. Auditoriya və laboratoriya
mebelinin hazırlanması və müəyyən olunmuş
vaxtda çatdırılması haqqında müqavilələr
həmin saat podratçılarla bağlanırdı: obyektlər,
tapşırıqlar, təsvir edilmiş nümunələr əsasında
hazırlanırdı. Bəzi hazır obyektləri, məsələn,
Bakıdakı laboratoriyalardan heç olmasa, az da olsa, bəzi
laboratoriya əşyalarını (məsələn, anbarda
qalan və fəaliyyət göstərməyən texnika,
laboratoriya) almaq təşəbbüsü müvəffəqiyyətlə
nəticələnmədi. Hətta hökumətə məxsus
bir laboratoriyadan bəzi obyektləri çətinliklə ala
bildik: tabeçilikdə olan orqanlar müqavimət göstərirdilər.
Tiflisdə olan komissiyanın üzvü professor Sitoviçin
sifarişi ilə oradan (fiziologiya üçün) bəzi
şeylər aldıq. Tiflisdə (Qurviçin
baxdığı) bir laboratoriyanı əldə etmək cəhdimiz
uğursuz oldu: Gürcüstan Hökuməti laboratoriya obyektlərini Bakıya
aparmağa icazə vermədi.
Digər
təcili iş binaların uyğunlaşdırılması
idi. Hökumət iki yaxşı bina vermişdi: Kommersiya Məktəbi
və gimnaziya; bizə birinci il üçün ikinci
binanın yalnız bir hissəsi lazım idi. Kommersiya Məktəbində
tarixi-filoloji fakültəni və tibb fakültəsinin 2
kursunun kafedralarının böyük hissəsini (kabinetləri,
laboratoriyaları); gimnaziyada 3-cü kursun laboratoriyaları və
klinikalarını (uyğunlaşdırıldıqdan sonra)
yerləşdirmək nəzərdə tutulurdu. Binalar nəinki
uyğunlaşdırılmamışdı, hətta hələ
də (keçmiş sakinlərlə) tutulmuşdu: Kommersiya Məktəbi
ingilislərlə və anbarlarla, gimnaziya isə pedaqoji kurslar
və gimnaziyanın idarələri ilə. Nazirlərlə təkrar
danışıqlar, idarələrə şəxsi müraciətlər
az kömək edirdi; böyük ciddi-cəhdimizlə,
hökumət tərəfindən edilən təzyiqdən
sonra, yalnız avqust ayında bu binaları boşaltmaq
mümkün oldu. Ancaq demək lazımdır ki, əsasən
Bakı həyatının şəraiti ilə əlaqədar,
binaların boşaldilması çətin idi: buradan
çıxarılan idarələr üçün
münasib binalar axtarmaq asan deyildi. İngilislərə gəlincə,
onlar, ilk imkan daxilində, universitetə qarşı getdilər
və hətta köçərkən bəzi obyektləri bizə
verdilər. Beləliklə, əsas binaların
uyğunlaşdırılmasına və lazımi qaydada təchiz
olunmasına yalnız yayın sonlarında başlanıla bilərdi.
Ancaq yayın əvvəllərində həyətdə
tezliklə uyğunlaşdırılma başlandı.
Kommersiya Məktəbinin tikintisi yarımçıq
qalmış camaşırxanasının – uzun, birmərtəbəli
binanın tikintisi başa çatdı: damı
örtüldü, pəncərələr şüşələndi,
arakəsmələr, sobalar qoyuldu, su, işıq çəkildi
və s.: bina anatomik məşğələlər
üçün uyğunlaşdırıldı (prozektor və
preparat otaqları); yarıdağılmış anbardan
ölüxana tikildi. Bu, payızda artıq anatomik məşğələlərə
başlamağı təmin edirdi. (İyul ayından işə
dəvət olunmuş) prozektor Corbəy-Urusov yerləşdirilməyə
və təchizolunmaya az kömək etmədi. Kimya
laboratoriyası ilə əlaqəli iş çətin oldu; əsas
binanın (necə ki, demişdim, hələ təmizlənməmiş)
tezliklə təchiz olunmasına arxayın olmaq mümkün
deyildi; ona görə Kommersiya Məktəbinin
qonşuluğundakı, neftin tədqiqi ilə məşğul
olan laboratoriyanın bir neçə otağı ilk vaxtlar
üçün uyğunlaşdırıldı və bir təhər,
təchiz olundu; hətta bu hökumət idarəsini almaq da
asan başa ğəlmədi. Yenidənqurma və təchizolunmanın
bir hissəsi təsərrüfat üsulu ilə, digər hissəsi
isə podratçılar vasitəsilə yerinə yetirilirdi;
burada nazirliyin arxitektoru Vasilyevin iştirakı ilə
ayrıca smetalar tərtib olunurdu, onları nazirlikdən və
yoxlamadan keçirirdik və s.
Kiçik
dəftərxanamızın da işi asan deyildi: bizim sərəncamımızda
olan belə kiçik dəftərxana böyük iş
görürdü: hər günki iclasların
protokollarının tərtibi və üzünün
köçürülməsi (protokollar baxılmaq və təsdiq
olunmaq üçün Xalq Maarifi Nazirinə göndərilirdi),
smeta reestrlərinin, layihələrin, müqavilələrin
müxtəlif idarələrə münasibətlərin – sənədlərin
üzünün köçürülməsi. Yalnız
Babuşkinin işgüzarlığı və əməksevərliliyinin
nəticəsində iş dayanmadan gedirdi; o bizə, həmçinin
müqavilə və kontraktların tərtibində hüquq məsləhətçisi
kimi də faydalı idi.
Mən
qazla təchizat və kitabxana haqqında ayrıca deməliyəm.
Bakıda
əsas yerindən (qaz zavoduna müraciət etmədən) qaz
almaq olar: texniklərin bizə təqdim etdikləri layihə
yalnız bir neçə aydan sonra yerinə yetirilə bilər;
hərbi zamanın dağıntılarına görə
iş ləngiyə bilərdi, qaz isə artıq payızda
bizə vacib lazım idi. Ona görə də, sonra xeyli gec
olsa da, qazolin aparatının qoyulması qərara
alındı və bu iş həyata keçirildi.
Kitab
işinə keçirəm. Dubrovski (Bakıda) və
İşkov (Tiflisdə) tarixi-filoloji fakültə
üçün çalışırdılar; onların səyi
nəticəsində kitabların olduqca böyük
kolleksiyası yarandı, bəzi şəxsi kitabxanalar
alındı. Az da olsa, ancaq, əldə olundu. Tibb ilə iş
pis vəziyyətdə idi. Düzdür, Balaxanada (şəhər
kənarında) Neft sənayeçiləri Qurultayının
tabeçiliyindəki xəstəxanada həkimlərin az bir
hissəsinə (xüsusilə də onların bəziləri
Balaxanada deyil, Bakıda yaşayırlar) xidmət edən
çox yaxşı bir kitabxana yerləşirdi; bütün
səylərimizə baxmayaraq, hətta müvəqqəti
istifadə üçün də bu kitabxananı ala bilmədik;
biz (mən və Levin) bir neçə dəfə neftsənayesi
başçılarının və həqiqi
sahibkarlarının yanına getdik: qurultayın sədrinə,
rəisinə kənardan təsir etməyə
çalışdıq (d-r. B.K.Finkelşteyn bu işdə bizə
kömək edirdi); ancaq bizim bütün səylərimiz,
qayğılarımız uğurla nəticələnmədi.
Bakıda universitetə xidmət edə biləcək başqa
tibb kitabxanaları yox idi; professor Levinin özünün
yaxşı kitabxanası var idi, mənim isə heç nəyim
yox idi, çünki bir neçə il bundan əvvəl
öz kitabxanamı Saratov Universitetinə
bağışlamışdım.
Ümumiyyətlə,
yay ərzində kitablar kimi, müxtəlif laboratoriya və
tibb ləvazimatları da az əldə olunmuşdu, məsələn,
ancaq cəmisi 8 mikroskop. Artıq lap əvvəldən
hökumət qarşısında kiminsə (professor
Sitoviç nəzərdə tutulmuşdu) vacib şeyləri əldə
etmək üçün ezamiyyətə göndərilməsi
məsələsini qoymuşduq: aparatlar, kitablar, alətlər,
materiallar və s. Ancaq hökumət bunun vacibliyini tam başa
düşsə də, universitet və onun smetası parlamentdən
keçməyincə, özünü xaricdə
alınmalı şeylər üçün lazımi məbləği
buraxmaq hüququnda saymırdı; bu səbəbdən də
hökumət universitet üçün ayrılmış
binalara münasibətdə də qərarlı, qəti
çıxış edə bilmirdi, bu isə bizim fəaliyyətimizi
ləngidirdi.
Məhz
buna görə də, bizim bütün zəhmətimiz əsasən,
imkan daxilində, çox tezliklə parlamentə təqdim etmək
üçün universitetin smetaları, layihələri və
nizamnaməsinin tərtibinə istiqamətlənmişdi, və
bu böyük işi, gərgin işləməklə, bir
aydan da tez bitirə bildik, hətta universitetin nizamnaməsi tam
işlənildi.
Axırıncı
(nizamnamə) haqqında bir neçə söz deməliyəm.
Artıq Tiflis Zaqafqaziya Universitetində bir neçə nəfərdən
ibarət komissiya (mənim sədrliyimlə) var idi (Maksimov,
Zavriyev, Arutyunov, Yüzbaşov). Şura bu komissiyanın
Zaqafqaziya Universiteti üçün tərtib etdiyi nizamnaməni
qəbul etmişdi. Bakı Universiteti üçün də
buna oxşar nizamnamə yazılmışdı. Mən
universitet nizamnaməsinin tərtib edilməsinə görə
müxtəlif komissiyalarda işlədiyimə (Kazan, Saratov,
Petroqrad) və zəngin akademik təcrübəm olduğuna
görə (professor, dekan və rektor kimi), bu qənaətə
gəldim ki, rus universitetləri üçün çox və
ya az, tam muxtariyyətli universitet nizamnaməsi qismən
uyğun gəlir. Hökumətin universitetlə bağlı nəzarəti,
əsasən də maliyyə hissəsinə (məbləğin
bölünməsi mənasında yox, onun düzgün xərclənməsinə
görə) rektor (nazirin təsdiq etdiyi) tərəfindən həyata
keçirilir. Alman nümunəsinə əsasən tədrisetmə
tam azad olmalıdır (Sehr-und Lerntreiheit). Bu əsaslarla tərtib
etdiyim nizamnamənin eskiz-laiyihəsini əvvəlcə biz
üçlükdə (mən, Dubrovski, Levin) A.M.Levinin mənzilində
müzakirə etdik, sonra isə bizim komissiyadan keçirdik. Bu
nizamnamənin bəzi əhəmiyyətli xüsusiyyətlərini
misal göstərmək istəyirəm. İnzibati orqanlar: Rektor,
şura, idarəetmə (təsərrüfat orqanı),
fakültələr. Baş, aparıcı fəaliyyət –
bütün seçılmiş şəxslərin təsdiqi
(dekanlar daxil olmaqla), inzibati orqanların (Rektorun da) seçilməsi,
tədrisin və işlərin ümumi axarına nəzarət,
professorların müsabiqə yolu ilə seçilməsi –
Şuraya məxsusdur.
Diskresion
hakimiyyət rektora məxsusdur, ancaq o, yaxın vaxtlarda
keçiriləcək iclaslarda İdarəetməyə və
Şuraya bütün təcili sərəncamlar haqqında məlumat
verir. Tələbələr İdarəetmədə,
Şurada və fakültələrdə məşvərətçi
səslə iştirak edirlər; burada tələbələrin
iştirakının təfsilatı işlənilməmişdi,
ancaq tələbələrin bəzi məsələlərin
həllində həlledici səs hüququ ilə iştirak
etməsi ehtimal olunurdu, məsələn, inzibati şəxslərin
seçilməsində və onların səlahiyyəti
daxilində digər məsələlərdə. Nizamnamədə
bütün seçkilərin əsasına səlahiyyət
prinsipi daxil edilmişdir: belə ki, məsələn,
professorları yalnız professorlar və bəzi kiçik
müəllimlər (artıq elmi stajı olan) seçirlər.
Yalnız bir elmi dərəcə saxlanılmışdır –
doktor. Dövlət imtahanlarının hüququ universitetə
məxsusdur (hökumətlə
razılaşdırılmış proqramlar), daha sonra hounris
causa dərəcəsinə yüksəltmə, xarici alimlərin
kafedraya dəvət olunması və s.: bir ilə yaxın
qüvvədə olan bu nizamnamənin
əhəmiyyətli cizgiləri belə idi və Bakı
Universiteti öz elmi-tədris həyatına məhz bu nizamnamə
ilə başladı.
525-ci qəzet.- 2014.- 30 oktyabr.- S.4.