Efir dilini korlamaq olmaz

 

EFİRDƏ ANA DİLİMİZİN TƏƏSSÜBÜNÜ ÇƏKƏK

 

Dilimizin saflığının və təmizliyinin qorunması, nitq mədəniyyətinin inkişafı hər bir dövrdə olduğu kimi, müstəqillik dönəmində də mühüm əhəmiyyət kəsb edir.  Respublikamızda son illər bu istiqamətdə konkret tədbirlər həyata keçirilib, ciddi addımlar atılıb. Ana dilinə dövlət tərəfindən diqqət və qayğı  xeyli dərəcədə yüksəlib. Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramı bu baxımdan xüsusi önəm daşıyır. Alimlərimiz, ziyalılarımız da bu haqda kifayət qədər danışıb, öz fikir və mülahizələrini, iradlarını bildiriblər.

Lakin bütün  bunlara baxmayaraq, bu gün həm yazılı, həm də şifahi nitqdə ədəbi dil normalarının pozulması, dilimizin kənar təsirlərlə korlanması halları hələ də davam etməkdədir. Təəssüf ki,bu nöqsanlara ədəbi dilimizin keşiyində dayanmalı olan  kütləvi informasiya vasitələri, xüsusilə respublikada yayımlanan radio və televiziya kanalları tərəfindən daha çox yol verilir.

Qeyd edildiyi kimi, bu cür dil xətaları ölkənin televiziya məkanında  geniş müşahidə olunur. Adıçəkilən informasiya vastələrinin canlı və kütləviliyi, auditoriya dairəsinin genişliyi nəzərə alınsa, vəziyyətin nə qədər ciddi olduğu aydın olar. Televiziya kanallarında nümayiş etdirilən xarici filmlərin tərcüməsində və reklam çarxlarında vəziyyət daha dözülməzdir.

Filmlərin dublyajı zamanı mətnlərdəki fikir dolaşıqlığı, cümlələrin bir-birini izləməməsi, tərcümədə yarımçıqlıq, fikir dolaşıqlığı, anlaşılmazlıq, ifadənin sərrast seçilməməsi, sözlərdə, cümlələrdə hərfi tərcümə əlamətləri, obrazın səsləndirilməsi zamanı fasilələrə yol verilməsi təqdim olunan filmin bədii dəyərini aşağı salır, tamaşaçının ovqatını əməlli- başlı korlayır.

Reklam çarxlarında ədəbi dilimizə nabələdlik, biganəlik təəccüb doğurur. Burada gülüş yaradan ifadələrə, yanlış seçimli sözlərə, əndirabadi cümlələrə çox rast gəlinir. (möhtəşəm ləzzət, keyf elə, snikerslə, təzə  kimi qalır və s.) Aparıcıların nitqində orfoepik normalara əməl olunmaması, xaric diksiya, dialekt sözlərindən istifadə, şivələrə məxsus tələffüz faktları, ümumən, verilişlərın keyfiyyətinə ciddi xələl gətirir. Məsələn: Ağzıvı aç, yimeyivi ye və s. Verilişlərdə yol verilən üslubi səhvləri də buraya əlavə etmək olar.

Kanallara dəvət olunan şou nümayəndələri tərəfindən işlədilən vulqar,  kobud söz və ifadələr, varvarizmlər, bir çox aktyorların yersiz, gülüş xətrinə işlətdikləri əxlaqa zidd, bayağı və şit kəlmələr tamaşaçıda ikrah hissi  doğurur.

Danışıqda rus sözlərindən, cümlələrindən yerli-yersiz istifadə adi hala çevrilib. Bəzən rus sözlərinin dilimizdəki eynimənalı sözlərlə yanaşı işlədilməsi isə sadəcə olaraq, gülüş hədəfinə çevrilir: -Uje, artıq işdə dönüş yaranıb.

Əfsuslar olsun ki,dəfələrlə qeyd edilməsinə baxmayaraq, aparıcılar, verilişlərə dəvət alan mütəxəssis və ziyalılar tərəfindən ənənəvi səhv tələffüz halları yenə də təkrarlanır. Məlumdur ki, inkarlıq bağlayıcısı ilə inkarlıq şəkilçisi cümlə daxilində bir yerdə işləndikdə təsdiq mənası əmələ gətirir:

-Nə dediklərini demə, nə elədiklərini eləmə. Olmalıdır: Nə dediklərini de, nə elədiklərini elə.

Verilişlər zamanı -ma, -mə inkarlıq şəkilçisinin sözün tərkibində təkrarən işlədilməsi faktları da ciddi nöqsanlardan hesab olunur: çatışmazlıq əvəzinə çatışmamazlıq, bilməzlik əvəzinə bilməməzlik və s.

Zənnimizcə, bir hərfi yazmamaq, bir səsi tələffüz etməyi unutmaq bir o qədər ciddi qüsur hesab olunmur. Mətnlərin təqdimatı zamanı sözlərin səhv oxunuşuna, şəkilçilərin yanlış işlədilməsi faktlarına da dözmək olar. Əlbəttə, belə nöqsanlar peşəkarlıq artdıqca sonradan aradan qaldırıla bilər. Ancaq qrammatik qaydaları, dil qanunlarını öyrənmədən, bilmədən ciddi qüsurları aradan qaldırmaq mümkün deyildir. Bunu  sözlərin vurğusunun düzgün deyilməməsi, fonetik cəhətdən səhv tələffüz faktları aydın sübut edir.

Yeri gəlmişkən, verilişlərdə sözlərin vurğusunun düzgün deyilməməsi hallarına çox tez-tez rast gəlinir. Alınma adlarda belə səhvlərə xüsusilə geniş yol verilir. "Panasonik" sözündə vurğu ikinci a-nın üzərində deyilir. Yanlış olaraq oktyabr əvəzinə, aktyabr, kredit əvəzinə kiridit, televiziya əvəzinə tiliviziya, nahiyə əvəzinə nayihə, ağrımır əvəzinə ağramır işlədilir.

Televiziya verilişlərində həm aparıcılar, həm də iştirakçılar tərəfindən numirativ sözlərin yerində işlədilməməsi faktlarına rast gəlinir. Məsələn, iki nəfər kişi əvəzinə iki dənə kişi, iki ədəd qələm əvəzinə iki dənə qələm və s. Bəzən numerativ sözlərdən, ümumiyyətlə, istifadə olunmur: beş  uşaq, bir stol və s.

Bir çox verilişlərdə aparıcılar, eləcə də dəvət olunan şəxslər tərəfindən terminlərdən həddən çox istifadə edilir. Bu da, təbii ki, dilin yüklənməsinə, ağırlaşmasına səbəb olur.   Termindən çox istifadə etmək heç də  savadlı olmaq demək deyildir. Əslində, belə verilişlər tamaşaçını yorur və öz səmərəliliyini itirir. Bu cür hallar  televiziya kanallarının tibb və sağlamlıq proqramları üçün daha çox xarakterikdir.

Dövlət və özəl kanallarda nümayiş etdirilən verilişlərdə, xüsusilə uşaq verilişlərində hərflə səsin eyniləşdirilməsi halları da müşahidə olunur. Kanallarda  hansı sənətin sahibi olmaq  mənasında  verilən sualda  kim sözünün yerinə, nəçi sözünün işlətmək də doğru sayılır.

Bəzi ekran tamaşalarında sözlər adi danışıqda, loru dildə olduğu kimi  işlənir. Məsələn, kiçik bir səhnəcikdə təkrarən xadimə sözü əvəzinə xadiməçi deyən aktyorlar efir dilinin istər-istəməz korlanmasına səbəb olurlar.

Bir çox kanallarda aparıcılar tərəfindən fikrin birbaşa deyil, dolayısı yolla çatdırılmasına cəhd edilir. Bu zaman obrazlı ifadələrdən istifadə edilməsi heç də həmişə uğurlu alınmır.

Təəccüb doğuran hallardan biri də kanallarda nümayiş etdirilən verilişlərin eyni məzmun daşıması bir yana, adlarının da oxşarlıq təşkil etməsidir.

Yeri gəlmişkən qeyd edək ki, kanallarda düzəmlənən veriliş adlarının da hamısını  uğurlu hesab etmək olmaz. Onların bir çoxu dilimizin tələbləri baxımından düzgün səslənmir, anlaşılmır, bir çoxunun adı uzundur, bir çoxları isə standart, yorucu, necə deyərlər, quraşdırma, qondarma sözlərlə adlandırılır.

Televiziya dili ziyalı dili, ziyalı tribunasıdır. Bu dil ədəbi dilimizin leksik, qrammatik, orfoepik normalarını özündə tam əks etdirərək həmişə nümunəvi olmalıdır.  Odur ki, kütləviliyi və operativliyi ilə  seçilən  televiziya  dilinə hörmət və məsuliyyətlə yanaşılmalı, hamılıqla onun təmizliyinin qorunması, yabançı, yad və kənar təsirlərlə korlanması hallarının qarşısının alınması üçün daim ciddi mübarizə aparılmalıdır.

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2014.- 31 oktyabr.- S.8.