Bakı şəhərində
Universitetin yaradılması
Universitetin açılışı haqqımda ümumi əsasnamələrin ayrıca layihəsi tərtib edilmişdi: açılış qaydası, universitet orqanlarının formalaşdırılması, xərclərin verilmə qaydası, tələbələrin qəbulu və s. Məhz ilk addımlardan universitetin əsasnaməsinin özülünə seçkili başlanğıcı irəli sürmək istəyirdik. 5 nəfərlik akademik qrup və 4 nəfər başqalarından (yuxarı bax) təşkil olunan Universitet Komissiyası əvvəlcə rektoru və dekanları seçir; 2 fakültə üçün ilk professorları, 10 nəfərdən çox olmayaraq, dəvət edir; sonra isə seçkili əsaslarla tərkibini artırmaq hüququna malik Şura və fakültələr formalaşdırılır. Elə həmin vaxt rektor və dekanlardan ibarət universitetin İdarə Heyəti formalaşır və bu heyət universitetin açılışı ilə öz fəaliyyətini dayandıran Təşkilat Komissiyasının funksiyalarını öz üzərinə qəbul edir.
Universitet haqqında əsasnamənin layihəsinə universitetin ətraflı smetası və nizamnaməsi ilə müşayət olunan izahedici qeydlər əlavə olunmuşdu və bütün işlər Nazirlər Şurasında müzakirə olunmaq və parlamentə təqdim edilmək üçün Xalq Maarifi Nazirliyinə verildi.
Elə buradaca adi qanunverici süründürməcilik başlandı. Nazirlikdən idarəyə yenicə gəlmiş Xalq Maarifi Naziri, çalışqan, ziyalı bir insan Rəşid xan Qaplanov işi ən az ləngitdi. Ancaq iş Nazirlər Sovetində həqiqətən ləngidi və yalnız iyunun axırında parlamentə daxil oldu. Universitet işi parlament komissiyalarından keçəndə, əsl süründürməçilik başlandı. Biz, əlbəttə, işi sürətləndirmək üçün hər şeyi etmişdik. Parlamentin Prezidiumu ilə, komissiyaların sədrləri ilə, parlamentin ayrı-ayrı üzvləri ilə danışıqlar aparmışdıq, israrla xahiş edirdik, inandırırdıq, göstərirdik ki, işin ləngiməsi bütün universitet məsələsinin tam dağılması ilə nəticələnə bilər: bu halda professorlardan çoxu digər universitetlərə gedəcəklər (universitetin Tiflisdən Bakıya köçürülməsi məsələsi uzandığından, oradakı təbiətçilərin belə acınacaqlı problemlə üz-üzə qaldıqları kimi).
Ancaq ümumiyyətlə, bizim qayğılarımız, məsələ qaldırmağımız, izahatlar az təsir edirdi. Atrıq birinci komissiyada (maliyyə) bəzi çəkişmələrlə, hətta ayrı-ayrı üzvlər tərəfindən müqavimətlə qarşılaşdıq. Axırıncı şərait aydınlaşma tələb edir. Bu haqda danışmaq kədərli olsa da, mən cəmiyyətdə və parlamentdə universitetin açılışına əks təsir əmələ gəldiyini yəqin etdim.
Bu cərəyanın nəinki cahil, fanatik elementlər arasında, hətta özünü ziyalı adlandıran şəxslər arasında da hiss olunması kədərlidir. Ayrı-ayrı zəif təşəbbüslər şəklində olan bu cərəyan əvvəlcə aydın deyildi, sonra isə o formalaşdı: mətbuatda universitetə düşmən mövqeli məqalələr göründü, universitet əleyhinə çıxışlarla hansısa yığıncaqlar keçirilirdi (hərdən maskalanmış, hərdən açıq-aşkar), hətta digər gənc ziyalıların – bizim dostlarımızın müxalifət mövqeyinə baxmayaraq, hökumətin tərkibində olan ən nüfuzlu şəxslər müvəffəqiyyət qazanırdılar. Universitet əleyhinə olan əsas dəlillərdən biri Azərbaycan üçün xüsusi universitetin əvəzinə, məlum sayda gənc insanları təhsil almaq üçün Qərbi Avropaya göndərmək idi. Bütün ölkə üçün mədəni ocaq kimi universitetin məhəlli əhəmiyyəti onda idi ki, xidmət olunan seçilməmiş xoşbəxtlər (himayədarları olan) deyil, bütün maarif axtaranlar bu halda ya unudulurdular, ya da onlar haqqında qəsdən susurdular... Nə olursa olsun, biz daha çox elə qənaətə gəlirdik ki, parlamentdə işin ləngiməsi və qarışıqlıq təsadüfü deyil. Düşünməyə əsas var idi ki, gündəmdə olan universitet məsələsinə nəinki parlamentin bəzi nüfuzlü üzvləri, hətta Usubekovun daxil olduğu nüfuzlu partiyanın (musavat) özündən də gizli əks təsir edirdilər. Universitet üçün çalışan, siyası konüktura və nüfuzlu şəxslərin xüsusi münasibətlərini pis ayırd edən bizlər üçün (komissiya üzvləri) ən çətin vaxt idi. Bizim (nəticəsinə) inanaraq çalışdığımız tükdən asılı idi... Nə etməli? Hökumətlə, parlamentin nüfuzlu üzvləri ilə danışıqlara başlanıldı və burada universitetin və maarifçiliyin əsl dostlari məlum oldu. Onlardan birincisi, Türk yazıçısı, parlamentin nüfuzlu üzvü Rəsulzadəni, sonra parlamentin sədri doktorr Ağayev və katibi Pepinovu, daha sonra parlamentin sosialist qrupunu, xüsusilə də S.A.Ağamalovu vurğulamaq istəyirəm; çalışqan Camal bəy də bizə az kömək etmədi. Və maliyyə komissiyasının uzun süründürməçiliyindən sonra, öz qanunvericilik təklifləri komissiyasından işi tez keçirən möhtərəm Vonsoviçi (komissiyanın sədri) də minnətdarlıqla xatırlayıram. İş komissiyalardan parlamentin ümumi yığıncağına daxil olana qədər Müsavat partiyasındakı ikitirəlik davam etdi; Rəsulzadənin çalışqanlığı, ziyalı köməyi sayəsində universitetin Müsavat partiyasındakı aşkar və gizli düşmənləri partiyanın (Müsavat) qərarına tabe olmalı idilər; bizim tərəfimizdən olan və parlamentdə çoxluq təşkil edən iki partiya: Müsavat və Sosialist partiyaları var idi. Digər partiyalar, daha çox sağlar, bizim üçün qorxulu deyildi, xüsusən ona görə ki, onların arasında da Bakıda universitetin açılmasına rəğbətlə yanaşan ayrı-ayrı şəxslərin olmasına (komissiyaların ayrı-ayrı üzvləri ilə tanış olduqdan sonra) əmin olmuşdum. Əvvəldə bütün bu partiya və siyasi münasibətləri mənim üçün qaranlıq meşə idi; mən yalniz artıq sonralar onları ayırd etməyə başladım. Bu oriyentasiyada mənə çox kömək etdilər: tarixçi və təcrübəli publisist (o, Tiflisdə qəzet pedaktoru olmuşdu) kimi mürəkkəb siyasi münasibətlərdən yaxşı baş çıxaran N.A.Dubrovski, həmçinin artıq 4 il idi ki, Bakıda yaşayan və buradaki mövcud şəxsi və partiya münasibətlərini yaxşı bilən A.M.Levin.
Nəhayət, iş parlamentin ümumi yığıncağına daxil oldu. Biz müzakirədə iştirak edirdik. Böyük parlament günü... Kütlənin qeyri-adi izdihamı; Bakı ziyalılarının əksəriyyəti. Mehdi bəy Hacınskinin (onu universitetin ən yaxın dostlarından biri kimi qəbul etmək olar) iş haqqındakı məruzəsindən sonra, Xalq Maarifi Nazirinin çıxışı oldu (ölkə üçün universitetin vacibliyini inandırıcı sübut edən əla çıxış); daha sonra ayrı-ayrı partiyaların nümayəndələri çıxış etdilər. Rəsulzadənin parlaq, obrazlı nitqi dərin təəssürat yaratdı. Vonsoviçin qısa, lakin məzmunlu çıxışını qeyd etməliyəm. Çıxışlar rus və türk dillərində səslənirdi: bunlar stenoqraflaşdırılır və sonra qəzetdə dərc olunurdu. İşin maddələrlə oxunuşuna keçəndə, parlament üzvlərindən bəziləri sözügedən işin maliyyə tərəfinin natamam işlənildiyini göstərdilər və universitet haqqında işin komissiyalara geri verilməsini təklif etdilər, bu da, bütün işin iflasa uğramasına bərabər idi. Mən Xalq Maarifi Nazirinin təklifi ilə çıxış etməli və işə aydınlıq verməli oldum; mən qeyd etdim ki, əlbəttə, smetada yalnız summar rəqəmlər verilmişdir; bu rəqəmlər müfəssəl əsaslandırılmışdır; təkcə fakültələr üzrə yox, hər bir kafedra üzrə, vacib obyektlərin reestri tərtib edilmiş, qiymətləndirilmə, hesablamalar və s. hazırlanmış; bütün bu smeta materialları bizim dəftərxanamızdadır və bu işlə hər bir maraqlı şəxs məbləğlərin ən ciddi şəkildə əsaslandırıldığına inana bilər. Əlavə olaraq, mən maarifçiliyin ocağı kimi universitetin əhəmiyyəti haqqında bir neçə söz dedim... Görünür, mənim izahım parlamenti qane etdi; smeta səsvermədən keçdi. Nizamnamə maddələrlə oxunanda universitetin avtonomiyasına sui-qəsd təşəbbüsü edildi, ancaq müzakirələrdən sonra nizamnamə ən cüzi düzəlişlərlə qəbul olundu. Parlamentdə 3-cü – sonuncu oxunuş və universitetin təsdiq olunması günü Bakı üçün əlamətdar gün idi. Bu (əlamətdar) gün (dəqiq desəm, axşam) sentyabrın 1-i idi. Universitet haqqında qanun sonuncu redaktə ilə kütlənin gurultulu alqışları ilə qəbul olundu və Azərbaycan öz ali maarif ocağına sahib oldu. Türk xalqının tarixinə yeni, parlaq səhifə əlavə olundu. Avropanın, Asiyanın sərhəddində yeni çıraq (zəka çırağı.- A.S.) alışıb yandı... Bu böyük, tarixi hadisənin iştirakçıları kimi biz özümüzü xoşbəxt bilirdik. Qarşılıqlı təbriklər az olmadı, hamıda, bir növ, bayram əhval-ruhiyyəsi vardi. Belə günlər heç vaxt unudulmur!..
Komissiyanın üzvü L.A.İşkov həmin saat Tiflisdən çağırıldı, rektorun və dekanların seçilməsinə başlanıldı. Mən yekdilliklə rektor seçildim, N.A.Dubrovski tarixi-filoloji fakültənin, İ.İ.Şirokoqorov (o olmadığı üçün müvəqqəti A.M.Levin) tibb fakültəsinin dekanı seçildilər. Həmin vaxt birinci professor və müəllimlər dəvət olundular, fakültələr, Şura və İdarəetmə formalaşdırıldı; tələbə qəbulu haqqında elan (yerli türklərə bəzi güzəştlərlə) hazırlandı. İndi, imkan daxilində, tezliklə məşğələlərə başlamaq məsuliyyəti bizim üstümüzə düşürdü. Ancaq burada 2 çətinlik var idi. Birincisi, müəllimlərin mövcud heyəti hələ azsaylı idi; hətta Tiflisdən Bakıya köçmək çətin idi və kafedraların hamısı hələ yerbəyer olmamışdı. Xüsusilə bu, 3 kursu olan tibb fakültəsinə aid idi (yuxarıda deyildiyi kimi, bu fakültənin Zaqafqaziya Universitetindən yaxşı, kompakt özülü var idi). Nazirlə və yoldaşlarla, professorlarla danışıqlardan sonra, mən və N.A.Dubrovski, cənub universitetlərində müəllimlər tapmaq ümidi ilə Rusiyaya yola düşdük. İkinci çətinlik kafedraların, xüsusilə laboratoriyaların kifayət qədər təchiz olunmamasıdır. Doktor B.K.Finkelşteyn obyekt və vacib kitabların alınması üçün Qərbi Avropaya ezam olundu (o, yayın ortasında Rostova köçməsi ilə əlaqədar, komissiya üzvlüyü vəzifəsini üstündən götürən Sitoviçin əvəzinə idi), ona təchizat əşyalarının reestri, kitabların siyahısı və s. verildi.
Demək olar ki, biz (mən və Dubrovski), eyni vaxtda, sentyabrın ilk günlərində, Şimali Qafqaza, Finkelşteyn Batumdan keçərək, Qərbi Avropaya getdik. Mən gərginlikdən, yorucu işdən sonra yolda bir az dincəlməyə ümid edirdim (məndə yuxusuzluq və arabir aritmiyalı ürək döyüntüsü var idi), ancaq yolda dincəlmək ümidi özünü yaxşı doğrultmadı. Düzdür, Petrovska gəmi ilə yaxşı getdik, ancaq sonrakı Petrovsk-Pyatiqorsk-Rostov yolu səfər üçün çox ağır idi: basırıq, gecə işıqlandırılmayan vaqonlar, darısqallıq, natəmizlik, heç olmasa, bir az uzanmaq imkanının olmaması,- bütün bunlar səyahətimizi son dərəcə üzüntülü edirdi; biz böyük çətinliklə Pyatiqorska çatdıq. Orada alimlərdən kimlərisə tapmaq ümidində idik, ancaq ümidlərimiz özünü doğrultmadı və biz irəli – Rostova getdik. Rostovda ləngidik – mən və Dubrovski professor və müəllim heyətinin bəziləri ilə danışıqlar aparmalı olduq, bəzi sifarişləri edik. Mən burada Bakıya gəlməyə razılıq verən İ.İ.Şirokoqorovla görüşdüm, ancaq gələn ilin (1920) əvvələrindən tez gəlməyə söz vermədi, çünki Qırmızı Xaçdakı fəaliyyəti onu ləngidirdi. Mən həmçinin Rostovda professor Uşinskinin (ümumi patologiya kafedrasına) razılığını aldım, o da bir qədər sonra gələcəyinə söz verdi. Əgər anatomiya üzrə professor Yasutun kafedranın təşkili və qısa kursun oxunması üçün yazda gələcəyini və həmçinin tibbi-kimya professor Maksimoviçin qastrola gəlməsi razılıqlarını nəzərə almasaq, digər şəxslərlə danışıqlar nəticəsiz oldu.
Biz Rostovda ayrıldıq: mən Yekaterinoslava, Dubrovski isə Xarkova. Hərçənd ki, N.A.Dubrovski özü kassanın yanında səhər tezdən saatlarla növbə çəkməyə səy göstərsə də, yükdaşıyanları tutsa da və s., artıq Rostovdan çıxmaq böyük çətinliklərlə əlaqədar idi: bilet almaq cəhdi əbəs idi. Nəhayət, yalnız dəmir yolunda konsultant olan professor K.X.Orlovun köməyi ilə ona Rostovdan Xarkova getmək müyəssər olur. Yekaterinoslava getmək mənim üçün asan oldu: Yekaterinoslav Universitetinin klinikaları ilə Qırmızı Xaç (cəmiyyətinin) yerli orqanı arasında münasibəti tənzimləməyi özümə öhdəçilik götürdüyümə görə, mən Qırmızı Xaçdan (cəmiyyətindən) Yekaterinoslava xidməti eyzamiyyət aldım. Bu tapşırığa görə mən bilet və qatarda yer aldım, ancaq bu səfərdə böyük çətinliklərlə qarşılaşdım. Qatar yalnız Xarsisskadək getdi, sonra yolunu davam etdirə bilmədi, belə ki, yol Maxnonun bandaları tərəfindən kəsilmişdi. Dolayı yolla və çətinliklə, birtəhər Yekaterinoslava çatdım. Mən orada ayrı-ayrı müəllimlərlə, həm həkimlərlə, həm də filoloqlarla danışıqlıqlar apardım (N.A.Dubrovskinin tapşırığı ilə), ancaq müvəfəqqiyyətə az nail oldum. Mən orada, hələ yayda cənuba köçmək arzusunu bildirmiş formakologiya üzrə ən yaxşı professoru tapmağa ümid edirdim, amma o mənim gəlişimə 3 həftə qalmış ölmüşdü. Mən Yekaterinoslavda, həmçinin görkəmli rus müəllim-hüquqşünası M. ilə görüşməyə ümid edirdim ki, ona Bakıda hüquq fakültəsinin təşkilinə razılıq verməsini təklif edim, ancaq o, Krıma getmişdi. Mən burada beş gün qaldım, daha çox gözləyə bilmədim; Kiyevə və Odessaya getmək mümkün deyildi (Maxno yolları kəsmişdi), mən Rostova qayıtdım və burada N.A.Dubrovski ilə qarşılaşdım. Onun Xarkova səfəri böyük müvəffəqiyyətlə nəticələnmişdi. Bakıya qayıtmaq lazım idi, ancaq qayıtmaq da çətinliksiz başa gəlmədi. Petrovskdan keçən birbaşa yol kəsilmişdi. Biz dolayı yolla – Novorossiysk və Batumdan keçərək qayıtdıq, belə ki, Novorossiykdə gəmi gözlədiyimiz üçün, bir həftə qalmalı olmuşduq. Biz yalnız oktyabrın ikinci yarısında Bakıda görüşdük, yeri gəlmişkən desək, burada bizim haqqımızda heç bir xəbər yox idi (poçt əlaqələri qırılmışdı) və hətta bizim Qafqazdan qaçmağımız barədə şayələr gəzirdi (?!).
Universiteti açmaq lazım idi. Biz hamımız giriş mühazirələrini oxumağı qərara aldıq. N.A.Dubrovski, birinci olaraq, ümumi tarix üzrə maraqlı mühazirə oxudu. Yeni, geniş auditoriya ağzına qədər camaatla dolmuşdu; tələbələrdən başqa, universitet tərəfdarı olan ziyalıların əksəriyyəti, parlamentin üzvləri, Hökumət Şurasından şəxslər və b. Bu mühazirə ilə bərabər, növbəti mühazirələrdə də çoxsaylı camaat gərgin, diqqətlə mühazirəçilərə qulaq asırdı. İlk və sonrakı mühazirələr bir daha Bakı cəmiyyətinə göstərdi ki, o (Bakı cəmiyyəti) bununla universitetdə hansı yüksək mədəni sərvəti əxz edir. Orada (xüsusilə Orta Asiyada) yaşayaraq, uzun illər Şərqi öyrənən məşhur oriyentalist, professor İ.A.Ziminin şərqşünaslığa dair parlaq, ifadəli giriş mühazirəsini xüsusilə qeyd etməliyəm...
İlk mühazirələrdən sonra hər iki fakültədə sistemli məşğələlər başlandı.
Tibb fakültəsinin 1-ci kursuna 250 nəfər (qəbul olmaq istəyən 500 nəfərdən çox idi); 2-ci, 3-cü kurslara onlarla tələbə qəbul edə bildik: tibb fakültəsində avadanlıq çatışmamazlığına görə, bizim üçün çoxsaylı tələbələri idarə etmək çətin idi.
Anatomiya üzrə ilk praktik məşğələlər başlandı, sonra isə kimya, gistologiya, diaqnostika, dosmurgiya üzrə və s.
Tarixi-filoloji fakültə öz qapılarıni tələbə-gənclərə daha geniş açmışdı: 600 nəfərdən çox tələbə qəbul edilmişdi; tezliklə həmçinin seminariyanın praktik məşğələləri başlandı və s. Bir neçə elmi tələbə dərnəyi (fəlsəfə, tibb və s.) də açıldı.
Məşğələlərlə eyni vaxtda,
universitetin təchizolunma prosesi (laboratoriya, qaz və s.) davam
edirdi. Tezliklə
1-ci gimnaziyanın klinika kimi
uyğunlaşdırılmasına başlanıldı; yaza gədər
professor A.M.Levinin və professor A.A.Oşmanın göstərişləri
və rəhbərliyi ilə iki klinika (yazda artıq
açılmışdı) təchiz olundu: cərrahi klinika
– yaxşı əməliyyat, sarğıdəyişdirici və
b. uyğunlaşdırıcı cihazlarla; daxili xəstəliklər
klinikası da həmçinin cox yaxşı palatalarla,
auditoriyalarla, laboratoriya cihazları ilə və s. Beləliklə,
tibb fakültəsinin gələcəyi təmin edilmişdi. Bəzi müvəqqəti müəllimlərdən
başqa, tibb fakültəsinin tərkibinə yerli alimlərdən
yaxşı elmi stajı və çoxsaylı elmi əsərləri
olan professor Milman və professor Finkelşteyn, həmçinin
kimyaçı Qurviç və farmasiya magistri Qolberq daxil
oldular. Filoloqlar öz elmi mühitlərinə
yerli qüvvələrdən Şaxtaxtinskini və bir
neçə mühazirəçini cəlb etdilər.
Tədris
ilinin elə birinci ilində, yazqabağı Qafqazda məşhur
elm xadimi olmuş, indi isə Bakı Universitetinin professoru
L.Q.Lopatinskinin redaktorluğu ilə, siyasi dəyişikliklərin
nəticəsində işıq üzü görməsi bir qədər
ləngimiş ”Bakı Universitetinin Xəbərləri”nin 1-ci
buraxılışı tərtib olunmağa başladı. Mən həmçinin öz “Î õèðóðãè÷åñêîé ïîìîùè íà Êàâêàçå” adlı işimi 1-ci
buraxılışda yerləşdirməyi özümə
vacib bildim.
Bakı
Universitetinin professorları arasında Zaqafqaziya Universitetinin
professorlarından başqa, Petroqraddan, Xarkovdan, Kazandan və
başqa yerlərdən gəlmiş bir sıra yeni şəxslər
göründülər və hər iki Bakı fakültəsi
elə birinci il sistemli tədrisi həyata keçirdi,
hal-hazırda isə (1922) digər universitetlərdəki
sözügedən fakültələrdən heç də
aşağı səviyyədə deyil.
Mən
1920-ci ilin may ayına qədər rektor oldum; yorğunluq və
xəstəlik məni rektor adını üstümdən
götürməyə məcbur etdi. Mən
yayda Rusiyaya – sanatoriyaya getdim, bir gəminin palubalı sərnişini
olaraq, çətinliklə Bakıdan çıxdım;
mövcud şəraitə görə, Rusiyada qalmalı oldum,
ürəyimin bir hissəsi isə orada, Bakıda qaldı.
Avqust ayında məni Bakı Universitetinin
professorluğundan azad etmələri haqqında xahiş məktubu
göndərdim. Mən Bakı Universitetindən
aldığım şəfqətli, səmimi məktubu,
öz növbəmdə, belə cavablandırdım: ”Bakı Universiteti Şurasının üzvlərinə
mənə göndərilən məktuba görə dərin
təşəkkürümü bildirirəm. Mənə
əziz olan Bakı Universitetinin professorları ilə birgə
işim həyatımın ən yaxşı xatirəsi kimi
qalır. Orada, siyası və sosial burulğanlarla əhatə
olunmuş uzaq cənubi-şərqdə, biz ali
mədəni ocağın yaranması üçün
mehribancasına işləyirik və əminliklə
inanırıq ki, yalnız təkcə elm indiyə kimi
barışmaz siyasi və sosial çəkişmələri
bir araya gətirə bilər və kəskinləşmiş
sinfi mübarizəni birgə əməyin və
qarşılıqlı qardaş köməyinin sakit
axarına yönəldə bilər. Bəşəriyyətin
beşiyi olan Şərq, artıq insanlığın
qlobal problemləri həll olunan yerdə, onun (Bakı
Universitetinin.-A.S.) tarixi həyatının
başlanğıcında idi: orada ulu fəlsəfi sistemlər
yaranmışdı; orada bəşəriyyətin ulu ilahi
nuru şəfəq saçmışdı; orada
xeyirxahlığın şan və şərəfi ilə əhatə
olunmuş həqiqət həmişə şölələnərdi...
Ex oriente lux...
Və
dünya tarixinin indiki faciəvi anında, bəşəriyyət
üçün ən əzablı məsələnin, sosial
məsələnin həll olunduğu bir vaxtda, bəlkə də,
Şərqə öz qəti sözünü demək qismətdir...
Şərqlə
Qərbin sərhəddində duran Bakı Universiteti Şərqin
ulu, mənəvi dəyərlərini və ənənələrini
qərbi-elmi doktrinalarla əlaqələndirərək, bəşəriyyətin
elmi dünyagörüşünü zənginləşdirərək,
bəlkə sosial problemin qaranlıq sahəsinə də
işıq saçar, bizi sosial məsələnin həllinə
yaxınlaşdırar...
Mən Bakı Universitetinin böyük gələcəyinə
inanıram. (Mən) onun gənclik həvəsli, mətanətli
ilk xadimlərinə və tələbələrinə
(inanıram). Mən onun nurlu gələcəyinin
sarsılmaz müvəffəqiyyətlərini görürəm...
Vivat,
floreat, crescat Universitas Bacuensis!...
Rus dilindən
tərcümə edəni: Sevil AĞABƏYLI, filologiya
üzrə fəlsəfə doktoru, Elmi kitabxananın bölmə
müdiri, AJB-nin üzvü
525-ci qəzet.- 2014.- 31 oktyabr.- S.4.