"Azərbaycanın Cənubi Qafqazın
lideri olması artıq beynəlxalq səviyyədə
qəbul olunub"
Müsahibimiz Milli Məclisin
deputatı Məlahət İbrahimqızıdır.
- Bildiyiniz kimi oktyabrın 27-də Fransa prezidentinin təşəbbüsü ilə
Parisdə Azərbaycan
və Ermənistan prezidentlərinin görüşü
keçirildi. Sizcə,
bu görüş Ermənistan-Azərbaycan münaqişəsinin
sülh yolu ilə həlli prosesində irəliyə
doğru addım ola bilərmi?
- Ermənistanın təcavüzkar
siyasəti nəticəsində
Dağlıq Qarabağ
münaqişəsi hələ
də sülh yolu ilə həllini
tapa bilmir. Bu münaqişənin həllinə
nail olmaq üçün
göstərilən səylər
təəssüf ki, hələlik heç bir nəticə vermir. Azərbaycan tərəfi münaqişənin beynəlxalq
hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
Ölkəmizdən fərqli
olaraq Ermənistan rəhbərliyinin bu vaxta qədər münaqişənin həllinə münasibətdə
nümayiş etdirdiyi mövqe isə status-kvonu mümkün qədər çox saxlamağa hesablanıb. Ermənistan, eyni zamanda,
dünya ictimaiyyətinin
gözündə sülhə
tərəfdar ölkə
kimi də görünməyə çalışır.
Buna görə də, işğalçı
ölkə rəhbərliyi
istəməsə belə,
Dağlıq Qarabağ
münaqişəsinin müzakirə
olunduğu ikitərəfli
və çoxtərəfli
görüşlərdə iştirak etməli olur.
Məlumdur ki, münaqişənin
həlli ilə birbaşa məşğul
olan ATƏT-in Minsk qrupu
həmsədrlərinin, Rusiya
prezidentinin təşəbbüsü
və digər beynəlxalq tədbirlər
çərçivəsində Azərbaycanın və Ermənistanın dövlət
başçıları, həmçinin,
xarici işlər nazirləri arasında çoxsaylı görüşlər
keçirilib. Bu dəfə prezidentlər arasında görüş
Fransa prezidentinin təşəbbüsü ilə
baş tutub. Bütün cəmiyyətimizi
düşündürən budur ki, keçirilən
bu görüş işğala son qoymaq üçün irəliyə
doğru addım ola bilərmi?
Bəzi şəxslər deyirlər
ki, danışıqlar
aparılmasın, başqa
format müəyyənləşsin, müharibə başlasın
və s. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Tarixən bütün müharibələr
sülh ilə nəticələnib. Təbii ki,
torpaqlarımızı işğal
edən, insanlarımıza
qarşı qətliamlar
törədən bir ölkənin rəhbəri
ilə üzbəüz
oturmaq xoş deyil. Amma sülh naminə
belə görüşlər
lazımdır. Prezident İlham
Əliyev dəfələrlə
yüksək tribunalardan
indiki Ermənistanın
tarixi Azərbaycan torpaqlarında yaradıldığını
bəyan edib. Bu, çox cəsarətli
mövqedir.
Hesab edirəm
ki, son vaxtlar keçirilən görüşlər,
danışıqlar prosesinin
intensivləşməsi gələcək
qələbənin açarının
əldə olunmasına
aparan yoldur. Doğrudur, Paris görüşünün görüşünün
detalları açıqlanmasa
da, mesajlardan hiss olunur ki, danışıqlarda
üstünlük Azərbaycanın
tərəfində olub.
Onsuz da bu məsələdə
haqq-ədalət bizim
tərəfimizdədir, beynəlxalq
hüquq da ölkəmizin mövqeyini
müdafiə edir.
- Bir sıra beynəlxalq
təşkilatlar Azərbaycan
torpaqlarının işğal
olunması faktını
öz sənədlərində
təsdiq edib. Bu sənədlərin əhəmiyyəti nədən
ibarətdir?
- Atəşkəsin imzalanmasından
keçən 20 il ərzində danışıqlarda qazanılan
çoxillik təcrübə
isə onu göstərir ki, məsələ yalnız
görüşlərin keçirilməsi,
problemin müzakirə
olunması ilə bitmir. Münaqişənin həlli üçün
konkret addımlar atılmalıdır. Doğrudur, beynəlxalq
aləm Dağlıq Qarabağ münaqişəsinə
hüquqi qiymət verib. BMT Təhlükəsizlik
Şurası, İKT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin çoxsaylı qərar və qətnamələrində
Azərbaycan torpaqlarının
işğal faktı təsdiqlənib, Ermənistan
qoşunlarının zəbt
olunmuş ərazilərdən
çıxarılmasını, məcburi köçkünlərin
yurd-yuvasına qayıtmasını
tələb edilib. Lakin göründüyü kimi,
işğalçı Ermənistan
bu qərarların heç birinə məhəl qoymur. Bu ölkənin danışıqlarda
iştirakı indiyədək
yalnız imitasiya xarakteri daşıyıb.
Ona görə də, hələlik münaqişənin
həlli yönündə
hansısa nəticədən
danışmaq mümkün
deyil.
Onu da vurğulayaq ki, Ermənistanın qeyri-konstruktiv
mövqeyi avqustun əvvəlində cəbhə
xəttində törətdiyi
təxribatlarla bir daha təsdiq olundu.
İşğalçı Ermənistanı dünyada
müdafiə edən
qüvvələr münaqişənin
həllinə maraqlı
deyil və status-kvonun qorunub saxlanmasına çalışırlar. Hətta Azərbaycanı
dəfələrlə təxribata
çəkmək istəyiblər.
Amma dövlətimizin səbr və təmkin nümayiş etdirməsi işğalçı tərəfin
məqsədinə çatmasına
imkan verməyib.
Erməni tərəfi qorxaq və riyakardır. Mən bir
çox beynəlxalq tədbirlərdə iştirak
etmişəm və şahidi olmuşam ki, Ermənistan nümayəndələri həmin
tədbirlərdə Azərbaycan
və Türkiyə nümayəndələri iştirak
etdiyi zaman qorxularından çıxış
edə bilməyiblər.
Çünki haqq-ədalət onların tərəfində
deyil. Amma bizim nümayəndələr
tədbir keçirilən
zalda olmayanda onlar əleyhimizə böhtan,yalan dolu çıxışlar
ediblər. Bu da onların qorxaqlığını və
riyakarlığını sübut
edir.
- Ermənistan sosial-iqtisadi baxımdan böhran vəziyyətindədir. Bu amil işğalçı
tərəfi nə dərəcədə sülhə
məcbur edə bilər?
- Ermənistanda əhali ölkəni sürətlə
tərk edir. Bunun əsas səbəbi isə işğalçılıq
siyasətinin erməni
xalqına vurduğu ziyandır. Ermənistan
hakimiyyəti isə bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır. Onlar xaricdən gələn yardımlarla dolanmağa məcburdurlar. Amma işğalçı
Ermənistanı himayə
edən xarici qüvvənin də vəziyyəti yaxşı
deyil. Ona görə də,
Sarkisyan rejimi həmişə xaricdən
yardım ala bilməyəcək.
Bir gün buna son qoyulacaq.
Qeyd edim ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə
qəbul olunmuş bir faktdır. Regionun lider
dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici
təsirə malikdir.
Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli
xarici əlaqələr
əsasında bölgədə
sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, ölkəmizdəki
inkişaf, Azərbaycanın
müəyyən layihələr
həyata keçirməklə
qlobal mənada Avropanın enerji təhlükəsizliyinə töhfələr
verməsi dünya birliyi tərəfindən
yüksək qiymətləndirilir.
Təbii
ki, Azərbaycanın beynəlxalq müstəvidə
artan nüfuzu Dağlıq Qarabağ probleminin həllində ölkəmizin üstünlüynü
artırır. Prezident
İlham Əliyev Azərbaycanın ərazi
bütövlüyünün təmin ediləcəyini vurğulayıb: "Əminəm
ki, biz öz ərazi bütövlüyümüzü
bərpa edəcəyik.
Beynəlxalq hüquq normaları
bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya
miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar,
məsləhətləşirlər.
Bu gün bizim
beynəlxalq nüfuzumuz
yüksək səviyyədədir".
Reallıq Azərbaycan dövlətinin
inkişafının dinamik
xarakter aldığını
göstərir. Təbii ki, bu inkişaf bütün məsələlərdə ölkəmizin
mövqelərimizi gücləndirir.
Bu prosesdə ordu quruculuğu da xüsusi yer tutur. Prezident İlham Əliyev də bildirib ki, Azərbaycanın artan gücü fonunda Ermənistan zəifləyir. Acınacaqlı vəziyyətdə olan dövlət isə gec-tez diz çökməyə
məhkumdur. Azərbaycanın diplomatiyası sayəsində
Ermənistan dala dirənib. Eyni zamanda, Cənubi
Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı
ölkəni bütün
regional və beynəlxalq
layihələrdən təcrid
edib. Təbii ik, bu amil təcavüzkar Ermənistanı sosial-iqtisadi
böhranla üzləşməsinə
səbəb olub.
K. HƏMİDOV
525-ci qəzet.-
2014.- 31 oktyabr.- S.5.