Elm xəzinəsini zənginləşdirənlər
AMEA-nın "Elm" nəşriyyatında 2014-cü
ildə nəşr olunmuş kitablardan biri "Elm xəzinəsini
zənginləşdirənlər" adlanır. Kitabda XIX əsr
də daxil olmaqla keçən əsrdə yaşamış
100-ə yaxın Azərbaycan alimi haqqında çox
maraqlı oçerklər toplanmışdır. Yazıların böyük bir qismi Azərbaycanda
uzun illər yeganə elmi-kütləvi jurnal olan "Elm və
həyat"da dərc olunmuşdur. Əsərin müəllifi
milli mətbuatımızda 40 ildən çox
çalışan "Elm və həyat" jurnalında isə
35 il dəqiq elmlər şöbəsinin müdiri işləyən,
2001 və 2011-ci illərdə Həsən bəy Zərdabi
diplomu, 2001-ci ildə Azərbaycan KİV işçiləri
AHİŞ-in "Qızıl qələm"
mükafatı, 2010-cu ildə isə AMEA-nın Fəxri Fərmanı
ilə təltif olunmuş Mehparə Axundovadır.
542 səhifəlik kitabda 1977-ci ildən Azərbaycan
Jurnalistlər Birliyinin üzvü Mehparə xanımın
hazırladığı yazıların böyük bir qismi
işıq üzü görmüşdür.
Azərbaycan alimlərinin elmi axtarışları,
aparılan tədqiqatların istehsalata tətbiqi, fizika, kimya,
kibernetika kimi dəqiq elm sahələrindəki yeniliklərlə
bağlı məlumatlar M.Axundovanın "Elm və həyat"
jurnalında çap olunan yazılarının əsas
mövzusu olmuşdur.
Kitabda
akademiklərdən Zahid Xəlilov ("Funksional analiz məktəbinin
yaradıcısı"), Lətif İmanov
("İstedadlı alim, mahir pedaqoq"), Murtuza
Nağıyev ("Zamanı qabaqlayan alim"), Mustafa bəy
Topçubaşov ("Böyük cərrah"), Azad Mirzəcanzadə
("Ensiklopedik alim"), Həsən Əliyev ("Təbiət
vurğunu"), Məmməd Arif Dadaşzadə ("Kamil
şəxsiyyət"), Çingiz Cuvarlı ("Fundamental
tədqiqatlar müəllifi"), korifey memarlardan olan
Mikayıl Hüseynov ("Tikdim
ki izim qala"), Abdulla Qarayev ("Azərbaycanda fiziologiya
elminin banisi"), Həsən Abdullayev ("Görkəmli
alim, mahir elm təşkilatçısı"), Hacıbəy
Sultanov ("Dünya şöhrətli astronom"), Əli
Quliyev ("Aşqarlar kimyası məktəbinin
yaradıcısı"), Musa Əliyev ("Məşhur
geoloq"), İzzət Orucova ("Görkəmli
kimyaçı"), Cəlil Hüseynov ("Patoloji
anatomiyanın bilicisi"), məşhur geoloq Mirəli
Qaşqay ("Yeri görünən geoloq"), EA-nın
müxbir üzvlərindən Xudu Məmmədov ("Məşhur
kristalloqraf"), Əsgər Abdullayev ("Yeni elmi məktəbin
yaradıcısı") və başqalarına həsr
olunmuş yazılarda sözügedən alimlər haqqında
geniş məlumat verilir.
Kitab məşhur azərbaycanlı şərqşünas,
1855-ci ildən Peterburq Universitetinin Şərq dilləri
fakültəsinin dekanı, şərqşünaslıq elm
tarixinin ən parlaq səhifələrini yazmış professor
Mirzə Kazım bəy haqqında oçerklə
başlayır. 4 səhifəlik oçerkdə Kazım bəyin həyatı,
yaradıcılığı haqqında çox maraqlı,
yığcam məlumat oxucunu zəmanəsinin bu görkəmli
şəxsiyyəti ilə yaxından tanış
edir. "Mirzə Kazım bəy kimdir" məqaləsində
jurnalist M.Axundova
Mirzə Kazım bəyi bizə həm də
fransız alimi Qarsen de Qassinin sözləri ilə
tanıdır: "Mirzə Kazım bəy - Şərqin bu
böyük oğlu ardı-arası kəsilməyən tədqiqatları
ilə bizim dövrümüzdə
(XIX əsr - Ü.H.) Avropada yaşamış ən
görkəmli, ən mədəni alimlərin içərisində
ən qabaqcılı idi... Rusiya fəxr etməlidir
ki, onun belə bir alimi var".
Məqalədən
öyrənirik ki, Mirzə Kazım bəy Rusiya Elmlər
Akademiyasının müxbir üzvü, Londondakı
Böyük Britaniya, Asiya Cəmiyyətinin həqiqi
üzvü, Kopenhagendəki Nadir Sənətkar Kral Cəmiyyətinin
həqiqi üzvü, Fransa, Amerika, Almaniya Şərqşünaslıq
cəmiyyətlərinin üzvü idi. Vəfatı
ilə əlaqədar çap olunmuş nekroloqların birində
yazılmışdır ki, İslamı, müsəlman
qanunlarını onun qədər bilən ikinci bir alim Qərbi
Avropanın özündə belə yoxdur.
Mən 35 ilə yaxın "Elm və həyat"
jurnalının redaksiyasında Mehparə xanımla bir otaqda
işləmişəm. Onun hazırladığı bütün
materialların ilk oxucusuyam və hər bir yazıya necə məsuliyyətlə
yanaşdığının şahidi olmuşam. Mehparə
xanım hər bir alimdən yazı hazırlayarkən, onun
haqqında xeyli elmi ədəbiyyatla ətraflı tanış olur. Məşhur rus
sovet şairi Mayakovskinin sözləri ilə desək, min ton
söz kütləsindən iki-üç səhifəlik
çox yığcam, lakin alim haqqında hərtərfli məlumat
verən oçerklər hazırlamışdır. Məsələn,
fəxr etdiyimiz general-leytenant Kərim Kərimov haqqında
material hazırlayarkən onun rus dilində yazılmış
300 səhifəlik "Kosmosa yol" memuarını oxumaqla
kifayətlənməyib. K.Kərimov haqqında
A.Nikolskinin "Kosmik səfərlər xeyir
duaçısı general Kərim Kərimov"
kitabını da oxuyub.
"Kosmos
fatehi" oçerkində ömrü boyu strateji əhəmiyyətli
qapalı müəssisələrdə - 25 il
SSRİ Kosmik Uçuşlar üzrə Dövlət
Komissiyasının sədri vəzifəsində
çalışan general-leytenant Kərim Kərimovun fəaliyyəti
haqqında yazını oxuyan hər bir azərbaycanlı bu
gün də qürur hissi keçirir. Yalnız istefaya
çıxdıqdan sonra 1988-ci ildə bir neçə
günlüyə doğma vətəni Azərbaycana gələn
Kərim Kərimovu mənə və Mehparə xanıma Kosmos
muzeyinin açılışında, təhsil
aldığı 8 saylı məktəbdə, filarmoniyada təşkil
olunmuş görüşlərdə yaxından görüb
tanımaq qismət olmuşdur. Bu
tanışlıq ona vaxtilə çox qüdrətli,
SSRİ kimi nəhəng bir dövlətin general-leytenantı
haqqında oçerk yazmağa imkan yaratdı. Oçerki oxuyarkən baş ucaldan bu el oğlumuza
Azərbaycanda, anadan olduğu Bakıda layiqli bir xatirə
ansamblının, heç olmasa, mənzil-muzeyinin
yaradılmamasına təəssüfləndim. Turizm
şəhəri kimi tanınan Bakıya gələnləri
SSRİ kosmonavtikasının ön sırasında duranlardan
biri ilə tanış etmək
yaxşı olardı. Bakıda dəfn
olunmasını vəsiyyət etsə də, nəşi
Moskvada yandırılaraq yer üzündə heç bir izi
qalmayan bu böyük şəxsiyyətin xatirəsini əbədiləşdirmək
bizlərin borcudur.
"Dünyanı
bütün çalarları ilə görən insan"
oçerki isə adı dünya elm dahiləri - Aristotellə,
Viner, Eynşteyn, Nyutonla birlikdə çəkilən, həm
XX əsrin, həm də XXI əsrin dahilərindən olan
beş fundamental nəzəriyyənin banisi, həmyerlimiz
Lütfi Zadədən bəhs edir.
Azərbaycandan çox uzaqlarda, ABŞ-ın Kaliforniya
ştatındakı Berkli Universitetində çalışan
qeyri-səlis məntiqin atası titulunu daşıyan Lütfi
Ələsgərzadə haqqında material hazırlamaq hər
jurnalistin işi deyil. 1921-ci ildə Bakıda dünyaya gəlmiş, ibtidai təhsilini
şəhərimizdəki 2 saylı məktəbdə
almış, hazırda ABŞ-da ömrünün 94-cü
ilini yaşayan Lütfi Zadənin adını daşıyan Tədqiqat
İnstitutu yaradılmışdır. Mehparə
xanımın Lütfi Zadə haqqında
hazırladığı oçerki oxuyan hər kəs əsrlərin
dahisinin həm həyatı ilə tanış
olur, həm də müasir elmə gətirdiyi yenilikləri
öyrənir. Belə bir oçerki ərsəyə gətirmək
üçün o, Lütfi Zadə haqqında rus dilində
dünya alimlərinin və Lütfi Zadənin həyat
yoldaşı Fey Zadənin irihəcmli avtobioqrafik "Qeyri-səlis
məntiqin atası ilə həyatım" əsərlərini
mütaliə etmiş və çox maraqla oxunan bir oçerk
yazmışdır.
Kitabı oxuduqdan sonra belə bir qənaətə gəldim
ki, Azərbaycan xalqının dünya miqyasında tanınan
çox görkəmli alimləri var. Ötən əsrin
axırlarında AMEA-nın akt zalında kibernetika üzrə
beynəlxalq konfrans keçirilirdi. Konfransda çıxış edən
İsveç-alman mənşəli bir alim
çıxışına bu sözlərlə
başladı: "Bakı Landaunun, Lütfi Zadənin vətənidir".
Bunu xatırlatmaqda məqsədim gündən-günə
böyüyən, müasirləşən və turizm şəhərinə
çevrilən Bakıda şairlər, bəstəkarlar, rəssamlarla
yanaşı, elm aləmində tanınan, qəbul edilən zəka
sahibləri - alimlərimizə də, məsələn, Nəsirəddin
Tusiyə, Mirzə Kazım bəyə, şərqşünas
Mirzə Cəfər Topçubaşova, Marağayiyə, Kərim
Kərimova, Lütfi Zadəyə, memar Əcəmiyə heykəl
yox, müxtəlif məzmunlu abidələrin, qoyulması
xalqımızı şairlər, sərkərdələr, bəstəkarlar,
eyni zamanda görkəmli alimlər yetişdirmiş bir xalq
kimi tanıtdırmaqda bələdçilik edə bilər.
M.Axundovanın jurnalist fəaliyyəti yalnız Azərbaycanda
yaşayan alimlərlə sərhədlənməyib. Dünyaya səpələnmiş
azərbaycanlı alimlər də onun maraq dairəsində
olub. Onun əslən azərbaycanlı olan
Asim Yıldız haqqında maraqlı oçerkini həyəcansız
oxumaq olmur. Nüvə fizikasının kvark modelləri
üzrə tədqiqatlarla məşğul olan Asim
Yıldızın ailəsinin keşməkeşli həyat
yolu, Asim Yıldızla bərabər onun digər
qardaşları Sirri və Musa Yıldızlar, bacıları
Yüksəl və Türkan haqqında da məlumat
vermişdir. Oçerkdən öyrənirik ki,
Musa Yıldız da qardaşı Asim kimi fizikdir, Amerikada
yaşayır, tanınmış alimlərdəndir, 1000-ə
qədər elmi məqalənin müəllifidir, pedaqoji fəaliyyətlə
də məşğul olur. Sirri
Yıldız isə kinoaktyordur, Los-Ancelesdə yaşayır.
Bacıları Yüksəl və Türkan həkimdir,
Türkiyədə yaşayırlar.
Hazırda ABŞ-ın Florida ştatında, Texnologiya
Universitetində çalışan Uğur Abdullayev isə
Bakı Dövlət Universitetinin yetişdirməsidir. O, qeyri-xətti xüsusi
törəməli sistemlərin tədqiqi ilə məşğuldur.
Mehparə xanımın
"Özününizamlama nəzəriyyəsinin tədqiqatçısı"
oçerki Azərbaycan aliminin elmin yeni sahəsi -
sinergetikadakı uğurlarından ətraflı məlumat
verir. Qeyri-xətti sistemlərin öyrənilməsi
müasir təbiətşünaslığın ən
mühüm sahələrindən - biologiya və fizika
arasında olan ziddiyyətin aradan qaldırılması
üçün zəmin yaradıb. Özününizamlama
nəzəriyyəsi adlandırılan sinergetika biologiya,
fizika, kimya və riyaziyyatın kəsişməsində
yaranan yeni bir elm sahəsidir. Bu elm sahəsi
yenicə inkişafdadır. Lütfi Zadənin
qeyri-səlis məntiq nəzəriyyəsi kimi onun da gələcəkdə
təbabətdə, fiziologiyada yeni tətbiq sahələrini
görəcəyik.
Uğur Abdullayev sinergetikanın köməyi ilə
qeyri-xətti sistemlərdə özünütənzimləmə
mexanizmlərini tədqiq edir və böyük uğurlar
qazanır. Təsadüfi
deyil ki, Beynəlxalq Riyaziyyatçılar Birliyinin prezidenti,
Oksford Universitetinin professoru Son Boll həmyerlimiz Uğur
Abdullayevi xüsusi törəməli differensial tənliklər
sahəsi üzrə dünyanın əsas eksperti adlandırıb.
Oçerkdən öyrənirik ki, Uğurun
qardaşı Yalçın Abdullayev də Amerikanın Oreqon
Ştatında beyin fiziologiyası üzrə tədqiqatlarla məşğuldur. Qeyd edim ki, elm sahəsində
öz sözlərini demiş ABŞ-da yaşayan bu alim
qardaşlar Azərbaycanın müstəqilliyi uğrunda hələ
lap gənc
yaşlarından mübarizəyə qoşulan,
istiqlaliyyət uğrunda həbsxanaya düşmüş vətənpərvər
şairimiz, Bakı Dövlət Universitetinin professoru olmuş
Gülhüseyn Hüseynoğlunun övladlarıdır. Yeri gəlmişkən,
internetdə oxuduğum bir xəbər məni çox sevindirdi.
Uğur Abdullayevin 15 yaşlı oğlu Məhəmməd
Uğur ABŞ-da məktəblilər arasında keçirilən
elm və mühəndislik müsabiqəsinin 30 qalibindən
biridir. Məhəmmədin biotibb mühəndisliyi,
deterministik və statistik analiz nominasiyası üzrə
müsabiqəyə təqdim olunmuş işi riyaziyyatın
tibdə tətbiqi ilə bağlıdır.
Məlumdur ki, XXI əsrdə təbii enerji mənbələrinin xeyli azalması gözlənilir. Odur ki, bəşəriyyət alternativ enerji mənbələrindən istifadə etmək qayğısına qalmalıdır. Bu istiqamətdə dünya alimləri geniş tədqiqat aparırlar. Günəş, külək, termal sular, termonüvə enerjisi üzərində tədqiqatlar diqqət mərkəzindədir. Qeyd edim ki, Azərbaycanda günəş enerjisindən hələ keçən əsrin 50-ci illərində istifadə edən qurğular yaradılmışdı. Bu aktual mövzu da M.Axundovanın hazırladığı bir sıra məqalələrdə ətraflı, çox sadə və oxunaqlı dildə şərh olunmuşdur. Onun akademik Arif Həşimovla hazırladığı "Azərbaycan elminin bu günü və sabahı", "Bərpa olunan enerji mənbələri" adlı müsahibələrində bu mövzu ətraflı işıqlandırılmışdır. Müsahibələrdən öyrənirik ki, əsrimizin 50-ci illərindən dünya energetikası əsasən nüvə reaktorlarının istehsal etdiyi enerji üzərində qurulacaq.
Kosmik təbiətşünaslıq cavan elm sahələrindəndir. Bu elm sahəsi torpaqların, təbii sərvətlərin, Yerin bitki və heyvanat aləmini kosmosdan qlobal şəraitdə, kosmik sürətlə tədqiq edir. Belə bir aktual problem haqqında da M.Axundova oxucuları maarifləndirməyi özünün jurnalistlik borcu bilmişdir. Onun Azərbaycan SSR Kosmonavtika Federasiyasının sədri, texnika elmləri doktoru Tofiq İsmayılovla "Kosmik tədqiqatlar və xalq təsərrüfatı" adlı geniş müsahibəsi bizi bu problemlərlə ətraflı tanış edir.
"Xatirələrdə yaşayan insan" oçerki də çox faciəli şəkildə həlak olmuş, kosmik tədqiqatlar sahəsindəki fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına, Əməkdar elm xadimi adına layiq görülmüş, Sialkovski, Korolyov, Qaqarin adına medallarla təltif olunmuş Tofiq İsmayılovun həm elmi fəaliyyətinə, həm də əziz xatirəsinə həsr olunmuşdur.
Mühacir Azərbaycan ədəbiyyatının bənzərsiz nümayəndəsi, bu günədək milliyyəti mübahisə doğuran Məhəmməd Əsəd bəy, Qurban Səid, hətta Nissimbaum kimi tanıdılmasına cəhd edilən Məhəmməd Əsəd bəy haqqındakı yazıda Mehparə xanım müxtəlif mənbələrə üz tutmuş, araşdırmalar aparmışdı. Respublikamızda Məhəmməd Əsəd bəyin irsini öyrənən mütəxəssislərdən filologiya elmləri doktoru Zeydulla Ağayevlə, professor Həsən Quliyevlə söhbətlər edərək "Mühacir ədəbiyyatının görkəmli nümayəndəsi" yazısında respublikamızda geniş dairələrdə o qədər də tanınmayan, 25 ildə 24 dəfə "Əli və Nino" əsəri ABŞ-da nəşr olunan Məhəmməd Əsəd bəyi bizlərə tanıdır. Yazıdan öyrənirik ki, cəmi 37 il yaşamış Məhəmməd Əsəd bəy 20-yə yaxın əsərin müəllifidir. Bu günədək həmin əsərlərin 6-sı Azərbaycan, 9-u isə rus dilində Qafqazın Strateji Tədqiqatlar İnstitutu tərəfindən nəşr edilmişdir.
"Azərbaycan alimi dünya arenasında" yazısında biz alimlər ailəsi kimi tanınan Babayevlərin Amerikada yaşayan bir üzvü Cahangir Babayevin elm yollarındakı fəaliyyəti ilə tanış oluruq. "Səsdən böyük sürətlə uçan üçbucaqşəkilli təyyarə qanadının qeyri-xətti nəzəriyyəsi" mövzusundakı namizədlik dissertasiyasını SSRİ EA-nın Mexanika Problemləri İnstitutunda keçən əsrin 50-ci illərində uğurla müdafiə edən Cahangir Babayevin tədqiqatları elə o zamanlardan dünya alimlərinin diqqətini cəlb edib, onun yeni nəzəriyyəsi elm aləmində çox böyük əks-səda doğurub.
30 il Azərbaycan EA-nın Kibernetika İnstitutunda işləyən texnika elmləri doktoru Cahangir Babayev 10 ildən çox ABŞ-ın Kolorado ştatındakı Boulder Universitetində Elmi-Tədqiqat Mərkəzində çalışmışdır. ORSA mükafatına layiq görülmüş Cahangir müəllim həm də ABŞ-da apardığı elmi tədqiqat işlərinə görə 2 patentin müəllifidir.
Qeyd edim ki,
"Elm və həyat" jurnalında çap olunmuş
oçerklər əsasən redaksiyanın
tapşırığı ilə hazırlanan
materiallardır. Lakin kitabda jurnalistin öz qəlbinin diktəsi ilə
yazılan materiallar da vardır. Qəlbin diktəsi ilə
yazılmış oçerklərdən biri də
tanınmış oftalmoloq, akademik, Əməkdar elm xadimi,
tibb elmləri doktoru Zərifə Əliyeva haqqındadır.
İctimai Radionun Maarifçilik departamentindən
Zərifə xanım haqqında material sifariş ediləndə,
Mehparə xanıma bu ziyalı insan haqqında yazmaq çətin
olmadı. Ötən əsrin 70-ci illərində
anası Hürü xanım gözləri ilə əlaqədar
xəstəxanada müalicə olunurdu. O vaxtlar Zərifə
xanımı bir həkim kimi görmək, tanımaq ona
müyəssər olmuşdu. Odur ki, Zərifə
xanım xatirində xəstələrlə qeyri-adi səmimi
rəftar edən, yalnız dərmanla deyil, həm də
qayğı, nəvaziş göstərməklə, cavanla
cavan, yaşlı ilə yaşlı kimi davranan, müalicə
edən bir həkim kimi qalmışdı. Müəllifin
"Böyük alim, xeyirxah insan" yazısında oxuyuruq:
"Onunla söhbət
edən hər kəs saflaşır və daxilən
zənginləşirdi. Bu mənəvi zənginlik ona
dünyaya göz açdığı müqəddəs
Əziz Əliyevin ailə ocağından gəlirdi"/
"Həqiqi həkim olmaq odur ki, o xəstənin əzabını öz şəxsi əzabı kimi qəbul etsin. Sağalmış insanın gülərüzü, şadlığı həkim üçün ən böyük mükafat, şərəfdir". Bu sözlər isə akademik Zərifə Əliyevaya məxsusdur.
5 səhifəlik oçerkdə Mehparə xanım Zərifə xanımın çoxsahəli elmi və həkimlik fəaliyyətini hərtərəfli işıqlandırmışdı. Zərifə xanımla işləmiş həmkarlarının onun haqqında xatirələrini oxuyan hər kəs "İridodiaqnostika" və "İridodiaqnostikanın əsasları" əsərlərinin müəllifi Zərifə Əliyevanın oftalmologiya sahəsində qazandığı uğurlar haqqında ətraflı məlumat alır. Zərifə xanım elm aləminə gətirdiyi ən böyük yeniliklərə - peşə oftalmologiyasının tədqiqinə və alınmış nəticələrə görə SSRİ EA-nın Averbax adına mükafatına layiq görülmüşdür.
Oçerkin ən mənalı sətirləri isə Ulu Öndərimiz Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım haqqında dediyi sözlərdir:
"Ömür yoldaşım kimi, həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir... Zərifə xanımın məzarı qarşısında baş əyirəm, mən onu bir dəqiqə də unutmuram və unutmayacağam".
Nakam taleli alimlər Mehparə xanımın jurnalist fəaliyyətində xüsusi yer tutur. O, 100-ə yaxın azərbaycanlı alimin həyatına yaxından nəzər salarkən onların həyat və yaradıcılığını öyrənərkən həm qürur hissi keçirmiş, həm də bəzilərinin faciəli həyatını sanki özü də yaşamalı olmuşdur. Azərbaycanda dilçiliyin əsasını qoyan alimlərdən biri - Bəkir Çobanzadə haqqında "Tanrıdan yaxşı ölüm istəyən alim" oçerkində geniş məlumat verilmişdir.
"Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" adlı monoqrafiyasında Şeyx Şamil hərəkatı haqqında obyektiv fikir söylədiyinə görə M.C.Bağırov tərəfindən kəskin tənqid edilərək, özünü intihar etmək dərəcəsinə çatdırılan Heydər Hüseynovun keşməkeşli həyatı "Fəlsəfə tarixinin görkəmli araşdırıcısı" adlı oçerkdə öz əksini tapmışdır.
"Yarımçıq qalmış ömür" görkəmli ədəbiyyatşünas, maarif xadimi, üç cildlik "Azərbaycan türklərinin ədəbiyyatı" əsərinin müəllifi Firidun bəy Köçərlinin faciəli taleyi bizi XX əsrin əvvəllərində bolşeviklərin Azərbaycan ziyalılarının başına gətirdiyi müsibətlərdən xəbərdar edir.
"Ömrü yarıda qalan memar" sərlövhəli oçerk çoxlarının tanımadığı, lakin bir çox məşhur tikililərin, o cümlədən "Təzə Pir" məscidinin memarı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olmuş, ilk dəfə şəhərimizin baş planını işləyib hazırlamış Zivər bəy Əhmədbəyovun memarlıq fəaliyyətindən, faciəli ölümündən bəhs edir.
"Yeniliyə can atan ədəbiyyatşünas" oçerkində isə hələ sağlığında yaradıcılığı birmənalı qarşılanmayan, daim tənqidlərə məruz qalan filologiya elmləri doktoru, professor, tənqidçi, tərcüməçi kimi tanınmış Mikayıl Rəfilinin həyat və elmi fəaliyyətindən söhbət açılır.
"Azərbaycanın Ziyası" adlı məqalə Azərbaycanın və Yaxın Şərq tarixinin orta əsrlər dövrünün ən görkəmli tədqiqatçılarından biri olan akademik Ziya Bünyadova həsr olunmuşdu. İkinci Dünya müharibəsində faşist gülləsinə tuş gəlməyən, Sovet İttifaqı Qəhrəmanı, Vətən, Qarabağ dərdini ürəyində daşıyan el ağsaqqalı, deputat, akademik Ziya Bünyadovun məhz vətəni Azərbaycanda faciəli ölümü Mehparə xanımı da sarsıtmışdı. Ziya müəllimlə bir neçə dəfə yaxından təmasda olan jurnalist ona olan ehtiramını qələmi ilə bildirməyə çalışmışdır. 6 səhifəlik oçerkdən oxucu Ziya Bünyadovun mərd obrazı ilə yanaşı, tarix elmindəki sanballı yaradıcılığı ilə tanış olur.
Üzümüzə gələn il Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın 140 ili tamam olur. M.Axundovanın elmi mövzuda yazan bir çox həmkarlarımızla bərabər, bu mətbuat bayramında özünün "Elm xəzinəsini zənginləşdirənlər" məqalələr toplusu ilə sevinməyə haqqı vardır. Mehparə xanım bütün mənalı həyatını elm adamlarının həyat və fəaliyyətini araşdırmağa həsr edən, onları biz oxuculara tanıtdıran hərtərəfli biliyə malik bir jurnalist - ziyalıdır.
Mən deyərdim ki, M.Axundovanın görkəmli Azərbaycan alimlərinə həsr etdiyi oçerklərin hər biri elmi jurnalistikamızın ən gözəl nümunələrindəndir.
Hüseyno va Ülkər
525-ci qəzet.-
2014.- 31 oktyabr.- S.2;8.