Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Naxçıvanın yeri və
rolu
(əvvəli
ötən sayımızda)
Naxçıvan
Azərbaycanın qədim tarixə malik regionlarından
biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət
nümunələri
Naxçıvanın təkcə Azərbaycanın
deyil, ümumən dünyanın
ən qədim insan məskənlərindən biri
olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli
lider Heydər Əliyev Naxçıvanı Azərbaycan
xalqının tarixini əks etdirən abidələri
özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib.
Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl
Naxçıvan ərazisində ulu əcdadlarımızın
yaşayıb-yaratdığını təsdiqləyir.
Naxçıvan tarixi-mədəni
abidələri ilə yanaşı həm də tarixi şəxsiyyətləri
ilə məşhurdur. Bu da onu göstərir ki,
Naxçıvan həm maddi-mədəni, həm də mənəvi
baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə
yazılarımızda sözügedən regionun məşhur
maddi-mədəni abidələri və tarixi şəxsiyyətləri
haqqında ayrılıqda bəhs edəcəyik.
Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq,
burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu
abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə
yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i
memarlıq, 31-i monumental sənət, 36-sı tarixi, 7-si təbiət
abidələri, 140-ı ziyarətgahlardır.
Köhnəqala Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidədir. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunub. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (e.ə.3-2-ci minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Qalanın III Sasani hökmdarı Yəzdəgirdin (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıdıblar. Həmin qalanı sonralar Naxçıvanda olmuş Şarden və Frehanq da xatırladırlar. Qala XVIII əsrədək fəaliyyətdə olub. 1827-ci il planında bu qala sxematik qeyd olunub. Plana əsasən qala iki hissədən - kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalıb. Böyükqalanın düzbucaqlı formada (185x400 m) olan ərazisi 7400 m2-dir. Narınqalaya nisbətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu qalanın salamat qalmış, döyməgil və çınqıl qatışığından hörülmüş divarları, kvadrat formalı (19x19x5 sm) çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərə aid olduğunu sübut edir. Böyükqala yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziqzaq şəklində inşa edilib. Ziqzaqların çöl tərəfə çıxan kəsişmələri diametri 5,7 metrdən 9 metrədək dəyişən konusvari bürclərlə tamamlanıb. Böyükqalanın salamat qalmış divarlarının eni 1, hündürlüyü isə bəzi yerlərdə 5 metrə çatır. Aurısa onu da qeyd edək ki, qalanın qərb küncündə Nuhun türbəsi və digər tikintilərin qalıqları qalmaqdadır. Qalanın kvadrat formada (150x150 m)olan Narınqala hissəsində hazırda binaların izləri qalmaqdadır. Narınqalanın çaydaşı əlavə etməklə döyməgildən hörülmüş divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 metrdən 4 metrə çatır. Narınqala diametri, əsasən, 10 m olan dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olub. Narınqalanı əhatə edən divarlar qalanın qərb hissəsində salamat qalıb. Şimal-şərq səmtindəki əksər hallarda yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr qismən salamat halda zamanımızadək gəlib çatıb. Narınqalanın cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılıb. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir. Qalanın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun - "tələ"nin təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının və bürclərinin hissələri diqqəti cəlb edir.
Naxçıvanın qədim abidələrindən-Miranşah piri Babək rayonunun Qaraqala kəndindən şərqdə, hündür təpənin ətəyində yerləşir. Pir vaxtilə qayanın təbii oyuğunda yerləşir və daş inancı ilə bağlı olub. Pirin içərisi düzgün olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbir var. Baş daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə tikilib. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünüb.Pirin silindrik formalı iki minarəsi və günbəzi aypara təsvirləri ilə tamamlanıb. Pirin fasadında iki qapısı və üç pəncərəsi var. Onlar yarımdairəvi tağlarla tamamlanıb. Azərbaycan xalqının qədim inancları və mifoloji görüşləri Miranşah pirini eradan əvvəl III-II minilliklərə aid etməyə imkan verir.
Ağoğlan türbəsi isə Sədərək rayonunun Sədərək kəndinin şimalında ziyarətgahdır. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilib. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə var. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin edib. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağşəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqəddəs və şəfaverici hesab edilir.
XII əsrdə Naxçıvan memarlığı öz inkişafının intibah dövrünü yaşayıb desək, yanılmarıq. Elə buna görə də bu dövr nəinki Naxçıvan, ümumən Azərbaycan memarlığında "qızıl dövr" adlandırılır. Həmin dövrdə Naxçıvan ərazisində xeyli monumental, xatirə kompleksləri, türbələr, abidələr inşa edilib.
XII əsrə aid belə maraq doğuran abidələrdən biri də Naxçıvan buzxanasıdır. Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşən bu memarlıq abidəsi ümumən Azərbaycanda ən böyük buzxanalardan biridir. Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin dağılmasına baxmayaraq, kərpic hörüklərindən görünür ki, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və çox güman ki, balaca tağbəndlərlə tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu yerləşdirilib. Azərbaycan ərazisində buna oxşar buzxana Ordubad şəhərində var. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII-XIV əsrlər) tikildiyini göstərir.
XII əsrə aid edilən abidələrdən biri də Gilan türbəsidir. Sözügedən türbə Ordubad rayonunda orta əsrlərə aid memarlıq abidəsidir. 1979-cu ildə Xaraba Gilan şəhəri yerində aşkar edilib. Türbənin üst qülləsi dağılıb, sərdabəsi isə yaxşı qalıb. Gilan türbəsinin sərdabəsi Azərbaycan və qonşu ölkələrin orta əsr memarlığında geniş yayılmış səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz dərin taxçasına və örtük konstruksiyasına görə fərqlənir. Sütun da planda səkkizbucaqlıdır. Buna bənzər mərkəzi dayaq sütunu Azərbaycan ərazisində indiyədək yalnız iki abidədən-Marağadakı Qırmızı günbəz (1148) və Naxçıvandakı Möminə xatın (1186) türbələrinin sərdabələrindən bəllidir. Gilan türbəsinin tikilmə tarixini bildirən kitabə qalmasa da, abidənin XII əsrin son rübündə inşa edildiyi ehtimal olunur.
(ardı var)
S. ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 4 sentyabr.-
S.4.