Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu

 

 

(əvvəli ötən sayımızda)

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri  Naxçıvanın təkcə Azərbaycanın deyil, ümumən dünyanın  ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Naxçıvanı Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib. Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımızın yaşayıb-yaratdığını təsdiqləyir. Naxçıvan  tarixi-mədəni abidələri ilə yanaşı həm də tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da onu göstərir ki, Naxçıvan həm maddi-mədəni, həm də mənəvi baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə yazılarımızda sözügedən regionun məşhur maddi-mədəni abidələri və tarixi şəxsiyyətləri haqqında ayrılıqda bəhs edəcəyik. Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq, burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i memarlıq, 31-i monumental sənət, 36-sı tarixi, 7-si təbiət abidələri, 140-ı ziyarətgahlardır.

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən hesab olunan Möminə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində inşa edilib. Memarı Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar verib, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırıb. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalıb. Abidənin baş tağında kufi xətti ilə bu sözlər həkk olunub. "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".

Ümumi hündürlüyü 34 metr olub, sonralar 8 m hündürlüyündə xarici örtüyü dağılıb. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi planda 10 bucaqlıdır. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunub. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılıb.

Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir tağ salınıb.Türbə sərdabəsindəki bu quruluş sonralar Qərbdə, qotika memarlığında tətbiq edilib.Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli (bütün tərəfləri kufi xətli kitabələrlə haşiyələnib), daxildən isə dairəvidir. Türbə günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Bişmiş kərpicdən tikilmiş Möminə Xatun Türbəsinin bucaqları çıxıntı şəklində, səthləri isə batıq formada həll edilib. Türbənin bucaqlarındakı çıxıntılar kufi xətti ilə işlənmiş kitabələrlə örtülüb. Bu kitabələrin uzunluğu 500 metrə çatır. Türbə əvvəlki dövrlərə nisbətən mürəkkəb quruluşlu həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi kaşılarla daha da zənginləşdirilib. Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünüb, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilib, yuxarı hissəsində isə ornamental bəzəklər verilib. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baş tağdan yuxarıda həkk edilib. Türbənin sadə quruluşlu daxili səthi gəc ilə suvanıb, günbəzin iç tərəfinə 4 medalyondan ibarət bəzək vurulub. Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Məşhur incəsənət tarixçisi, M.V. Alpatov türbə haqqında fikirlərini belə ifadə edib: "XII əsr Azərbaycan ustalarının Naxçıvanda yaratdığı Möminə xatın türbəsi nadir gözəllik və zəriflik abidəsidir. Möminə xatın türbəsi Şərqin ən gözəl klassik əsərləri-Firdovsinin "Şahnamə"si və Nizaminin "Leyli və Məcnun"u kimi əbədidir". Alpatovun fikrincə, o dövrün Orta Avropa memarlığında da belə gözəl abidəyə rast gəlmək olmur. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.

Naxçıvanın qədim memarlıq abidələrindən biri də Yusif Küseyir oğlu türbəsidir. Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşən bu abidə xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi də adlanır. 8 əsrdən çox yaşı olan türbə 20-ci əsrin ortalarında bərpa edilib. Bərpa işləri nəticəsində türbənin dağılmış hissələri düzəldilib, mühəndis qurğuları möhkəmləndirilib. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəkildədir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabə bildirir ki, "Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur". Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə "Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir" şəklində türbənin memarının adı qeyd olunub. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada kitabə yerləşdirilib. Qurşaqda kufi xətlə "Qurani-Kərim"dən  ayələr yazılıb. Türbənin yeraltı hissəsi sərdabə, yerüstü hissəsi isə xatirə qülləsindən ibarətdir. Səkkizüzlü türbənin çıxıntılı dayaqlar şəklində olan tilləri sadə hörgülü kərpicdən yaradılıb. Binanın qəfəsini təşkil edən bu qurğuların arasındakı sahələr (türbənin səthləri) həndəsi ornamentli tavalarla üzlənib, ayrı-ayrı səthlər müstəqil motivli naxışlarla işlənib. Ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, gəc məhlulu ilə tava şəklində birləşdirilərək səthlərə bərkidilib. Türbənin qərbə baxan səthi digər səthlərdən fərqli olaraq, giriş baştağı şəklində tərtib edilib. Ornament bəzəkləri tikilinin memarlıq formaları ilə həmahəngdir. Sərdabə ilə yerüstü hissə arasındakı günbəz də çatma tağlıdır. Sərdabə günbəzinin ortasında binanı nəmişlikdən qorumaq üçün silindrik formada xüsusi hava-təmizləyici boşluq qoyulub. Sərdabəyə qərb tərəfdəki pilləkənlərlə enilir. Əsas fasaddakı giriş portalı çatma tağlı taxça, qapısı isə düzxətli tağ formasındadır. Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla-keyfiyyətli bişmiş kərpiclə işlənib. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli, qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol işıq-kölgə çalarları ilə bu koloriti zənginləşdirir. Kompozisiyasına, tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii-memarlıq nümunəsi hesab edilir.

XIII əsrdə tikildiyi güman olunan Culfa (Gülüstan) karvansarası da maraq doğuran abidələrdəndir. Memarlıq abidəsi olan Culfa karvansarası Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilindədir. Culfa (Gülüstan) karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilib, 1978-ci ildə binanın planı tam üzə çıxarılıb. Bakı-Culfa dəmiryolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılıb. Tədqiqatlar nəticəsində Culfa karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilib. Ümumi uzunluğu 37 m olan Culfa karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalıb. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çaydaşıdan tikilib və gəc məhlulu ilə suvanıb. Binanın şimal tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Culfa karvansarasının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları var. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir.

(ardı var)

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 5 sentyabr.- S.4.