Mir Möhsün Nəvvabın tariximizin qanlı səhifəsinə aid kitabının yeni nəşri

 

 

Erməni-müsəlman davasının tarixi daha erkən başlasa da, bu mövzuya Azərbaycanda həsr olunmuş ilk tarixi əsərlər XX yüzilliyin əvvəllərində qələmə alınmışdır. Belə əsərlərdən biri şair, musiqişünas, gözəl rəssam, xəttat, alim, naşir kimi tanınan və yazmış olduğu əsərlərilə Azərbaycan mədəniyyətinə zəngin mənəvi irs qoyub getmiş Mir Möhsün Mir Əhməd oğlu Ağamirzadə Nəvvaba (1833-1919) məxsusdur. Onun 1905-1906-cı illərdə ermənilərlə azərbaycanlılar arasında baş vermiş qanlı toqquşmalardan bəhs edən “Təvarixi-rəzm və surişi-tayifeyi-ərməniyeyi-Qafqaz ba firqeyi-müsəlmanan” (“Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri”) əsəri həmin dövrdə baş vermiş hadisələrlə daha yaxından tanış olmaq və öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. M.M.Nəvvabın yazdığı bu əsər uzun illər əlyazma şəklində qalıb, yalnız müstəqillik əldə ediləndən sonra tədqiqatçı alimlər – filologiya üzrə elmlər doktoru Kamandar Şərifov və Arif Ramazanovun tərtibatında ilk dəfə 1993-cü ildə kiril əlifbasında nəşr olunmuşdur (Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, “Şuşa” nəşriyyatı, 1993). Ötən vaxt ərzində əsərin latın qrafikasında nəşrinə ehtiyac yarandığından tərtibçilər yenidən onun üzərində işləyərək İsa Nəcəfovun maddi yardımı ilə bu yaxınlarda təkrar çapını reallaşdırıblar (Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, Qanun Nəşriyyatı, 2014, 180 səh.).

Kitab “Mir Möhsün Nəvvab” adlı müqəddimə ilə başlanır. Burada Azərbaycan mədəniyyəti tarixində özünəməxsus yeri olan Mir Möhsün Nəvvabın həyatı və bədii, elmi yaradıcılığı haqqında qısa məlumat verilir. Kitabda filolologiya üzrə elmlər doktoru K.Şərifovun “Qanlı-qadalı illərin dəyərli abidəsi” və AMEA-nın müxbir üzvü, professor M.Nağısoylunun “Tarixin qan yaddaşını özündə yaşadan kitab” adlı ayrı-ayrılıqda yazılmış ön sözləri də verilib. Əsərin yazılma səbəbini, münaqişənin əhatə dairəsini, həmçinin müəllifin baş verən olaylara münasibətini əks etdirən hər iki alimin yazısında kitabın əhəmiyyəti yüksək qiymətləndirilir. Professor M.Nağısoylu yazır ki, “M.M.Nəvvabın bu kitabını bədii-publisistik bir əsər kimi dəyərləndirmək məqsədəuyğundur”. Qeyd edək ki, bu, M.Nəvvabın tarixi mövzuda yazdığı yeganə əsəridir. Bəlkə də, 1905-1906-cı illərin hadisələri baş verənədək o, tarixi mövzuda əsər yazmağı belə nəzərdə tutmayıb. M.M.Nəvvab əsərin lap əvvəlində bu məsələyə münasibətini belə bildirir: “İzzətli və mehriban qardaşlarım, hüzuruna böyük ehtiramla, Nəvvab Mir Möhsün Hacı Seyid Əhməd Ağamirzadə Qarabaği ərzi-əhval edir ki, bu vaxtlar, yəni hicri 1323-cü ildə (miladi 1905-ci il) Qafqaz vilayətində və bir para xarici ölkələrdə ermənilərlə müsəlmanlar arasında baş vermiş iğtişaşların və qırğınların bir parasını müxtəsər şəkildə yadigar qalmaq üçün Azərbaycan türkcəsində qələmə aldım”.

“1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında müəllif iki xalq arasında olan münaqişəyə aid ayrı-ayrı hadisələri bəzən əhvalat şəklində nəql edir, bəzən də olmuş hadisələrə nəzm hissələrlə münasibətini bildirmişdir. Bu mənada əsər yazılış tərzinə, üslubuna, bədiiliyə yaxın olmasına görə tarixi mövzuda daha əvvəllər yazılmış digər müəlliflərin əsərlərindən fərqlənir. Ona görə də tarixi hadisələri özündə əks etdirən bu əsər professor. M.Nağısoylunun yazdığı kimi, daha çox bədii-publisistik əsəri xatırladır. Baş verən münaqişələri qələmə alan müəllif olmuş hadisələrdən çox zaman hekayət şəklində nəql etdiyindən burada tarixi olay bədii-publisistik ədəbi formanı alıb. Ermənilərin törətdiyi vəhşiliklər o qədər dəhşətli səhnələrlə müşayiət olunub ki, onları xalq heç vaxt unuda bilməyib, uzun müddət nəql olunanlar bir növ rəvayətə çevrilib. Əsərin əvvəlində qələmə alınmış “Bağırqan dağı” adlı əhvalat buna bir nümunədir. Burada belə nəql olunur ki, İbrahimxəlil xanın hökmranlığı zamanında Pənahabadın şərq tərəfində Bağırqan dağı deyilən yerdə bir uca qaya vardı. Həmin dağda öz təbəələri ilə Avan Koxa adlı bir erməni yaşayırdı. Avan Koxa öz təbəələrinə buyurmuşdu ki, harada əllərinə müsəlman düşsə, tutub onun hüzuruna gətirsinlər. Gətirilən müsəlmanın işgəncə verilərək, dərisinin vəhşiliklə soyulması nəticəsində bağırtısı o dağa düşdüyündən bu əhvalatı görənin və eşidənin də bağrı qan olardı. Buna görə də həmin qayaya “Bağırqan dağı” adı verilmişdi, deyə nəql olunur. Gördüyümüz kimi, baş vermiş bir qanlı olay müəllifin təhkiyəsində bədiiləşdirilmiş şəkildə nəql olunub.

Kitabda bəhs olunan hadisələr müəllif tərəfindən tarixi xronologiyaya və yerinə görə ümumiləşdirilmiş, sistemli şəkildə təsvir olunur. Ona görə də burada bəhs olunan hadisələri üç yerə ayırmaq olar: 1905-1906-cı illərədək baş verənlər, Nəvvabın özünün görüb şahidi olduğu hadisələr və müəllifə başqaları tərəfindən nəql olunanlar.

Kitabdan görünür ki, ermənilər 1905-1906-cı illər vuruşuna qədər yaxşı təşkilatlanıblar. Hələ Osmanlı Türkiyəsi ərazisində onlar qmdatxanalar deyilən təşkilatlar yaratmış, sonra da bu qmdatxanaları Rusiya ərazisində qura bilmişdilər. Təşkilatın qaydalarına görə imkanlı ermənilər bu qmdatxanalara pul ödəməli idilər. Əks təqdirdə vaxtında pul verməyənlər xüsusi göndərilmiş qatillər tərəfindən öldürülürdü.

M.M.Nəvvab kitabında Şuşa hadisələrinə qədər başqa regionlarda – Bakıda, Naxçıvanda, Gəncədə, Təbrizdə, Xorasanda və s. yerlərdə olan vuruşmalardan söz açır. Şuşa hadisələrinə gəlincə isə ya özü görüb şahidi olduğu, ya da kimlərinsə görüb ona nəql etdiklərini qələmə alıb. Hansı hadisələri başqaları danışıbsa, orada qeyd etmişdir. Məsələn, “Qarğabazar əhvalatı” adlanan fəsildə yazır: “Mirzə Hüseyn Cavad oğlu qarğabazarlı mənimlə (Nəvvabla) üzbəüz oturub bu əhvalatı özü nəql etdi”.

Nəql olunan hadisələrin çoxu Şuşada baş verənlərdir. M.M.Nəvvabın evi erməni məhəlləsinə çox yaxın olduğundan özü hadisələrin canlı şahidi olub. Hələ ilk münaqişələr başlayanda çoxları ona evi tərk edib, şəhərin başqa bir yerinə köçməyi məsləhət görürlər. Ona olan bu təkliflə bağlı özü yazır ki, bir gecə istixarə edib gördüm ki, mənə elə bir təhlükə olmayacaqdır. Odur ki, evimdən köçmək fikrimdən daşındım.

Ermənilər Şuşanın yuxarı məhəlləsində olduğundan daha əlverişli mövqelərdə səngərlər qurmuşdular. Azərbaycanlılar da müdafiə olunmaq üçün 6 yerdə səngər yaratmışdılar ki, bunlardan birinə Nəvvabın oğlu Mir İbrahim Ağamirzadə rəhbərlik edirdi. Ermənilər çox vaxt da şəhərin ümumilikdə təhlükəsizliyinə cavabdeh olan rus hərbçilərini ələ alıb müsəlmanlara qarşı birlikdə döyüşürdülər. Bəzən də hökumət dairələrinə yalan məktub yazıb müsəlmanların hücumundan qorunmaq üçün kömək istəyirlər. Ermənilər o qədər bu cür hiylələrə əl atmışdılar ki, axırda qubernator özü onlara inanmadığını bildirir. Döyüşlərdən biri başa çatandan sonra qubernator hər iki tayfanı barışdırmaq üçün yığıncaq keçirir. Görüşdən sonra müsəlmanlar qubernatoru yola salırlar. Bu zaman bir neçə erməni ona yaxınlaşıb müsəlmanlardan şikayət edəndə qubernator qəzəblə onlara baxıb acıqla deyir: “Artıq mənə məlum olubdur ki, siz erməni tayfasının müsəlmanlar haqqında mənə dediklərinizin hamısı yalan və böhtandır. Bu şikayətlər bütünlüklə qərəzçilik və düşmənçilik məqsədi daşıyır”.

Nəvvab əsərdə yeri gəldikcə ermənilərə nəsihət verib, bu döyüşlərlə heç nəyə nail olmayacaqlarını, əksinə hər iki tərəfdən günahsız, dinc insanların həyatını itirdiklərini və onları mənasız vuruşlara son qoymağa çağırır. O yazır: “Əvvəla bu tayfadan (erməni) sual edirəm ki, bu qədər mərdimazarlıq və nahaq qanlar tökməkdə, mülklərin və malların talan və tarac edilməsində və yanıb xarabalığa çevrilməsində səbəb və mətləbiniz nədən ibarətdir?

Əgər məqsədiniz padşahlıq və kral olmaqdırsa, sizin bu təbiətinizlə və insafsızlığınızla, heyhat, ağlasığan şey deyil. Ağıllı və kamallı insanın sizin haqqınızda düşüncəsi belədir ki, belə səfeh hərəkətlərlə sizin tayfaya nəinki padşahlıq, heç koxalıq və kəndxudalıq da yaraşmaz. Bu, dəfələrlə mötəbər dəlillərlə sübut olunmuşdur”. Burada görkəmli yazıçı Cəlil Məmmədquluzadənin məşhur “Usta Zeynal” hekayəsində Usta Zeynalın ev sahibi Muğdusi Akopa üzünü tutaraq: “Xozeyin, niyə sizin padşahınız yoxdur?” – verdiyi sual yada düşür.

Əsərdə ermənilərlə azərbaycanlıların münaqişəsilə əlaqədar dəfələrlə dövrün həm tanınmış ziyalıları, din xadimləri, rəsmi dairələrdən gələn dövlət adamları hər iki xalqın nümayəndələri qarşısında çıxışlar edib, mənasız vuruşa son qoymağa çağırırlar. Ancaq ermənilər hər barışdırıcı çıxışdan sonra çox çəkmir ki, yenidən aranı qarışdırıb qan tökürdülər.

M.M.Nəvvab əsərin bir yerində ermənilərin yolları kəsdiyindən Şuşa əhalisinin böyük çətinliklərlə üzləşdiyi zaman tanınmış əsilzadə Həmidə xanım Cavanşirin mərdliyindən, kişi qeyrətli hərəkətindən söz açır. Şuşaya gedib qayıtmaq mümkün olmadığı üçün Qala əhalisi ərzaq sarıdan möhkəm korluq çəkir. Ona görə də, Həmidə xanım özü ilə 200 atlı götürərək Ağdama gəlir. Cəfər bəy əhalini meydana toplayıb, Həmidə xanımın buraya gəlmə məramını əhaliyə çatdırır. Həmin yığıncaqda Həmidə xanım çıxış edərək deyir ki, biz burada rahat yeyib-içib yaşadığımız halda, Qalada qan qardaşlarımız əziyyət çəkirlər. Mənə yaraşmaz ki, siz olan yerdə mən xalqımızın bu əziyyətdən qurtulması üçün mübarizə aparam. Ona görə cənablarınızdan xahiş edirəm ki, siz də qüvvə toplayıb mənim gətirdiyim atlılarla birlikdə zir-zibili müsəlman qardaşlarımızın yolundan təmizləyəsiniz ki, onlar rahat yaşaya bilsinlər.

M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsəri ermənilərin xalqımıza qarşı apardığı haqsız, qanlı-qadalı münaqişəsini tutarlı faktlarla əks etdirmək, ən çox da burada müəllifin özünün görüb, canlı şahidi olduğu hadisələri qələmə alması baxımından olduqca qiymətlidir. Adətən, tarixdə baş vermiş hansısa münaqişənin səbəbləri araşdırılarkən konkret dəlil, sübutlar axtarılır. Nəvvabın bu kitabında bəhs olunan hadisələr isə özünün görüb şahidi olduğu və müasirlərinin gördüklərinin yazılı ifadəsi olmaqla hamısı tarixi həqiqətlərdir. Odur ki, belə bir kitabı nəşrə  hazırlayanların, xeyriyyəçilik edib maliyyə dəstəyi göstərənin əməyini yüksək dəyərləndirir və əsərin gələcəkdə ayrı-ayrı dillərə tərcüməsinin yerinə yetirilməsini, yayılmasını da olduqca vacib bir iş hesab edirik.

 

Əli MƏMMƏDBAĞIROĞLU

filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2014.- 6 sentyabr.- S.30.