“Ədəbi yaradıcılığa
heç vaxt məşğuliyyət kimi
yanaşmamışam”
- Ata babam
Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri olmuş
Sarı Ələkbərin nəslindəndir. Bizim
nəslə el arasında “Sarıməmmədlilər” deyirlər.
Ata nənəm isə xalq arasında “Gəncəli
müdrik” kimi tanınan, məşhur Azərbaycan şairi
Mirzə Şəfi Vazehin böyük qardaşı
Əbdüləlinin nəslindəndir.
Uşaqlıq dövrüm elə də fərəhli
keçməyib. Gözümü açanda qıtlıq,
müharibə görmüşəm. Gəncənin
indi Şəhidlər Xiyabanı adlanan təzə qəbiristanlığına
gedən yol bizim evin yanından keçir. Beş
yaşımdan düz doqquz yaşımadək hər gün
şahidi olduğum Qarabağda şəhid olmuş
döyüşçülərimiz və vətəndaşlarımızın
əksəriyyətinin orada dəfni, vay-şivən qoparan,
ağı deyən qadınların yanıqlı, adamın
dünyasını alt-üst edən səsləri hələ
də qulaqlarımdan getmir, yadımdan çıxmır.
O vaxtlar həmyaşıdlarıma və mənə belə gəlirdi
ki, dünyanın hər yerində müharibə gedir. Hər axşam televizorun başına
yığışıb cəbhə xəbərlərini
gözləyirdik. Bir dəfə diktor
qadın Ağdərənin işğalı xəbərini
çatdıranda ana babam iki əlini başına
çırpıb hönkür-hönkür ağladı.
Hamımız ona qoşulub göz yaşı tökdük...
Ədəbi yaradıcılığa məşğuliyyət
kimi yanaşmıram, heç vaxt yanaşmamışam da. Mən onun rəngini
də bilmirəm. Bircə bunu
xatırlayıram ki, o mənə 9 yaşımda necəsə,
sirli formada görünüb. İlk
şeirimi də elə o yaşımda yazmışam. Amma ədəbi mühitə daxil olmağım
2003-cü ildən başlayır. Ədəbiyyata məndə
maraq, sevgi yaratdığına görə şair Adil Cəmilə,
eləcə də “Yanan sükut” şeirlər toplumu əziz
ruhuna ithaf etdiyim mərhum professor Xeyrulla Qulamoğlu-Məmmədova
çox borcluyam.
Fikrimcə, ədəbiyyat maraq deyil. Ədəbiyyat
həyatdakılara həyatın özünü ruhani
ölçüdə göstərməkdir. Necə gəldi yox, necə görünürsə,
mahiyyətcə nədirsə, eləcə. “Daha çox hansı mövzuda
yazırsınız?” sorusu həmişə mənim
üçün çətin sual olub. Mövzunu
şair deyil, həyatın özü müəyyənləşdirir,
mövzu özü səni axtarıb-tapır. Nizami Gəncəvi
bu xüsusda gözəl söyləyib:
Yaz ilham
deyəni, ürək deyəni,
Yol özü dolaşıb tapacaq səni.
Qəlbini,
beynini nahaq yorma sən...
Yazıçılar Birliyinin etimadını
doğrultmağa çalışıram.
İstər Yazıçılar Birliyinin, istərsə
də həmin birliyin üzvü olduğum Gənclər
Şurasının mənə göstərdiyi etimadı
yüksək dəyərləndirirəm. Elələri var ki, ona
çox yüksək vəzifə, və ya ad verirlər,
verilən vəzifə, yaxud da ad həmin adamla rəzilləşir;
adam da var, onunla ən aşağı vəzifə
də, ad da əzəmətli görünür. Yəni, mühit insanı yaratmır, insan mühiti
yaradır. Azərbaycan
Yazıçılar Birliyinin ətrafında çox yüksək
mənəvi xarakterə malik insanlar toplaşıblar. Onlar cəmiyyətdə söz sahibləridirlər.
Bizim çox sağlam mühitimiz var. Anar müəllimin
yekdilliklə seçildiyi son izdihamlı qurultay Azərbaycan
Yazıçılar Birliyinin cəmiyyətimizdə yüksək
nüfuzunu, onun təqdirəlayiq sarsılmaz rolunu bir daha
parlaqlığı ilə sübut etdi.
Yazıçılar Birliyinin yaradıcı gənclərə
qayğısı göz qabağındadır.
Bu işdə, başda sədr Anar müəllim olmaqla,
hörmətli katibimiz Rəşad Məcidin xidmətləri
çox böyükdür. Hər bir istedadlı
gəncə Rəşad müəllimin həssas, səmimi,
qayğıkeş münasibəti var. Azərbaycan
Yazıçılar Birliyində hər zaman gənclərə
qayğı olub. Lakin son dövrlər gənclərə
olan qayğı tamamilə fərqlənir. Hər il belə istedadlı gənclərə
prezident təqaüdü verilir, onlar qabağa çəkilir,
eləcə də onların təbliği işinə
xüsusi diqqət ayrılır. Bunlar
danılmaz faktlardır.
Mən yaradıcı bir fərd kimi özümü
tanımağımda Bakıya borcluyam. Birinci kurs tələbəsiydim,
həm də təzə yazan vaxtlarımdı. Bir-iki şeirimi götürüb “Ədəbiyyat” qəzetinin
redaksiyasına getdim. Orada mənə
hörmətli şairimiz, xətrini həmişə əziz
tutduğum şair Adil Cəmilin otağını göstərdilər.
O, şeirlərimi dinləyəndən sonra mənə yol
göstərmək məqsədilə bir xeyli
danışdı, eləcə də hansı kitabları
oxumalı olduğumu dönə-dönə
tapşırdı. Bir də mən həmin
redaksiyaya təxminən dörd ildən sonra, 2007-ci ilin
yanvarında getdim. Yenə Adil müəllimə
şeirlərimi təqdim etdim. Diqqətlə
oxudu, bəyəndi və haqqımda “Sözlə davranmaq asan
deyil” məqaləsini yazaraq qəzetin fevral nömrəsində
şeirimlə birlikdə dərc etdirdi. Elm
və incəsənətin hazırkı inkişaf səviyyəsinə
gəlincə, paytaxt ilə əyaləti tərəzinin bir
gözünə qoymaq ədalətsizlik olardı. Ona görə ki, ölkənin istənilən sahəsində
söz sahibləri paytaxta toplaşıb. Bakı
çox inkişaf edib. Hətta Bakıdan
Azərbaycanın digər şəhər və rayonlarına
gedəndə adama elə gəlir ki, başqa ölkənin ərazisindəsən.
Fərq bu qədər böyükdür.
Gəncədə bizim istədiyimiz səviyyədə
qaynar ədəbi mühit yoxdur.
Bunun əvəzində ayrı-ayrı ədəbi fərdlər
vardır; yəni, hansısa ədəbi-estetik ideyanın ətrafında
birləşmiş, onun realizəsinə var-gücü ilə
çalışanlar ümumiyyətlə gözə dəymir. Mühit
böyük, dəqiq desək, kompleks anlayışdır.
Onun yaranması, təkamülü
üçün bütün zəruri şərtlər
olmalıdır. Məni ciddi narahat edən,
bilirsiniz, nədir? Necə ola bilər ki,
dünyaşöhrətli Məhsəti Gəncəvini, Nizami
Gəncəvini, Mirzə Şəfi Vazehi, Nigar xanım Rəfibəylini
və başqalarını yetirmiş Gəncə
torpağı yeni əsrdə geniş spektrdə nəzərəçarpan
bir yazar yetirməsin, olan-qalan qüvvələr
dağılsın, əl-ovucda qalmış bir balaca ənənəmiz
də məhv olub getsin. Bu gün Gəncəmizdə Qərib
Mehdi var, Bahadur Fərman var, Sahib İbrahimli var, Aydın Murovdağlı
var, Aləmzər xanım Əlizadə var, adını
çəkmədiyim neçələri var. Bu mühitdəkilərin,
başda Qərib Mehdi olmaqla, demək olar, hamısı ilə
tanışam. Tez-tez olmasa da, amma hərdən
görüşür, söhbətləşirik. Belə məqamlarda əsasən əsərlərimizin
müzakirəsini edirik. Çox istərdim
ki, belə müzakirələrimiz məhdud çərçivədən
yaxasını qurtarıb ictimaiyyətə də çata
bilsin. Sözsüz ki, sağlam ədəbi
mühiti formalaşdırmaq üçün ciddi işlər
görməyə ehtiyac var.
Sırf tanınmaq üçün yazmaq şeytani
modeldir.
Şöhrətə isə ümumiyyətlə,
ehtiyacım yoxdur. Məni Allah şair edib. Bəli,
Allah! Şeirlərim ilə Ona nəğmələr
oxuyuram, öz nəğmələrimi oxumuram, Onun Öz nəğmələrini
oxuyuram. Bunu ancaq yaşayan bilir. Mən kiməm ki. Rumi belə deyirdi:
Sevgi
burdadır damarlarımda və bədənimdə
qan kimi,
O məni
məhv etmişdir və məni yalnız
Onunla doldurmuşdur.
Onun
yanğısı bədənimin bütün hüceyrələrinə
nüfuz
etmişdir,
“məndən” yalnız ad qalmışdır;
qalan nə
varsa, Odur.
Şeir nəfəsbənəfəs Allahı anmaqdır mənim
üçün:
...Səmalarda
rəqslənən nəğmələr,
Nəfəs
ilə nəfəslərdə pərdələr
Aşiqinə pıçıldayır kəlmələr.
Qovuşarkən
öz naxışına ilmələr
Heç olarmı bu sevdadan yorulmaq?!
Vüqarlıyam, məni aciz sanma sən,
Sinəndəki qəlb evini danma sən.
Nahaq eşqə alışma sən, yanma sən.
Nəfəs-nəfəs O Allahı anmasan,
Belə
olmaz şeiriyyətdən pay ummaq!
Yaxud
da:
Qulaq ver qəlbimin
pıçıltısına,
İnan, bütün hisslər tanışdır sənə.
Bilirəm,
tezliklə ayrılacağıq!
Sanma, şairliyim tutubdur yenə.
Artıq
gəncliyim də tərk edib gedir,
Ömür sürməyin nə mənası var?!
Şairlik
– gəncliksə, gənclik – şairlik,
Ey
Göylər, Sən məni özünə qaytar!
Bu hisslər mahiyyətlə ovqatın əzəli və
əbədi ruhi harmoniyasından qaynaqlanır. İndiyədək
cəmi bir şeirlər kitabım işıq üzü
görüb, bir də bu yaxınlarda kulturoloq Aydınxan
Əbilovun köməkliyi ilə tərcümələrimdən
və şeirlərimdən ibarət “Xəzərlən qəlbimdə”
adlı elektron nəşr. Çox istərdim
ki, artıq çevirib bitirdiyim bir əsərin, Rene Genonun
“Müasir dünyanın böhranı” kitabını
çapdan çıxardım.
Müəyyən
yazarlar haqqında fikir söyləməyi özümə borc
bilirəm
deyə,
hərdən tənqidi məqalələr də yazıram. Ədəbi tənqidin sirlərini professor Qorxmaz
Quliyevdən öyrənmişəm. Amma ədəbiyyatşünaslığın
bu zəruri sahəsi heç də hər zaman müsbət
qarşılanmır. Bəzən
hansısa qənaətlərimlə razılaşmayıblar.
Buna görə dostluğa son qoyanlara, hətta
salamımı almayanlara da rast gəlmişəm. Təəssüflər
olsun ki, xudbin, özündən müştəbeh, paxıl,
qaragüruhçu qələm sahiblərimiz az
deyil.
Bundan başqa ardıcıl şəkildə tərcümə
işi ilə məşğul oluram. Tərcümə
işi istedaddan əlavə, həm də çox zəhmət
tələb edən sahədir. Xarici ədəbiyyatlardan
çevirdiyim əsərlər çoxdur; onların əksəriyyəti
mətbuatda müntəzəm dərcə verilir. Amma çevirdiyim əsərləri məzmunca
qruplaşdırsaq, müasir Qərb, əsasən amerikalı
alimlərin sufizmə bugünkü münasibətini
özündə əks etdirən məqalələr
böyük yer tutur. Dilimizə
qazandırdığım, lakin nəşrini gözləyən
kitablar da az deyil.
Fikrimcə,
bu gün hər birimizin yolu səngərdən keçməlidir
Tanınmış şair, həm də qohumum Aləmzər xanım Əlizadə ilə hərbi hissələrə müntəzəm baş çəkirik. Əslində, biz öz vətəndaşlıq borcumuzu yerinə yetiririk. Cəsur əsgərlərimiz bizi necə səmimi qarşılayır, ayrı-ayrı milli qəhrəmanlarımızın həyat yollarından bəhs edən məruzələrə necə diqqətlə qulaq asır, şeirlərimizi necə hərarətlə dinləyirlər! Düşünürəm ki, şairin də, sənətçinin də, qısacası, hər birimizin yeri səngər olmalı, yolumuz hərbi hissələrdən keçməlidir. Onsuz da başqa seçimimiz yoxdur.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 6 sentyabr.- S.28.