Dini abidələrdə tarixin izləri” layihəsi tariximizin yeni səhifələrini üzə çıxaracaq”

 

 

Dini abidələrdə tarixin izləri” – Bilik Fondunun ilk layihələrindən biridir. Layihənin əsas məqsədi ölkəmizdə mövcud olan hələ öz araşdırıcısını gözləyən dini abidələrdə gizlənmiş tarixi məqamları aşkara çıxarmaqdan ibarətdir. Artıq ona yaxın bu tipli dini abidə müəyyən olunub.Dini abidələrdə tarixin izlərilayihəsi ölkə rəhbərliyinin,həm Azərbaycanda, həm dünyada mövcud olan bir sıra maddi-mədəniyyət abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun başlatdığı nəcib işlərin davamıdır.

Layihə çərçivəsində araşdırılacaq ilk dini-tarixi abidə Bərdə İmamzadəsidir. Artıq bu layihənin icrasına başlanıb. Fondun əməkdaşları Bərdə rayonunda olub, abidənin şəkilləri çəkilib, qəbirüstü yazılar oxunub, tərcümə edilib lentə alınıb. Rayon rəhbərliyi, yerli sakinlər, din xadimləri tarixçilər layihənin məhz İmamzadədən başlanmasını böyük sevinclə qarşılayıblar.

Bərdə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Hacı Ramazan Hüseynov deyir ki, Bilik FondununDini abidələrdə tarixin izlərilayihəsinə İmamzadədən başlanması qarabağlılara böyük hədiyyədir. Hacı Ramazan Fondun əməkdaşı ilə söhbətində İmamzadədə dəfn olunmuş tarixi şəxsiyyətlər barədə məlumat verib. Axund layihənin daha geniş hədəflərə çatması üçün Bərdə ictimaiyyətinin dəstək verməyə hazır olduğunu bildirib. 

Hacı, Azərbaycanda ziyarətgahlar çoxdur. Qarabağ zonası da çox məşhur ocaqların, dini abidələrin olduğu yerdir. Bərdədə daha hansı tarixi abidələr var?

Bərdənin altı min illik tarixi var. Bu diyarın ən qədim adı Hərum olub. Firuzəabad, Ümbülaran, Partava Bərdənin tarixi adlarındandır. Təbəri 6-cı əsrdə yazırdı ki, Şərqin Bağdaddan sonra ən qədim, əzəmətli şəhəri Bərdədir.

Burada 31 tarixi abidə var. Bərdə hətta skiflərin hakimiyyəti dövründə mövcud olub. Kültəpə deyilən ərazidə qazıntılar aparılıb, ibtidai-icma quruluşuna aid daşdan düzəldilən kənd təssərrüfatı alətləri tapılıb. Bərdə İpək yolunun üstündə olduğu üçün dünyanın əksər yerlərinə burdan mallar danışıb. Şabalıd, pambıq, ipək, balıq burdan aparılıb. Bura o qədər təmiz, varlı şəhər idi ki, Kürə gedən yol mərmərlə döşənibmiş. Bərdə Alban paytaxtı olub. Tarixi, dini abidələrin çox olmasının səbəbi bu diyarın qədimliyi  ilə bağlıdır. Şəhərdə yeni tikilən musiqi məktəbinin yerindən sovet dövründə vedrələrlə qızıl, gümüş çıxıb. Bərdəninpasportuİmamzadə Nüşabə qalasıdır. Bərdədə iki dəfə qadın hökmdar olub. Nüşabə 34 yaşında taxta çıxıb. Bütün sarayın idarə olunması qadınlara tapşırılıb. Bərdənin abidələrində dərin elmi tarixi araşdırmalar aparılsa, ortaya hamını heyrətə salacaq bir dünya çıxar.

Bərdə İmamzadəsində tariximizin çox məşhur şəxsiyyətləri dəfn olunub. Sizcə, niyə onlar son mənzil kimi məhz bu məkanı seçiblər?

İmamzadədə 677-735-ci illərdə yaşamış 5-ci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayıl dəfn olunub. Onun 3-cü oğlu İbrahim isə 739-cu ildə Gəncədəki Göy İmamzadədə dəfn olunub.

XII əsrdə İbrahim adlı tacir xalqın bu qəbrə ehtiramını görür, burada imam övladının dəfn olunduğunu öyrənib öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Ensiklopediyada ziyarətgahTacir İbrahimadı ilə qeyd olunub.

Əlbəttə, tacirin gördüyü işi yüksək qiymətləndirmək borcumuzdur. Ancaq çox yaxşı olar ki, İmamzadə orda dəfn olunan müqəddəs insanın adı ilə tanınsın. Bərdə İmamzadəsinin bugünümüzə gəlib çıxmasında başqa şəxslərin əməyi var. 1868-ci ildə İmamzadə türbəsinin 4 minarəsi Şuşalı memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub. 1788-ci ildə Şuşada doğulan memar 1864-cü ildə Şuşadakı Gövhərağa məscidini, 1868-ci ildə Ağdam məscidini bərpa edib, 1910-cu ildə isə dünyasını dəyişib. Biz Kərbəlayi Səfixanı da hörmətlə yad edirik. Bu gün Bilik Fondu İmamzadənin tədqiq olunmasını üzərinə götürüb, bununla da müqəddəs ocağa diqqəti artırıb. Bu missiya o qədər mübarəkdir ki, dövr keçəcək, Bilik Fondunun fəaliyyəti unudulmayacaq, daima alqışlanacaq.

Ən nüfuzlu insanlar, mömin şəxslər Bərdə İmamzadəsində dəfn olunmağı özlərinə şərəf  biliblər. Düşünüblər ki, İmamzadəyə yaxın yerdə dəfn olunduqlarına görə Allah  günahlarından keçəcək.

İmamzadədə dəfn olunan hansı tarixi şəxsiyyətlərin adını çəkə bilərsiniz?

İmamzadənin ətrafında Şah Qacar sülaləsindən olan tarixçi, sərkərdə Bəhmən Mirzə Qacar XIV əsrdə tikilmiş, lakin indi uçuqları qalmış Axsadan baba türbələri yerləşir. Bəhmən Mirzə Qacar Bəhaüddövlə 1811-1884-cü ildə Şuşada yaşayıb. Fətəli şahın nəvəsi Naibüs Səltənə Abbas Mirzənin oğludur. O, “Şükürnameyi-ŞahənşahTəskireyi-Məhəmməd şahəsərlərinin müəllifidir. 1834-cü ildə Tehran, 1835-ci ildə Əcəmi İraq, 1836-cı ildə Kaşan, 1841-ci ildə Yəzd, 1842-ci ildən İran Azərbaycanının hakimi olub. O, 1848-ci ildə baş vəzir Hacı Mirzə Ağasının fitnəsi ilə qardaşı Ağa Məhəmməd Şahın yanında hörmətdən salınır. Bundan sonra Tiflisə gəlib, 1851-ci ildən daimi yaşamaq üçün əvvəlcə Bərdəyə, sonra Şuşaya köçüb. 1884-cü ildə Şuşada vəfat edib, vəsiyyətinə uyğun əvvəlcədən tikdirdiyi Bərdə İmamzadə qəbirstanlığındakı türbədə dəfn olunub. İndi Bərdə rayonunda olan Böyük Qəcər və Bala Qəcər kəndləri ehtimala görə, onun törəmələri, mənsub olduğu nəsil, tayfa tərəfindən salınıb, qacarların adını daşıyır. Məzarlıqda Pənahəli xanın bacısı, Cavad xanın həyat yoldaşı Bəyimxanımın qəbri var. Sarıcalı bəy, Əhməd bəy Cavanşir, Məhəmməd bəy də İmamzadədə dəfn olunublar. Ağcabədinin Boyat kəndində çox adlı-sanlı insanlar olub. Onların əksəriyyəti öz vəsiyyətləri əsasında İmamzadədə torpağa tapşırılıblar.

Biz İmamzadədə olanda öyrəndik ki, əksər qəbirlər yerin altında qalıb. Bu barədə sizdə hansı məlumat var?

– İmamzadənin öz qəbrinin altında otaqlar var. Deyilənə görə, otaqlarda başqa qəbirlər də var. Qarabağlılar buranı Məkkə, Kərbəla kimi müqəddəs yer biliblər. Qəbirlərin üstünü oxuyanda insanın gözləri qarşısında böyük dünya açılır. Nəbati, həndəsi fiqurlarla, nəstəli, reyhaniyə, şikəstiyə xətləri ilə yazılanları oxuyanda çox mətləblərə aydınlıq  gəlir. O daşlar danışır. 1794-cü ildə Şah Qacar Qarabağa gəlir, iki ay Şuşaya girə bilmir. Bu müddətdə indiki Qəcər kəndi ərazisində köç salmalı olurlar. İmamzadənin ətrafında Qacarlar sülaləsindən olanlar da dəfn edilib. Onların qəbirləri tağlı, mərtəbəli olub. İndi baxırsan ki, təkcə bir mərtəbədən ibarət sinə daşı qalıb, üç mərtəbəli daşlar torpağın altına gömülüb. Qəbirlər indikindən çox fərqlənib. Dünyasını dəyişən adamı dəfn etmək üçün yeri qazmırmışlar. Kərpicdən otaq tikib, cəsədi ora qoyurmuşlar. İmamzadənin məzarının altındakı otağa gedən yolun qapısı olub. Sovet dönəmində məzarlığın bərpası adı altında həmin qapı hörülüb. İnsanların dindən uzaqlaşması üçün aparılan təbliğatın, görülən işlərin tərkib hissəsi kimi, müqəddəs məzarlığı adi məzarlığa çevirmək istəyiblər. O dövrdə ermənilər Nüşabə qalasının damına beton töküb, onu erməniləşdirmək istəyiblər. Ərəb dilində olan yazıları xüsusi dəzgahlarla pozublar. 1980-cı illərdə İmamzadənin qəbri üzərində bərpa işləri aparan ustalarla söhbət etmişəm. Onlar deyir ki, sement əvəzinə gəcdən istifadə ediblər. Gəc isə zaman keçdikcə ovulub torpağa qarışır. Qəbrin altındakı otaqdan 25 kəllə tapıblar, bir topa saç götürüblər. Çox pul xərclənməsin deyə, ustalar bütün işləri başdansovdu ediblər. Məqsəd tarixi qorumaq, gələcək nəsillərə çatdırmaq yox, 5-10 manat pul qazanmaq olub. Daş kitabələr olub ki, bu gün onlardan əsər-əlamət yoxdur. İmamzadənin girəcəyində daş döşəmə salınıb. Onun altında xeyli qəbirlər var. Əgər həmin döşəmə dağıdılsa, yer qazılsa, möhtəşəm tarixlə üz-üzə qalarıq.

Amma kənardan baxanda Bərdə İmamzadəsi adi qəbiristanlığa oxşayır...

Doğrudan da elədir. İmamzadə adi qəbiristanlığa oxşayır. Abidənin ətrafında qəsdən yeni məzarlıq yaradıblar. Bərpa işi bundan sonra aparılacaq. Əminik ki, ölkə rəhbərimizin bu diqqəti və qayğısı nəticəsində Bərdə İmamzadəsi Bibiheybət, Gəncə İmamzadəsi, Əgdər bəy məscidi kimi yüksək səviyyədə yenidən qurulacaq.

Neçə il öncə Bibiheybət məscidinin axundu Hikmət bəyə sənədlər verdim. Orda göstərilirdi ki, İmamzadə Hökümə xanımın ən yaxın qohumudur. Məhz bundan sonra İmamzadənin qəbri üzərində şüşə hücrə tikdilər. O vaxta qədər qəbrin üzərinə dəmirdən sandıq qoyulmuşdu. Təbii, biz təklikdə böyük işlər görə bilmərik, amma inanıram ki, Bilik Fondunun başladığı “Dini abidələrdə tarixin izləri” layihəsi tariximizin yeni səhifələrini üzə çıxaracaq, İmamzadəni insanların mənəvi rahatlıq yerinə çevirəcək. Biz buna inanırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin inanc yerlərinin bərpası, tikilməsi ilə bağlı verdiyi sərəncamların ardından görülən işlər çox böyükdür. Adam minnətdarlıq etməyə söz tapmır. Prezident Bilik Fondunu yaratmaqla bütün ölkəyə bəyan etdi ki, Azərbaycan xalqının maariflənməsi onun böyük arzusudur. “Dini abidələrdə tarixin izləri” layihəsinin Bilik Fondunun ilk layihələrindən olduğunu mətbuatdan oxudum. İlk məkan Bərdə İmamzadəsi seçilibbu, Qarabağa, qarabağlılara böyük hədiyyədir. Bərdəlilər bu diqqətdən məmnundurlar, çox sevinirlər. Bildiyimə görə, Bərdə İmamzadəsində görüləcək işlərdə yerli sakinlərin, xüsusən də gənclərin əməyindən istifadə olunacaq. Artıq indidən neçə-neçə insan bu işdə təmənnasız iştirak etmək üçün bizə müraciət ediblər. Bərdəlilər öz doğma yurdumuzun gizli tarixinin üzə çıxarılmasına böyük həvəslə qoşulacaqlarını bildirirlər. Bizim üçün bu tarixi məqamları yaşamaq şərəfdir. Bu, həm maarifçiliyə, tarixin daha dəqiq öyrənilməsinə verilən böyük töhfə, həm də savabdır.

– Bərdə İmamzadəsindəki tarixi gizlinlərin üzə çıxması Azərbaycan cəmiyyətinə hansı töhfələri vermiş olacaq?

Tariximizi unutmağa haqqımız yoxdur. Biz unudacağıqsa, biziunudacaqlar. Gələcək nəsil hansı xalqa mənsub olduğunu, dəyərlərini, tarixini əzbər bilməlidir. İnsan özünü tanıyanda böyük olur. Axı doğrudan da xalqımız tarixi və mədəniyyəti baxımından dünyanın ən qədim xalqlarındandır. Bu gerçəkliyi mənim övladım, nəvəm bilməlidir. Tarixini bilən kəs öz vətənini atası, anası, qardaşı qədər sevəcək!

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru

 

525-ci qəzet.- 2014.- 6 sentyabr.- S.25.