Ümidin qanadlarında
Şair, professor Elçin İsgəndərzadənin 5
cildliyinə və 50 yaşına ön söz
Göylərə ümidlə bax, göy kimi geniş
olarsan. Torpağa ümidlə bax, yer kimi bərəkətli
olarsan, səhərə,
Günəşə ümidlə
bax, səhərin xeyirliyə açılar,
suya ümidlə bax, taleyin su
kimi dumduru olar, çəmənə
ümidlə bax, çiçək kimi açıl-saçıl, dünyanın
özü qədər
böyü, ucal, yaşa, yarat! “Mənim bu gecəyə çox ümidim var” deyən şairimiz hər şeyə ümidin gözüylə
baxır. Hər şeyə
ümidlə baxanda ulduzlar çiçəkləyir,
alçalar gül açır, mələklər
yuxuna gəlir, olursan dünyanın bəxtəvəri. Adı
Türk dünyasına
bəlli olan, özü kimi şeirləri də dünyanı gəzən
Elçin İsgəndərzadə mənim
sevdiyim şairlərdən,
səsimizi aləmə
yayan gələcək
sahiblərindən biridir.
Onun qələmi yazır, əli işləyir, ürəyi döyünür.
Hər üç ilahi varlıq Tanrı töhfəsi şairin bütövlüyünü yaradır.
Vətənin müqəddəsliyindən
söz açanda da, şeirlərini qürbətə uçuranda
da... Qarabağın dərdi ilə
bağlı qanlı şeirlər yaradanda da, qələm dostlarına şeirlər
yazanda da, həyatda olan çatışmamazlıqları qamçılayanda da Elçin səmimidir.
Elçinin üzündə, cismani varlığında olduğu
kimi, mənəvi varlığında da bir nur, bir
işıq var. Bu işıq
onun ömür yoluna, yaradıcılığına
bir təbəssüm
gətirir.
Oxumaq...
bu hələ dursun bir yana,
Əlin kitabıma dəydi, bəsimdi.
İçində ürəyim çırpınır
onun,
Ovcunda cənnəti
duydu, bəsimdi.
Şair oxucudan oxucu məhəbbəti, böyük
sevgi, səmimiyyət
istəyir. Şairə bunlar lazımdı
– Hava kimi, Su kimi, Günəş kimi. Bunlar varsa şair
var və var olacaq.
Şairin müxtəlif ölkələrdə,
müxtəlif yerlərdə
yazdığı şeirlərə
xüsusi fıkir verdim, məhəbbətlə
yanaşdım. Gördüm ki, bu şeirlər də o yerlərin özü kimi rəngarəngdir.
Bu əsərlər şairin təkcə öz yaradıcılığını
deyil, Azərbaycan ədəbiyyatının üfüqlərini
genişləndirir. Xüsusilə Türkiyə ilə, türk dünyası, türk ədəbiyyatı
ilə bağlı mövzular məni daha çox özünə cəlb elədi. Bu yazılarda
olan doğmalıq, təbiilik məni daha çox özünə çəkdi.
“Türkülər” məni çox düşündürdü. “Yovşan türküsü”
məni Altaylardan Anadoluya qədər gəzdirdi.
Qədim
bir eşq duası,
Çəkib aparır məni.
Tanrı
dağlarıdı, qızım,
Ruhumuzun
Vətəni.
Orda
Altay dağları,
Fələklərlə savaşır.
Nə vadidən karvan keçir,
Nə zirvədən
bulud aşır.
Türkülərin hər biri bir
dastanın, bir boyun mövzusu, xəritənin müxtəlif
rəngləridir, bir xalının müxtəlif
çeşidləridir.
Əlvida
tanrı dağları,
Bəyaz mələk əlvida.
Bəlkə bir də görüşdük,
Görüşmədik ya da.
Mən bu türküləri oxuyanda
elə bilirdim şıdırğı bir
yağışın altında
göylərə tamaşa
edirəm. Bütün türk dünyası
gəlib gözlərimin
önündən keçirdi.
Hər gün yeni bir
ümidə
açılır pəncərəmizdə
səhər,
Ümidlərimizin şəhəridi
qoynunda yaşadığımız
şəhər.
Bu ümidli misraların
qucağında uça-uça
dünyanı gəzirdim. Bu dünya məni Elçin İsgəndərzadənin
şeirlərinin ətrinə
bələmişdi.
Elçin İsgəndərzadənin poema yaradıcılığında
klassika ilə müasirliyin, şairliklə
rəssamlığın, böyük
insanlarla təbiətin
qovuşuğu var. “Adil
Mirseyidin göyərçinləri”,
“Rəssamın pəncərəsi”,
“Səttar Bəhlulzadə
nağılı”, “Pikasso
və Minatavr”, “Van Qoqun günəbaxanları”,
“Salvador Dali üçün madriqal”, “Qoyya”, “Lorka və siyah
Ay”, “Üfüqdə qırmızı
Günəş”, “Rəssam
və mələk”,
“Bu qala bizim qala”, “Turan savaşçısının
nəğmələri”, “Şahmar
şikəstəsi”, “Oğlum
Əliyə dualar”, “Məmməd Araz qayası”, “Cavid cihadı” və başqa poemaları bütövlükdə dərdlə,
kədərlə, göz
yaşı ilə, hıçqırıqla, ümidlə
nəfəs alır.
Bu bir Tanrı möcüzəsidi...
Göyərçinlərin son ümid yeri
Bir şairin kirayə pəncərəsidi...
Vaxtsız dünyadan köçən
şairimiz Adil Mirseyidə həsr olunmuş bu əsər bir sənətkarın ömrü
boyu çəkdiyi əzabların, iztirabların,
bənzərsiz yaradıcılığın
poemasıdır. Göyərçinlərin yuvasından – Bakıdan
Parisə qədər,
Şuşasız dünyamızdan,
Cıdır düzündən
Sena çayına qədər şair xəyalı bizi dərdlərimizin başına
dolandırır.
Gecəyə laylay çalırmı,
Qarqarın gümüş suları.
Ay doğanda çin olacaq,
Bir şairin arzuları...
Bu əsərdə olan
göyərçin obrazı
çox ustalıqla işlənib.
Ürəyini göyərçinlərə yedirən
Bir şair olmalıdı
Bu gözəlim məmləkətdə.
Mən bu əsəri Adil Mirseyidin ruhuna bağışlanmış ən gözəl əsərlərdən biri hesab edirəm. Elçin İsgəndərzadə “Səttar Bəhlulzadə nağılı” əsərində
Dərviş kimi,
Yoq kimi
Bir rəssam yaşayırdı,
Abşeron torpağında –
deyib rəssamı oxucuya bütün rəngləri ilə tanış edir. Dahi rəssamın dahiyanə əsərlərindən söhbət açan müəllif “Kəpəzin göz yaşları”nda öz poetik sözüylə xüsusi rəng qatır. Bu rənglərin içində bir Əmircan dünyası var, bir də bütün dünyanı Əmircanlaşdıran ölməz sənət var.
Şair istər Lorkadan, Nazim Hikmətdən, Pikassodan, Van Qoqdan, Salvador Dalidən, istər Müşfiqdən – kimdən söhbət açır açsın hamısında Cıdır düzünə, Xarıbülbülə, Şuşaya, Qarabağa, yaralı Vətənə qayıdır.
Mərhum şairimiz Nizami Aydının xatirəsinə həsr olunmuş “Lorka və siyah Ay” poeması təkcə Nizami Aydının yox, Lorkaların, Müşfiqlərin taleyinin poetik əks-sədasıdır. “Üfüqdə qırmızı Günəş” böyük rəssam Toğrul Nərimanbəyova həsr olunub. Bu əsərin baş qəhrəmanı Nar və Günəş bizim işıqlı dünyamız və ümidimizdir. Ümumiyyətlə Elçinin böyük alim Xudu Məmmədova, Çingiz Aytmatova, Şahmar Əkbərzadəyə, Səttar Bəhlulzadəyə, Cavid Əfəndiyə həsr etdiyi əsərlərdə şair dünyasının genişliyi, dünyagörüşünün rəngarəngliyi var. Ümumiyyətlə bu poemalarda bir işıq var, ümid var, həsrət var, ayrılıq var. Bu var olanların arxasında bir əbədiyyət var. Anın əbədiyyəti, zamanın əbədiyyəti. Ömür-gün yoldaşına həsr etdiyi “Eşq” poemasında az qala bütün dünyanın eşq dilində xəritəsi var. Üverturadan epiloqa qədər on yeddi başlıq altında yazılan əsərlər bir insan qəlbinin mürəkkəb fəlsəfi duyğularıdır. Bu əsərdə çəkilən adlara fikir verin, – Peterburq, Aleksandr Blok, Ərəfat, Sofıya, Bişkek, Qaracoğlan, Yunus Əmrə, Gəncə, Moskva, Paris, İspaniya, Roma, Varşava, Tanrı dağları, Şam şikəstəsi, Təbriz, Daşkənd. Bu başlıqlar altında yaşayan adların hərəsi bir tarixdir. Bu əsərdə dünyanın həm coğrafi düzəni, həm də tarixi düzəni açılır. Şairin dünyagörüşünə qol-qanad verir. “Cavid cihadı” və “Məmməd Araz qayası” əsərləri mənim üçün daha doğmadır. Çünki hər iki əsərdə yaralanmış Azərbaycan, əsir olmuş Qarabağ, Məmməd Araz harayı, indi bizim olmayan yerlərin göz yaşı, Cavidin şəxsində bir insan ömrünün sızıltıları, “Hər şairin ömründən bir araz çayı axır” deyən ürəyin çırpıntıları insanı üşüdür, göynədir.
Məndə qəti şübhə yoxdur ki, ədəbiyyatşünas alimlərimiz, istəkli oxucularımız Elçinin bu əsərləri haqqında dəyərli məqalələr yazıblar və yazacaqlar, fikirlər söyləyiblər və söyləyəcəklər. Çünki bir yazıda geniş fikir söyləmək çox çətindir. Mən qələm dostumun son əsərlərini ürəklə, məhəbbətlə, sevgiylə oxudum. Onun bir şair kimi dünyagörüşünün genişliyinə, ümidin qanadlarında uçmağına heyran oldum.
Elçində olan şair fəhminin gücü, rəssamlıq duyğularının dərinliyi məni sevindirdi.
Arzu edirəm ki, şair dostum Elçin yazmaqdan, gəzməkdən, mütaliə və müşahidə etməkdən yorulmasın.
50 yaşın mübarək olsun, əziz qardaşım! Tanrı səni Şuşana, Cıdır düzünə, Xarıbülbülünə qovuşdursun!!!
Zəlimxan Yaqub
525-ci qəzet.-
2014.- 6 sentyabr.- S.24.