Bəhmənli Vaqif:“Ürəyi quş kimi yüngülləşdirən iki möcüzə var – göz yaşı və şeir”

 

Budəfəki qonağımız istedadı əsas sayan, bununla belə, ədəbi yekunları daim çalışmaq və məqsədyönlü zəhmətin bəhrəsi olaraq dəyərləndirən şair Vaqif Bəhmənlidir. İndiyə qədər biri o birini təkrarlamayan 35 kitabı işıq üzü görüb. Poeziya, nəsr, publisistika, ədəbi tənqid, esse, ssenari, tərcümə də daxil olmaqla qələm çaldığı janrlar müxtəlif üslub fərdidir. O, israr edir ki, pis sual yoxdur, pis cavab var. Görək bu müsahibə şairin israrını dogruldacaqmı?

– Vaqif müəllim, sizinlə müsahibin çətin ələ keçdiyi isti yay günündə görüşürük. Nədənsə, yadıma qaynar gənclik illərində yazdığınız “Dünyanı çevirək görüş yerinə” şeiriniz düşür. İndi bu yaşda dünyanı görüş yerinə çevirmək arzusunun yerinə yetirdiyini söyləmək olarmı?

– Sərvaz müəllim, bəlkə də rastına çıxıb, cümlələrdən ibarət “İşartı” adlı silsiləm var, orada sözlərdən biri təqribən belədir; adam olmayan yerdə nə mələk olur, nə də iblis. Dünya deyilən bu möhtəşəm binanı dəyərə mindirən, ona məzmun, fəlsəfə, dil, duyğu verən adamdır. Əlbəttə, canlı aləmdə iriliyindən, xırdalığından, cins və növündən, sinfindən, forma və ölçüsündən asılı olmayaraq, hər varlıq kəsiminin öz yeri var, onlardan biri olmasa, bəlkə də Yer kürəsi hansı bir məqamdasa məhvərindən qopar. Hətta mən ona da inanıram ki, bütün canlılar – ağaclar, quşlar, heyvanlar, böcəklər, otlar, çiçəklər, bəlkə lap qlobal varlıqlar –işıq, hava su, torpaq... bunların hər biri təkbaşına və ya qrup halında dünyanı fərqli şəkildə dərk edir. Bir olan dünya içində hər toplumun öz dünyası var. Bununla belə, dünyanın insan tərəfindən dərki tamamilə fərqli və fövqəladədir.  Çünki insan şüurlu varlıqdır, fitrətən istedadlı və intellektualdır. Məhz şüur insana imkan verir ki, o, dünyada olan digər varlıqları da öz iradəsinə tabe etsin, yaxud  onlardan mükəmməl şəkildə faydalansın. Onsuz da dünya sözün kədərli və xoşbəxt mənalarında canlı varlıqların yeganə və yalnız bircə dəfəlik görüş məkanı, təmas yeridir. Bir az əvvəl sizin xatırladığınız şeir indiki bərkimiş Vaqif Bəhmənliyə deyil, pilə kimi yumşaq, amma qaynar, romantik gəncə aiddir, həqiqətən o vaxt o gəncə elə gəlirdi ki, dünyanı bir anın içində hamının görüş yerinə çevirmək olar, hətta ortalığa bir yalançı, vədəbaz aşiq çıxıb yer üzünün bütün qızlarına eyni anda görüş vədi verə bilər. Onda göy üzü, əlbəttə ki, Günəşin, Ayın, ulduzların görüş yeri olar. “Dünyanı çevirək görüş yerinə” – bu sadəlövh, bir az da çağırışa bənzər misra platonikdir, real həyat isə bir çox çağırışların qanadını qırır. Bir tərəfdən görürsən, dünyanı görüş yerinə çevirmək mümkün deyil, digər tərəfdən isə məlum olur ki, təmaslar, görüşlər, intensiv insan dialoqu yox olduqca, yaşamaq çətinləşir.

– Bəlkə bu, qloballaşma deyil, ən ümumbəşəri prosesin görüntüləridir?

– Ayrı nə ola bilər? Həqiqətən də dünyamız, o sıradan Azərbaycan nəinki yüz, əlli il əvvəllə müqayisədə başqalaşıb, hətta son iyirmi, on ildə sürətlə dəyişib. Dövr, epoxa insandan sürət, daimi hərəkət, işgüzarlıq tələb edir. Təbii ki, maraqların, daha dolğun yaşamaq istəyinin çevrəsi genəldikcə adambaşına düşən xərclər də artır. Adi bir misal, biz uşaq olanda səhər şirin çay, günorta, məsələn, dolma, yaxud toyuq çığırtması yeyir, axşam da Allah verəndən, nəsə atırdıq ağzımıza. Məişətdə işlənən ev əşyalarının çeşidi əl barmaqlarının sayından az idi, yəni sadə bir güzəran sürürdük. İndi bizim günlərimizdə süfrədə bir çeşiddə xörəyin olması unudulub. Toylarda isə təamların sayı qırxa çatır. Xərc aparan əyləncələr, xarici səfərlər, hər evdə bir neçə avtomobil və sairəni də üstünə gəlin. Bəlkə də bu zəngin yaşayışı əldən buraxmamaq üçün insan dinclik bilmir, vəsaitləri artırsın deyə səhərdən axşamacan qarışqa kimi əlləşir. Gərginlik yaradıcı və intellektual mühitdə də var. Elə bir dövr gəlib ki, yazıçı yaratdığını, alim kəşf etdiyini həm də yaşatmalıdır, onun piarını aparmalıdır. İndi kitabın tirajını dövlət komitəsi vermir, oxucu tələbatı müəyyənləşdirir. Bax, bu səbəbdən dünyanı görüş yerinə çevirmək düşüncəsi arzu kimi yox, çətin bir problem kimi görünür. Bu, qaç-qovdu dünyada insanların get-gedə bir-birinə yadlaşması həqiqətən problemdir. Bu gün Azərbaycanın nəyi yoxdur ki? Müstəqil dövlətçilik hər bir vətəndaşı Vətəninin sahibinə çevirib. Yollar çəkilir, körpülər salınır, möhtəşəm binalar tikilir. Azərbaycanlı üçün uzaq məsafə yoxdur. Amma hanı az qala hamının bir-birini tanıdığı 60-70-ci illərin Bakısı? Hanı ən azı ayda bir dəfə burnumuzu göynədib bizi doğma yurda aparan kənd eşqi? Qardaş-qardaşı, bacı-bacını, yalan olmasın, aylarla görmür. Kim nə deyir-desin, qonaqsevər Azərbaycanda evlər qonaqlı-qaralı deyil. Ailələri cəmiyyətdən hündür daş hasarlar ayırır. İnsanları qan qohumluğu yox, maraq qohumluğu birləşdirir.

– Yaranmış bu hala görə kimlərisə, nələrisə qınamaq olarmı?

– Əlbəttə yox. Siz “hal” sözünü yerində işlətdiniz. Nədən ki, həyat mənzərələri ictimai proseslərin tempi ilə düz mütənasibdir. Deməli, kimləri, nələrisə qınamaqdan söhbət gedə bilməz. Amma təmaslar qurmaq, doğma, doğal çağırışlar haqqı həmişə insana məxsusdur. Görünür, intibahlar ağrılarla baş verir. Bütün hallarda intibahın qarşısını almaq cəhdi nəinki nadanlıqdır, həm də qeyri-mümkündür. Amma sürətli tərəqqinin doğurduğu ağrıları azaltmaq, vaxtaşırı “tikinti sahəsində yır-yığış” etmək, çatları-çalaları doldurmaq müdrik bir işdir. Azərbaycanın qənirsiz gözəli Göy göl zəlzələ nəticəsində yaranıb. Əslində zəlzələ yer çatının hal dəyişikliyidir, deməli dağıntıdır. Baxın, bu dağıntıdan gözəl bir göl doğulur. Bununla yanaşı, o zəlzələ nəticəsində, Allah bilir, nə qədər təbiət abidələri yerlə-yeksan olub, kökündən qopan ağaclar maral sürülərinin üstünə aşıb...

Mətləbdən uzaq düşməyək, insan münasibətlərinin mərkəzdənqaçma xislətini nəzərə alanda görüşmək ehtiyacının necə böyük əhəmiyyət daşıdığını təsəvvür edə bilərik.

– Belə görünür, söhbətimiz mürəkkəbdən sadəyə doğru gedəcək. Çünki qloballaşma bəşəri problemdir. Onun müsbət enerjisi ilə fəsadlarını, məncə, düzgün dəyərləndirdiniz. Yaradıcı insan qismində sürətli proseslərdən az itkilərlə çıxmağın yolunu nədə görürsünüz? Məsələn, indiki mərhələdə yazıçı neyləyə bilər?

– Bizi öyrədirdilər ki, ədəbiyyat ədəb sözündəndir və o, insanların mənəvi tərbiyəsində müstəsna rola malikdir.  Düzdür, mən ifrat yanaşmaların əleyhinəyəm, amma unutmayaq ki, ədəbiyyat və incəsənət dəyərləri ən azı estetik tərbiyənin yeganə vasitəsidir. Yəni şeiri, rəsm əsərini, musiqini duyub dərk etmək üçün onları oxumaq, seyr etmək, dinləmək lazımdır və estetik tərbiyə, hətta elmi təfəkkürün özü mənəviyyat, mənəvi tərbiyə sahəsidir. Qloballaşmanın ağrılı fəsadlarından qorunmaq üçün məncə, ən ciddi müqavimət vasitəsi insan idrakı, insan ruhunun kamilliyi, mənəvi dözümü ola bilər. Mənəvi tərbiyədə oynadığı rola ehtiyatla yanaşaraq  (çünki görən, götürən, təcrübə yığan, öyrənən, yaradan...  insan bütün bunlara baxmayaraq, tərbiyə olunan deyil, əksinə, özü-özünü tərbiyə və idarə edən varlıqdır) deməliyəm ki, çağdaş zamanda mədəniyyət  – ədəbiyyat və incəsənət mədəni dəyərlər yaradan sahə olmaqla bərabər, çox ciddi, gərəkli missiya faktorudur. Fikir verin, Azərbaycan elə bir səviyyə qazanıb ki, siyasət, iqtisadiyyat, insan haqları və sair sahələrdə sivil dünya ilə rahat anlaşa bilir. Amma bununla belə, ölkənin humanitar-mədəni-mənəvi istiqamətli siyasətində xalqın milli varlığı, qədim tarixi, abidələri, mədəni sərvətləri strateji dayaqlar kimi təbliğ olunur, qorunur, gələcək nəsillərə çatdırılır. Eyni zamanda dövlət bir çox milli-mədəni sərvətlərin Azərbaycana məxsusluğunu bəyan edən, onların bütün bəşəriyyət tərəfindən qorunmasına təminat verən haqlı addımlar atır, beynəlxalq təşkilatlar qarşısında  məsələlər qaldırır. Elə buna görə də bu gün İçərişəhər, Qobustan, eləcə də muğam, saz, xalçaçılıq sənətləri, Novruz bayramı bəşəriyyətin maddi və qeyri-maddi mədəni sərvətləri siyahısında yer almışdır. Bu, tarix üçün olan statistik qeyd, siyahıyaalma deyil, bu, qloballaşan dünya mühitində xalqımızın təməlində dayanan özülləri salamat saxlamaq, milli-mənəvi dəyərlər zəminində  təhlükəsiz gələcəyin təminatıdır. Ədəbiyyat da onun kimi. İnternet mühiti, komikslər, intellektual oyunlar, elektron nəşrlər, saytlar, portallar zamanda milli varlığı qorumağın ən optimal yolu dədə-nənələrin təfəkküründən süzülüb gələn bayatı, nağıl, dastan, muğamat, rəqslər, xalq sənətləri, milli adət-ənənələr və şübhəsiz ki, islami dəyərləri hifz etməkdir.

– Yaradıcılıq təcrübənizdə siz bu məsələləri necə uzlaşdırırsız?

– Söhbət məndən getmir, söhbət hamımızdan, yaradıcı insandan gedir. Məncə, poeziyanın mahiyyəti doğmalıq və təmasdır. Təsir təmasdan yaranır. Həyatda da, ədəbiyyatda da hər zaman insanları təsirləndirərək ən ali hisslərə, özünü dərk etməyə, ətrafı sevməyə, qarşılıqlı hörmətə, sevgiyə, mərhəmətə çağırmışam. Çox zaman tənqidçilər şeirlərimizi sevgi, təbiət, vətənpərvərlik, ana, qəhrəmanlıq, zaman, həyat, ölüm... deyə mövzulara bölməyə cəhd edirlər. Məncə, şairin yeganə mövzusu və yeganə obrazı var: bu, insandır. Təbiət də, məhəbbət də, Vətən də, ana da, ölüm də, xoşbəxtlik və əbədiyyət də insana məxsusdur. Bu, deyəcəksiniz ki, fəlsəfədir. Bəli, fəlsəfədir. Şairin borcu məhz fəlsəfənin obrazını, düşüncənin bədii kodunu yaratmaqdan ibarətdir. Hayıf ki, indi bir çox həqiqi şairlərimizi ya kütləvi, ya fraqmental nəzərdən keçirir, yaxud da heç onu görmürlər. Əgər hər hansı güclü sənətkarı mərhələlər üzrə təhlil etsələr, görəcəklər ki, məsələn, onun son əsrlərində özünü göstərən nəticə heç demə bütün yaradıcılıq boyu qat-qat, lay-lay axtarılan və tapılandır. Yaradıcılığının əvvəli ilə sonu qaynayıb-qovuşan vahid bir sıra əmələ gətirmirsə, deməli o şair (yazıçı) haradasa ipin ucunu itirmişdir. Bu mənada, “hər bir yazıçı bütün yaradıcılığı boyu bir əsər yazır” söyləyənlərlə həmrəyəm.

– Mənsub olduğunuz ədəbi nəslin bir çox nümayəndələri barədə bəzən “itirilmiş nəsil” – deyə söz açırlar. Bu günlərdə Kolumbiya yazıçısı Qabriyel Qarsiya Markesin “Anlatmaq üçün yaşamaq” avtobioqrafik romanını oxudum. Yazır ki, mən “itirilmiş nəsil” adlandırılan ispandilli yazarları oxuya-oxuya Markes oldum. Əslində, bizim çağdaş ədəbi həyatımızda da məhz “itirilmiş nəsil” deyilən istedadlı yazarlardan təsirlənmiş yeni bir gənclik var...

– Fikrimcə, “itirilmiş nəsil” ifadəsi ortada olan həqiqəti, faktı düzgün əks etdirmir. Gerçək olan budur; ədəbiyyatımıza yeni nəfəs, forma zənginliyi gətirən altmışıncıların yaratdığı əsərlər sonrakı ədəbi nəsillərin özünü ifadə etməsi baxımından geniş imkan açmışdır. Təbii ki, keçid dövrü cəmiyyətində köklü dəyişikliklər baş verdi və zaman istər altmışıncılar, istərsə yetmişinci və səksəninci illər ədəbi nəslinin həyatından izsiz ötüşmədi; ümidsizlik, özünəqapanma, aradabir, az qala, hər yerindən duranın qələmə sarılması istedadlı insanları incidib. Bu sıxıntını yaradıcılıq təşkilatları da yaşayıb. Bununla belə, çətinliklər daha çox sənət adamlarının iqtisadi durumuna aid idi və həqiqi sənətkarların yaradıcılıq ehtirasını heç bir halda söndürə bilmədi. Hansı ədəbi nəsli təmsil etmələrinə baxmayaraq, onlar keçid dövrünün basqınlarından mərdliklə çıxa bildilər, ürəyə və böyük sözə sadiq qaldılar. Altmışıncılar ədəbiyyatımızın dəyərli nümunələrini yaratdılar. Bilirsiniz necədi, yaradıcılıq fərdi fəaliyyət sahəsidir. Burada kollektiv yanaşma, yaş, zaman meyarı ilə kaloniya düzəltmək özünü doğrultmur. Bəli, yaş etibarı ilə bu və ya digər ədəbi nəslin üzvləri bir-birinə daha yaxın ola bilər, eyni sahənin adamları olduqlarına görə doğmalaşarlar da. Ancaq bu, insafsız bir yanaşma olardı ki, sənətə istedad və vicdanla xidmət etmiş bütöv bir nəslin üstündən xətt çəkəsən, onlara “itirilmiş nəsil” deyəsən. Yetmişinci illərdə ilk əsərlərini çap etdirən Eldar Baxış, Rauf Soltan, Əyyub Sədi, Musa Ələkbərli, Vaqif Bayatlı, Əhməd Qəşəmoğlu, Akif Əhmədgil, Adil Mirseyid, Yunis Novruz, Ağacəfər Həsənli, Maarif Soltan, Tofiq Nurəli, Mahirə Abdulla, Saday Budaqlı, İslam Türkay, Adil Cəmil, Səfər Alışarlı, Afaq Məsud, Əjdər Ol, Aqil Abbas, Sabir Sarvan, Tahir Aslanlı, Zakir Fəxri, Taleh Həmid, Eldar Nəsibli, Tahir Qurbanov, Rəhilə İsmayıllı... adlı şair və yazıçılar (adını çəkmədiyim qardaşlarım üzürlü saysın, dünyadan köçənlərə isə Allah rəhmət etsin) çağdaş ədəbiyyatımızın ümumi mənzərəsini yaradan, bir-birinə bənzəməyən qələm sahibləri deyillərmi? Hələ mən bu siyahını iki dəfə də artıra bilərəm . Bəs yaxşı, bu qədər parlaq imzaları “itirillmiş nəsil” arxivində necə gizlədəsən? Belə çıxır ki, çağdaş Azərbaycan ədəbiyyatı itirilmiş nəslin çiynindədir. Onu da nəzərə alın ki, bəzilərinin yanlış şəkildə itirilmiş nəsil  adlandırdığı şair və yazıçılar üçün otuzuncular, qırxıncılar, əllincilər, altmışıncılar nə qədər zəhmət çəkiblər, sələf qayğısı göstəriblər. Kim 70-80-ci illərə itirilmiş nəsil deyirsə, XX yüzilin ustad sənətkarlarının ruhunu incidir! O ki, qaldı  “İtirilmiş nəsil”dən bəhs edən Markesin çəkdiyi misal, ümumiyyətlə, belə bir istilahı alt-üst edir. Yəni, böyük bir ədəbi mərhələyə təkan verən, ən azından Markesin özünü Markes edən bir nəsli necə itirilmiş, unudulmuş nəsil hesab etmək olar? Əlbəttə, haqqında bəhs etdiyimiz dövr böyük  ədəbiyyat tarixi üçün çox qısa bir zaman parçasıdır. Ola bilsin ki, 60 – 70 – 80-ci illərin, yaxud son 50 il ədəbiyyatının beş-on nümayəndəsi zaman sərhədlərini aşacaq. Ancaq bütün bu adlardan neçəsi Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Sabir... siqlətində qəbul ediləcək? Mövzunun digər tərəfinə  baxaq, altmışıncı illər nəslinin istedadlı nümayəndələri ən gözəl əsərlərini əslində yetmiş-səksəninci illərdə yaradıblar. Qısası, Allah tərəfindən verilən istedad varsa, ağıllı başla yazıb-yaradırsansa, ardıcıl, inamlı şəkildə öz işinlə məşğulsansa, əsl sənət əsəri ilə oxucu görüşünə gələ bilirsənsə, heç zaman “itirilmiş” olmayacaqsan. İlk növbədə potensiala və  təcrübəyə söykənib öz yaradıcılığını irəli aparmalı, təzələnməlisən. Dayanıb durdunsa itəcəksən. Təzələnmə, dəyişmə sənətin qızıl qanunudu. Bu qanun onda işləyir ki, sənətkar fəhləlikdən usanmır, öz işini dəlicəsinə sevir.

– Yeri gəlmişkən, siz fərdi şair, yazıçı üslubunu necə dəyərləndirirsiniz?

– Məncə, sənətkar üslubunu başlıca olaraq iki amil müəyyənləşdirir – Allah vergisi olan istedad və təcrübə.  Elə götürək bayaq haqqında söz açdığımız Markesi; bu böyük yazıçının bədii informasiyanı çatdırmaq üçün qurduğu cümlənin özünəməxsus sehri, tutumu və ifadə tərzi onun yaratmaq qüdrətini bütün parlaqlığı ilə ortaya qoyur. Ya elə Mirzə Cəlilin nəsr dilinin sadə, aydın havasına yön çevirək... Sadədi, Azərbaycan nəsrinin yenicə formalaşan dil və üslub öyrənyidi, ancaq təsirlidi, son dərəcə aydındı, təmizdi. Bilirsiniz ki, zaman-zaman ədəbiyyatımızda fərqli üslublar olub və yaranır... Öz üslubu olmaq şair və yazıçıların xoşbəxtliyidir. Əslində, peşəkar ədəbiyyat mükəmməl üslub deməkdir. Üslub dilin, təfəkkürün yeni, fərqli bir möcüzəsidir. Bədii dilçilik nəzəriyyəsinin bütün çərçivələrini sındırır. Üslub, bədii dil müəllifin bədii təfəkkürünün enerjisini, miqyasını ortaya qoyan meyardı... Məncə, bənzərsiz üslub yaratmaq üçün ilk növbədə yaradıcı insanın böyük təfəkkürü olmalıdır. Təbii ki, yaxşı yazıçını oxumağa başlar-başlamaz onun bədii mətləbinin olduğuna şübhə etmirsən. Ancaq və oxuduqca görürsən ki, onun özünəməxsus üslubu o böyük bədii mətləbi ətə-qana gətirir, oxucunu ardınca çəkib aparır. Üslub özbaşına yaranmır, tutaq ki, biri oxuyur, əlbəttə, birinci şərt səsin olmağıdır. Ancaq yalnız səsə ilişib qalmaq olmaz, gərək o səsin üzərində işləyəsən, onu cilalayasan, təcrübələrə öz əlavələrini edəsən...

– Son dövr yaradıcılığınızı qələm dostlarınız, oxucularınız, mətbuat, hərdənbir də tənqidçilər ayrıca mərhələ olaraq təhlil edirlər, bu fikrin əsasında hansı ədəbi dəlillər durur?

– Mənə elə gəlir yazıçı illər üzrə deyil, kitab-kitab boy atır. İlk kitabım ötən əsrdə, 1979-cu ildə işıq üzü görüb. Onun adı beləydi: “Bahar-payız arası”. İndi düşünürəm ki, mənim indiyə qədər yaşadığım həyatın mənasını bu üç söz mükəmməl ifadə edir. Yaz gedib, yay bitib, payızı yaşayıram. Məndə yay 50 yaşda sona çatdı. Bax, onda Allah mənə təpər verdi, yaxşı insanlar kömək etdilər. 2006-cı ildə altı kitabım işıq üzü gördü. Bunlar üç cilddən ibarət “Poeziya” (1,2,3) kitabları, publisistik yazılardan ibarət “Sınıq güzgü”, nəsr əsərləri toplanan “Dombagözün hekayələri”, uşaqlar üçün şeirlərdən ibarət “Qızıl qala” adlı nəşrlərdən ibarətdir. Bu altı kitab 1970-ci ildən – yəni üzə çıxarılması məqbul olan ilk qələm təcrübələrindən tutmuş, kitabların çap olunduğu vaxta qədər qələmə aldığım əsas əsərləri əhatə edir. Sanki çoxdan kirayədə yaşayan övladlarımı, ailəmi bir dam altına yığmış kimi bəxtiyar idim. O kitabların hər biri min tirajla çap olunmuşdu. Aradan 7-8 il keçib, indi demək olar, bu işdə mənə kömək etdiklərinə görə çox xeyirxah və zəkalı Fatma xanım Abdullazadəyə və şair dostum Umud Rəhimoğluya, yəqin ki, bütün ömrüm boyu minnətdar olacağam. Hə, sözümü ora gətirim, 2006-cı ildə 35 illik yaradıcılıq təcrübəsinə beləcə nöqtə qoyuldu. Kitablarım “Şahmar Əkbərzadə adına Beynəlxalq mükafat”a, “Rəsul Rza mükafatı”na, “Yaddaş” mükafatına və s. layiq görüldü və payız başladı, on ilə yaxındır ki, payızdan gedir, görünür, düşüncənin yaşı ilə əlaqədar 35 illik təcrübənin bütün müsbət çalarlarını saxlamaqla yeni keyfiyyətə can atdım. Azərbaycan və dünya üzrə əsas poeziya, nəsr, fəlsəfə, tarix məxəzlərini, folklor və mifologiyanı yenidən nəzərdən keçirib sistemləşdirdim. Yenə də görünür yaşla əlaqədar duyğu emosionallığı, düşüncə emosionallığı ilə əvəz edildi. Boş sətir yazmaq olmaz! – yazı təcrübəsinin verdiyi imkan və qərar belə idi. Fikir yükünün ağırlaşmağına baxmayaraq, ədəbiyyat qanunlarını gözləmək, estetik fəaliyyətin nüvəsini təşkil edən harmoniyanı itirməmək, obrazlı deyimin mümkün olduqca lap dib qatına toxunmaq, sonacan səmimiyyət, təmiz dil, şirin ləhcə... kimi meyarlardan zorən yox, təbii qaydada yararlanmaq... son 8 ildə yazdıqlarımın mahiyyətini qismən ifadə edir. “Səndən özgə”, “Can dəftəri”, “Hamı”, “İşartı”, “İlin beşinci fəsli”, “Novruz naxışları” kitabları ömrümün payız fəslinin ilk bəhrələridir. Babat çalışmışam. Saydığım yeni kitablarımın da hər biri min tirajla çıxıb. Hətta “Səndən özgə” öz səsimlə disk şəklində yayılıb. O kitabları daha heç bir kitab köşkündə görməzsiniz, hamısı əllərdədi, özümdə hərəsindən iki-üç ədəd arxiv nüsxələri qalıb...

– Ədəbi yaradıcılıq, teleçıxışlar, mətbuatda poetik və publisistik əsərləri ardıcıl çap etdirmək, kitablar hazırlamaq, Nazirlik işləri... deyəsən, çox çalışırsınız, yorulmursuz ki?

– Mənim lüğətimdə yorulmaq sözü yoxdu. Sutka ərzində 6 saat yatıram. Demirəm ki, oyaq vaxtıma düşən 18 saat boyunca elə hey yazıram. Çox oxuyur, çox düşünür, çox dinləyir, az danışıram. Danışdıran olmasa, heç danışmaram. Danışmaq vaxt aparır, düşünmək, özü də həmişə əlinin altında qələm və dəftər olaraq düşünmək ötüb keçən vaxtı tutur və adamın canında saxlayır. Mən ürəyim istəyən işi görürəm, ona görə yorulmuram. İstirahət həzzini çalışarkən duyuram. Heç bir ayrı səbəb  insanı işsiz oturmaq, bekar-behtin qalmaq qədər yora bilməz. Ruhumu təzələyən bir vərdişim də var. Gözəlliyə toxunmaq, bu mümkün olmayanda ona aralıdan tamaşa etmək, lap olsun xəyalən tamaşa etmək...

– Çağdaş ədəbi prosesdə sizi qane edən və etməyən cəhətlər hansılardır?

– Qane edən odur ki, ədəbi proses var, həm də olduqca aktiv və çoxcəhətlidir. Qane etməyən odur ki, hamı özünü dahi sayır, halbuki, bütün ədəbiyyat tariximizdə cəmi on dahi şair və yazıçı var. Bəzi tərəddüdlər də aradan qalxsın, mən onların adlarını 10 ildən sonra çəkəcəyəm.

– Sizə elə gəlmir ki, çox yazır və çox çap olunursunuz?

– İçimin gücü çatan qədər yazır, hazırlayıb çatdırdığım qədər mətbuata yazılar verirəm, ”Ulduz”, “Azərbaycan”, “525-ci qəzet”, “Kaspi” yazılarımı məmnuniyyətlə çap edirlər. Sabir Əhmədli baş redaktorluqdan getdiyi gündən indiyə qədər “Ədəbiyyat qəzeti”ndə bir sətrim, bir cümləm belə işıq üzü görməyib. Halbuki, Nəriman Həsənzadənin, Cabir Novruzun, Sabir Əhmədlinin redaktor olduğu vaxtlarda bu qəzetin redaksiya heyətinin üzvü olmuşam. Həm də o gözəl kişilər, istedadlı qələm sahibləri, şəxsiyyətlər yazılarımı sevə-sevə çap eləyiblər. Hərdən mənə elə gəlir ki, gözü batan, axarı sısqa olan bulaqlar gur axan bulaqlara həsəd apardıqlarına görə quruyurlar. Amma unutmayaq ki, axarın həcmi, gurluğu, hansı qayadan sızması tamamən təbii bir keyfiyyətdir və o vergidir.  Mən olmayım,  bir başqası olsun – Allah-taala üzünə qapı açırsa, yaxşı yazır və yaxşı da çap olunursa, onu ölkədən qovub çıxaraq, yoxsa qələmini sındıraq? O haqq qapısı mənim üzümə açıqdır, Allah hamının qapısını açsın..

– Sizcə, şeir nədir?

– Şeir həyatın can titrəyişlərinin hiss edilməsidir, şeir ruhdur, şeir ürək döyüntüsünün izahıdır, şeir insanın ən ülvi arzusudur, amma elə-beləyə qalanda şeir ədəbi janrlardan biridir.

– Sizə həyata bağlı adam demək olar?

– Həyata bağlı olmayan adama adam demək olmaz. Nəinki həyata bağlıyam, eyni zamanda həyatdan çox böyük umacaqlarım var. Sadəcə ummaqla oturub qalmıram, umacaqlarımı parça-parça həyatın canından qoparıram.

– Yaxın zamanda oxucularınıza hansı təqdimatlarınız gözlənilir?

– İki poeziya kitabı hazırlamışam. Seçmə şeirlərdən ibarət olan kitabın adı   “Artırma”dır. Burada mən sözdən rəmzi bir artırma – eyvan yaratmışam. Qloballaşan dünyada artırmasız evdə, dörd divar arasında yaşamaq zülümdür. Həm də, qardaş, bu artırma sözü görünür mənim indən sonrakı, gor eviməcən olan ömrümün mənasını təşkil edəcək.

Son iki ilin şeirlərindən ibarət ikinci kitabım tam hazırdır. Oradakı şeirlər heç yanda çap olunmayıb. Publisistik yazılardan ibarət iri həcmli üçüncü kitabın da çapını düşünürəm.

– Yekun olaraq ürəyinizdən hansı sözləri söyləmək keçir?

– Çox istərdim ki, uzun illər boyu aralı düşdüyüm “Ədəbiyyat qəzeti”nin oxucularından yazı masamın üstündən götürdüyüm, hələ heç mürəkkəbi qurumayan bir şeirlə – “Qarışqa” ilə ayrılım:

 

Mənim bağım canlı həyat kimidi,

Burda tısbağa var,

       kərtənkələ var.

Cibimdə olsa da qıfıl-kilidi

ayrı darvazadan keçirlər onlar –

Ah, bu qarışqalar, bu qarışqalar.

 

Şəksiz,

belə tünlük olmaz məhlədə,

Bəlkə camaatdı,

    toya gəliblər.

Nəfəsim ağzımdan çıxmamış hələ

Arvadlar eşidib,

    vaya gəliblər? –

Ah, bu qarışqalar,

    bu qarışqalar!

 

Sıranı səhv salmaz bircə ədədi

Cüt-cüt dişləyərlər

    tək-tək tərəni.

Cərgəylə getsələr,

            Qarabağ nədi,

Azad eləyərlər İngiltərəni –

Ah, bu qarışqalar,

            bu qarışqalar.

 

İçinə dolurlar,

            demirlər nökər,

Yaxud da qüdrətli şah məzarıdı.

Birini birinə satırlar bəlkə,

Bəlkə bura qədim qul bazarıdı –

Ah, bu qarışqalar, bu qarışqalar...

 

Dən dartır,

ötürlər salxımbasalxım,

Dözürlər ən ağır yükün tabına.

Atlı qanadlanıb Günəşə qalxır

Qaraca təpilir buz dolabına –

Ah, bu qarışqalar,

      bu qarışqalar.

 

Allahı, mələyi, bütü yeyirlər,

Nə divan tuturlar cənnət bağıma.

Almanı, armudu, tutu yeyirlər,

Sonra da cumurlar tut arağına –

Ah, bu qarışqalar,

              bu qarışqalar.

 

Sərvət bağlarının kasıb bəlası –

Açıq gözlərinin yuxusu yoxdu.

Bayrağı,

quşunu,

qəsri,

qalası...

Bunların heç zaddan qorxusu yoxdur –

Ah, bu qarışqalar, bu qarışqalar.

 

İlanlar yalayır artıqlarını,

Bəlkə işlədirlər dəvəni toyda?

Özləri yesəydi dartdıqlarını

hərəsi olardı nər dəvə boyda –

Ah, bu qarışqalar,

bu qarışqalar.

 

Məhləm el yoludu,

dinclik nə, bilməz,

Hər tərəf qarışqa; səhər və axşam.

İndi ayağımı hara atım bəs? –

ömrümdə qarışqa tapdamamışam –

Ah, bu qarışqalar,

bu qarışqalar.

Hər gün yer eşirəm, ancaq diriyəm,

Əgər öldürməsə insan ölmərəm!

Qarışqa nəslindən çıxan biriyəm,

Ayaqlar altında qalsam, ölmərəm –

Ah, bu qarışqalar,

bu qarışqalar.

 

– Vaqif müəllim, maraqlı söhbətə və gözəl şeirə görə təşəkkürümü bildirirəm.

 

Söhbətləşdi: Sərvaz HÜSEYNOĞLU

(“Ədəbiyyat qəzeti”)

525-ci qəzet.- 2014.- 6 sentyabr.- S.23.