Gələcəyimiz üçün...

 

 

 

Fatma xanım Abdullazadə qurultaydakı çıxışında mağazalarda rusca uşaq kitablarının üstünlük təşkil etməsi, televiziyada uşaq verilişlərinin səviyyəsinin aşağı olması, teatr səhnələrində uşaq tamaşalarının bəzən tamaşaçının yaşına, psixikasına uyğun olmaması ilə bağlı narahatlıqlarını bildirmişdi.

Uşaqlar bizim gələcəyimizdi. Zamanla bu fikir xeyli adiləşib. Hətta bir az da şablona çevrilib. Nədənsə o gələcəyimizə görə narahatlıqlar da, onu qorumaq, gözəl yetişdirmək həvəsi də azalıb. Bəs görəsən, insan yetişdirmək, uşaq böyütmək deyiləndə nələr nəzərdə tutulur... Əlbəttə, çağdaş, sürətli, bir qədər də qəliz dünyada övladını normal yaşayış və təhsillə təmin edə bilən valideyn bəzən işini bitmiş sayır. Amma məgər gələcəyimizin sadəcə sağlam və savadlı olması ilə kifayətlənməliyikmi? Əlbəttə yox. O gələcəyin zəngin bilikləri ilə yanaşı möhkəm təməllər üzərində dayanan, ənənələrimizi qoruyan, inkişaf etdirən tərbiyəsi də olmalıdı, onun ruhsuz, hissiz, duyğusuz böyüməsinə imkan verilməməlidi. Bunun üçünsə əsas vasitə sənətdi, incəsənətdi, ədəbiyyatdı. Ruhun tərbiyəsi, zövqün itilənməsi və ən əsası xarakterin formalaşmasında məhz sənətin rolu danılmazdı. Əgər elm, təhsil yaşamaq üçün lazım olan bilgiləri verirsə, deyək ki, hesabı, tarixi, coğrafiyanı, fizikanı öyrədirsə, sənət sevməyi, kövrəlməyi, mərhəmət göstərməyi, böyüyə hörməti, darıxmağı, gözləməyi, bağışlamağı öyrədir. Şəxsiyyətin formalaşması, yetişməsi üçün bütün bunların vəhdəti nə qədər vacibdi, deyilmi? Görünür, bu sürətlə robotlaşan dünyada yeganə xilas yolu, özümüzü, varlığımızı, necəliyimizi qorumaq, böyük  kütləyə qarışıb itməmək üçün tək bir vasitə sənətdir. Və bütün sahələrdə olduğu kimi burada da təməlin düzgün qoyuluşu çox önəmlidir. Lap əvvəldən, beşikdən başlanır sənət tərbiyəsi. Ağ kağız kimi təmiz uşaq beyninə hansı səviyyədə, hansı keyfiyyətdə musiqi, söz, rəng həkk olursa, o cür də davam edir. Ona görə gələcəyimizi dopdolu, mənalı, zəngin görmək istəyiriksə, məhz uşaq ədəbiyyatına, teatrına, musiqisinə diqqət artırılmalıdı.

Heç kəs üçün sirr deyil ki, son dövrlərdə roman bumu, şeir axını fonunda uşaq ədəbiyyatı zəif inkişaf edir, geriləyir. Buna səbəb ayrı-ayrı hadisələr, məsələlər, yaxud adamlar deyil. Çağdaş zaman cəmiyyətin diqqətini ayrı səmtə yönəldib. Ədəbiyyata, kitaba tələbatın, meyillərin azaldığından, müasir dövrün uşağı da başqa ruhda böyüyür. Lakin yəqin ki, hər şeyin reklam olunduğu, piarın inkişaf etdiyi və effekt verdiyi bir zamanda bu problemin də həlli yollarını tapmaq mümkündü. Yazı-pozu adamlarının, sənət  əhlinin qayğısını çəkən, onlara təqaüdlərlə, mükafatlarla stimul verən, müəyyən köməklik göstərən, teatrımıza, kinomuza səxavətlə maddi vəsait ayıran, mədəniyyətimizin, incəsənətimizin xaricdə tanınması üçün hər an çalışan Dövlətimiz bu sahəyə də diqqətini əsirgəmir.

Amma Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma xanım Abdullazadənin Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayındakı çıxışından da aydın oldu ki, bu sahədə hələ istədiyimiz işləri görə bilməmişik. Xatırlayıram ki, Fatma xanım Abdullazadə qurultaydakı çıxışında mağazalarda rusca uşaq kitablarının üstünlük təşkil etməsi, televiziyada uşaq verilişlərinin səviyyəsinin aşağı olması, teatr səhnələrində uşaq tamaşalarının bəzən tamaşaçının yaşına, psixikasına uyğun olmaması ilə bağlı narahatlıqlarını bildirmişdi. Çıxışı dinlədikcə düşünürdüm bu, təkcə bir dövlət rəsmisinin, bu sahəyə aid məmurun narahatlığı deyil, həm də sadəcə evində uşaq böyüyən valideynin problemidi, nigaranlığıdı.  Çox keçmədi ki, fikirlərim təsdiqini tapdı. Fatma xanım nəvəsinə aldığı kitablardan, Kukla teatrında birgə baxdıqları tamaşadan sonra keçirdiyi həyəcandan danışdı. Hələ dünyanın qara tərəflərindən, zorakılıqlardan bixəbər uşağın gözü qarşısında səhnədəki kukla, qəhrəman “döymə məni” – deyib çığırırsa, yarıəcnəbi, yarıdoğma dildə danışırsa, ara sözləri, jarqonlar, bəzən hətta kobud ifadələr işlədirsə, necə həyəcanlanmayasan, nə cür rahat baxasan bunlara?!

Fatma xanım Abdullazadə hətta televiziyaların da uşaq verilişlərini tənqid edərək: –  “Televiziyada uşaq verilişlərinin səviyyəsindən xəcalət çəkirəm...” – demişdi. Doğrudan da, bütün bu məsələlər hamını narahat etməlidir. Amma məncə, sadəcə yeni əsərlərin yazılması, kitabların çapı çıxış yolu deyil. Qeyri-peşəkarlığın, bayağılığın qarşısını almaq qəlizləşdiyi bir zamanda, söz, mətbuat azadlığının müəyyən “fəsad”lara da gətirib çıxardığı dövrdə bu sahəni də idarə etmək, yönləndirmək çətinləşib. Və ən acınacaqlısı budur ki, dünyanın, Avropa dövlətlərinin hələ indi-indi tətbiq etməyə başladığı metodlar bizdə çoxdan sınaqdan keçirildiyi halda, indi çoxusu unudulub, yerini daha asan, rahat başa gələn, “tez və keyfiyyətsiz” yarlıqlı şoulara, əyləncələrə verib. Və bəlkə də həyəcan təbili çalmağın da zamanı çatıb artıq.

Yay ayları ərzində uşaq ədəbiyyatı, uşaq televiziya və radio verilişləri, kino və cizgi filmləri ilə bağlı kiçik bir araşdırma aparıb gördüm ki, əslində bu sahədə boşluq son illərdə yaranıb. Tarixən, folklorumuzdan başlayaraq lap son dövrlərə kimi uşaqlar üçün, onların sağlam ruhda tərbiyəsi, milli köklərimizə bağlı böyüməsi üçün əsərlər yazılıb, filmlər çəkilib, tamaşalar qoyulub. Professional uşaq ədəbiyyatının yaranması əsasən XX əsrin əvvəllərindən başlanır. Abdulla Şaiqin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin yazdıqları uşaq şeirləri, Süleyman Sani Axundovun, Mirzə Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin və başqa ünlü yazıçılarımızın balacalar üçün hekayələrini bu sahənin təməli hesab etmək olar. Eyni zamanda dünya uşaq ədəbiyyatı nümunələrinin – C.Sviftin, M.Tvenin, J.Vernin, Ç.Dikkensin əsərlərinin hələ sovet dövründə dilimizə çevrilməsini uğurlu addımlardan biri saya bilir. Ötən əsrin 70-80-ci illərində Azərbaycan radiosunda uşaqlar üçün xüsusi verilişlər, radio-tamaşalar hazırlanıb, nağıllar oxunub, radio-oyunlar keçirilib.  “Sehirli xalat”, “Bir qalanın sirri”, “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Qaraca qız” kimi uşaq filmlərini bu gün də böyük maraqla izləyirik. Hələ 1958-ci ildə uşaqlar üçün populyar dərgi – “Göyərçin” çap olunmağa başlayıb. Cırtdan, Təpəgöz, Tıq-tıq xanım kimi cizgi filmləri personajlarının sözləri, ifadələri o dövr uşaqlarının zərb-məsəllərinə çevrilib, leksikonlarına keçib. Elə isə bütün bu nikbin tarix, ənənə varsa, bəs sonra nə olub, nə baş verib?! Əslində elə bir ciddi geriləmə də müşahidə olunmur bəlkə... Uşaq ədəbiyyatı nümunələri indi də yazılır, məsələn, Rafiq Yusifoğlu, Zahid Xəlil uşaqlar üçün şeirlər, kiçik hekayələr yazırlar, “Göyərçin” jurnalı bu gün də elə Rafiq Yusifoğlunun baş redaktorluğu ilə çap olunur, cizgi filmləri də az-çox çəkilir, televiziya verilişləri hazırlanır, Azərbaycan radiosunda da uşaqlar üçün əyləncəli verilişlər var, Oqtay Zülfüqarovun mahnıları televiziyada, radioda indi də səsləndirilir.  Bəs onda şikayətimiz nədəndir, dövlət məmurundan tutmuş sadə bir vətəndaşa, valideynə kimi hər kəsi narahat edən nədir? İlk növbədə peşəkarlıq səviyyəsi, ikinci çağdaş zamanın tələblərinə uyğun olmayan məqamlar.

Bugünlərdə internetdə uşaqlar üçün audio-nağılları dinləyəndə xeyli təəccübləndim. Əlbəttə nağılların varlığına yox, onların necə peşəkarlıqla təqdim olunmasına. Nəcibə Məlikova, Səməndər Rzayev, Leyla Bədirbəyli, Hüseynağa Sadıqov, Məhluqə Sadıqova, Amaliya Pənahova kimi böyük sənətkarların bu nağılları, uşaq hekayələrini necə həvəslə, ruhla, yüksək səviyyədə oxumasını  dinlədikcə düşündüm ki, görünür, bu gün peşəkar, populyar aktyorların bu sahəyə fikir verməməsi də ciddi problemlərdən biridir. Əslində audio-nağılların, radio-tamaşaların Avropa internet məkanında indi-indi dəbə düşməsini, inkişafını fikirləşəndə bir az təəssüfləndim də. Hamıdan əvvəl başladığımız işləri davam və inkişaf etdirə bilməmişik. Əslində bir tərəfdən şounun, qalmaqalın, əyləncənin mətbuatı qabağına qatıb apardığı bir zamanda bu işin sənətkarların özləri üçün də faydası olar. Əgər hər bir sənətçinin arzusu tamaşaçı tərəfindən sevilmək, yadda qalmaqdısa, unudulmamaqdısa, hələ kirlənməmiş, çirkaba batmamamış qəlbləri ovsunlamaqdan gözəl nə ola bilər ki?! Bu məqamda bizim nəsil uşaqlarının sevimli artistlərindən biri – Ələkbər əmi yadıma düşür. Azərbaycanın əməkdar artisti Ələkbər Hüseynovun kinoda, televiziya tamaşalarında ciddi rolları da az deyildi. Amma Azərbaycan televiziyasında Ələkbər əmi kimi apardığı uşaq verilişləri, balacalara qoşulub rəqs etməyi, mahnı oxumağı, viktorinalar təşkil etməyi onu hər evin doğmasına, əzizinə çevirmişdi və bütün xalq onu sadəcə Ələkbər əmi olaraq sevirdi. Yadımdadı, 2007-ci ildə aktyor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişəndə hamımız matəmə batmışdıq, sanki uşaqlıq xatirələrimizin bir parçasını itirirdik. Bunu yaza-yaza düşünürəm, görəsən, bugünki uşaqlar kimləri özlərinə doğma biləcəklər?! Hansı əsər qəhrəmanlarını, hansı personajları? Disneyin qəhrəmanlarınımı?

Fatma xanım Abdullazadə çıxışında bu məsələni də xüsusi vurğulamışdı. Əgər müasir uşaq Disney qəhrəmanlarına, rus cizgi filmi personajlarına maraq göstərirsə, onlarla “doğmalaşırsa”, bu, millət olaraq gələcəyimiz üçün təhlükəlidir. Çünki hər bir millət öz uşaqları üçün, öz dilində ədəbiyyat, kino, cizgi filmi yaradırsa, mətnin, görüntünün, mövzunun alt qatlarında hansısa genetik kodlar gizlədilir. Şübhəsiz, o millətin özünə xas adətlərə, dəyərlərə aid hansısa şifrələşdirilmiş, kodlaşdırılmış eyhamlar olur. Və təəssüflər olsun ki, bu gün azərbaycanlı uşaq əsasən başqa dildə, özgə xalqın məişətini, yaşayış qaydalarını əks etdirən cizgi filminə baxır, bu isə onun yaddaşına hopur, şüuraltına nüfuz edir. Böyüdükcə öz dili, ədəbiyyatı, filmi sadəcə onun “zövqündə” olmur.

Bir il öncə Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Astrid Lindqredin romanı əsasında hazırlanmış “Balaca və damda yaşayan Karlson” pyesini dilimizə çevirməyimi təklif edəndə, qarşıya qoyulan  əsas məsələ bu idi: qəhrəmanların səlis Azərbaycan dilində danışması, leksikonun, sözlərin uşaqların yaşına uyğun seçilməsi. Doğrusu, əsəri çevirməyə başlamazdan əvvəl bu işin nə qədər məsuliyyətli və çətin olduğunu heç təsəvvür də etmirdim. Hətta son ana kimi, bəzi sözləri yerində işlədib-işlətmədiyimi yoxlamaq üçün balaca uşaqlarla danışıb, suallar verirdim. Amma əsərin premyerasında zalda əyləşmiş balacaların hansı sözə necə reaksiya verməsindən, güldükləri, şənləndikləri məqamlardan da çox şeylər öyrənmiş oldum. Dediyim odu ki, uşaq kimi düşünmək, onun istədiyini yazmaq, onu maraqlandırmaq üçün vacib olan balacalarla təmasdı. Elə Gənc Tamaşaçılar Teatrının Bədii Şurasının balaca üzvlərinin müxtəlif məsələlərə münasibətləri, verdikləri suallar da bu mövzu ətrafında xeyli düşündürmüşdü məni. Bu il, yenə Bəhram müəllimin təklifi ilə rus nağılı “Qoğal”ın motivləri əsasında ikipərdəli “Qoğalın sərgüzəştləri” pyesini yazanda həmin sualları, reaksiyaları nəzərə almağa çalışdım. Bir də əsas məsələ nağıl rus nağılı olsa da, rus xarakterlərini, məişət qaydalarını, danışıq tərzini deyil, özümüzü ifadə etmək idi... Elə teatrın da əsas şərti bu idi, pyesin “azərbaycanca” yazılması. Rejissor Nicat Kazımovun özünəməxsus yanaşması – necə deyərlər, uşaqların zəif yerlərini, şən-şux musiqiyə, al-əlvan rənglərə meyllərini bilməsi – nağıl-müziklin meydana gəlməsinə səbəb oldu. Oktyabr ayına nəzərdə tutulmuş premyeranın uğurlu olacağına, uşaqları sevindirəcəyinə inanıram. Yenə də sual oluna bilər ki, bütün bunlar varsa, belə tamaşalar hazırlanırsa, onda narahatlıq, narazılıq nədəndi? Məsələ burasındadı ki, 10-15 il öncə uşaqlar üçün cazibə nöqtələri bu qədər bol deyildi. İndi xaricdən gətirilmiş oyun avtomatları ilə dolu əyləncə mərkəzlərinin, kabel televiziyalarını zəbt etmiş əcnəbi uşaq kanallarının, İnterneti bürümüş video materialların, oyunların bu qədər çox olduğu, hətta idarəolunmaz dərəcədə həyatımıza girdiyi bir zamanda bütün bu işlər, qoyulan tamaşalar, çəkilən tək-tük milli cizgi filmləri, çapdan çıxan azsaylı kitablar itib-batır, kölgədə qalır, rəqabətə dözmür. Bu mənada görünür, uşaqlarla bağlı məsələlərə xüsusi, ciddi yanaşma olmalıdı, hətta bəlkə də bu işlə məşğul olan, bu sahəyə nəzarət edən ayrıca qurum yaradılmalıdır.

Bəlkə də kiminçünsə bu deyilən problemlər adi görünə bilər, problemə baxışımızda mübaliğəyə yol verdiyimizi düşünənlər də tapılar. Ancaq məncə, əksinədi... Çünki əgər bu gün 5-6 yaşında uşağın parkda, adamların içində, həmyaşıdlarının arasında anasına “Sən pis anasan!” – dediyini eşidiriksə, “indiki uşaqlar çox qəliz, çətindilər, pozulublar” – sözləri dilimizdən düşmürsə, uşaqların leksikonuna bayağı, şit ifadələrin düşdüyünü müşahidə ediriksə... bütün bunlara soyuqqanlı yanaşmaq olarmı?

Bu yerdə yenə Fatma xanım Abdullazadənin çıxışını xatırlayıb məsələni televiziyaların üzərinə  gətirmək istəyirəm. Əslində, elə “sən pis anasan” yaxud başqa bu kimi ittihamlar müasir uşağın dilinə televiziyadan düşür. Amerikan üçün uşağın  “haqqını” tələb etməsi, yaxud “sərbəstliyindən” ötrü bir yeniyetmənin üsyan qaldırması adi,  normal bir həyat hadisəsidi, bəzən hətta sevindiricidi. Bizdən ötrü isə bu, dəyərlərimizin itməsidi, xalqımıza xas üstünlüklərin – böyüklərə sayğı, yerini bilmək kimi keyfiyyətlərin silinməsidi. Ona görə uşaq hələ lap erkən yaşından o kanallara baxıb əcnəbi üçün adi sayılan nələrisə müşahidə edirsə, o cür böyüyür, baxışı o ruhda formalaşır. Və ən pisi də odu ki, alternativ yoxdu. Məsələn, Türkiyədə bu məsələyə yanaşma çox ciddidi. Türklərin məşhur “Yumurcak TV” kanalı iyirmi dörd saat yalnız uşaqlar üçün çalışır. Bir neçə dəfə təsadüfən, maraq üçün bu kanalın verilişlərinə, cizgi filmlərinə baxmışam. Hər şeydən öncə kanalda bütün verilişlərin, filmlərin təmiz türkcə olması uşaqların danışıq qabiliyyətinə təsir edir. Buna görə 2008-ci ildə Abdulla Gül “Yumurcak TV”ni “Doğru və gözəl Türkcə kullanımından dolayı” ödüllə də təltif edib.  Bundan əlavə amerikan, rus və Avropa uşaq telekanallarından fərqli olaraq, burada balacaların psixikasına pis təsir edən, onların uşaq dünyalarını zədələyən, mənən sarsıdan, qorxudan görüntülərə qətiyyən yol verilmir. Və elə bu kanalın prinsiplərini, yanaşmasını, təcrübəsini öyrənərək bizdə də belə televiziya kanalı yaratmaq olmazmı?  Elə bir kanal ki, uşağının televizor qarşısında oturmasından, baxdığı verilişlərin səviyyəsindən valideyn qətiyyən narahatlıq keçirməsin. Yaxud bu günümüzdə FM radiolarda tıxacları, hansı yolların bağlı olacağını xəbər verən proqramların varlığı zamanın tələbidisə, dövrün başqa tələblərini də nəzərə almağa ehtiyac yoxdumu? Məsələn, uşaqlar üçün radio-tamaşaların hazırlanması, audio-nağılların yazılması və s.

Əslində, bu yollarla bir çox başqa problemli gördüyümüz məsələlər də həllini tapmış olacaq. Uşaq ədəbiyyatının inkişafı, müasir nəsildə oxu vərdişlərinin lap erkən yaşlarından yaradılması, mütaliəyə, kitaba meyilli nəslin yetişdirilməsi üçün son dərəcə vacibdir. Uşaq kinosu, teatrı, cizgi filmlərinin çəkilməsinə, qoyulmasına xüsusi diqqət isə daha önəmlidir. Əslində bu yolla çağdaş nəslin milli musiqimizə də marağını artırmaq olar. Məsələn, öz uşaqlığımızdan xatırlayıram ki, hələ Sovet dövründə məşhur cizgi filmlərində, kinolarda istifadə edilən musiqilərin ciddi, peşəkar, dahi bəstəkarların qələmindən çıxdığını bilmirdik, amma o melodiyalar uşaq yaddaşımıza həkk olunurdu. Bir növ lap balaca vaxtından bu bəstəkarların musiqiləri ilə “isnişirdik”. Böyüdükcə o bəstəkarın başqa, deyək ki, daha qəliz melodiyalarını, əsərlərini dinləyəndə bu bizə yad gəlmirdi. Məncə, bu gün sevdiyim, dinlədiyim bir çox bəstəkarların musiqilərinə sevgimin təməli uşaqlığımda qoyulub. Bu mənada musiqi zövqünün formalaşmasında da cizgi filmlərindən, uşaq kinolarından istifadə lazımi effekt verər. Məsələn, uşaq hansısa sevdiyi filmin melodiyası kimi Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun musiqisini yaddaşında saxlasa, hələ üstəlik bu melodiyalar gələcəkdə onun qayğısız günlərini xatirinə gətirsə, nə qədər gözəl olar, deyilmi?! Həm Üzeyir Hacıbəyli musiqisini uşaq yaşından qavramış olursan, həm də gözəl günlərin belə dahiyanə musiqilərlə bağlı assosiasiyalar yaradır. Təəssüf ki, Sovet uşaqları bütün bu “imtiyazlardan” məhrum idilər. Amma indi, qarşımızı kəsən yoxdu, özümüzü yaxşı mənada öyməyə, uşaqlarımıza doya-doya özümüzdən, adətlərimizdən, milli-mentalitetimizdən danışmağa kim bizə mane ola bilər?! Bunun üçün bütün imkanlarımız var, bu işə lazımi qədər vəsaitlər ayrıla bilər, istedadlı, kreativ gənclər yetərincədir və onları bu sahəyə cəlb etmək mümkündü. Ən əsası qürurla təbliğ ediləsi tariximiz, ədəbiyyatımız, incəsənətimiz var. Sadəcə bütün bunları müasir, çağdaş uşağı maraqlandıracaq şəkildə təqdim etmək lazımdı. Bəzən müəyyən məsələlərdə göstərdiyimiz biganəlik burda olmaz...  Hər kəs bacardığını əsirgəməməlidi... Uşaqlarımızdan ötrü, gələcəyimiz üçün!

... Göydən üç alma düşdü... Yeri gəlmişkən, nağıllarımızın sonunda işlənən bu ifadənin, xəbərin özü də millətimizin səxavətinin, əliaçıqlığının daha bir nümunəsidir. Amma mənim nağılımın sonunda göydən üç alma düşməyəcək. Çünki nağıllarımızdan fərqli olaraq bu essemi nikbin sonluqla bitirə bilmirəm ki sevincək olub sizləri almalara da qonaq edim... Bütün məqalə boyu yazılan problemlər öz həllini gözləyir, göydən enməyini gözləyən almalar kimi! 

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 6 sentyabr.- S.20-21.