Bir dəfə Moskvada
Həyatımda
ilk dəfə idi ki, Moskvada olurdum. Nəinki Moskvada, heç
Rusiyanın digər şəhərlərini də görməmişəm. Bir vaxtlar vətənim
saydığım SSRİ-nin paytaxtını daha çox
kriminal hadisələri, skinxedləri, tıxacları ilə məşhur
olan şəhər kimi tanıdığımdan nə vaxtsa
oraya gedəcəyimi, Kremli, Moskva çayını, Lenin
“baba”nı görəcəyimi ağlıma belə gətirmirdim.
Ondansa, Avropanın hansısa kiçik qəsəbəsində
olmaq mənə daha maraqlı gəlirdi. Yanılmışam.
Bakıda
istidən qovrulduğumuz bir vaxtda Moskvada artıq
payızdır. Ağlım kəsəndən payıza nifrət
eləmişəm. Moskvada isə ilk dəfə payıza
vuruldum. Bu şəhərdə soyuq və
yağışlı havanın başqa yeri var. Azərbaycan əhalisinin
bəlkə də yarısı nə vaxtsa Moskvada olub, ora
haqqında məndən qat-qat artıq informasiyaya malikdir.
Bü üzdən şəhər haqqında nəsə məlumat
verməyi yersiz hesab edirəm. Təkcə onu deyə bilərəm
ki, şəhər həqiqətən gözəldir, möhtəşəmdir.
Ən çox da təəccübümə səbəb olan
məqam şəhərin yaşıllıqlar içində
itib-batmasıdır.
Moskvanın
tərifi
Bir
şeyin məzmununu, mahiyyətini, əsas xüsusiyyətlərini
qısa şəkildə ifadə edən formula tərif
deyilir. Bunu hələ orta məktəb dərsliyində
keçmişik. Moskvada olduğum müddətdə
özüm üçün bu
şəhərin tərifini “kəşf” etdim. Düzdür,
bir qədər əndazəni aşdım. Yəni, tərif
qısa alınmadı. Hər halda... Kremli, Mavzoleyi, Moskva
çayı və digər görməli yerləri ilə məşhurlaşan,
tıxacları ilə ad çıxaran, səliqəli və
təmiz küçələrində siqnal səsləri
eşidilməyən, avtomobillərdən küçəyə
zibil atılmayan, kiminsə geyiminə və “qeyri-adi” hərəkətlərinə
fikir verilməyən, hələ də trolleybus, tramvay və
“elektriçka”ları olan, metro və avtobuslarda telefonla oynamaq
əvəzinə kitab oxunan, köhnə sovet avtomobillərinin
görünmədiyi... 12 milyona yaxın əhalisi, 2 min 510 min
kv.km ərazisi, 867 yaşı olan qeyri-adi şəhərə
Moskva deyilir.
Heç
Moskvaya 2 günlük səfərimin
məqsədi haqqında danışmadım. Rusiyanın
paytaxtına futbol üzrə Azərbaycan yığma
komandasının Rusiya millisi ilə yoldaşlıq
görüşü ilə əlaqədar getmişdim. Səfər
AFFA-nın təşkilatçılığı ilə
baş tutmuşdu və bəri başdan assosiasiya rəhbərliyinə
təşəkkürümü bildirim ki, sonradan yaddan
çıxar, yaxşı alınmaz. Səfərin ilk günü o qədər
də maraqlı olmadı. Yol yorğunluğu və soyuq hava
şəhəri gəzməyə imkan vermədi. Əvəzində
yığmamızın baş məşqçisi Berti Foqtsun
mətbuat konfransı gözləniləndən xeyli maraqlı keçdi. Alman
mütəxəssis ruslarla baş tutacaq oyunda meydana ancaq qələbə
üçün çıxacaqlarını dedi. Zarafat deyil,
indiyə kimi bu ölkənin millisi ilə 4 dəfə
qarşılaşmışıq və onların 2-də oyun
heç-heçə başa çatıb. Digər 2 oyunda isə
ruslar yığmamıza çətinliklə qalib gəlmişdilər.
Bir sözlə, Azərbaycan Rusiya üçün asan rəqib
deyildi. Məhz buna görə Foqtsun bu açıqlamasına
inanmaq istəyirdik.
Səfərin
2-ci günü xeyli boş vaxtımız olduğundan həmkarım,
Lider TV-dən yaxşı tanıdığımız,
hazırda CBC kanalında çalışan Şəmsəddin
Abbasovla şəhəri gəzməyə çıxdıq.
Yeri gəlmişkən, Şəmsəddin istedadlı
jurnalist olduğu qədər də yaxşı yol
yoldaşıdır. Onunla, ilk gedəcəyimiz ünvan hələ
Bakıda olarkən planlaşdırdığımız
Qızıl Meydan idi. Kremli, Moskva çayını, sovet
vaxtından məşhur olan QUM-u görə bilsək də,
Mavzoleydə olmaq, Lenin “baba”ya baş çəkmək istəyimiz
ürəyimizdə qaldı. Buna da səbəb həmin
gün Qızıl Meydanda Moskvanın təməlinin
qoyulmasının ildönümü münasibətilə
keçiriləcək konsert proqramına hazırlıq
işlərinin aparılması idi. Məlum oldu ki, hər il
sentyabrın ilk şənbə günü bütün şəhər bu
bayramı təmtəraqlı şəkildə qeyd edir. İlk dəfə “şəhər
günü” 1847-ci il aprelin 4-də (bəzi mənbələrdə
yanvarın 1-də – İ.T.) mitropolit Filaret,
yazıçı Konstantin Aksakov və şəhərin o
vaxtkı general-qubernatoru Aleksey Şerbatovun təşəbbüsü
ilə Moskvanın yaranmasının 700 illiyi ilə əlaqədar
təşkil edilib və düz 100 il göstərilən
tarixdə qeyd olunub. Moskvanın 800 illiyində Stalinin qərarı
ilə bayram tədbirinin tarixi
bayaq da qeyd etdiyim kimi, sentyabrın ilk şənbə
gününə dəyişdirilib və günümüzə
kimi keçirilir.
Gəldi
oyun zamanı...
Nəhayət,
ruslarla oyunun vaxtı gəlib çatdı.
Qarşılaşma “Ximki” stadionunda keçirilirdi. Bu arena 18
min tamaşaçı tutumuna malik olsa da, oyunu izləməyə
cəmi 3500 azarkeş təşrif buyurmuşdu. Bilmirəm,
buna rusların 2 ay əvvəl
başa çatmış son mundialda
qrupda qalmaları və ya yığmamızla oyunun
maraqsız olması səbəb idi. Amma fakt budur ki,
azarkeşlər az qala antirekorda imza atacaqdılar. Rusiya
millisinin tarixində ən az tamaşaçı 1992-ci ildə
keçirilən Rusiya – Lüksemburq matçında olub – 3
min azarkeş. Demə, bizim kimi onlar da azarkeş
baxımından problem yaşayırlar. Hətta oyundan sonra
Rusiya millisinin baş baş məşqçisi Fabio Kapello bu
problemlə təkcə millinin yox, klubların da üzləşdiklərini
söylədi. Kapellodan söz düşmüşkən,
qarşılaşma başa çatdıqdan sonra
komandamızın futbolçularının soyunub-geyinmə
otağından çıxmasını gözləyirdim. Bu məqamda
Kapellonun mənə yaxınlaşaraq hirslə əlimdə
olan matçın proqramını isətəməsindən
çaş-baş düşdüm. Görəsən, nə
olmuşdu? Kapello tərcüməçisinə proqramdakı
şəklini göstərərək yüksək tonda nəsə
deyirdi. Cangüdənindən nə baş verdiyini
soruşduqda, don Fabionun proqramdakı şəkildə
yaxşı düşmədiyini və bu haqda RFF-nin prezidentinə
şikayət edəcəyini dedi. Adama deyən
lazımdır, necə varsan, elə də düşmüsən.
Foqtsa
şükür!
Bir qədər
oyun haqda. Oyun başlamamış Berti Foqtsun meydana
buraxdığı ilk 11-liyə nəzər saldıqda bir
gün əvvəl onun mətbuat konfransında qələbə
üçün meydana çıxacaqlarını deməsinə
inam qalmadı. Start heyətində Mahir Şükürovun
yerinə İlkin Qırtımovun (matçdan sonra rus
kanallarının birində aparıcının İlkin
haqqında söylədikləri fikirləri kaş eşitməyəydim),
Bədavi Hüseynovun yerinə Rasim Ramaldanovun olması fikrimcə,
yanlış addım idi. Üstəlik, Bədavinin həmişə
öyrəşdiyimiz dayaq yarımmüdafiəçisi yerinə
müdafiənin önündə Ruslan Abışovla yan-yana
oynamasını da düzgün hesab etmirəm. Milliləşdirilmiş
qeyri-azərbaycanlılar da öz yerində. Ümumiyyətlə,
həmişə millidə yerli futbolçuların
çıxış etməsinin tərəfdarı
olmuşam. Nə qədər ki legionerlər əsas
komandamızda forma geyinəcəklər, Azərbaycanın
milli yox, yığma komandası olacaq. Doğrudur, 2-ci hissənin
ortalarında məndə axır ki, neçə illər
sonra meydanda Azərbaycan millisini görmək ümidi
yaranmışdı. Son dəyişikliyə əl atan Foqts
meydana Araz Abdullayevi buraxanda. Düşünürdüm ki,
Araz bu yaxınlarda milliləşdirilmiş Dmitri Nazarovu əvəzləyəcək
və illər sonra meydanda ilk dəfə 11 azərbaycanlı
futbolçu olacaq. Axır ki, komandamız haqqında “milli”
sözündən istifadə edəcəm. Çifayda. Foqts
Dimanı meydanda saxladı. Həm özbəklərlə, həm
də ruslarla oyunda heç nə ilə yadda qalmayan Nazarovun 90
dəqiqə meydanda olması da Foqtsun qeyri-adi qərarlarından
biridir.
Matçdan
sonra
Oyun
haqqında uzun-uzadı yazıb qanınızı qaraltmaq isməmirəm.
Onsuz da nəticədən və yığmamızın
çıxışından xəbərdarsınız. Amma
matçsonrası keçirilən mətbuat konfransında
Foqstun verdiyi bəzi açıqlamalara toxunacam. Komandamızın
bu hesabla məğlub olacağını gözləmədiyini
deyən Berti Foqts əvvəlcə Bədavi Hüseynovun ona
tanış olmayan mövqedə oynamasına münasibət
bildirdi. Onun sözlərinə görə bu, bir eksperimant idi
və yoldaşlıq oyunları da məhz belə eksperimentlər
üçün nəzərdə tutulub. İlkin
Qırtımovun çıxışına gəlincə,
onunla yanaşı digərlərinin də oyunlarından
razı qalmadığını bildirən mütəxəssis
artıq Rusiya ilə oyuna kimi sentyabrın 9-da Bolqarıstanla
baş tutacaq matçda meydana çıxacaq start heyətində
kimlərin olacağını müəyyən etdiyini
söylədi. Alman mütəxəssis bolqarlara qalib gələcəklərinə
inandığını və
Avropa çempionatının final mərhələsinə
düşə biləcək gücdə olduqlarını deməyi
də unutmadı. Necə ki, ruslarla oyundan əvvəl bu
sözləri söyləmişdi. Nə deyirəm? Allah
ağzınızdan eşitsin, cənab Foqts! Bəndənizin
Dimitri Nazarovla bağlı “Dimitri Nazarovu artıq
yığmanın əsas heyət oyunçusu hesab edirsinizmi”
sualına isə Foqts konkret cavab bildirmədi. Azərbaycanla
düz-əməlli bağlılığı olmayan bu
futbolçunun hansı keyfiyyətlərinə görə
Foqtsun sevimlisi olduğu hələ də mənə
qaranlıq qalır.
İki günlük Moskva səfərində baş verən maraqlı hadisələr bunlar idi. İstədiyimdən az, elə gözlədiyim qədər. Əsas odur ki, Moskva haqqında formalaşan fikrimin səhv olduğunun fərqinə vardım. Yığmamız üçün isə əsas Bolqarıstanla oyundu. Ruslara məğlub olsaq da olar. Onsuz da birinci dəfə deyil ki.
İlqar TAĞIYEV
Bakı-Moskva-Bakı “Het-trik news” qəzeti
525-ci qəzet.-
2014.- 6 sentyabr.- S.15.