Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yerirolu

 

(əvvəli 5 sentyabr sayımızda)

 Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri  Naxçıvanın təkcə Azərbaycanın deyil, ümumən dünyanın  ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Naxçıvanı Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib. Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımızın yaşayıb-yaratdığını təsdiqləyir. Naxçıvan  tarixi-mədəni abidələri ilə yanaşı həm tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da onu göstərir ki, Naxçıvan həm maddi-mədəni, həm mənəvi baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə yazılarımızda sözügedən regionun məşhur maddi-mədəni abidələri tarixi şəxsiyyətləri haqqında ayrılıqda bəhs edəcəyik. Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq, burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i memarlıq, 31-i monumental sənət, 36-sı tarixi, 7-si təbiət abidələri, 140-ı ziyarətgahlardır.

Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən Əlincəçay xanəgahı orta əsrlərə aid memarlıq kompleksidir. El arasında Şeyx Xorasan adlanan kompleksdən zəmanəmizədək türbə, məscid bəzi tikililərin qalıqları gəlib çatmışdır. Kompleksə daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa edilib. Kitabənin son hissəsi ovulub töküldüyü üçün onun inşa tarixini dəqiq təyin etmək mümkün olmayıb. Ancaq memarlıq-konstruktiv quruluşuna görə onu XII-XIII əsrlərə aid etmək olar. Türbənin içərisində bir qəbir var. Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn edildiyi məlum deyil. Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn ediblər. Xanəgahın ətrafında bərpa işləri aparılarkən torpağın altından 1444-1445-ci, 1491-1492-ci, 1493-cü illərə aid məzar kitabələri aşkarlanıb. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət zikr yeri olub. Epiqrafik dəlillərə əsasən aydın olur ki, xanəgah XVIII əsrdə fəaliyyət göstərib onun üzvləri buradan öz ideyalarını yayıblar.

Naxçıvanın orta əsrlərdə tikilmiş abidəsi Qarabağlar türbəsi Kəngərli rayonunun Qarabağlar kəndindədir. Türbə memarlıq kompleksinə daxildir. Memarlıq kompleksinə daxil olan türbədən başqa burada qoşa minarə və onların arasında yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir. 1928-ci ildə "Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti"nin elmi katibi M. Mirheydərzadə qoşa minarəli baştağın kitabəsində ərəb dilində bu sözlərin yazıldığını müəyyənləşdirib: "Allahın bu nişanəsi türkman Quti xatındır". Sərdabə və yerüstü hissədən ibarət Qarabağlar türbəsində qülləvarı türbələrin əsas xüsusiyyətləri əks olunub. Qarabağlar türbəsinin səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilib. Kitabələrin mətni şaquli qoyulmuş firuzeyi kaşılı kərpiclərdən və üfüqi düzülmüş kaşısız qırmızı kərpiclərdən tərtib olunub və kərpic vasitəsilə düzəldilən dəfələrlə təkrarlanan rombların içərisində yazılan "lə iləhə illəllah Məhəmmədən Rəsulullah" (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur!) kəlamlarından ibarətdir. Bu isə müəyyən qədər 1322-ci il Bərdə türbəsinin ornamentli kitabəsini xatırladır. Türbənin yuxarısındakı kitabə qurşağı nəsx xətti ilə işlənib. Yerliyi göy kaşıdan olan kitabə hərflərlə yazılıb. Qarabağlar türbəsinin konus şəklində olmuş yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından türbənin tarixini dəqiq təyin etmək mümkün deyil. Lakin bütün tədqiqatlar türbənin XIV əsrin əvvəllərində tikildiyini göstərir. Qarabağlar türbəsi ilə Bərdə türbəsinin oxşarlığına və hər ikisinin XIV əsrin əvvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq məktəbinə aid olduğu, hətta Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi, Bərdə türbəsinin müəllifi Əhməd Əyyub oğlu Hafiz Naxçıvani tərəfindən inşa edildiyi ehtimal edilir.

Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə VIII-XII əsrə aid edilən memarlıq abidələrindən biriNuh türbəsidir.  K. A. Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsində Həzrəti Nuh peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunub: "Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilib. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olub, sonra uçub 2,5 m. dağılıb. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılıb.Səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulub". V. M. Sısoyev əsərində "Nuhun türbəsi" haqqında məlumat verərkən sərdabənin tərəfləri 2,5 m olan səkkizguşəli prizma şəklində olduğunu qeyd edib. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib.

Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var. Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunub, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salıb. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlı qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapıb. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ. Şopen, Dyubua-de Monpere, K. A. Nikitin, V. M. Sısoyev və digər tədqiqatçılar məlumat veriblər.  XIX əsrin 80-ci illərində Naxçıvan şəhərində yaşayıb, pedoqoji fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A. Nikitin (1832-1894) yerli əhalinin köməyi ilə Nuh peyğəmbərin bu qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya alıb və onun buradakı məzarının yerini müəyyənləşdirib. Nikitin 1882-ci ildə "Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar" məcmuəsində çap olunmuş "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsində bu barədə müfəssəl məlumatlar verib: "...Bundan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunub. Hələ indionun buradakı məzarı və türbəsinin yerini göstərirlər. Hətta Nuhun Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti xalq arasında dolaşan rəvayətlərdə indi də saxlanılmaqdadır. Guya ki, o, burada ilk çalışanlardan olub... O, öz ailəsi ilə burada qərar tutub və gələcək şəhərin əsasını qoyub. Naxçıvan şəhərinin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlib... Rəvayətlərə görə insan nəsli buradan yayılıb"." Nuhun gəmisinin qalıqlarının Gəmiqayada olması barədə ehtimallar və rəvayətlər indi də yaşamaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıb.

 

(ardı var)

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 9 sentyabr.- S.6.