"Ehsan anlayışını yasla məhdudlaşdırmaq olmaz"

 

Müsahibimiz tanınmış ərəbşünas alim, 10 ildən artıq Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi işləmiş dosent İdris Abbasovdur.

 

 

- İdris müəllim, son günlər ölkədə mərasimlərin, xüsusən yas məclislərinin keçirilməsinin tənzimlənməsi yönündə atılan addımlar "ehsan" və "israf" məfhumlarının aktuallaşmasına səbəb olub və bunların aydın şərhinə ehtiyac yaranıb. Bu barədə fikirlərinizi bilmək istərdik.

- "Ehsan" ərəb dilində "hüsn" kökündən törəyib. Əsas dini-terminoloji mənası "başqasına yaxşılıq etmək", "etdiyi işi gözəl etmək" və sairədir. Hz.Əli (ə.s.): "İnsanlar işlərini ehsanla etdiklərinə görə dəyər qazanırlar" deyərkən bunu nəzərdə tutmuşdur. Allahın hər şeyi ehsanla yaratdığını əks etdirən ayədə "ehsan" istilahı məhz "gözəllik" mənasındadır. Allahın hər şeyi ehsanla yaratdığını əks etdirən ayədə "ehsan" istilahı məhz "gözəllik" mənasındadır (əs-Səcdə, 32/7). Əxlaq ədəbiyyatında ehsan, ümumiyyətlə, "daha çox yaxşılıq etmək" mənasında işlədilir. Ehsan ədalətin fövqündə dayanan bir dərəcədir. Ədalət - üzərinə düşən borcu ödəmək, alacağını almaqdırsa, ehsan -  öhdəsinə düşəni artıqlaması ilə ödəmək, alacağı şeyin isə daha azını almaqdır. Qısaca olaraq, deyim ki, ayə və hədislərin işığında insana aid edilən "ehsan" termini iki mənada anlaşılır. Birinci məna "etdiyini gözəl etmək". Bu zaman qul Allaha qarşı dərin sevgi, bağlılıq və itaət ruhu hiss edir. İkinci mənada ehsan insanın, başda ata-ana olmaqla, digər insanlara qarşı sevgi və mərhəmətlə davranışını ifadə edir. Yenə bir Quran ayəsinə müraciət edək: "Onlar bolluqda da, qıtlıqda da Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları əfv edərlər. Allah yaxşılıq edənləri sevər..."(Ali-İmran, 3/134). Eyni zamanda ifratçılıqdan qaçma, qətilik, cəsarət, gözütoxluq və comərdlik də ehsan məfhumunun əhatə etdiyi fəzilətlərdəndir. Təfsir kitabları ilə yanaşı əxlaq və təsəvvüf kitablarında da ehsan məfhumu üzərində dayanılmışdır. Hətta müxtəlif ayə və hədislərdə ehsanla ixlaskarlıq və təqva terminləri arasında semantik bir bağlılığın olduğunu görürük. "Şübhəsiz, Allah ədaləti və ehsanı əmr edir..." (ən-Nəhl, 16/90) ayəsi yaxşılıq və pislik mövzusunda Quranın ən əhatəli ayəsi hesab olunur. Sözlükdə "həddi aşmaq, cahil olmaq, yanılmaq" kimi anlamlara gələn "israf" dini bir termin olaraq, insanın sahib olduğu nemətləri, mal və imkanları şəriətə uyğun olmayan məqsədlər üçün xərcləyərək dağıtmağı ifadə edir. İfrat inanc və davranışlar üçün də israf sözü işlədilmişdir. İsraf edən kəsə "müsrif" deyilir. İslam israfçılığı qadağan etməklə xüsusi mülkiyyət haqqına hədd qoymuşdur. Sərvət kimin olursa olsun, bu sərvətdə cəmiyyətin haqqı vardır. Məhz bu prinsipdən çıxış edən İslam israfçılığı qəti surətdə qınayır.

 - İdris müəllim, ayə və hədislərə istinadən ehsanı yaxşılıq etmək, fədakarlıq və fəzilətin yüksək səviyyəsi kimi izah etdiniz. Yəni insanların daxilində daim başqalarına yaxşılıq etmək istəyi vardır. Belə anlaşılır ki, ehsan təkcə yasla məhdudlaşmır. Yasda yüksək israfçılıqla müşayiət olunan ehsan süfrələrinin açılmasına islami baxış necədir?

 - Bəli, ehsan anlayışını təkcə yasla məhdudlaşdırmaq olmaz.Gördüyümüz kimi, ehsanın nə linqvistik, nə də dini-terminoloji mənaları bu gün yas mərasimlərində tətbiq etdiyimiz "ehsan"la uyğun gəlir. Bu, sadəcə, yas sahiblərinin başsağlığına gələnlərə ifrat ehtiramından qaynaqlanıb və zaman-zaman ənənə halını alıb. Halbuki rəhmətə getmiş insanın dəfni üçün lazım olanları yerinə yetirmək, hüzn sahiblərinə təsəlli və təskinlik vermək dinimizin tövsiyə və təşviq etdiyi yaxşı əməllərdəndir. Rəhmətə getmiş şəxsin yaxınlarının əziyyətə salınması, borc-xərc etməsi, yaxud israfçılığa yuvarlanması heç bir islami hədəqəyə sığan davranış deyildir. Ayrı-ayrı hallarda bu ənənənin cəmiyyətdə xüsusi "ehsançılar" təbəqəsini (ehsan yemək üçün kiminsə vəfatını gözləyənlər) ortaya çıxarması nəinki islami ədəbə, hətta ən kiçicik humanist prinsiplərə belə uyğun gəlmir. Yaxud birinə ehsan - yaxşılıq etmək üçün gözləməliyik ki, hansısa yaxınımız rəhmətə getsin? Və ya ehsan yasda verilən o yeməklə məhdudlaşır? Məsələn, imkanlı bir şəxsin imkansızlara kömək etməsi, kimsəsizlərə əl tutması, insanların, ölkəsinin güzəranı, rifahı üçün atılan hər bir addım əsl ehsan deyildirmi?!

- İslamda, yenicə dünyasını dəyişmiş şəxsin yaxınlarının ehsan süfrələri açmaq öhdəliyi və xüsusi ehsan menyusu varmı?

- Yaxını dünyasını dəyişmiş şəxs dərd, kədər və hüzn içində olur. Onsuz da o, ən hüznlü anlarını yaşayır. Bir insanın ağır günündə nə edərlər? Əlbəttə, kömək. Bax, dinimizin də bizə tövsiyə etdiyi budur. Yəni qonum-qonşu, dost-tanış, qohum-əqrəba yığışıb dəfni təşkil edir. Mərhumun yaxınlarına yemək hazırlanır, onlara ürək-dirək verilir... Əslində, yas mərasiminin məğzi və mahiyyəti dəfn mərasimi ilə sona çatır. Dəfndən sonra bəzi yaxınların birneçə gün yas sahiblərinin yanında qalaraq onlara mənəvi dəstək olmaları, el dili ilə desək, onları yasdan çıxarmaları bəyəniləsi davranışlardır. Hər şeyin öz axarı ilə davam etməsinə çalışılır və tez bir zamanda yas düşən evdə həyat öz təbii ahənginə qayıdır. Yaxınını itirmiş şəxslərin "ehsan" süfrələri açmaqda yarışması, israfçılıq və ifratçılıq etməsi İslam ədəb-ərkanına ziddir. Yəni İslamda belə bir qayda yoxdur və bu kimi davranışlar xoş qarşılanmır. Qeyd etdiyimiz kimi, istər zəngin, istərsə də kasıb olsun, ehsanı yas sahiblərinin camaata yeyib-içmək məclisləri hazırlatması şəklində qavramaq yanlışdır. Ehsanı hər gün, hər saat, hər an istənilən zamanda və məkanda etmək olar. Ehsan məfhumunu daraldıb yas sahiblərinin yemək-içmək süfrələri açmaq öhdəliyi ilə dəyərləndirmək olmaz. Xüsusi ehsan menüsü deyilən bir şey yoxdur. Zamanından və yerindən asılı olmayaraq hər bir insanın ehtiyacı olduğu təqdirdə lazımi qida qəbul etməsi təbiidir. Bütün hallarda Allah israfçıları sevmir.

- Ehsan süfrələri açmaqda rəqabətə girənləri bu yoldan necə çəkindirmək olar? Axı ortada ənənənin sərt qınağı vardır. Necə düşünürsünüz?

- Şübhəsiz ki, oturuşmuş ənənələrin asanlıqla ləğv edilməsi çətindir. Bu mənada yasda təmtəraqlı ehsan süfrələrinin açılmasında rəqabətə girənləri bu yoldan döndərmək üçün onların özünə müəyyən köməkliklər edilməlidir. Düzdür, hətta imkansız yas sahibi ənənənin amansız qınağından çəkinərək borca düşüb ehsan verir və bu vəziyyət onun psixoloji sarsıntılar keçirməsinə səbəb olur. Necə deyərlər, "qəşəng" ehsan verməsə, adam içinə çıxmağa xəcalət çəkəcək. Bu xəcalətdəndirsə, borc edib sarsıntılar keçirməyi üstün tutur. Problemdən xilas olmağın mükəmməl yolu maarifləndirmə, təbliğat və təşviqat işlərinin düzgün qurulması, yas məclislərini idarə edən ruhanilərin və din xadimlərinin öz vəzifələrini və məsuliyyətlərini dürüst anlamalarıdır. Misal üçün, yasda dəbdəbəli ehsan verməmək "məsuliyyəti"ni öz üzərinə götürən din xadimi şəri əsaslandırmalarla müsbət bir addım imza atmış olar. Mütərəqqi din xadimləri və ziyalılar öz intellektual imkanlarından istifadə etməli, insanları yanlış yoldan çəkindirməyin sivil yollarını tapmalıdırlar. Naxçıvandakı iş təcrübəmdən deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasında yas mərasimlərinin islami və humanist qayda-qanunlara uyğun yola verilməsi əhalinin öz istəyi olmaqla yanaşı, muxtar respublika rəhbərliyinin dövlətçilik və xalqın rifahı naminə istənilən mütərəqqi addımı dəstəkləməsi ilə bağlı olub. İsrafçılığın qarşısını almaq barədə qərara gəlincə, hələ 7-8 il bundan qabaq Naxçıvanda İslam Dini İcmalar Birliyinin yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı təşəbbüsü yerli rəhbərlik tərəfindən müsbət qarşılandı və əhali tərəfindən minnətdarlıqla qəbul olundu. O zaman bəzi KİV-lər tərəfindən haqsız tənqidlərə məruz qalsaq da, bu günkü hadisələr bir daha göstərdi ki, dövlətçilik maraqlarının hər şeyin fövqündə dayandığı Naxçıvanda vətəndaşların mənafeyinə uyğun məsələlərin sivil yolla həllini tapması təbiidir. Bu kimi sosial yönümlü məsələlərin pozitiv həllini tapması Naxçıvan Muxtar Respublikasında səriştəli idarəçilikdən, din-dövlət münasibətlərinin düzgün tənzimlənməsindən, ağla və məntiqə söykənən maarifçilikdən, xalqın və dövlətin maraqlarının üst-üstə düşməsindən irəli gəlir.

CEYHUN

525-ci qəzet.- 2014.- 9 sentyabr.- S.4.