Mehriban Zeynalova:"Ailə
münasibətlərində qalib olmamalıdır"
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın "525"ə müsahibəsi
- Mehriban
xanım, son illər Azərbaycanda ailə-məişət zəminində
zorakılıq halları çoxalıb. Bunun əsl
səbəbləri barədə də müxtəlif fikirlər
yürüdülür. Sizcə,
başlıca səbəblər hansılardır?
- Problem həqiqətən
olduqca kəskin forma alıb. Bir
çoxlarının rəyinə görə, Azərbaycan
ailəsində həmişə zorakılıq mövcud olub.
Bu fikirlə o qədər də razı deyiləm.
Əslində, Azərbaycan ailəsi patriarxal ailə
modeli ilə idarə olunaraq, ailədə hər kəsin
öz rolları müəyyən edildiyindən qeyd olunan
zorakılıq halları indiki formada deyildi. Əgər
biz ölüm halları ilə bağlı 25 il
əvvələ baxsaq, o halda ailədə qadınların
öldürülməsi faktının indiki ilə müqayisəsi
əlçatmazdır. Kişinin ailədə
nüfuzu və rolu, o cümlədən, qadının ailədəki
rolu balanslı şəkildə bölünərək ailə
idarəçiliyində tarazlanıb. Bu
gün ailədə idarəçilik uğrunda mübarizə
ailə modelinin iflasına gətirib çıxarır.
Əvvəlki idarəçilik yoxdur və
yenisi isə formalaşmayıb. Burada
nüfuz məsələsi önəmli məsələdir.
Nüfuz ailənin idarə olunması və tərəflərin
bir-birinə qarşı münasibətlərini
formalaşdıran çox vacib amildir. Lakin
hazırda ailə quran şəxslər
qarşısındakına nüfuz sahibi kimi baxa bilmir. Ailə üzvlərinin cəmiyyətdə bir-birini
şəxsiyyət kimi təqdim edə bilməməsi ailə
münasibətlərinə ciddi zərər vurur.
Baş verən hadisələrin iqtisadi amillə
bağlanması da absurddur. Hesab etmirəm ki, ailədə
zorakılığın artması iqtisadi amillə
bağlıdır. Burada əsas amil
sosial-psixoloji faktordur. Kütləvi
deqradasiya səbəb olan filmlər, axmaq teleşoular ailə
münasibətlərinə ciddi zərər vurur. Ailədə abır, ismət, həya kimi vacib
psixoloji amillər yoxa çıxıb. Daha çox kim qışqırırsa, o, qalib hesab olunur. Ailə münasibətlərində qalib
olmamalıdır. Ailə münasibətlərində
qarşılıqlı hörmət - nüfuz və
anlaşma olmalıdır.
Zorakılığın artımına təsir edən
amillərdən biri də kişinin öz mənini
zorakılıq yolu ilə təsdiq etməsidir. Müşahidələr
göstərir ki, zəif kişilər qadını qorxu
altında saxlamaqla özünə tabe etmək yolunu seçməyə
üstünlük verirlər. O qadının mənini
aşağılamaqla onu özünə tabe etdirmək istəyini
ortaya qoyur. Bir- biri ilə hiss və düşüncələrini
bölüşməyən insanlar arasında aqressiya daha
çox artır. Evliliyin məcburi olması da
hər iki tərəf arasında daxili natamamlıq hissini formalaşdırır.
Ailə quran şəxslər arasında nikaha
şüurlu girmək halı çox azdır. Nikah böyük məsuliyyətdir. Təəssüf ki, bizdə nikah sadəcə, nəsilartırma
prosesidir. Ailə üzvlərinin bir-birinə
qarşı kifayət qədər məsuliyyətli ola bilməməsi zorakılığa rəvac
verir.
-
Zorakılıq hallarının "artım" tempinin
aşağı endirilməsi, minimum səviyyəyə
çatdırılması üçün sizcə, hansı
tədbirlər görülməlidir?
-
Bütöv və harmonal ailə dövlət
üçün vacib bir atributdur, sovet dönəmində
aparılan bir tədqiqatı həmişə misal gətirirəm.
MDB dövlətləri arasında aparılan
sorğuda Azərbaycan ailəsi ən uğurlu və möhkəm
ailə modeli kimi qeydə alınmışdı. Bu araşdırmanın mahiyyəti heç də
ailə modelini öyrənmək deyildi. Əslində,
dövlət idarəçiliyi ilə bağlı məsələ
idi. Yəni, ailə möhkəm və
uğurlu olarsa, dövlətin idarə edilməsi çox
uğurlu olar. Demirəm ki, bizim
bütün ailələr uğursuzdur - əksinə,
keçmiş MDB dövlətlərinə baxanda kifayət qədər
möhkəm ailə modeli hələ də özünü
qoruyub saxlayır. Lakin problem var və bu
problemdən çıxmaq lazımdır. Bəzi stereotiplər var ki, onlardan uzaqlaşmaq, bəziləri
var ki, onları qoruyub saxlamaq lazımdır. Bilirsiniz, ölkədə ailə-məişət məsələləri
ilə bağlı beyin mərkəzləri olmalıdır.
Onlar baş verən hadisələri təhlil
etməli və hər bölgənin özünə uyğun
strategiyalar hazırlamalı, onu tətbiq etməlidirlər.
Erkən nikahlarla bağlı bir neçə
gün öncə Cənub bölgəsində oldum. İnsanlar artıq erkən nikahın cinayət
olduğunu anlayır, bundan çəkinirlər. Amma bu,
başqa bölgələrdə qismən var. Ümumiyyətlə,
ailə-məişət məsələsi ilə bağlı
ümumi strategiyaların hazırlanması doğru deyil,
çünki Azərbaycanda çoxsaylı etnik təbəqələrlə
yanaşı, hər bölgənin özünəməxsusluğu
da var. Ona görə hesab edirəm ki, bu
halla bağlı dövlət orqanları ilə
yanaşı, vətəndaş cəmiyyəti - bələdiyyələr,
fərdlər də məşğul olmalıdır.
- Bir məqam
da var və etiraf olunmalıdır ki, gender əsaslı
zorakılıq - qadın və kişi arasında bərabər
olmayan qüvvələrin təzahür formasıdır və bu daha çox
qadınlar üzərində hökmranlığa gətirir.
- Təəssüf
ki, bu, acı reallıqdır. Ailədə zorakılıq
- bu nə mübahisə, nə də münaqişədir.
Münaqişə və mübahisə - müəyyən
məsələlərdə bir-biri ilə razılaşmayan və
öz mövqeyi üzərində dayanan tərəflərin
vəziyyətidir. Ailədə
zorakılıq prosesində isə tərəflərarası
bərabərliyə imkan yaranmır. Zorakılığı
törədən tərəf fiziki güc, iqtisadi imkanlar və
sosial statusundan nəzarət məqsədi ilə istifadə
edir. Bəzi hallarda qəddarlıqla
müşahidə edilən zorakılıq hallarını
müxtəlif adlarla qiymətləndirsələr də, əslində
həmin qiymətləndirmə dörd növə təsnifatlanır.
Məsələn, əgər qadın əri tərəfindən
döyülüb, şikəst olursa, bu prosesdə fiziki
güc tətbiq edildiyindən, bu fakt fiziki zorakılıq
hesab edilir. Bəzən fiziki güc tətbiq edilir ki, bu
davranış nəticəsində qurban fiziki və psixoloji
travmalar alır. Başqa halda, mənəvi
təsirdən istifadə edilir ki, zorakılığın bu
forması fiziki zədələr qoymasa da, amma
qurbanlarının psixi vəziyyətinə çox ciddi təsir
edir. Bundan başqa,
zorakılığın müxtəlif formalarının tətbiqi
kompleks şəkildə həyata keçirilə bilər.
Belə ki, fiziki təsir tərəfmüqabili
üzərində hakimiyyətin və nəzarətin
qurulması üçün istifadə edilirsə, psixoloji
zorakılıq isə nəzarəti gücləndirir. Bu, zorakılığın ən geniş
yayılmış və təhlükəli formasıdır.
Adətən zorakılığın bu
forması ayrılıqda təsnifatlandırılsa da, əslində
fiziki zorakılıqla psixoloji zorakılıq paralel tətbiq
edilir. Qışqıraraq öldürmə hədəsini
bildirən kişi fiziki
zorakılığı tətbiq etmiş olur. Birinci
halda, yəni fiziki zorakılıq etmiş kişinin hərəkətləri,
hüquqi aspektdən cinayət kimi qiymətləndirilirsə,
digər aspekt üzrə, yəni, sözlə ifadə edilən
öldürmək hədəsi, psixoloji zorakılıq
halı kimi qiymətləndirilir. Zorakılıq
mühitində yaşayan və zorakılıqdan zərər
çəkmiş şəxslər aşağıdakı
hissləri keçirə bilər: dəhşət, təlaş,
acizlik, ümidsizlik və ya gücsüzlük, təhlükəsizliklə
bağlı narahatlıq, günahkarlıq hissi, ruh
düşkünlüyü, dəhşətli qarabasmalar,
özünəəminlik hissinin itirilməsi, xoşagəlməz
xatirələr, həyəcan hissləri, depressiya, fobiyalar, kədər,
intihara meyllilik, özünü təqsirləndirmələr,
inam hissinin itirilməsi, ruhi sarsıntılar, seksual aktivliyin
azalması, alkoqol-narkotikdən asılılıq, qisas hissi və
sair. Ailədə zorakılıqdan əziyyət
çəkən qadınların vəziyyətinə diqqətin
ayrılması, onların cəmiyyətdə bərabər
hüquqlu iştirakını təmin etmək məqsədi
daşıyır. Ailə üzvlərinin,
ələlxüsus da uşaqların fiziki və zehni
inkişafı üçün ailənin idarə edilməsində
qadının iştirakı vacib amildir. Ailədə
zorakılığa məruz qalan qadın tez-tez depressiyaya
düşür, sağlamlığında problemlər
yaranır, intihara meyilli olur.
Belə qadınların fiziki və intellekt
inkişafı geriləyir. Bu isə bir başa
uşaqların inkişafına təsir göstərir. Döyülmüş (fiziki zorakılıq)
qadınların davranış mexanizmləri ailədə
zorakılıqdan danışarkən, bəzən bir sıra
məqamlara səthi yanaşılır və bu da ailədə
zorakılığın vəziyyətini araşdırmaqda
maneələr törədir. ABŞ-da
keçirilmiş tədqiqatların nəticələri
göstərib ki, qadınlara qarşı zorakılıq
mövcud olan ailələrdə uşaqların (30%-dən
60%-ə qədər) da zorakılığa məruz
qalması labüddür. Analoji tədqiqatlar
Rusiyada da öz təsdiqini tapıb. Yaşından
asılı olaraq zorakılığa məruz qalmış və
ya zorakılığın şahidi olmuş uşaqların
problemə münasibəti fərqli olur. Hazırda
bütün ölkələrdə ailədaxili
zorakılıq qurbanlarına yardım üzrə
ixtisaslaşan təşkilatların nəzdində mövcud
olan sığınacaqlara böhran mərkəzləri, ərazi
üzrə fəaliyyət göstərən sosial xidmət mərkəzləri,
qaynar xətlər, psixoloji mərkəzlər, ailə və
uşaq mərkəzlərini aid etmək olar. Bu mərkəzlər ailədə mövcud problemlərinin
həlli yolunda əhaliyə yardımlar göstərir.
Zorakılığa məruz qalmış şəxslərə
göstərilən yardımlar öz spesifikliyi ilə fərqləndiyindən
- kimin yardım göstərməsi ( psixoloq,
sosial işçi və ya digər mütəxəssis), kimə
yardım göstərməsi (ailədaxili zorakılıq
qurbanı, cinsi zorakılığa məruz qalmış
şəxs və ya sadəcə, fiziki zorakılıq
qurbanı), hansı formada yardım göstərməsi (məsləhət,
sosial dəstək) mərhələləri diqqətlə
öyrənilməli və planlaşdırmalıdır.
Qadın
hüquqları insan hüquqlarının ayrılmaz hissəsidir:
bu deviz bütün təbliğat kampaniyalarının əsas
strategiyasının tərkib hissəsini təşkil etməlidir.
Eyni zamanda, kampaniyada, qadınlara qarşı
zorakılığın insan haqlarının pozuntusu ilə
birbaşa bağlı olan məsələ olması dəqiq
nümayiş etdirilməlidir.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2014.- 9 sentyabr.- S.5.