Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Naxçıvanın yeri və
rolu
(əvvəli
ötən sayımızda)
Naxçıvan
Azərbaycanın qədim tarixə malik regionlarından
biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət
nümunələri
Naxçıvanın təkcə Azərbaycanın
deyil, ümumən dünyanın
ən qədim insan məskənlərindən biri
olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli
lider Heydər Əliyev Naxçıvanı Azərbaycan
xalqının tarixini əks etdirən abidələri
özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib.
Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl
Naxçıvan ərazisində ulu əcdadlarımızın
yaşayıb-yaratdığını təsdiqləyir.
Naxçıvan tarixi-mədəni
abidələri ilə yanaşı həm də tarixi şəxsiyyətləri
ilə məşhurdur. Bu da onu göstərir ki,
Naxçıvan həm maddi-mədəni, həm də mənəvi
baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə
yazılarımızda sözügedən regionun məşhur
maddi-mədəni abidələri və tarixi şəxsiyyətləri
haqqında ayrılıqda bəhs edəcəyik.
Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq,
burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu
abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə
yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i
memarlıq, 31-i monumental sənət, 36-sı tarixi, 7-si təbiət
abidələri, 140-ı ziyarətgahlardır.
Orta əsrlərə
aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan
türbəsi Culfa rayonunun Gülüstan kəndi
yaxınlığındadır. Möminə Xatun türbəsinin
təsiri ilə XIII əsrin əvvəllərində
tikilmiş Gülüstan türbəsi Azərbaycanın
qülləvarı türbələri qrupuna daxildir. Türbənin
12 üzlü gövdəsi qırmızı
qumdaşıdan, orijinal quruluşlu kürsülüyü
(küncləri kəsilmiş kub formasındadır) isə
yonulmuş daşdan tikilib. Azərbaycanın digər türbələrindən
fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi
yerüstü hissədə (kürsülüyündə)
yerləşir. Kürsülük xaricdən kəsik piramida,
daxildən silindrik quruluşa malikdir. Planda kvadrat (6,6 x 6,6m)
olan kəsik piramida xaricdən yuxarıda düzgün
onikibucaqlıya çevrilir, onun üzərində isə
onikiüzlü üst kamera yerləşir. Türbənin
üst çadır örtüyü tamamilə
dağılıb. Əcəmi Naxçıvaninin türbələrində
olduğu kimi burada da taxçaların içi incə həndəsi
naxışlarla örtülüb. Oniki üzdə
naxışları diqqətlə nəzərdən
keçirdikdə aydın olur ki, burada ardıcıllıq
yalnız ardıcıl təkrarlanan üç növ həndəsi
naxış çeşnisindən ibarətdir.
Gövdənin
oturacaqla birləşən hissəsi, eləcə də
günbəzə keçid yeri stalaktitşəkilli oyma
qurşaqla əhatə edilib. Ornamentlərlə digər bəzək
elementlərinin üzvi surətdə birləşdirilməsi
və əlaqələndirilməsi abidəyə qabarıq və
elastik görkəm verir.
Naxçıvanın
maraqlı tarixi abidələrindən-Darkənd gümbəzi
Ordubad rayonunun Darkənd kəndində yerləşir. Gümbəz
kompozisiyası və dekorativ elementləri ilə fərqlənir.
Darkənd türbəsi kərpicdən hörülüb, orta
hissəsi bürcvari türbələr biçimində olub,
yuxarı hissədən günbəzlə tamamlanır. Abidənin
dörd tərəfində yerləşən portallar qülləvarı
türbələrə xas olsa da, mərkəzi özəyə
söykənən, bir növ, dayaq divarlarını
xatırladan quruluşa malikdir. Türbənin üzərindəki
tünd-bənövşəyi rəngli kaşı və adi
bişmiş kərpicdən hörülmüş sadə
naxışlar yeganə bəzək elementidir. Üzərində
kitabə olmadığından türbənin tarixini
dürüst müəyyənləşdirmək
mümkün deyil. Lakin kompozisiya quruluşu, üzərindəki
kaşı bəzəklərinin rəngi abidənin
Qarabağlar və Bərdə türbələrindən daha
sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan
verir. Bu mülahizəyə əsasən Darkənd türbəsinin
XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində
inşa edildiyi ehtimal edilir.
Naxçıvanın önəmli tarixi-memarlıq abidələrindən sayılan Hacı Hüseynqulu məscidi Ordubad rayonunun Gənzə kəndində yerləşir. Kəndin mərkəzində yerləşən məscidin ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə, onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülüb, mərmər başdaşı və sinədaşı qoyulub. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilib. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, 20-ci əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib. Məscidin əsas, qədim hissəsi daşdan üç böyük sütunun və divarların üstündə dayanıb. Sütunların arası və sütunlarla divarların arası tağvari birləşdirilib. Divarların qalınlığı 1 m-dir. Məscidin içərisində, divarlarda 5 divariçi-taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında qonaq otağı var. Məscid təmir olunarkən divarlarında gəc üzərində rənglə dini xarakterli kəlamlar yazılıb. Təmir zamanı cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb. Minarənin üstündə belə bir kitabə qoyulub: "Məscidin minarəsi 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən tikdirilib. Memarları Kərbəlayi Səyid, Kərbəlayi Qurban". Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi olub, onu qəbiristanlıq üçün bağışlayıb. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu 15-ci əsrdə yaşayıb, məscidi də həmin vaxt inşa etdirib.
Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid edilən memarlıq abidəsi isə orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Əlincəçay xanəgahı memarlıq kompleksinin tərkibinə daxildir. Xanəgah türbəsi binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə türbənin içərisində saxlanılır. Kitabədə türbə binasının şəhid əmir Seyyid Əhməd əl-Oğul-Şaminin oğlu, sahib əl-əzəm (vəzir) Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə (1435-1467) oğlu Əmirxan üçün tikdirdiyi göstərilir. Giriş baştağının memarlıq elementləri Möminə xatın türbəsinin elementlərinə oxşayır. Türbə sərdabə planında düzbucaqlı formada olub, daş və kərpicdən tikilib. Bərkidici maddə kimi əhəng qatılmış kəc məhlulundan istifadə edilib.
Naxçıvandakı məşhur Aza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində inşa edilmiş memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından tikilib. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınıb, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulub. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilib. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılıb, sonralar təmir edilib. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunub və yenidən qurulub. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir. Körpü XVII əsrə aiddir.
Naxçıvandakı daha bir məşhur körpü Qazançı körpüsüdür. Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsi xalq arasında "Qozbel körpü" adı ilə də məşhurdur. Körpü XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilib. Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsi ilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilib. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qumdaşındandır. Bunun sayəsində tağların kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır.
(ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 10 sentyabr.- S.4.