Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Naxçıvanın yeri və
rolu
(əvvəli ötən
sayımızda)
Naxçıvan
Azərbaycanın qədim tarixə malik regionlarından
biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət
nümunələri
Naxçıvanın təkcə Azərbaycanın
deyil, ümumən dünyanın
ən qədim insan məskənlərindən biri
olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli
lider Heydər Əliyev Naxçıvanı Azərbaycan
xalqının tarixini əks etdirən abidələri
özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib.
Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl
Naxçıvan ərazisində ulu əcdadlarımızın
yaşayıb-yaratdığını təsdiqləyir.
Naxçıvan tarixi-mədəni
abidələri ilə yanaşı həm də tarixi şəxsiyyətləri
ilə məşhurdur. Bu da onu göstərir ki,
Naxçıvan həm maddi-mədəni, həm də mənəvi
baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə
yazılarımızda sözügedən regionun məşhur
maddi-mədəni abidələri və tarixi şəxsiyyətləri
haqqında ayrılıqda bəhs edəcəyik.
Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq,
burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu
abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə
yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i
memarlıq, 31-i monumental sənət, 36-sı tarixi, 7-si təbiət
abidələri, 140-ı ziyarətgahlardır.
İmamzadə
kompleksi Naxçıvan şəhərinin cənub-şərq
hissəsində yerləşən mühüm memarlıq abidələrindəndir.
XVI-XVIII əsrlərdə formalaşıb. 3 binadan ibarətdir.
Kompleksin özəyini planda kvadrat şəkilli, xarici
görünüşünü isə kubik formalı qülləvarı
türbələrdən gələn dairəvi gövdənin
qovuşduğu kompozisiya-türbə təşkil edir.
Türbənin içərisində əhali tərəfindən
ziyarət edilən bir qəbir var. Qəbirin üstü sənduqə
formasında düzəldilib, sementlə suvanıb,
üstünə qara örtük salınıb. Qəbirin
üzərində epitafiya- məzar kitabəsi
olmadığı üçün onun mənsubiyyəti, kimə
aid olması haqqında dəqiq fikir söyləmək
mümkün deyil. Türbənin
şimal-qərb tərəfində nəsx xətti ilə ərəb
dilində yazılmış kitabə olub. Kitabədə tarix
qeyd olunmasa da orada vurğulanan "Əbu Müzəffər
şah Təhmasib Bahadur xanın hakimiyyəti zamanında"
sözlərinə əsasən türbənin inşa tarixini
müəyyənləşdirmək mümkündür.
Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi
hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II
şah Təhmasib adı ilə tanınan bu adam 1722-1732-ci illərdə
hakimiyyətdə olub. Deməli, türbə XVIII əsrin
20-ci illərində inşa etdirilib. Türbənin
yaxınlığında Naxçıvan şəhərinin
antik və orta əsrlərdə mövcud olmuş ikinci qala
divarının qalığı aşkar edilib, sənətkarlıq
nümunələri tapılıb. Türbəyə bitişən,
nisbətən böyük həcmə malik və qərbdən
giriş qapısı olan bina kompleksin mərkəz hissəsini
təşkil edir. Kompleksdən azca aralı şimal tərəfdə
başqa bir türbə var. Bişmiş kərpicdən
inşa edilən bu türbə aşağıdan kvadratşəkilli
götürülərək yuxarıda çoxbucaqlı
şəkildə inşa olunmuş, üstü günbəzlə
örtülüb. Kompleksə daxil olan başqa tikililərlə
müqayisədə bu türbə yaxşı vəziyyətdə
qalıb. Ancaq onun içərisində heç bir qəbir və
xatirə kitabəsi qalmadığından təyinatı
aydınlaşdırılmayıb. İmamzadə kompleksinə
daxil olan binalar bir-biri ilə uyarlıqda olub, bitkin memarlıq
ansamblı yaradıb. Kompleksin ətrafında orta əsrlərə
aid qəbiristanlıq olub. Zaman keçdikcə buradakı qəbirlərin
bir hissəsi dağılıb, bir hissəsi isə indiyədək
qalmaqdadır. Orada torpağın altından aşkar
edilmiş XVI əsrə aid məzar kitabələri tədqiq
edilib. Burada bişmiş kərpicdən
hörülmüş tağvari sərdabələrə təsadüf
olunub. Zaman keçdikcə nekropolun yeri dəyişmiş və
abidənin yaxınlığındakı təpəyə
keçib. Orta əsrlərdə ərazidə fəaliyyət
göstərən bəzi sufi təriqətlərinin üzvləri
kompleksdən bir müddət özlərinin
yaşayış, ibadət və zikr yeri - xanəgah kimi
istifadə edib. Ümumiyyətlə, bu cür komplekslərin
səciyyəvi xüsusiyyəti əvvəllər mövcud
olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma
yolu ilə abadlaşdırılmasından və bərpa
olunmuş məqbərəyə bitişik məscid, təkyə
və digər xidmət otaqları tikilməsi yolu ilə dini
kompleksin yaranmasından ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə
fəaliyyət göstərən sufi təriqətləri mənsubları
mövcud imamzadələrdən yaşayış, ibadət və
zikr yeri kimi istifadə etdiklərindən həmin dövrlərdə
bölgədə xanəgahlar inşa edilməyib. Memarlıq
kompleksi 2004-cü ildə əsaslı şəkildə təmir
olunaraq yenidən bərpa edilib.
Ordubad
rayonunun eyniadlı kəndində yerləşən
Dırnıs məscidi Memarlıq-konstruktiv quruluşuna
görə XVII əsrə aid edilir. Kənddə həcminə
görə ən iri məscid olduğundan el arasında
"Böyük məscid" adlanır. Came məscididir.
Girişi qərbdəndir. Qadınlar üçün
giriş şərq tərəfdəndir. Məscidin dirəklərindən
birinin sütun başlığı üzərində qara rənglə
yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu
ildə (1920-1921) təmir olunub, təmir işlərini
Ordubadlı usta Həsən həyata keçirib. 1999-cu ildə
əhalinin vəsaiti ilə yenidən təmir olunub, bu zaman məscidin
qərbdən giriş qapısının qarşısında
balkon düzəldilib və minarə hörülüb.
Qeysəriyyə Ordubad şəhərində XVII əsrə aid tarixi memarlıq abidəsidir. Şəhərin mərkəzində yerləşir. Ümumi sahəsi 540 kvadratmetrdir. Abidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4 m) ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunub, divarının qalınlığı 80 sm-dir. Abidənin mərkəzi, günbəzi də daxil olmaqla, ümumi hündürlüyü 8,5 m-dir. Qeysəriyyə sözunun mənası keçmiş zamanlarda "şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı" deməkdir. Belə tikililərə dünyanın 3 yerində rast gəlmək olar: Səmərqənd, Təbriz və Ordubad şəhərində. Hazırda ən görkəmlisi və abadı Ordubaddakıdır. Sonrakı dövrlərdə bu abidədən "Zorxana" kimi istifadə edilib. Belə ki, zalının döşəməsi nisbətən binanın döşəməsindən aşağı olduğu üçün döşək əvəzinə dağlardan yığılmış gəvən kollarını buraya doldurub üstünə narın torpaq tökərmişlər. İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayarmışlar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisinin üzvləri Hacıağa Fəqir Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi, Aşıq Abbas Dəhri, Usta Zeynal Nəqqaş, Hacı Əhməd Bikəs və başqaları bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyaraq kimin güclü yazdığını bəyan edərmişlər. Qeysəriyyə binası çar Rusiyasının hakimiyyəti dövründə feldşer Qasımın və pinəçi İbrahimin babaları və dayıları tərəfindən qızıl pulla alınaraq ipək sarıyan sexə çevrilib. Sovet hakimiyyəti dövründə binanın bir tərəfi mağaza və anbar, digər tərəfi isə aşxana kimi istifadə edilib. XX əsrin axırlarında, 1978-ci ildə ordubadlı memar Zakir Haşım oğlu Babayev tərəfindən abidə yenidən bərpa edilib. Qeysəriyyə binası 1981-ci ildən Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.
Orta əsrlərə aid Ordubad Cümə məscidi Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilib. 1604-cü ilə aid olan bu fərmanda deyilir: "...Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas Bahadur xanın xanədanına nisbət bəslədikləri məhəbbət və fədakarlığın həqiqəti aşkar edildiyindən və zatən şiə olduqları üçün Azərbaycan vilayəti düşmənlərin əlinə keçdiyi zaman onlara cürbəcür zülm və sitəm rəva görüldüyünə, bir çoxları öldürülüb və əsir alındıqlarına görə, bu camaatın ümumiyyətlə fədakarlığı, xüsusilə yüksək Nəsiriyyə - Tusiyyə silsiləsinin fədakarlığı müqabilində Şahın müzayiqəsiz mərhəmətinin bir qisməti onlara bəxş edildi..."
Məscidin plan quruluşu, bəzi elementləri və bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Bəzi mənbələrə görə, 1901-1902-ci illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun hicri 111-ci (miladi 729-cu il) ildə əsasının qoyulduğu aydın olur.
(ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 11 sentyabr.-
S.4.