Elçin İsgəndərzadə
yaradıcılığı türkçülük – vətənçilik
kontekstində
(Professor Elçin İsgəndərzadənin
50 yaşına)
“Xarı
bülbül” dediyimiz, həqiqətən də bu nadir və əfsanəvi
“quş”, adı dillərdə dastan olan qədim bir torpaqda – Şuşa torpağında yuva qurmuşdur.
Amma şuşalılara rəvan şeir dili verən,
ilahi səs bağışlayan bu “bülbül” oxumur; öz
dili, öz səsi yoxdu.
Mən Şuşada qızılgülün üstə
qar görmüşəm. İlin dörd fəsli
bir gül ləçəyində qərar tutmuşdu.
Elçin İsgəndərzadə də Şuşada
anadan olub. “Xarı bülbül”ün həmyerlisidi. Üstə qar olan qızılgülü yəqin
ki, o da görüb.
Şuşa yad əllərdədi. Düşmən
tapdağında. “Xarı
bülbül”ün yuvası
dağıdılmışdı.
Elçin
İsgəndərzadənin yaradıcılığında Şuşa harayını eşidirəm. O,
xarı bülbülün əvəzinə oxumalı,
qarlı qızılgülün əvəzinə
danışmalıdı.
Oxuyur da, danışır da.
Ürəyimin
başında,
Gözlərimin
yaşında
Bir bulud
hüzn,
Bir yarpaq nisgil.
Xəyalımda
Xarı bülbül,
İlk sevdamdı elə bil.
Ömür
qaralı-ağlı,
Bütün yollarım bağlı.
Bu gün
mənim misralarım
Ormanda azmış cığır.
İçimdə
təlatümüm,
Üzümdə
təbəssümüm,
cadar-cadar.
Nə
dünəni xatırlayıb
Güvənməyə
bir şey var,
Nə də
sabah çin olacaq arzular.
Ay
işığına qarışıb
Bu gecə axar sular.
Ağaca
calaq vuran bağban kimi
Calaq
vurdum ürəyimə
Tumurcuq
umudlardan...
Şeirimin
misralarına
Nəsə damır Göy üzündən, buludlardan.
(“Avtoportret”)
Gah ulu babası Qurbaninin xalq ruhunda, gah da
çağdaş türk şeiri üstündə köklənən
şeirlər, poemalar yazan müəllifin əsərləri
qarşımdadı.
O,
üzünü tək bir oxucuya yox, bütün türk
dünyasına tutub danışır, tanıdığı
şəxsiyyətlərə müraciət edir. Gah ürək sözünü, gah da əsrin
sözünü deməyə çalışır. Zəmanəylə, dövranla üzbəüz
oturub danışmağı sevir.
Onu danışdıran ilahi bir qüvvə var ki, daima
şairin rahatlığını pozur. O bu “təzyiqə” məhkumdu
– şairlik səadəti də bundadı.
Gənclik şeirlərinin birində Elçin
böyük arzularla yaşadığını, həyata,
insana bağlılığını təbii boyalarla ifadə
edir.
Ancaq böyük Nizaminin dediyi kimi, bir köynəyə
sığan insan bir dünyaya sığmadığı
üçün, bəzən öz hisslərini cilovlaya bilmədiyinə
görə ona elə gəlir ki, həyatın ən
ağır anlarını yaşayır.
Mənim
bu dünyada əlim çatası
Nə qədər
arzular qaldı gözümdə,
– deyə
şikayətlənir də. Hətta şairin səfərbəredici
poetikasında belə not səsləri eşidilir:
Demək
südündə şairlik varmış,
şair
oldum.
Demək
südündə alimlik varmış,
alim
oldum.
Demək
südündə oğulluq yoxmuş, –
Ola bilmədim,
oğlun
ola bilmədim, QARABAĞ!
(“Ola bilmədim”)
Əlbəttə, bu misralar göründüyü kimi
birbaşa yox, onun sətiraltı mənasında qəbul edilməlidir.
Çünki
şair başqa bir şeirində:
Mən bu
gözəl dünyanın
Nəşəsini,
Qəmini,
Sevgisini,
Ölümünü,
Cənnətini,
Cəhənnəmini
Bir
şair kimi görüb gəldim
Dərgahına
Allahın.
Diz
çöküb dua elədim,
Çin oldu sayəndə duam, ahım, – deyir.
(“Ömür
tablosu”)
Bu da şairin özünütəkzib üçün,
oxucu qarşısında səmimi etirafı, ünsiyyət
vasitəsidi.
Təbiətdə olduğu kimi, şairin də
dəyişən fəsilləri olur. Şuşada
qışda açan qarlı qızılgül kimi.
Mən buna anomaliya yox, təbiət hadisəsi deyirəm. Çünki
şairliyin hər anı bir təbiət hadisəsidir.
Elçin İsgəndərzadə isə şeirdən-şeirə
püxtələşən, poetik uçuşlara həmişə
hazır şairdi.
Oyanır
türküm, oyanır,
Hər
şəhid məzarından
Boylanır bir Boz qurdum.
Təbrizdən
İrəvana
Uzanır ana yurdum.
Atlarımın
nalları
Çapır daşlı yolları.
Tanrı ətəyində
əlim,
Yolun son ucu ölüm.
Ay
baxır göy üzündən,
Keçdim Cıdır düzündən.
Cıdır
düzündə bahar, –
Daşlı yolda qan izi var.
Ağlama
kəhər atım,
Göydə Ay mənim muradım.
Onun
“Avtoportret”, “Türkün qəzəbi”, “Qaranlıq, zülmət,
qan və qaçqınlıq”, “Qazi türküsü” kimi
şeirlərində və silsilə poemalarında
Şuşa həsrəti, Qarabağ dərdi bir torpaq
oğlunun ruhi ağrıları kimi hiss olunursa,
türkçülük – şairin yaradıcılıq
manifesti kimi özünü daha şəffaf göstərir. Elçinin türkçülüyü isə – vətənçilik
kontekstində onun poeziyasının leytmotividir.
Bu hisslər və duyğular Elçin humanizmi,
Elçin həssaslığı, Elçin
mehribanlığı kimi insandakı ümumbəşəri
keyfiyyətlərin daha da inkişafına səbəb olur,
daimi mehri-ülfətdə, daimi ünsiyyətdə keçən
ömrə xüsusi məna verir.
Çingiz Aytmatov yazır ki, “Elçin İsgəndərzadənin
poeziyasının son illər dünyanın onlarla ölkəsində
yerli dillərə çevrilərək çap olunması
ondan xəbər verir ki, türk poeziyası da artıq
dünya poeziya okeanına yelkən açmaqdadır”.
KKTC
Cümhurbaşqanı Rauf Denktaş: “Kıprıs və Azərbaycan
türkləri eyni kökdən gəlmələrinə, eyni
dili istifadə etmələrinə rəğmən, yaxın
zamana qədər bir-birini yaxından tanıya bilməmişlər.
İndi isə bu qapı açıldı...
Prof. Dr. Elçin İsgəndərzadə bu sırada
olan dəyərli bir arkadaşdır”.
Mən burada yalnız türk dünyasının iki
tanınmış və sevilən şəxsiyyətlərinin
fikirlərini misal çəkdim.
Müəllifi olduğu, tərtib etdiyi, Azərbaycan
türkcəsinə çevirdiyi kitabların
sayı-hesabı yoxdu. Öz
kitabları dünyanın bir çox dillərinə tərcümə
edilib.
Bütün bunlar isə Azərbaycanın müstəqilliyi
illərində bizim ədəbi mühitdə həqiqətən
tarixi hadisədir.
Elçin
İsgəndərzadənin zəngin bioqrafiyasının təkcə
xronoloji hissəsi ilə tanış
olduqca düşünürsən ki, insan istəsə, az bir
müddətdə dağı dağ üstə qoya bilər.
Mən eşidəndə ki, Gəncə şəhərində
yaşayıb-yaradan görkəmli, koloritli bir
yazıçı Qərib Mehdinin əsərlərinin
oncildliyini (əlyazmasından tutmuş mətbəə proseslərinə
qədər) Elçin İsgəndərzadə nəşr
etdirib, sonra da o cildləri müəllifin özünə hədiyyə
edib. Mən də gəncəli Qərib qardaşım qədər
sevindim.
Yaxud Xudu
Məmmədovun adına elm sahəsində, Şahmar Əkbərzadə
adına isə ədəbiyyat sahəsində Beynəlxalq
mükafatlar təsis edib və 10 ildən çoxdur ki,
laureatların 50-dək kitabları hədiyyə olaraq bir-birinin
ardınca işıq üzü görür.
Kitab nəşri
sahəsində bu,
bütöv bir ədəbi hərəkatdır.
Elçinin Xudu Məmmədovun və Şahmar Əkbərzadənin
xatirəsinə həsr etdiyi poemaları da minnətdarlıqla
oxudum.
Xudu Məmmədov o vaxt biz gənclər
üçün paklıq, azərbaycançılıq məktəbi
idi.
Bir şeyə indi də heyfslənirəm.
“Ədəbiyyat və incəsənət” qəzetinə
yenicə baş redaktor təyin olunmuşdum. Qəzet iri
formatda, həftədə bir dəfə səkkiz səhifə
çıxırdı. Nigarançılıq
keçirirdim.
Qəzet həm də iki böyük təşkilatın
– Azərbaycan Yazıçılar İttifaqının və
Respublika Mədəniyyət Nazirliyinin orqanı idi.
Yolda,
indiki İstiqlal küçəsində Xudu müəllimlə
rastlaşdıq – Səni görmək istəyirdim, – dedi. –
Papkasından göy rəngli bir şagird dəftəri
çıxartdı. On iki səhifənin
hamısı əlyazması ilə dolmuşdu. – Ədəbiyyat,
incəsənət məsələlərini demirəm,
elmə
aid problem məsələləri yazmışam. Qəzetin ətrafına
yaxşı müəlliflər topla...”
Mən o şagird dəftərini itirməyim deyə,
sonra haraya qoydumsa, hələ də tapa bilmirəm.
İndi
“Bu qala bizim qala” poemasını məmnuniyyətlə oxuyanda
o böyük insanın mələk siması yenidən
gözlərim önünə
gəlir.
...Dünya
talan dünyadı,
Gün gəlincə,
verdiyini
Geri alan dünyadı.
Sən
taleyin gecəsini
Gündüzünü görmüşdün.
Göy
qübbəsi altında
Bu dünyanın hər üzünü
görmüşdün.
Sən
dünyaya uymadın,
Sən mərd oğlu mərd idin.
Sən
gül ləçəyindən yumşaq,
Qranitdən sərt idin.
...Çiçək
ömrü, yarpaq ömrü yaşadın,
Yüzillik çinarlar sənin yaşıdın.
Çiçək
ömrü,
Yarpaq
ömrü,
Bulaq
ömrü,
Mələk ömrü yaşadın.
Poemadan köçürdüyüm bu misralar Xudu müəllimin
portret cizgilərini çəkmək üçün ən
münasib, ən seçmə sözlərdi. Əgər o
yaşadısa, həqiqətən “çiçək
ömrü, yarpaq ömrü, bulaq ömrü, mələk
ömrü” yaşadı.
Müəllifin
poemada real boyalarla verdiyi kristal haqqında
söhbət Xudu Məmmədovun elmi axtarışları və
tapıntıları ilə bağlıydı.
Hacansa qədim
insan,
Bəlkə
qutlu bir şaman
Öz
içində bərq vuran
Bir
daş – kristal tapdı.
Başqa
bir qədim insan
Kristalı onun əlindən qapdı.
İki
qardaş savaşdı,
İnsan qanı töküldü.
Şeytan
bunu görürdü,
Şeytan əl çalıb güldü.
Və qədim insan birdən durdu.
Daş alətlə kristala bir zərbə vurdu.
Və bərq
vuran kristal insanı ovsunladı.
....Və
bir gün qədim insanın tapdığı ilk kristal
Xudu Məmmədovun əlinə düşdü.
O da məftun
oldu bərq vuran kristala.
O, alimlər
rəssamıydı –
Kristalın
sirrini
mozaik
qravürlərlə,
naxışlarla çözürdü.
Kainatın
rəmzi idi onunçun kristal –
Mozaik
naxışların
nə əvvəli,
nə sonu var.
Xudu Məmmədov kristallar barədə Londonda ingilis
dilində doktorluq dissertasiyası müdafiə etmişdi.
Eşitmişdim
ki, azərbaycanlı alim Xudu Məmmədov bizim ulu nənələrin
toxuduğu xalıların, kilimlərin üstündəki
naxışların izini yerin səkkizinci qatına aid olan kristal kəsiyində görübdü.
Olduqca maraqlı bir elmi kəşfin müəllifinə
taleyi yaşamaq üçün möhlət vermədi. O, dünyasını qəfildən
dəyişdi.
Ürəyimdə
hələ dərddi gül açan,
Novruzgülün mənim kimi bağrı qan.
Xarı bülbül, qovuşarıq bəs haçan?
Qarabağa
bizsiz gəlir bu yaz da, –
deyə
könül çırpıntılarını oxucusu ilə
bölüşən müəllif indi də “Şahmar
şikəstəsi” poemasında dünyasını vaxtsız
dəyişən şair Şahmar Əkbərzadənin yadda
qalan detallarla bədii obrazını yaradır.
Burada
şairin “48 ölçülü qadın paltarı” məşhur
hüznlü şeiri, Şahmarın “Topxanaya, Armud
ağacına yazdığı məktub”un
ermənilər tərəfindən güllələnməsi
xatırlanır; taleyi bir-birinə bənzəyən qələm
dostlarının Bişkekdə görüşü də
unudulmur:
Eyvandan
qaranquşlar
Xəbər verir ilk bahardan.
Mir
Cavadın rəsmləri
Asılmışdı divardan.
Kitab
dolablarında
Çingiz
ağanın kitablarıyla
yan-yana,
çiyin-çiyinə
Bizim Bəxtiyar,
Şahmar, Anar.
Siz sonuncu
Ordaçılar idiniz, –
Çingiz ağa, Bəxtiyar.
Boz qurd
kimi məğrur Oljas,
Xudanın sirri Xudu.
Və sən, qardaşım Şahmar.
Şahmar şəxsiyyətinə və poeziyasına,
ümumtürk dünyasına məhəbbət hissilə
yazılmış “Şahmar şikəstəsi” əsəri
bəlkə də Şuşada eşitdiyim sonuncu muğam fəryadı
idi ki, o indi Cihada çağırırdı.
Elçin İsgəndərzadə bir-birinə bənzəməyən,
lakin ulduz karvanına bənzəyən poemalar silsiləsi
yazmışdır ki, onlar da ilhamlı könül
dünyasından xəbər verir.
Mən ümid edirəm ki, şairin türk
dünyasına səpələnmiş oxucuları öz
könlündən keçənləri Elçinin
kitablarının səhifələrində tapacaqlar. Elçinin
özünü axtarsalar, o həmişə olduğu kimi
oxucularının yanında, könlündə, taleyindədi.
50
yaşlı gənc qardaşıma daha çox cildliklər və
daha böyük yubileylər arzulayıram!
Nəriman HƏSƏNZADƏ
525-ci qəzet.-
2014.- 13 sentyabr.- S.28.