Əsərləri - V  cild  (1918 – aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

 

(Əvvəli ötən şənbə sayımızda)

   

Tiflisə qayıtdığı zaman sülhün səmimi tərəfdarı Çxenkeli Seymin müsəlman məntəqəsinin ehtimamilə hərbi müvəffəqiyyətsizliklər və gürcülərlə ermənilər arasında intişar tapan sülh tərəfdarlığına binaən türklər tərəfin dən işğal edilmiş Batumda yenidən Türkiyə ilə müzakiratə başlamaya müvəffəqiyyət hasil oluyordu.

 

Çxenkeli Tiflisdə sülh lehinə mübarizə edərək ən sonunda Qekeçqorinin istefası üzərinə kəndisi kabinə təşkil etdigi zaman müsəlman heyətinin Trabzonda qalmış bir hissəsi başda Məhəmmədhəsən Hacınski olmaq üzrə Ənvər Paşanın gəlməsindən bilaistifadə əvvəlcə Trabzonda, sonra da Batumda Türkiyə ilə Mavərayi-Qafqasiyanın hüsni-münasibatı naminə səy ediyordu.

 

Bunların bu yolda fəaliyyətini daha iyi təsvir etmək üçün Trabzon konfransının məzkur əzası Məhəmmədhəsən Hacınskinin Seymin bütün müsəlman fraksiyonlarının 1 mayıs 1918 tarixli iclasındakı məruzəsini təqdim ediyoram:

 

Məhəmmədhəsən müqəddimətən: “Bu məruzə Trabzondakı sülh konfransının rəsmi tərəfinə aid degildir. Zira burasını heyəti-mürəxxəsə rəisi, Seym əzası Çxenkelinin məruzəsindən və bundan iləri Tiflisə varid olan arkadaşların məlumatından eşitmişsiniz diyordu. Yalnız Batuma aid bir maddəyə nəzərinizi cəlb etmək istiyoram. Bu məsələ müsəlman əzalara, ələlxüsus şəxsən mənə çox əziyyətlər verdi. Biz çox səy etdik ki, Batum Mavərayi-Qafqas əlində qalsın. Bir çox dəlillərlə Türkiyəyi buna razı etmək istədik. Və bunu da söylədik ki, Batumun güzəşti bir sıra qeyri-məmul müşkülatə səbəb ola bilər. Türkiyə ilə Mavərayi-Qafqas və Mavərayi-Qafqasın daxilində millətlər arasında münaqişə başlana bilər. Bunu da bildirdik ki, ikinci halda (yəni Mavərayi-Qafqas daxilindəki millətlər mübarizəsində) bütün ağırlıq Türkiyənin öhdəsinə düşər. Böylə olursa Azərbaycan türklərini himayət edən Türkiyə onların qomşularla əlaqəsi pozulduğu təqdirdə Şərqi Mavərayi-Qafqasa böyük əskəri qüvvə sövq və bizi qətliamdan xilas etməli olacaqdır. Bütün bu dəlillər və sair siyasi və iqtisadi sübutlar türk mürəxxəslərinin nəzər diqqətinə konuldusa da onları fikrindən daşındırmadı. Osmanlı mürəxxəslərinin təsəvvür və dəlilləri kəndilərincə daha qüvvətli olduğundan Batumu tutmayı qət etdilər. Bunun nəticəsində biz təsəvvür etdigimiz kibi Trabzon sülh müzakiratı bitərək hərb elan edildi və türk ordusu tez bir zamanda Batumu tutdu. Təbiidir ki, hadisatın bu sürətlə cərəyanı Mavərayi-Qafqasın heyəti-mürəxxəsəsinə, ələlxüsus onun səmimi sülhpərvər rəisi Çxenkeliyə xoş getmədi. Hətta Trabzondan çıxarkən o, türklərlə qəti-əlaqə etmək istəmiyordu və bənim xahişimlə heyəti-mürəxxəsə əzası Əhməd bəy Pepinovu və gürcü milli şurasının divan-riyasət əzası N.Ramişvilinin Trabzonda qalmasına razı oldu. Bizdən savayı Şimali Qafqasiya mürəxxəsləri Heydər Bamatov, Tapaçirmoyev və Dibirov da Trabzonda qaldılar.

 

 

Trabzon konfransı bitdikdən sonra böyük hadisə Ənvər Paşanın Trabzona varidində Batuma gəlməsi və bizim onunla görüşməmiz idi. Bu görüş əsnasında biz türk milləti ilə gürcülər arasındakı qədim dostluğu saxlamaq və ermənilərin türklər əleyhinə olan ədavətin gürcülərə də sirayət etməməsinə səy ilə son dəfə Batum məsələsində təlaş göstərdik, fəqət

budəfəki səyimiz də müvəffəqiyyətsizliklə bitdi.

 

Ənvər Paşa Türkiyənin Krım üzərində məşru bir həqqi olduğunu, hətta bu həqqi Rusiya demokrat hökuməti də təsdiq etdigini, türk milləti ilə gürcülər arasında isə əbədi bir dostluq olduğunu söyləyərək, erməni əqlsiz siyasətinin faciəli nəticəsi gürcü millətini də Türkiyəyə qarşı eyni münasibatdan çəkindirməli olduğunu bildirərək, Türkiyə Gürcüstanın hürriyyət və mövcudiyyətini tamamilə təmin edərək onu kəndisinə ümidli bir qomşu yapmaq istədigini söylədi”.

 

Batum sülh müzakiratı başlanırkən güc ilə başa gəlib də dağılan müvazinə yenidən bərpa olunduğu zənn olunmuşdu.

 

Fəqət əvvəlki hal daha qayıtmadı. Yekdigərlərini imtahan etmiş qüvvələr arasında fikir birligi baş tutmadı. Müsəlman məbusları Türkiyə ilə münasibət məsələsində qayət ağır vəziyyətdə idi. Onlar iki möhkəm qaya arasında idilər: bir tərəfdən qoşma bir dövlət əzası olduqlarını düşünürlərdi, digər tərəfdən kəndilərini intixab etmiş millət əksi tələbatında idi. Qorxunc nəticələrə baxmayaraq müsəlman məbusları ümumi vətənin qəti bir saətində Türkiyəyə müharibə elan olunduğu zaman belə ümumdövləti nöqteyi-nəzərdən müharibəyə olan münasibətlərini təyin edərkən sair millətlərə qarşı ədavət göstərmədilər. Buna cavabən məlum olduğu üzrə 3 nəfərdən ibarət fövqəladə bir komisyon seçilərək müsəlmanlar yan tərəfdə qaldılar. Bu kibi imtahanlar kaç kərə vaqe oldu. Müsəlmanlar qonşularını Bakı məsələsində də imtahan etmişdilər.

 

Gürcülərin Ümummavərayi-qafqas türklərinin mənbəyi-həyatı olan Bakının alınmasına laqeyd qalmaları erməni firqəsi “Daşnaksütyun”un Bakı hadisələrindəki fitnəli fəaliyyəti müsəlmanların onlara qarşı olan etimadını zəiflətiyordu. Hər iki qonşunun xətti-hərəkəti Seym müsəlman fraksiyonlarının müttəhid iclaslarında müzakirə olunmuşdu. Bu müzakirələrdən bir neçəsi 6 və 7 nisan məzbətəsinə düşmüşdür.

 

Nisanın 6-da müsəlman sosial-demokrat menşevik firqəsi “Hümmət” dövrü siyasəti məsələsi gürcü menşeviklərinin son taktikaları ilə əlaqədar olaraq müzakirəyə qoyuldu. Bu xüsusda birinci dəfə müsəlman sosialistlər blokunun nümayəndəsi söz alaraq diyor: bən bu məsələyi “Hümmət” firqəsini ittiham etməkdən ötrü qoymadım. Zira onlar da bizi tənqid etməyə həqlidirlər. Bən bunu fəqət son zamanın siyasəti-iqtizasından olaraq müzakirəyə vəz ediyoruz.

 

 

Şimdi bir halda ki, məsələnin əqidə məsələsi degil, millətin mövcudiyyəti məsələsidir, bir halda ki, “Hümmət” firqəsi piri olduğu menşevik firqəsi Rusiya sosial-demokratlarına müraciətlə onlardan yardım diliyor və bununla yenidən Mavərayi-Qafqası bolşevik kabusuna soxmaq istəyir, bir halda ki, Bakıda müsəlman demokratiyası bolşevik və erməni bandaları əlində minlərlə tələf oluyor və bir halda ki, Aleksandr bağında bolşeviklərlə müamilədə bulunmuş menşevik firqəsi imdi başqa millətlərin demokratiyası onların qurbanı olduqda, onların məzaliminə düçar olduqda ikiüzlü siyasət yürüdərək müsəlmanlar üzərinə gələn fəlakəti görmüyor, böylə bir halda müsəlman sosial-demokrat “Hümmət” firqəsinin xətti-hərəkəti müəyyən edilməlidir. Müsəlman firqələri böylə məsuliyyətli bir zamanda “Hümmət”in hal-hazırəyə olan münasibətlərini bizə və bizim menşevik və bolşeviklərə olan əlaqələrimizə olan münasibətini bilməlidirlər.

 

“Müsavat” firqəsinə mənsub başqa bir natiq diyor ki: “menşeviklər gürcüləri, daha doğrusu kəndi firqələrini müdafiə etmək üçün bizim üzərimizə bolşevik, kazak və erməni fəlakətləri gətirməyə hazır olduqlarını məzkur firqənin rəisləri açıqdan-açığa söyləməkdən çəkinməməlidir”.

 

Gürcü sosial-demokrat firqəsinin xətti-hərəkəti ertəsi gün yenə müsəlman fraksiyonlarının müttəhid iclasında polkovnik Maqalovun məfruzəsinin Hacıqabul stasyonu yanlarında məğlub olması haqqında qorxulu teleqram alındıqda müzakirə olunur.

 

Bütün natiqlər bir səslə Hacıqabul məğlubiyyətinin menşevik firqəsinin bolşeviklərə qarşı ikiüzlü bir siyasət tutmasından iləri gəldigini qeyd ediyorlar. Hökumətdəki nümayəndələri bütün ixtiyaratı əlinə alaraq bir tərəfdən bolşeviklərlə mübarizə üçün hökumət müfrəzəsi göndəriyor, digər tərəfdən də hərbi ləvazimat göndərilməsini təxir edərək bəzi rəsmi mümaniətlər çıxarıyorlar deyə onları ittiham ediyorlardı. Polkovnik knyaz Maqalov hər gün ən qorxulu teleqramlar çəkiyor, zirehli qatar, top, mərmi, pulemyot və fişəng (patron) göndərməyi israr ediyor. Hökumət isə əhəmiyyət verməyərək heç bir şey göndərmiyordu.

 

Bu iclasın nəticəsində böylə qərar verildi: Trabzon heyəti-mürəxxəsəsi rəisi Çxenkeli ilə müzakirədə bulunub vücuda gəlmiş vəziyyəti ona bildirməli və ona Mavərayi-Qafqas istiqlaliyyətinin elan edilməsi lazım olduğunu söyləməlidir.

 

Hökumətin fraksiyon nümayəndələrinin iclasını dəvət edərək müsəlman nazirlərinin polkovnik Maqalov müfrəzələrinə yardım göndərilmək məsələsindəki tələbatları qəbul edilmədigindən hökumətdən çıxacaqları elan edilsin. Bütün məsul firqələrə bildirilsin ki, Seymin müsəlman fraksiyonları qətiyyən Mavərayi-Qafqas istiqlalı tərəfdarıdırlar və əgər bu məsələdə sair firqələr hüsni-təvəccöh göstərməzlərsə biz Azərbaycan istiqlalının elanının imkanı müzakiratına girişməyə məcbur olacağız. Müsəlman məntəqəsi ümumi səbəblərə görə ermənilərə etimadsız bir münasibətdə idi. Böylə münasibatın xüsusi bir tarixi vardı.

 

Seym fraksiyonlarının 6 mayıs tarixli iclasında Fətəli xan Xoyski növbədən kənar böylə məlumat verdi: Seymin “Daşnaksütyun” firqəsi fraksiyonunun məsuliyyətli nümayəndələri Bakı (bolşevik) hadisatının bərtərəf edilməsini, Bakının gələcək hakimiyyəti yalnız müsəlmanların olmayıb, beynəlmiləl olması və erməni qitələrinin Bakıda qalması kibi müəyyən şərtlər ilə öhdəsinə götürüyorlar. Seym əzası Xan Xoyski bunu da əlavə ediyordu ki, böylə bir şərəfsiz təklifi o, bəzi taktika səbəblərinə binaən filfövr rədd etmədi. Seym əzası Nəsib bəy Yusifbəyli qətiyyən böylə bir təklifin müzakirəsindən imtina ediyor, zira bu təklif həqiqətən səmimi bir ___ xəyalından olmayıb türk ordusunun yaklaşmasından nəşət etmişdir. Onlar biliyorlar ki, türk ordusu Bakı məsələsini qəti və bizə əlverişli bir şəkildə həll edə biləcəklərdir. Türklərin gəlməsindən qorxaraq onlar böylə şətrənc nümayişinə girişmişdir. Bu şərtlər bizcə məqbul olamaz və daşnakların təklifi rədd edilməlidir – diyordu.

 

Seym əzası Xəlil bəy Xasməmmədov Bakıda hakimiyyətin təqsim edilməsini əsla təsəvvür belə edəmiyordu. Bakıda və bütün Şərqi Mavərayi-Qafqasda hakimiyyət yalnız müsəlmanların olmalıdır və əgər biz bu hakimiyyəti müvəqqətən itirdiksə, yalnız onun üçündür ki, kimsə ilə təqsim etmək istəmədik. İmdi də onu qətiyyən və əbədən qaytarmalıyız.

 

Daşnakların təklifi kəndilərinə qarşı bir kapitulasyon olduğu üçün bizcə məqbul olamaz. Bakı məsələsi təvəllüdünün birinci günlərindən qəti bir məsələ olmuşdur: ya həp, ya heç. Seym əzası Fətəli xan Xoyski daşnaklara zeyldəki şərtlər verilməsini təklif ediyor:

 

1) Bakıda hakimiyyət müsəlmanların əlinə verilsin,

 

2) bu hakimiyyəti saxlamaq üçün oraya müsəlman qitələri sövq edilsin,

 

3) oradakı erməni əskəri qitəatı tərk-silah edilərək ixrac edilsin. Bu şərtləri hazirun bir səslə təqdir ediyor.

 

Bütün fövqdə zikr olunanlar Mavərayi-Qafqas dövlətini təşkil edən ünsürlərin münasibatı nəticə verəcəgini qayət bəliğ bir surətdə söylüyor. Bunun üçün də Batuma sülh nümayəndələri göndərildigi vəqt Seymin müsəlman məntəqəsi Azərbaycanın vəziyyətini ciddi surətdə müzakirə etməli idi. Bu məsələnin məruzəçisinin müqəddəmətən söylədigi sözlər bu barədə böyük bir marağı cəlb ediyor.

 

Bu məsələ məruzəçisi şimdiki heyəti-vükəla rəisi Yusifbəyli Nəsib bəy əfəndi idi.

 

Nəsib bəy diyordu ki:

 

“Batuma sülh heyəti-mürəxxəsəsi göndərməkdən əvvəl məmləkətin daxili və xarici vəziyyətini müvazinə etməli və bu vəziyyətə nisbətlə də mürəxxislərimizə dəsturüləməllər verməliyiz. Bən nəzər-diqqətinizi xüsusən vəziyyəti-daxiliyyəyə cəlb etmək istərəm. Məhəllərdən gəlməkdə olan mütəəddid məlumat bütün Mavərayi-Qafqasiyada, ələlxüsus onun şərq cəhətlərində dəhşətli anarşi olduğunu şəhadət ediyor. Vətəndaş müharibəsinin müdhiş dövrəsi hülul edərək bir köy o biri köyün üzərinə gediyor; günün günorta çağı qətl və qarət vüqu buluyor. Gəncənin sokaklarında həyasız qarətgərlər müslimənin başından ipək çarşaflarını alıyorlar.  Bunların həpsi sizə də məlum olduğu üçün təfsilatə hacət görmüyoram.

 

Yalnız Azərbaycanı degil, ümum Mavərayi-Qafqas ərazisini işğal etmiş böyük, dəhşətli anarşiyi biz kəndi qüvvəmizlə yatıramayız. Şərq tərəfindən bolşeviklərin bizim əsri düşmənlərimizlə müttəfiqən hücum etməsi vəziyyəti daha da kəskinləşdirərək türk millətinə ənvai-müsaib və fəlakət gətiriyor. Mövqe böylə ikən bizə xarici qüvvə müdaxiləsinə ricu etməkdən maəda çarə qalmıyor. İstiqlalımızın qızğın tərəfdarı olmaqla bərabər bən bu məsələ həqqində birinci olaraq danışmaq məcburiyyətindəyəm. Fəlakətin üzünə cürətli baxaraq vüqu bulacaq hadisələri göz önünə almaq və ona nisbətlə də iqdam etmək gərəkdir. Biz sevinməliyiz ki, xoşbəxtlikdən müdaxilə edəcək xarici qüvvə bizimlə dost və qardaş Türkiyədir. Bəlkə bu bizim qonşularımızın bir o qədər də xoşlarına getməyəcək, lakin çarəmiz də yoxdur. Müdhiş anarşi qarşısında onlar da bizim kibi gücsüzdürlər. Onların əlində olan ordu qüvvəsinin əhvali-ruhiyyəsi intizamsızlıq lehində olduğu üçün onlara istinadən intizam bərpa olunamaz. Əgər onların böyük intizamlı qüvvəsi olsa belə bizə yardım etmək üçün onlara ümid ediləməz. Kürdəmir hadisatı və Tiflis cəbxanəsində bizim əskəri qüvvəmizə mühimmat vermək məsələsi dostumuz gürcülərin bizimlə münasibatını aydın bildirdi, başqaları həqqində danışmaq belə artıqdır. Xatir üçün xəstə düşə bilməyiz. Bizim heyətimiz Batuma gedərək Şərqi Mavərayi-Qafqas türkləri namindən Osmanlı dövlətindən yardım istəməsinin zamanı gəlmişdir. Təbiidir ki, biz türklərdən ən yaxın zamanda buraya əskər göndərməyi tələb edəməyiz, zira biz fəqət rica edəcəgiz. Unutmamalıdır ki, Türkiyə böyük müharibədə iştirak edənlərdən olduğu üçün böyük məsələlərin həllinə müvəzzəfdir. Bəlkə Türkiyə Mavərayi-Qafqasda işğal (okkupasiya) məqsədini güdmüyorsa da Mavərayi-Qafqasiyadakı qardaşlarına yardım üçün bunu yapacaqdır. Fəqət bizim heyəti-mürəxxəsə bu nöqtəyə diqqətini cəlb etməli və yalnız Azərbaycan mənafeyi degil, Türkiyənin və ümumtürklüyün mənafeyini güdməlidir. Əgər buraya gəlmək Türkiyənin kəndi fikrində varsa, biz bu fikrin tezliklə hüsulə gəlməsini rica etməliyiz. Fəqət bununla bərabər Azərbaycanın istiqlal idarəsini də heç bir vəqt unutmamalıyız”.

 

Beləliklə, Mavərayi-Qafqas ittihadının təqsimi saəti yaklaşıyordu. Bilaxirə 25 mayısda bu məsələ müsəlman fraksiyonları qarşısında zamanı yetişmiş bir şəkildə təcəssüm etdigi iki zeyldəki məzbətələrdən görünmədədir:

 

25 mayıs 1918-də Mavərayi-Qafqas Seymi müsəlman fraksiyonları müttəhid iclasının məzbətəsinin müxtəsər, fəqət mənidar yazıları böylədir:

 

Tiflis – Dərbar. Müsəlman Seym əzası Xudadat bəy Məlikaslanov sədarəti ilə iclas ediyor. İclas fövqəladə olaraq Mavərayi-Qafqasiyada cərəyan edən siyasətin şiddətli təbdili münasibətilə dəvət edilmişdir. Mövsuq mənbədən alınan xəbərlərə görə Mavərayi-Qafqas Seyminin gürcü məntəqəsi Batum sülh heyətinin gürcü əzalarilə məxfi surətdə xətti-müstəqim ilə müzakirədə bulunaraq Gürcüstanın ayrılması və elani-istiqlal etməsini hazırlıyorlar.

 

Məsələ bir az müzakirə edildikdən sonra Gürcüstanın ayrılması qət edilmiş məsələ olduğu və müsəlman məntəqəsi böylə bir əqdə hazır bulunmalıdır, fəqət bu hənuz məsələnin iləricə müzakirəsi olduğundan müəyyən bir qərar çıxarılmıyor.

 

Məsələ həqqində müəyyən qərar axşam iclasında qəbul ediləcək.

 

Axşam iclası. 25 mayıs 1918 – Tiflis – Dərbar.

 

Sədarətdə Seym əzası Fətəli xan Xoyski bulunuyor.

 

İclasın əvvəlində Mavərayi-Qafqas Seymi rəisi Q.Çxeidze, Seym əzası A.Sereteli və Qekeçqori (sosial-demokrat fraksiyonu başçıları və Seymin gürcü məntəqəsi) daxil oluyorlar. Birinci sözü A.Sereteli alaraq zeyldəki bəyanatı veriyor:

 

Sosial-demokrat fraksiyonu və ümumən gürcü məntəqəsi Mavərayi-Qafqas millətlərini istiqlal şüarı təhtində birikdirmənin mümkün olmayacağına Mavərayi-Qafqas təqsiminin bir əmri-vaqe olduğuna qane olmuşdur. İttihad yoxluğu Türkiyə ilə müzakirat əsnasında məlum oldu. Bizim tərəfimiz əqəliyyət olduğu üçün nəzəri-etinayə alınmıyordu və biz də bu gün Gürcüstan istiqlalı elanına məcburuz. Biz ittihada çox əhəmiyyət veriyoruz və bunun gələcəkdə ümumi mənafe zəminində hüsulə gələcəginə ümidimizi qət etmiyoruz. İstiqbalda bunun hüsulinə imanla şimdilik başqa çarəmiz olmadığından Gürcüstan istiqlalını elan etməliyiz. Yarınkı iclasda biz Mavərayi-Qafqas cümhuriyyətinin inhidamını təyin edəcəgiz.

 

Bundan sonra Mavərayi-Qafqas Seymi rəisi Çxeidze danışaraq Mavərayi-Qafqas millətləri ittihadının təqsimi münasibətilə izhari-təəssüf eliyor. Bunlara cavabən Fətəli xan Xoyski danışaraq – Mavərayi-Qafqas millətləri yekdigərlərilə ənvai-mənafe ilə o qədər sıx birləşmişlər ki, ayrılmaq onlara yüngüllüklə mümkün olamaz. Fəqət əgər gürcü millətinin iradəsi böylə isə, biz mümaniət etməyə heç də həqli degiliz və Azərbaycan türklərinə də bu yeni hadisəyə nisbətlə lazım gələn qərarı çıxarmaqdan başqa bir şey qalmıyor – diyor.

 

Bundan sonra Sereteli, Çxeidze və Qekeçqori gediyorlar. Fətəli xan Xoyski Seym və hökumət əzası Qarçikyan ilə olan müsahibəsində Gürcüstan ayrılırsa Seymin erməni məntəqəsi də Ermənistan istiqlalını elan edəcəgini bildirdigini xəbər veriyor.

 

Ertəsi günü 25 mayısda Mavərayi-Qafqas millətlərini birləşdirən Mavərayi-Qafqas Seyminin sonuncu iclası iniqad etdi. Bu iclasda gürcü sosial-demokrat fraksiyonu kəndinə məxsus hərəkatının sarsılmazlığına böyük bir inamla Mavərayi-Qafqas ittihadı təqsiminin bütün təqsirini müsəlmanların öhdəsinə atmaya çalışdısa da, sonkılar tərəfindən icab edən etirazı da eşitdi. Nəhayət, bir-birlərini çoxca ittiham etdikdən sonra Mavərayi-Qafqas Seymi kəndisini fəsx üçün zeyldəki qərarı qəbul etdi:

 

“Mavərayi-Qafqas müstəqil cümhuriyyətini vücudə gətirən millətlər arasında müharibə və sülh məsələsində əsaslı ziddiyyət olduğu və nüfuzlu bir hökumət təşəkkül edərək Ümummavərayi-qafqas namindən danışmasına imkan qalmadığı üçün Seym Mavərayi-Qafqas təqsimi əmrini təyin ilə kəndi səlahiyyətini tərk ediyor”. 26 mayıs, sənə 1918.

 

Bunun üzərinə “Seym”in müsəlman əzası kəndilərini Azərbaycan Şurayi-Millisi elan edərək o zaman Batumda bulunan Rəsulzadə Məhəmməd Əmin əfəndiyi Şurayi-Milli rəyasətinə intixab elədi. Mayısın 28-də Şurayi-Milli Azərbaycanın istiqlalını elan və ilk Azərbaycan hökumətini təşkil elədi (Elani-istiqlal vəsiqəsini təşkil edən əqdnamə məcmuəmizin başında dərc edilmişdir). Şurayi-Millinin təşkil elədigi hökumət Fətəli xan Xoyski cənablarının rəyasətində bulunub bütün firqələrin nümayəndələrindən təşəkkül eləmişdi.

 

Kabinə heyəti bir vəch ati idi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyov, Xosrov bəy Sultanov, Cəmo bəy Hacınski, Xudadat bəy Məlikaslanov, Məhəmməd Yusif Cəfərov və Əkbər ağa Şeyxülislamov.

 

Elani-istiqlalı mütəaqib Qafqasiya hökumətləri Batumdakı mürəxxəsləri vasitəsilə Türkiyə ilə ayrı-ayrı əqdnamələr bağladılar. Azərbaycan naminə dəxi Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin ilə xariciyyə naziri Hacınski Məhəmməd Həsən və Türkiyə naminə Şurayi-Dövlət rəisi və ədliyyə naziri Xəlil bəy ilə Üçüncü Ordu komandanı Vəhib Paşaların imzası ilə iyunun 4-də müxadinət müahidənaməsi ilə əlavələri əqd edildi. Bunların eyni vüsaiq qismində mündəricdir.

 

Hökumət təqsimi əsnasında təsviyəsi lazım bir takım xüsusatı bitirmək üçün yeni təşəkkül edən Azərbaycan hökuməti bir kaç gün Tiflisdə qalaraq nəhayət, iyunun 17-də Şurayi-Milli ilə bərabər Gəncəyə gəldilər.

 

Şurayi-Milli ilə hökumət daha Gəncədə ikən Nuri Paşa həzrətləri ərkani-hərbi ilə bərabər İran və Qarabağ təriqilə Gəncəyə vürud eləmiş və Batumdakı Azərbaycan mürəxxəslərinin Şurayi-Milli ilə hökumət naminə vaqe olan tələbləri üzərinə Azərbaycan imdadına koşan türk əskərlərinin ilk qafilələri dəxi Gəncəyə yetişmişlərdi.

 

Şurayi-Millinin Gəncəyə vürudindən sonra nə kibi bir vəziyyət içərisində qaldığı bəlkə də məcmuəmizin xatirati-tarixiyyə qismində bir təfsil təsvir olunur.

 

Fəqət mətləbin riştəsi əldə olmaq üçün burada dəxi müxtəsər bir vəchlə zikr edilmək məcburiyyəti vardır.

 

Tiflisin etinasızlığı, “Seym” əzası bulunan müsəlmanların çarəsizliyi üzündən müavinətsiz qalan Bakı və hökumətsizlik bəlasına düçar olan sair yerlərin qaçqınları Gəncəyə doluşmuş və qəlbləri “başçılara” qarşı bir hissi-ədavətlə dolmuşdu. Əksərən canı acımış olan mümtaz siniflərə mənsub olan bu cəmaət yerli mütənəffizlərlə bərabər əhvali-ruhiyyə üzərində ümumi bir irtica təsiri hasil etdirmiş; “Seym” əzasına qarşı ümumi bir cərəyan təvəllüdünə çalışmışlardı. O zaman Şurayi-Millinin dəvəti və Azərbaycan hökumətinə məin və məzahir olaraq Gəncədə bulunan Türk komandanlığı dəxi ümumu istila edən böylə bir təsirdən azadə qalamamışdı.

 

Şurayi-Milli əzası kəndiləri dəxi heyəti-hazirə və əhvali-mövcudələri ilə bütün təbəqati-millətin hüsni-təvəccöhünü qazanmayacaqlarını idrakla kəndilərincə tətbiqinə lüzum gördükləri bir proqram cızmışlardı. Bu proqramca Şurayi-Milli hər bir məhəll və təşkilatdan əlavə etmək surətilə heyəti-hazirəsini təkmil edəcək, bu surətlə həm əsasını ibqa, həm də qeyri-məmnun təbəqələri təskin edə biləcəkdi.

 

Şurayi-Milli nümayəndələri rəisi Rəsulzadə Məhəmməd Əmin, heyəti-vükəla rəisi Fətəli xan Xoyski və xariciyyə naziri Məhəmməd Həsən Hacınski cənablarından ibarət olduqları halda bu xüsusda Nuri Paşa həzrətlərilə anlaşmaq istəmişlərsə də, Paşa kəndilərinin bir əskər olub siyasətdən anlamadığını, bu xüsusda “Müşaviri-siyasi”si bulunan Ağaoğlu Əhməd bəylə anlaşmaq lazım gələcəgini təbliğ elədigindən nümayəndələr onunla görüşmüşlərdir. Əhməd bəyin mütaliəsi isə bu yolda aşkar olmuşdur ki:

 

Xalq sizi istəmiyor. Komandanlıq da sizin işinizə qarışmaq istəmiyor. Kəndi qüvvətinizə güvəniyorsanız məclisinizi açınız, hökumətinizi qurunuz. Fəqət xəlq sizə qarşı üsyan edərsə, türk əskəri qarışmaz. Çünki əskər buraya qardaşlarını düşməndən xilas etmək üçün gəlmiş, əhaliyə qurşun atmaq üçün degil.

 

Nümayəndələr Əhməd bəyə sormuşlar ki, hanki surətdə komandanlıq Azərbaycan hökumətinə müavinət edə bilər?

 

Cavab almışlar. Şurayi-Milli kəndisini ləğv eləsin. O zaman Paşa kəndisi bir hökumət qurar. Buna nümayəndələr etiraz eləmişlər. Böylə olursa, Azərbaycanın vəziyyəti-beynəlmiləliyyəsi tamamilə işğal olunur, istidlalına qarşı Əhməd bəy razı olur ki, Şurayi-Milli hökuməti kəndisi təşkil və bütün hüququnu ona tərklə kəndisi məsləhət üçün fəsx olunsun. Bir çox tərəddüdlərdən sonra nümayəndələr bu xüsusu Şurayi-Milli əzasının xüsusi iclasına xəbər vermişlərdir.

 

Bunun üzərinə hasil olan vəziyyət və çıxarılan qərarları tamamilə aşağıya nəql olan tarixi məzbətələrdən anlamaq mümkündür. O günün mütəfəkkir azərbaycanlılar üzərindəki təsirati-əmiqəyə isə Şurayi-Milli rəisinin son nitqi gözəl bir inikas təşkil ediyor.

Azərbaycan Şurayi-Millisinin 7-ci iclası. Gəncə. Bələdiyyə dairəsi. Sənə 1918, 17 iyun (həziran), saət 2.

 

Məclis, Məhəmməd Əmin Rəsulzadənin rəyasəti və Mustafa Mahmudov və Rəhim Vəkilovların katiblikləri ilə açılır.

 

Rəis məclisi açaraq söylədi ki: Əfəndilər! Ağır və məsuliyyətli bir zamanda fövqəladə hallar içində Azərbaycan Şurayi-Millisinin bugünki iclasını açıyoram. Bu gün həll edəcəgimiz məsələlərdə, hər şeydən əvvəl hissiyyatdan ayrılıb soyuq qanla və zamanın bütün dəhşət və məsuliyyətini anlayaraq tədbirlə hərəkət etməliyiz. Bu gün biz alacağımız qərarlarda əsasə sədaqət ilə, əhvalə riayət qəziyələrindən birisini qəbul etməliyiz. Ehtimal ki, bu gün alacağımız qərar bizdən ötrü bir bədbəxtligin vücudini təşkil edəcək. Fəqət əgər bulunduğumuz çıxılacaq yol yalnız bu qərara münhəsir isə, bittəb onu da qəbul etməliyiz. Vətənpərvərlik hissiyyatından ayrılmayaraq hərəkətimizdə siyasət üçün siyasət düsturundan uzaq olmalıyız. Çünki sənət üçün sənət düsturu şairlərlə rəssamlara lazım isə də, siyasilərdən ötrü haiz degildir. Bunun üçün sizdən ümid edirəm ki, zamanın əhmiyyətini idrakla alacağınız qərarlarda siyasət sənətini degil, mənafeyi-mülk və milləti mülahizə edər, o surətlə vətənpərvərlik isbat edərsiniz.

 

Rəisi-hökumət Xan Xoyski – Məbus əfəndilər! Siz bilirsiniz ki, biz nə kibi ağır və məsuliyyətli bir zamanda hökuməti ələ aldıq. Gürcüstan Zaqafqasiyadan ayrıldıqdan sonra bizim məmləkət başsız və hökumətsiz qaldı. Onun üçün biz məmləkətdən xaric bir ərazidə olsa da, buraya gəlincəyə qədər müvəqqəti bir hökumət təşkil eləmək məcburiyyətində qaldıq. Bu hökumətin görmüş olduğu işlər tamamilə sizə məlum olduğundan artıq təfsilatə ehtiyac görmüyoram. İmdiki halda məmləkətimizdə bulunuyoruz. Bənim və kabinədəki yoldaşlarımın ricası istefamızı verməkdən ibarətdir. Bu ricamızı qəbul ilə qüsurlarımızın əfvini ümid edəriz.

 

Aslan bəy Səfikürdski – Biz sosialistlər köhnədən də türk tərəfdarlığı edirdik və bu yolda çalışdıq. Bənim bu yolda istədigim hamınıza məlumdur. Lakin türklər buraya gəldikdə ilk qədəmlərini millətimizin mənfəətinə olmayan bir yolda götürüyorlar. Paşa bizim məclisi və hökuməti dağıdıb öz rəyilə hökumət təşkil eləməsi şayani-təəssüfdür.

 

Rəis – zəng çalır, natiqi saxlayır. Paşanın bu mətləbə müdaxiləsi yoxdur, diyor.

 

Aslan bəy – (davamla) qorxuyoram ki, bu yol millətimizi nicata çatdırmayıb, bizi yeni fəlakətlərə düçar edə və cəmaətdə türklərə qarşı bir məyusluq hissi törədə və nəuzubillah dünya keşməkeşinin axırında Gürcüstan və bəlkə Ermənistan təhti-idarəsinə keçək.

 

(Ardı var)

Məhəmməd Əmin Rəsulzadə

525-ci qəzet.- 2014.- 13 sentyabr.- S.26-27.