Ogyüst Roden – müasir heykəltəraşlığın
titanı
Ogyüst Roden hələ sağlığında,
başqa sözlə bir əsrdən çox əvvəl,
bütün Avropada və Birləşmiş Ştatlarda nəhəng
şöhrət qazanmışdı. XX əsrin əvvəllərində
isə bu fransız heykəltəraşı bütün
dünyada məşhurlaşmışdı. Təsadüfi deyildir ki, uzun müddət ərzində
onu dühanın ilhamlandırdığı qüdrətin
inkarnasiyası sayılan Mikelancelosu hesab edirdilər.
Doğrudur, Mikelancelonun kosmik istedadı özünü
üç ali sənət sahəsində
– heykəltəraşlıqda, rəssamlıqda və
memarlıqda sınamış və bu, ona həmin çətin
hər üç növdə dahilik zirvəsi bəxş
etmişdi. Ogyüst Roden isə yalnız heykəltəraşlıqda
Mikelancelodan sonra ən böyük sənət
dühalarından biri hesab olunur.
Rodeni uzun ömründəki qəribə hissiyyatı da
ona həmçinin Olimpiya heykəli simvolu kimi haqq
qazandırmışdı. Lakin XIX əsrin
üç rübündə ona münasibət heç də
birmənalı olmamışdı, bəzi elementlərin təsvirinə
görə isə tənqidçilər onu bir dekorativ heykəltəraş
hesab edirdilər. Ancaq o, öz
yaradıcılığı ilə heykəltəraşlığa
nəhəng təsir göstərmişdi. Həm də onun çoxsaydakı, məsələn,
Emil Burdel kimi şagirdləri ona məxsus olan fərdi
üslubun yayılması sahəsində geniş fəaliyyət
göstərmişlər. Dünyadakı ən
böyük muzeylər onun əsərlərinin kopiyalarına
yiyələnmişdi. Parisdəki,
Filadelfiyadakı və Tokiodakı muzeylər isə şəxsən
onun yaradıcılığına həsr olunmuşdur.
Rodenin sənətə başlıca töhfəsi Qərb
heykəltəraşlığını, onun əsas qüdrəti
sayılan ehtirasın və insan bədəninin dəbdəbəsinin
təsvirini yenidən geri qaytarmaq, bərpa etmək idi. O, bir qayda olaraq heykəltəraşlıq
portretlərində öz güclü təxəyyülünü
və cilovlanmayan dühasını işə salırdı. Onun böyük şəxsiyyətlərə həsr
olunmuş əsərləri, xüsusilə “Balzak”ı
bütövlükdə inci hesab olunur.
İstedadın
rüşeymləri
Fransua Ogyüst Rene Roden 12 noyabr 1840-cı ildə Parisdə
anadan olmuşdur. Kral Lui-Filippin paytaxtı bu vaxt
özünün “İnsan komediyası” ilə məşhur
olan romançı Balzakın yazıb-yaratdığı bir
məkan idi. Bu nəhəng metropoliyada
mövcud olan dramların çox hissəsini Roden öz sənətinə
köçürmüşdü, bunlar onun ən böyük
nailiyyəti sayılan “Cəhənnəm qapıları”nda
görünür. Digər tərəfdən
onun hadisələrə yanaşmasındakı bütün
radikalizm nümunələri həm də şəxsiyyətinin
fərqləndirici cəhətlərindən irəli gəlirdi.
Onun böyüdüyü mühitdə məhz
belə münasibət tərbiyə edilirdi. Öz tarixində bəzən Feniks kimi küldən
qalxmağa, həyata qayıtmağa qadir olan köhnə Paris
yoxa çıxsa da, əsr yarımdan çox əvvəlin,
1840-cı illərin Parisini indi də yada salmaq
mümkündür.
Rodenin valideynləri sadə adamlar idilər, atası Jan
Batist Roden Normandiyadan gəlmişdi, ikinci nikahından bu
oğlu doğulanda, o, Paris polis prefekturasında işləyirdi. Rəssamın
anası Lotaringiyadan idi, çox mömin qadın olmaqla
oğluna və qızı Mariyaya xüsusi qayğı
göstərirdi, həm də uşaqlara sağlam dini tərbiyə
verirdi.
Roden doqquz yaşına qədər rahiblərin
yaratdığı məktəbə gedirdi. Tənbəl
şagird olsa da, rəssamlıq onu özünə cəlb
edirdi. Qəzetlərdə gedən
illüstrasiyaların kopiyasını çəkməkdən
həzz alırdı, bu qəzetləri isə valideynləri ərzaq
alanda mağazalardan gətirirdilər. Bir dəfə
anası kökə bişirəndə, xəmiri çox
nazik yoğurmuşdu, bu piroqun üstünü bəzəyirdi,
sonra onu müxtəlif fantastik formalarda kəsdi, onlar qazandan
çıxarılmamışdan əvvəl qaynayıb
şişmişdi. Bu fantastik formalar balaca oğlanın
diqqətini cəlb etdi və anasından xahiş etdi ki, xəmirdən
bir az adam fiquru düzəltməyə icazə
versin. Qadının razılığını
aldıqdan sonra uşaq o qədər çox sayda fiqur düzəltdi
ki, bu işi davam etdirmək üçün artıq xəmir
çatmadı. Anası xəmir heykəltəraşının
ambisiyalı həvəsini dayandırmalı oldu. Xəmir yağda qızarandan sonra şişmişdi
və elə görkəm almışdı ki, bu ananın və
oğulun qəhqəhə çəkməsinə səbəb
oldu. Hətta xəmir adam da gələcək
heykəltəraşa bu mərhələdən keçməyi
tələb edə bilərdi.
Rodenin valideynləri bir burjua kimi öz
oğullarını böyütmək qayğısını
çəkirdilər, onu əmisi Aleksandrın Bove şəhərində
açdığı məktəbdə oxumağa göndərdilər. Lakin bu, səhv
qərara çevrildi, çünki Ogyüst məktəbdə
özünü bədbəxt hesab edirdi və şagird
yoldaşları ilə yaxşı yola getmirdi. Ona görə də Boveni tərk etməli oldu.
Ancaq həmin şəhər onu təbiəti
sevmək ruhunda tərbiyə etdi və bu, onun başlıca həzz
mənbələrindən biri kimi daimi olaraq qaldı. O,
məşhur rəssam Kamill Koronun çox sevdiyi Teren vadisində
gəzdiyi vaxtları sonrakı dövrlərdə də
xatırlayırdı. Həm də bu vaxt, rəsm
çəkməyini də davam etdirirdi. On
üç yaşında o, Parisə, sakit və sevimli
valideynlərinin yanına qayıtdı.
Roden artıq özünün dolanması
üçün qazanc əldə etmək barədə də
düşünməyə başladı. O, rəsm çəkməyi
öyrənmək barədəki qətiyyətini elan etdikdə,
atası digər atalar kimi əvvəlcə buna etiraz etdi,
lakin axırda onun İmperial məktəbə (Hazırda
Mildli Dekorativ Rəssamlığın Ali Məktəbi
adlanır) daxil olması ilə razılaşmalı oldu. Bu təhsil ocağı Böyük İncəsənət
Məktəbindən fərqlənmək üçün
Kiçik Məktəb adlanırdı. Kiçik
Məktəb istedadlı dekorativ rəssam Başelye tərəfindən
1765-ci ildə təsis edilmişdi. O, əvvəllər
bir sıra sevilən həyatı təsvir edən tablolar
yaratmışdı. Onlardan çoxu kral XV
Luinin məşhur məşuqəsi, ədəbiyyat və
incəsənətə himayədarlıq edən, əsl
metsenat fəaliyyəti göstərən Madam de Pompadurun
xoşuna gəlmişdi. Roden üç il
burada oxudu. Tələbələr təkcə
bilavasitə modellərin rəsmini çəkməklə məşğul
olmayıb, həm də öz yaddaşlarında
saxladıqlarından da rəsmlər çəkirdilər.
Rodenin on beş yaşı olanda ilk dəfə
muzeyə getmişdi. Burada rənglər onu valeh
etmişdi, daha çox yuxarıdakı otaqlarda olan
Titsianın və Rembrandtın əsərlərinə
vurulmuşdu. Antik əsərlərin
kopiyasını çıxarmaq üçün isə onun
yalnız kağızı və karandaşları var idi.
Aşağı otaqlarda işləməyə məcbur
olduğundan, onda heykəltəraşlığa böyük
ehtiras yarandı və o, artıq başqa heç nə barədə
düşünmürdü.
Bundan sonra o, müstəqil rəssamların cərgəsinə
qoşuldu. Ancaq rəssamdan fərqli olaraq heykəltəraş
üçün öz işinə diqqəti cəlb etmək
olduqca çətin və mürəkkəb bir məsələ
idi. Rəssamlar əsasən sadə materiallardan
– boyalardan, fırçalardan və kətanlardan istifadə
edirdilər, bu vasitələr isə özlüyündə həqiqətən
də baha deyildi. Heykəltəraş isə
öz ideyalarının bütünlüklə realitzə
olunması üçün tunc və ya mərmər əldə
etməyə möhtac idi, onlar isə olduqca baha qiymətə
idi. Rəssam adətən ağlında az
sayda topladıqlarını canlandıra bilərdi,
böyük ideyaya malik olan heykəltəraş
üçün isə ictimai hakimiyyətin dəstəyi tələb
olunurdu. Bədbəxtlikdən, onun həyatının
erkən hissəsi ərzində, nə vaxt ki, o, öz rəyinə
görə, çox şey təklif edə bilərdi,
hansısa bir dəstək almaqda və Salona daxil olmaq
hüququnu əldə etməkdə yalnız problemlərlə
üzləşməli olurdu.
Uğurlar heç də asanlıqla gəlib
çıxmırdı və onlar qeybə çəkildikdə,
o, özünü dolandırmaq üçün müxtəlif
işlərlə məşğul olurdu. 1857-ci ildə,
misal üçün, o, bir dekorator tərəfindən işə
götürülmüşdü, sonra isə Paris Notr-Dam kilsəsinin
bərpa olunmasında çalışmışdı. Dekoratorlar üçün işləyəndə o,
bəzək vuran rəssam kimi fəaliyyət göstərirdi,
daşı taraşlamağı və qiymətli daşlarla
işləməyi həmin sənətkarlardan öyrənirdi.
Onlardan biri olan Kruşe ilə işləyəndə,
indi Roden muzeyində saxlanılan Madam Kruşenin
büstünü yaratmışdı. Digər
sifarişlər isə bu dövrdə yalnız dekorativ layihələrə
xidmət edirdi.
Roden
heç vaxt elə adam olmamışdı
ki, başqalarına olan öz borcunu etiraf etməsin. Dekorativ layihələrlə işləyəndə
heykəltəraş Konstant Simonla görüşündən
o, qiymətli təcrübə qazana bilmişdi. Simon ona öyrətmişdi ki, yarpaqları səthdə
düz qaydada uzandırma, bu vaxt onlar darıxdırıcı
görünürlər. Onların kənarını
döndər, bu vaxt məhz heykəl kimi görünəcəklər.
Roden bu məsləhətə qulaq asdı və
həmin təklifinə görə Simona minnətdar oldu.
Məktəblərdə öyrənilməyən
bir prinsipi də ona açmışdı ki, hərəkətin
mahiyyət tarazlığını, bədənin
planlarının sirrini müşahidə etsin. Həmin dərs ona bütün həyatı boyu
öz təsirini göstərməmiş qalmadı.
Ornament
çəkən rəssam kimi o, Simonun emalatxanasında
çox cüzi maaş alırdı. Uzun müddət peşimançılıq çəkirdi
ki, bu işi görməyə məcburdur, lakin həm də həmin
vaxt barədə sevinc ruhunda düşünürdü,
anlayırdı ki, insan sifətində olan kimi, ornamentdə də
gözəlliyin bir çox mənbələri mövcuddur.
Roden heykəltəraş kimi işlədikcə
anatomiyaya dərin maraq göstərirdi, bunu Roden muzeylərindəki
çox saydakı anatomik eskizlər bir daha sübut edir. O, Tibb Məktəbində
anatomiya kursu keçdi və anatomiyaya həsr olunmuş
Dupuytren muzeyində təhsil aldı. O, Jerikonun və
Delakruanın dramatik romantik ənənəsinin
davamçısı idi. Onların hər ikisi
qüdrətin aludəçisi idi, hərəkətdə
olan heyvanlara onlar xüsüsi maraq göstərirdilər.
Delakrua heyvanlar aləminin sirlərinə valeh
olmuşdu. Parisdə Tingilər
bağında Roden də şirləri və pələngləri
seyr edib öyrənirdi. Heyvanlara belə diqqət, onların öyrənilməsi
heç də onun uduzması deyildi. Yalnız
bir təsadüfi işində o, 1882-ci ildə “Ağlayan
şir” heykəlində heyvanı real şəkildə təsvir
edən vaxt, onun məşuqələri bir-birinin üzərinə
vəhşi heyvanlar quduzluğu ilə hücum edirdilər.
XIX əsrin ortalarındakı fransız heykəltəraşlığının
tarixi israrlı qaydada özünün imtahana çəkilməsini
tələb edir. Rodenin erkən dövrlərində,
1850-ci və 1860-cı illərdə heykəltəraşlıqda
meyl olduqca mürəkkəb idi. Üslubun
başlıca xarakteri eklektizmin geniş yayılması idi.
Bunu mərkəzdən olan istiqamətin
yoxluğu ilə əlaqələndirirdilər. Bir monarx kimi Lui-Filipp haqqında deyə bilərdilər
ki, o, şəxsən rəssamlığa maraq göstərir
və öz erasına fərdi möhürünü
vurmuşdur. Digər tərəfdən, nə III
Napoleon, nə də onun arvadı, imperatriça Yevgeniya
dövrünün rəssamlığı ilə
maraqlanmırdılar, onların zövqü XVIII əsrə –
kral XVI Luinin dövrünə yönəlmişdi. Buna baxmayaraq, İkinci İmperiya bir mühüm heykəltəraşı
– Jan Batist Karponu meydana gətirmişdi. O, rəssam
olmaqla yanaşı, həm də heykəltəraş olsa da,
bir portret rəssamı kimi, əlbəttə, böyük
istedada malik idi. Bunu Paris Operasının
arxitektoru Şarl Qarnyenin və digərlərinin büstlərində
göstərə bilmişdi. Onun Paris
operasının- Qrand Opera binasında qoyulan məşhur “Rəqs”
əsəri Bakxanalia rəqsini təsvir etməklə, Karpo
ruhunun nəzərə çarpan gözəl ifadəsini əks
etdirirdi. Onun təsiri Rodenin portret büstlərində,
həmçinin qadın və uşaq qruplarında aydın
görünür. Karponun “Uqolino”sunun
eskizinin bir nümunəsinin Rodenin kolleksiyasında olması da
bunu sübut edir.
Rodenin həyat xətti 1862-ci ildə bacısı
Mariyanın faciəli şəraitdə ölməsi ilə
pozuldu. Bu qız qardaşının dostuna vurulmuşdu.
Həmin gənc qardaş və bacının hər
ikisinin portretlərini çəkmişdi. Lakin qızın məhəbbəti cavabsız
qaldıqda o, dünyadan üz döndərməyi qərara
aldı və monastıra yollandı. Bədbəxtlikdən,
yazıq qız peritonitdən öldü, öz sonuncu
andını da içə bilmədi. Onun
ölümü Rodenin könlünü dağıtdı, o
da bacısı kimi dünyadan imtina edib, rahib olmaq istədi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 13 sentyabr.- S.25.