“İnsan – unutmadığı xatirədi,
dediyi sözdü, oxuduğu nəğmədi...”
Dəyərli
şairimiz Çingiz Əlioğlu ilə nostalji söhbətimiz
– elə kandarındanca
sıcaq, məhrəm və mehriban ailə yuvası olduğu hiss edilən –
evində baş tutdu. İndiyədək ədəbi-bədii
tədbirlərdə şair, rəsmi yığıncaqlarda məmur
kimi gördüyümüz həmsöhbətimiz
qarşımıza bu il 70 yaşını tamamlamış
sevimli Çingiz baba obrazında çıxdı... 4-5
yaşlarında əsmər, qıvrımsaç, sevimli
qız nəvəsinin biləyinə “nəqş etdiyi”
dişlək izi ilə. Sən demə, babası dinc dayanmayan
nəvəsinə deyibmiş ki, indi bizə bir qız gələcək,
özünü yaxşı aparmasan, mən sənin yox, onun
babası olacağam. Və baba bu “dönüklüyün”
müqabilində qısqanc nəvəsi tərəfindən
izi aydınca görünən dərin dişləklə
“mükafatlandırılmışdı”. Qapıdan içəri
girəndə nənəsi Südabə xanıma
qısılıb mənə sınayıcı və
qısqanc nəzərlərlə baxan, evin
xanımının gülər üzü fonunda daha da
acıqlı görünən bu balaca, şeytan
qızcığazın sevimli simasındakı
çoxçalarlı ifadəni görəndə gülməkdən
və onun ələyatımlı, qıvrım
saçlarını tumarlamaqdan özümü saxlaya bilmədim.
Bu məsum və şıltaq varlığın daha artıq
üzülməməsi üçün “narahat olma, mən
babayla danışıb yazı yazacam, onun nəvəsi
olmayacam” deyə əlavə eləməyi də özümə
borc bildim... Amma söhbət əsnasında hərdənbir
qapını açıb “babamı aparmayıblar ki?” əndişəsi
ilə içəri boylanan balacanın körpəcik
simasının görüntüsü söhbətimizin daha
anlamlı, daha məsum, daha kövrək və daha şirin
olmasını təmin etdi sanki...
Şopenin
həzin melodiyasının sədaları altında
Çingiz Əlioğlunun danışdığı
uşaqlıq, gənclik xatirələrinə, nostalji
yaşantılarına həm də səmimiyyətlə
açılmış şirniyyat süfrəsinin
şirinliyi, yaşıl çayın çox bəyəndiyim
özünəməxsus tamı, divarlardakı dəyərli
rəsmlərin, qiymətli əl işlərinin min bir rəngi,
rəflərdə gözə dəyən, yaşı
yüzillərlə ölçülən kolleksiya nümunələrinin
qədimlik qoxusu və kitabların əsrarəngiz aurası
da qarışmışdı elə bil...
Həmişə
zövqlü, gözoxşayan geyimi ilə seçilən, tədbirlərdə
gözəl şeirlərini dinləməyə
alışdığımız, bizə bir az da uzaq, bir az da
zabitəli insan təsiri bağışlayan Çingiz
Əlioğlu – “Cənubda doğulan şimal adamı, qəddi
əyilməyən şümal adamı” oxucularımıza
evinin və ürəyinin qapılarını taybatay
açmaqla, kövrək nostalgiyası ilə sübut etdi ki,
bəzən hər şey göründüyü kimi olmur,
uzaq, yad bildiklərimiz əslində bir səmimi söhbətlə
yaxın, doğma ola bilirmiş...
Nostalgiyanı
hansısa məqamlarda insanın zəifliyi kimi qəbul edirəm
Elə də
güclü nostalji hisslər keçirən deyiləm. Mən
daha çox bu gün və sabahla bağlı duyğularla,
düşüncələrlə, planlarla yaşayan adamam.
Keçmişi korrektə eləmək mümkün deyil. Nə
olubsa, artıq olub, ona görə də keçmişi
çox vərəvurd eləməyin mənası yoxdu. Amma
keçmişdən hansısa məqamları götür-qoy
eləyib nəticələr çıxarmaq lazımdır
ki, gələcək həyatında o səhvləri, yanlışlıqları təkrarlamayasan,
yeri gələndə, daha düzgün qərarlar verə biləsən.
İnsan öz mahiyyəti etibarilə sabaha yönələn
varlıqdır...Nostalji, daha doğrusu, qəribsəmə məndə
xarici ölkələrdə olanda yaranır, baxmayaraq ki, səyahətləri
sevirəm (elə olub ki, əsasən işimlə
bağlı bir il ərzində 12 ölkədə
olmuşam). Amma Vətəndən uzaqda hökmən bir
neçə gündən sonra Vətən üçün qəribsəyirəm.
Doğma yurd yadıma düşür, darıxıram. Hər
şeydən öncə Azərbaycan dili üçün
darıxıram. Bu barədə şeirim də var, şeirin
yarısına qədər oxucular elə bilir ki, burada
hansısa qadından söhbət gedir. Əslində isə
bu, məhz dilimizə həsr olunub:
Sən məni
heç zaman tərk etməmisən,
Mən səni
hər zaman qoyub getmişəm.
...Hansı
dayanacaq, hansı perronda
Mən
ensəm, görmüşəm
sən
qarşımdasan.
Bildinmi,
dünyanın harasındasan?!
Dil
şairin vətənidir. Doğma dilim mənimlə birgə
bütün dünyanı gəzir. Mənim üçün
Vətən anlayışı ilk növbədə doğma
dillə assosiasiya olunur. Azərbaycan dilinin son dərəcə
özünəməxsus intonasiyaları, avazı, deyim tərzləri,
aurası, ritmi var. Bu yəqin ki həm də mənim tale təyinatımla
bağlıdır. Belə doğulmuşam, bunu hansısa
canatmalarla, süni yollarla əldə eləməmişəm.
Bu mənim stixiyamdır.
Mənim
nostaljim məhz doğma dilimin stixiyası ilə
bağlıdır
Mən həmişə
o dili, o danışığı eşitmək istəyirəm.
Az ömür yaşamamışam. Azərbaycanın demək
olar ki, bütün bölgələrində olmuşam: gəzmədiyim
yer, oturub-durmadığım insan qalmayıb. Bütün
bunlarla bərabər, yenə də hər gün təzə
söz eşidirəm, hər gün nəsə təzə
bir ifadə tərzi ilə rastlaşıram, yeni bir intonasiya,
avaz qulağıma dəyir.
Sanki içərimdə, beynimdə səslə, sədayla,
avazla dolu bir fəza var. Həm də o, elə bil kosmos kimi
genişlənir, hüdudu yoxdu. Eşitdiyim hər təzə
səs, hər yeni intonasiya o fəzada öz yerini tutur. O səslər
bəzən bir-birinə dəyib yeni sözlər
yaradırlar. Hansısa səs, avaz, söz adamı bir anda 40
il əvvələ apara bilər. Reallıq, gerçəklik
burasındadır ki, düşüncələr öz ifadəsini
bizim yaddaşımıza, şüurumuza sözlərlə bənd
eləyir. Yaranışın ibtidasından insan yazır ki,
başlanğıcda SÖZ vardı. Sözün böyük
yaradıcı qüvvə olduğunu təsdiq eləyən nəhəng
elmi, teoloji mənbələr var. Qurani-Kərimdə də
sözün qüdrəti vurğulanıb.
Bizim
dilimiz o qədər qəribə, çevik və mütəhərrikdi
ki, fərqli sözlər birləşib yeni sözlər
yaradır.
Dil məni
həmişə qoynuna səsləyən nəhəng nostalji
nəhridir
Hər il
dünyada 3 min dil ölür. Qurbanı olduğum, qadasın
aldığım Azərbaycan dili tarixin bütün keşməkeşlərindən,
sınaqlarından püxtələşə-püxtələşə,
gözəlləşə-gözəlləşə,
dolğunlaşa-dolğunlaşa gəlib bu günə
çıxıb. Bunu gətirib bu dövrə
çıxaran Azərbaycan xalqıdır. Bizim ən
böyük tarixi nailiyyətlərimizdən biri doğma
dilimizi qoruyub bu günə gətirib çıxarmağımızdır.
Yaradanın
özünün seçdiyi kimlərsə var...
Tanrının
lütfünə qurban olum. Onun özünün qoruduğu
kimlərsə var. Buna tam əminəm. Həyatda
aldığım məxsusi ləzzətlərdən biri də
avtomobil sürməkdi, neçə illərdi bununla məşğulam.
Bununla da bağlı nə qədər situasiyalarda
Yaradanım məni hifz eləyib... Arzu edirəm ki,
hamımızın üstündən Onun nəzəri əskik
olmasın.
O
vaxtlar Füzulidən Bakıya
Yerevan-Bakı qatarı ilə gəlirdilər. Adətən
gecə vaxtı qatarda yer olmurdu deyə, adamlar Horadizdə
perrona düzülüb gözləyirdilər. Bir də
görürdün ki, qaranlığın içindən
paravoz alnında da böyük qırmızı projektor
işığı ilə əjdaha kimi nərildəyə-nərildəyə
gəlir. Yaxınlaşanda da dəhşətli ətürpədən
bir fit verirdi. O qədər basırıq olurdu ki...
Görürdün ki, çamadanlar
adamların başının üstündən, adamlar
az qala bir-birinin ayağının altından gedir. 7-8
yaşım olanda bunun necə bir dəhşət olduğunu
öz gözümlə görmüşdüm.
Anam
danışardı ki, təxminən 45-ci ilin yanvarı
imiş. Anamın o vaxt hardasa 18 yaşı varmış. Mən
anamın qucağında, 6-7 aylıq körpə olmuşam.
Stansiyada anam qalxıb qapının dəstəyindən
yapışıb ki, içəri keçsin, içəri
yığılmış kisələr, çamadanlar
yuvarlanıb qapının ağzını kəsib, anam
içəri keçə bliməyib və qatar tərpənib.
Horadizdən növbəti dayanacağa qədər təxminən
40-45 dəqiqəlik yol... Yanvarın şaxtası...
Özü də o vaxtlar Qarabağda, Füzulidə elə
qışlar keçirmiş ki, soyuq adamı bıçaq
kimi kəsirmiş... Anamla gedənlər elə biliblər ki,
o, içəridədir, sadəcə basırıqda
görünmür. Növbəti dayanacağa kimi anam
qucağında mən, bir əli də qapının dəstəyində
o soyuqda, açıq havada gedib. Növbəti dayanacaqda anam
içəri keçib, məni bələkdən
açıblar, görüblər, gömgöy olmuşam...
Ancaq Allah məni onda da hifz eləyib. Mən elə o
vaxtdan istisevən olmamışam. Füzulidəki
otaqlarımız böyük idi, hamısını
qızdırmağa odun-ocaq çatdırmaq olmazdı. Ona
görə də hamı qızdırılmış bir
otağa yığılırdı. Onda da ən böyük,
ən soyuq otaqda mən yatırdım. Ora mənim
üçün həm də istədiyim qədər kitab
oxumaq üçün sərfəli idi. Çox vaxt
yorğanın altında, “kitayski” fanarımla kitab oxuyurdum.
Mənim
xarakterimdə olan kişi başlanğıcı Mustafa
dayımdan gəlib
Məni məhz
o bu cür tərbiyə eləyib. Dayım məni
qışda həyətin ortasında soyuq suyla yuyunmağa məcbur
eləyirdi, rəhmətlik anam deyirdi, ay Mustafa, bu
uşağı niyə öldürürsən? Dayım cavab
verirdi ki, mən onu Sparta rejimində böyüdürəm.
Anam da deyirdi, eybi yoxdu, qoy görək özününkü
olanda onu hansı rejimdə böyüdəssən
(gülür)? Mustafa dayım sovet-fin müharibəsində
könüllü iştirak etmişdi. Müharibədən
özü ilə “Harley-Davidson” motosikleti gətirmişdi.
İri, qapqara bir “dinozavr” idi. Dayım onu alt evdə
saxlayırdı, üstünə də çadır
örtürdü ki, toz olmasın. Hərdən mən gedib
çadırı açıb baxırdım. Həftədə
bir-iki dəfə onu çıxarıb təmizləyirdi,
işə salırdı, məni də alırdı tərkinə.
O vaxt bütün Füzulidə yeganə “Harley-Davidson”
dayımda idi. Mən at sürməyi bacarmırdım, amma
motosiklet sürməyi çox sevirdim. Xarakterimdəki və
yaradıcılığımdakı urbanistikanın
köklü əsasları var.
İndi o
günləri, təbii ki, ilk növbədə ata-anamı,
indi dünyasını dəyişmiş
doğmalarımı tez-tez xatırlayıram, kövrəlirəm...
Mən ana tərəfdən
Əfəndiyevlər nəslindənəm. İlyas Əfəndiyevin
ortancıl bacısı Məhluqə xanımın
oğluyam. Ana nənəm Bilqeyisi çox istəmişəm.
Həm də onu çox istədiyimi, onun üçün
darıxdığımı elə bil indi daha çox hiss eləyirəm.
Bilqeyis nənəm o qədər zərif idi, elə bilirdin,
indicə fransız moda jurnallarından düşüb gəlib.
Ağappaq idi, bir el misalı var: su içəndə
boğazından görünmək. Bu ifadə Bilqeyis nənəmə
aid idi elə bil. Gerçək əsilzadə idi. Çox
ağıllı qadın idi, bir neçə dil bilirdi,
kitablar oxuyurdu. Nənəm sandığını açanda
həmişə onun yanına qaçırdım. Mənim
üçün o sandıq sirli bir dünya idi.
Ata tərəfdən
isə Xanbacı nənəmgil Qalabəylər nəslindəndirlər.
Məşhur Yüzbaşı Süleyman Paşanın
övladlarıdır. Süleyman Yüzbaşının
adına Həmidə xanım Cavanşirin xatirələrində
də rast gələ bilərsiniz. Xanbacı nənəm sinədən
şeir deyərdi. Cəngavər qadındı, özü əsmərdi,
qara saçları vardı.
İlyas
dayımı tez-tez xatırlayıram. Hər yay İlyas
dayımgil Şuşadakı yaradıcılıq evinə
gedirdilər. Dayım həmişə məni də
özü ilə aparardı. İlyas dayım bizim
bütün nəslin ağsaqqalı idi. Çox zəhmətkeş
idi. Həm də bütün ailə üzvlərinə,
bütün qohumlara son dərəcə
diqqətlə yanaşan, onların
ağrısı-acısı ilə yaşayan adam idi. O,
böyük ədəbi irs qoyub gedib.
Orta məktəb
müəllimlərimi, daha çox mənə birinci sinifdə
dərs deyən Əfruz müəlliməni
xatırlayıram. O qədər həlim, mehriban qadın idi,
elə yumşaq ürəyi vardı ki... Mənim bir insan kimi
formalaşmağımda, adını çəkdiyim və
çəkmədiyim, bütün bu insanların böyük
rolu var.
Uşaqlığımın
ən yaddaqalan, munis, kövrək, nisgilli xatirələri
Qarabağla bağlıdır. Təki o günlər geri
qayıdaydı....
Daha
çox keçmişdə elədiyim hansısa
haqsızlığımı, kobudluğumu, diqqətsizliyimi
xatırlayıram...
Bunlar
yadıma düşəndə mənə çox əzab
verir. Mənə ilk növbədə dilxorçuluq gətirən
hansısa məqamlarda sözün böyük mənasında-iç
dünyamın ab-havasına uyğun gəlməyən hərəkətlərim
olub. Biz müəyyən temperamenti olan xalqıq. Bəzən
temperamentimiz –qaynarqanlılığımız,
qızğınlığımız bizə mane də olub. Hətta
biz bunu yeri gələndə müsbət cəhət kimi də
qabartmışıq. Ancaq insan yeri gələndə
götür-qoy eləməli, soyuqqanlı, təmkinli
olmağı bacarmalıdır. Amma cavan vaxtı görürsən
ki, içində səndən böyük bir güc gizlənir.
Və sən, istədin- istəmədin, onun hökmünə
tabe olursan. Bəzən o gücün diqtəsilə
görürsən ki, bir işi öz iradənin əksinə
eləmisən. İndi özümlə tək qalanda
özümə qarşı yetərincə tələbkar
oluram. Onda həmin o dediyim təmkin məqamları üzə
çıxır. Amma cavan vaxtı, həyatın təbii
axarında içimizdə o güc, enerji çox vaxt məndən
qabağa gedirdi (gülür). Cavanlıqda elə hərəkətlər
eləmişəm ki, o situasiyaların çoxunda anındaca
həlak ola bilərdim. Amma mən o vaxt bu risklərin fərqinə
də varmırdım.
Düşünürəm
ki, çox maraqlı bir həyat yaşamışam və
Allahın köməkliyi ilə bundan sonra da
yaşayacağam. 40-a qədər ölkədə olmuşam.
Çox geniş əlaqələrim, bu ölkələrin hər
birində xeyli dostum var. Bu dostlar təkcə sənətimlə,
peşəmlə bağlı insanlar deyil.
...35
yaşında Polşada səfərdə idim. Gördum ki, bir
qadına zorakılıq edib əlindəki pulları almaq istəyirlər.
Onda heç nəyi düşünmədən kömək
üçün irəli atıldım, onu qorumağa
çalışdım. Sonra da polislər gəlib cinayətkarları
zərərsizləşdirdilər. Onda sovet vətəndaşı
idim və bu, hardasa mənim zərərimə də işləyə
bilərdi. Ancaq mən sonrasını düşünməmişdim
o vaxt. Hardasa bir insana haqsızlıq olanda, hardasa bir qadına əl
qaldırılanda, zor tətbiq olunanda mən sakit dura bilmərəm.
Necə yəni? Adam o məqamda sussa, sonra
özü-özünə hörmət eləməz.
Gəncliyimdə
– o vaxt ya 3-cü, ya da 4-cü kursda oxuyurdum –
yaşıdım olan başqa gənclər kimi, mənim də
xoşuma gələn, görüşdüyüm qız
vardı. Tibb Texnikumunda stomatoloji bölmədə oxuyurdu. Azərbaycanın
rayonlarının birindən, tanınmış, yaxşı
ailələrdən birinin övladı idi. Bir-birimizi çox
istədiyimiz vaxtlar idi. Bir dəfə axşamüstü gəzə-gəzə
gedib zooparka çıxdıq. Zooparkda demək olar ki, adam yox
idi. Bir də gördüm qarşıdan bir qadın
qaça-qaça gəlir. Həyəcanla dedi ki, ay oğul,
başına dönüm, səndən bir xahişim var, burda
ayı qəfəsi var, qəfəslər yerdən metr
yarım hündürlükdə kərpic özülün
üstündədir, döşəməsi taxta ilə
örtülüb, içində iki ayı var. Biri taxtanı
qırıb içəri düşüb. Gəl, mən sənə
uzun bir ağac verim, gir qəfəsə, ayını
hürküt ağacla, ordan çıxsın. O biri ayı da
qırılan taxtanın o biri tərəfindən bizə
baxır. Qadın bunu mənə qızın yanında dediyi
üçün etiraz edə bilmədim. Qız da elə mən
ağıldaymış, demir ki, getmə, ora təhlükəlidir
(gülür). Nə isə, qadının sözündən
sonra razılaşdım ayı qəfəsinə girməyə.
Elə təzəcə hazırlaşmışdım, qəfəsə
girim, bir də gördük uzaqdan zooparkın əsas
qarovulçusu qışqıra-qışqıra bizə tərəfə
qaçır: Dayan, dayan! Xalxın uşağını niyə
salırsan ayı qəfəsinə? (Sən demə, qadın
sadəcə zooparkın təmizlik işinə baxan xidmətçi
imiş) Çatıb mənə dedi ki, bunun başı
xarabdı, bəs sənə nə olub ay oğul, hara girirsən
(gülür)? Gənclikdə belə maraqlı hadisələr çox
olub...
Rəssamlarla
dostluğum yaxşı alınır
Azərbaycanın
və xarici ölkələrin
tanınmış rəssamlarının əsərlərindən
ibarət çox böyük – 600-ə qədər
irili-xırdalı işlərdən ibarət kolleksiyam var.
Öz böyük rəssamlarımızdan Kamal Əhməd,
Sənan Qurbanov, Qafar Seyfullayev, Çopuroğlu, Yusif Mirzə,
Fikrət Həşimovun əl işləri evimin
divarlarını bəzəyir. Evimdəki rəsm əsərlərinə
baxanda həm də o rəssam dostlarımla keçirdiyim
günləri xatırlayıram. Bunların içərisində
bəziləri dünyasını dəyişib artıq... Bu
rəsmlər rəssam dostlarımın bədii təxəyyülünün
məhsulu olsa da, öz mahiyyətləri etibarilə mənim
həyatımın müəyyən heroqlifləridir. O
heroqliflər vasitəsilə mən bəzən öz
keçmişimi oxuyuram. Onlar məni nostalji duyğulara
aparıb çıxara bilir... Xaricə uzunmüddətli səfərlərə
gedəndə rəssam dostlarımın balaca akvarellərindən
bir neçəsini özümlə aparıram.
Yaşadığım oteldə tumbaların üstünə
qoyuram. Dünyanın ən bahalı, ən gözəl otellərində
qalmışam, lakin onların hamısı
darıxdırıcılıqda bir-birinə bənzəyir. 2
gündən sonra hər şey özgələşir, bilirsən
ki, burada hər şey yaddı, müvəqqətidi... Amma ora
bir-iki əziz ştrix əlavə eləyəndə o otellər,
o atmosfer doğmalaşır. Məsələn,
1-2 balaca kitab, 2-3 akvarel...
Güman
edirəm ki, mənim üçün nostalji daha çox məkan
anlayışı ilə bağlı olur. Məsələn,
aradan 30 il keçib, amma Latviya ilə bağlı bir epizodu
bugünkü kimi xatırlayıram. Latviyanın Siqulda şəhərində
dostlarım məni gözəl bir mənzərəni göstərməyə
aparmışdılar. Payız vaxtı idi, mən orada təbiətin
ən gözlənilməz rənglərinə boyanmış
ümman-meşə, bir vadi, dağ mənzərəsi
gördum. Bu günün özünə kimi də o mənzərə,
o rənglər ilkin
parlaqlığı ilə yadımdadır. Ümumiyyətlə,
rənglər mənim həyatımda xüsusi rol oynayır.
Əgər rəssamlığı seçsəydim, bəlkə
də dünyanın ən istedadsız rəssamı mən
olardım (gülür), amma məncə, rəngləri
duymağı, kompozisiyaları, fəzanı görməyi
bacarıram. Rəssamlıq hər bir fərdin fəzanı
öz bildiyi kimi sahmana salmaq cəhdidir. Bu, ümumən bədii
yaradıcılığın bütün sahələrinə xas olan bir şeydir. Rəhmətlik
Əli Kərimin “Qayıt” şeirində də bu öz əksini
tapıb:
Qayıt,
yerinə qoy Ayı, Günəşi,
Yenə
olduğutək görüm həyatı,
Qayıt,
gözüm nuru, könlüm atəşi,
Qayıt,
sahmana sal bu kainatı...
Fantastik dərəcədə
gözəl bir şeirdir. Şair sözlə, rəssam rənglə,
kompozisiya, ritmlə kainatı sahmana salır. Şeirdə də
rəng, kompozisiya, səs, ritm var. Şeir bədii
yaradıcılığın daha möcüzəvi
formasıdır. Rəssam hər hansı bir əsərini
yaratmaq üçün konkret olaraq kətandan, rəngdən,
fırçadan bir sözlə, maddi nələrdənsə
istifadə edir. Şairə isə bir dəftər, bir qələm
yetir. Bəziləri sinədəftər olur, heç o da
lazım olmur. Musiqi də sözdən sonra gəlir...
Cavan
vaxtı söz vasitəsilə rəsm lövhələri
yaratmağa can atırdım.
Azərbaycan şeirində bunun çox uğurlu
nümunələri vardı. Nəbi Xəzrinin bununla
bağlı bir şeirini həmişə xatırlayıram:
Sükut...Dərə
kimi dərin bir sükut...
Yaşıllıq
– solmayan bahardan qalıb...
Dağların
başında dolaşan bulud,
Durnadır
– qatardan qalıb...
Sözün
qüdrətinə, gücünə fikir verin, görün
necə bir peyzaj yaradılıb? İlk baxışda
hamımıza adi görünən sözlərlə nə qədər
parlaq rəngləri olan bir mənzərə yaradılıb.
Mənim
iç dünyamın bünövrəsi Azərbaycan musiqisi
ilə qoyulub
İlk
növbədə muğamla. Biz
muğamı sevmişik, muğamla
böyümüşük. Nəzərə alsaq ki, bir tərəfim
Şuşadandır, muğamın mənim üçün nə
demək olduğunu təsəvvür etmək çətin
olmaz. Sonralar saz musiqisinin möhtəşəmliyinə
də bələd oldum. Bütün bunlardan əlavə, mənim
üçün klassik musiqi də çox önəmlidir.
Klassik musiqinin azərbaycanlı təmsilçiləri
sırasında mənim
üçün ilk növbədə Üzeyir Hacıbəyov,
Fikrət Əmirov, Qara Qarayev gəlir. Dünya klassik musiqi
irsindən Şopeni, Vivaldini, Debüssini, Vaqneri, Edison
Denissovu, Sofya Qubaydulinanı, Alfred Şnitkeni dinləməyi
sevirəm. Azərbaycanda da yaradıcılığına
hörmətlə yanaşdığım müasir bəstəkarlardan
Firəngiz Əlizadə, Azər Dadaşov, Eldar Mansurov,
Cavanşir Quliyevin əsərlərinə qulaq asıram.
Musiqi insana özü ilə tək qalmağı öyrədir.
Əslində mən ünsiyyətcil, geniş əhatəsi
olan adamam. Amma bütün bunlarla bərabər gündə
3-4 saat özümlə tək qalmasam, yaşaya bilmərəm.
Bu vaxt ərzində mən oxuyuram, yazı yazıram, musiqi
dinləyirəm, düşünürəm. Çox az-az
hallarda olsa da buna nail oluram: özümü elə daxili bir
müvazinətə gətirib çıxarıram ki, orda mənim
şüuruma, beynimə heç bir cümlə, heç bir
səs, heç bir söz daxil olmur. Əgər insan hər
hansı bir vasitəylə, hər hansı bir yolla
özünün daxili müvazinətini bərqərar və
bərpa etməyə qadirdisə, bu, çox gözəldi. Mənim
üçün istirahət budur. İstirahətdən
söz düşmüşkən, hər il ailəmlə birgə
xarici ölkələrə istirahətə gedirəm. Ailəmlə
birgə olanda məndə daxili bir tamlıq olur elə bil.
Öz həyatımdan və seçimimdən razıyam. Məni
yola vermək çətin məsələdi, bəxtim onda gətirib
ki, qarşıma Südabə xanım çıxıb. Mənim
indi gördüyünüz kimi qalmağımın səbəbkarı
da odur. (gülür)
İnsan
qoyub getdikləri ilə yaşayır...
İnsan mal-mülk
deyil, hissiyyatdı, unutmadığı xatirədi,
yaddaşdı, dediyi sözdü, yazdığı
kitabdı, oxuduğu nəğmədi. Əsas odur ki, sən
yaşadığın müddət ərzində, mövcud
olduğun zaman kəsiyində o zamandakı məsafənin
uzunluğundan və qısalığından asılı
olmayaraq hansısa insani dəyər və ölçülərə
sadiq bir ömür yaşayasan.
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 13 sentyabr.- S.22-23