“...Hiss edirəm ki, enerjimlə,
gücümlə imkanlarım üst-üstə
düşmür!”
Teatrşünas-tənqidçi, əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin
65 yaşı tamam olub.
İlham Rəhimli səhnə sənətinə, kinoya,
təsviri incəsənətə, dramaturgiyaya, aktyor və
rejissor peşəsinə, mədəniyyətin müxtəlif
problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara
həsr olunmuş, onların ömür və
yaradıcılıq yollarını əks etdirən kitablar
yazıb, bunlardan “Sənət vurğunu”, “Səyavuş
Aslan”, “Aktyora oxşamayan adam”, “Kəsişən paralellər”,
“Barat Şəkinskaya”, “Səhnə sehrinin sirdaşı”,
“Yaşadan əbədi Yaşar” və s. əsərləri
xüsusi əhəmiyyətə malikdi. Bundan əlavə
professor İlham Rəhimli müxtəlif Azərbaycan
teatrlarının tarixi haqda sanballı əsərlərin
müəllifidi. Bu əsərlər
Dövlət Kukla Teatrı, Akademik Milli Dram Teatrı, İrəvan,
Tiflis, Sumqayıt, Təbriz, Aşqabad və başqa teatrlar
haqda dəyərli məxəzlərdir.
İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
“Teatr tarixi” kafedrasında dərs deyir. Mədəniyyət
kanalının direktor müavinidir. Televiziyada
bir sıra layihələrin aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar
İttifaqının, Azərbaycan Teatr Xadimləri
İttifaqının, Yazıçılar Birliyinin
üzvüdür.
“525-ci qəzet”in
redaksiya heyəti adından görkəmli teatrşünas
alimi yubileyi münasibətiylə təbrik edir, ona yeni-yeni
yaradıcılıq uğurları arzulayır və Pərvinin İlham müəllimlə
söhbətini oxucularımıza təqdim edirik.
Pərvin:
İlham müəllim, ilk öncə sizi 65 illik yubileyiniz
münasibətiylə təbrik edirəm. Maraqlıdı
ki, zaman keçdikcə yaradıcılıq həvəsi
azalırmı, bu yaşınızda xeyli maraqlı kitablar,
monoqrafiyalar, məqalələr müəllifisiz, usanmadız
ki bu işdən?
İlham
Rəhimli: Yox, qətiyyən. Əksinə hiss edirəm ki,
enerjimlə, gücümlə imkanlarım üst-üstə
düşmür. Daha çox işləmək,
yazmaq istəyirəm. Bir neçə
kitabım əlyazma şəklində qalır,
çapını gözləyir. Mədəniyyət
Nazirliyi Teatrın yubileyi ərəfəsində bir neçə
kitabımın çapına kömək etdi. Amma indi bəzi yeni əsərlərim var ki,
onların işıq üzü görməsi
üçün maddi vəsait lazımdı. Hələ beynimdə olan yazıları,
ideyaları demirəm.
Pərvin:
Bir sözlə sizin yaradıcı adam kimi
mövzu, zaman, enerji, həvəs qıtlığınız
olmur...
İlham
Rəhimli: İndiyə kimi bu sarıdan korluq çəkdiyim
olmayıb. Çünki yazı masama
bağlı adamam, araşdırdığım sahə dibsiz
okeandı, nə qədər yazsan, yenə mövzu var, arxivlərdə
işləməyi, yeni materiallar əldə etməyi də
sevirəm. Bax elə bu qapını
örtüb otaqdan çıxmadan işləyə, yaza bilərəm.
Pərvin:
Kitablarınızı oxuyanda, televiziya verilişlərində
çıxışlarınızı izləyəndə
adamda belə fikir yaranır ki, siz elə bu sahə
üçün yaranmısız. Amma xatırlayıram,
hansısa tədbirlərdən birində
çıxış edərkən demişdiniz ki, heç
teatrşünas olmaq istəməmisiniz...
İlham
Rəhimli: Elədir, mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində
gəlmişəm. Bəlkə indi
çoxlarına inanılmaz görünür, amma həqiqətən
belə olub. O vaxt Azərbaycan Dövlət Teatr
İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmaq
istəyirdim. Amma sənədlərimi verəndə
heç götürmədilər də, dedilər, əvvəlcə
rəssamlıq məktəbini bitir sonra gəl. Qanım elə qaralmışdı ki, heç rayona
qayıtmaq da istəmədim, birinci mərtəbəyə
enib divardakı elanlara baxdım, “şünas” sözü
xoşuma gəldi. (gülür) Teatrşünaslıq barədə elə
ordakılardan soruşdum, nəsə dedilər anlamadım,
axırı birtəhər başa saldılar ki, dramaturgiya ilə
bağlı olacaq fəaliyyətim. Nə
isə sənədlərimi verdim və qəbul olundum.
Amma zamanla teatr mühitinə alışsam da,
teatrşünas olacağıma, bu sahədə uğur
qazanacağıma elə inamım yox idi...
Pərvin:
Bəlkə kənddə doğulub böyüməyiniz də
burda rol oynamışdı?! Zəngin və “keşməkeşli”
uşaqlığınız olub... Ancaq əyalətdə
mühit başqa olub yəqin...
İlham
Rəhimli: Elədir. Teatr qanunlarından,
qaydalarından tamam xəbərsiz idik. Kürü
üzmək, pambıq yığmaq, uşaqlarla dalaşmaq,
çoxlu məktəb dəyişmək filan, nə qədər
istəsən... Başqa mühitdə
yetişmişdim.
Pərvin:
Hələ tələbə olanda “səndən
teatrşünas olmaz” deyib teatra buraxmamışdılar da
sizi...
İlham
Rəhimli: (gülür) Doğrudu, bunu da dəfələrlə
danışmışam. Tələbəykən
“Hamlet” tamaşasının ictimai baxışına
getmişdik, dostlarla arxa qapıdan birtəhər keçdik.
Teatrın direktoru və rejissoru Əliheydər Ələkbərov
dəhlizdə yaxaladı bizi, hardan gəldiyimizi, kimliyimizi,
müəllimimizi öyrəndi, dedi Şekspiri
tanıyırsız? Cavab verdik ki,
tanıyırıq, Şekspirin əsərlərini
sadaladıq. O biri dostlarımı buraxdı, məni
buraxmadı, dedi, “Səndən teatrşünas olmaz”. Yəqin
üz-gözümdən kəndçilik yağırdı,
ona görə dedi bunu.
Pərvin:
Bəs, belə münasibət görəndə həvəsdən
düşmürdüz?
İlham
Rəhimli: Yox, həvəsdən düşüb neyləyəcəkdim?
Bu qapıdan qovdu, o biri qapıdan birtəhər
saldım özümü içəri, baxdım tamaşaya.
Pərvin:
Maraqlıdı, istənilən öz sahəsində uğur
qazanan adamın bioqrafiyasına nəzər salanda
görürsən ki, mütləq əziyyət çəkib,
haqsızlıqlarla üzləşib, sındırmağa, əzməyə
çalışıblar, amma dözüb, sınmayıb və
istədiyi, arzuladığı səviyyəyə
çatıb. Bunu çoxlarının söhbətlərində,
bioqrafiyasında görmək olur. Yəni
heç mümkün deyil, asan yolla uğur qazanmaq?
İlham
Rəhimli: Əslində, mən bütün bunları elə
ciddi çətinlik də hesab eləmirəm. Düzdü,
çox maneələr, əngəllər olub, amma yəqin mən
də inadkar, səbrli olmuşam. Bir də,
məncə, şansın da rolu böyükdü. Məsələn, institutu bitirəndən sonra
“Kommunist” qəzetinə işə götürülməsəydim,
indi yəqin Yevlaxda klub müdiri filan olardım, ən
yaxşı halda. Amma “Kommunist” qəzetində 19 il işləməyimin çox böyük
faydası oldu mənə. Deyərdim ki, əsas həlledici
rol oynadı teatrşünas taleyimdə...
Pərvin:
Bəs “Kommunist” qəzeti sizin üçün çərçivələr
yaratmırdı? Partiya, onun qanunları, buna
uyğun yazmaq... belə qəzetdə əsl sənətşünas
araşdırmaları yaza, çap edə bilirdiz?
İlham
Rəhimli: Əlbəttə, rəhbərliklə
razılaşdırmamış heç bir mövzuda yazmaq,
çap olunmaq mümkün deyildi. Amma onu deyim
ki, “Kommunist” qəzeti redaksiyası arxamızda dururdu deyə
bir çox məsələlərdə prinsipial, sərt
mövqe nümayiş etdirə bilirdik. Mən
tənqidə çox meyilli idim. O zaman
yazdığım hər yazının əks-sədası
olurdu. Yadımdadı o vaxt elə bircə
“Restoranda orkestr çalır...” adlı məqaləmə necə
reaksiyalar vermişdilər. Bakıdakı restoranların
əksəriyyətində ermənilər
çalırdılar, erməni mahnıları oxuyurdular, hətta
bəzi gözdən uzaq restoranlarda Adronikin vəhşiliklərini
tərənnüm edən mahnılar səsləndirirdilər.
Bu haqda araşdırma aparıb,
yazmışdım. Məsələ Mərkəzi
Komitənin diqqətini çəkdi, Bakı Şəhər
Partiya Komitəsinin iclasına çıxarıldı, 130-dan
çox erməni işindən azad olundu. Yaxud
suvenirlərin ermənilər tərəfindən
hazırlanması, Azərbaycan koloritindən uzaq olması
haqda yazmışdım, ciddi rezonans doğurmuşdu yazı.
Pərvin: Yəni, o illərdə belə
mövzularda asanlıqla yaza bilirdiz və bunu normal
qarşılayırdılar? Görünür, ciddi
priyomlarınız, yaxud “konspirasiya” metodlarınız olub?
İlham
Rəhimli: Əlbəttə, elə yazırdıq ki, dəyib
toxunmasınlar, qəzetdə buraxsınlar.
Pərvin:
İlham müəllim illər öncə baş vermiş
hadisələrdən elə danışırsız, sanki
dünən olub hamısı. Bunu daha çox
“Sərbəst söhbət” verilişinizdə də
müşahidə etmişəm. Bəzən
qonaqlarınızın bioqrafiyasına aid onların özlərinin
unutduğu məsələləri yada salırsız, bir də
həmsöhbətinizin hansı sahəyə aidliyindən
asılı olmayaraq, sanki onun haqqında hər şeyi bilirsiz.
Hələ teatr tariximizi az qala əzbər
bilməyinizi demirəm. Bu qədər
informasiyanı necə yadda saxlayırsız? Müasir dünyada yaddaş gimnastikası, yaddaş
məşqləri filan geniş yayılıb. Bəs sizin hansısa metodlarınız var?
İlham
Rəhimli: Yox, vallah, heç bir metod-filan yoxdu. Heç
özüm də bilmirəm necə olur bu. Bəlkə təkcə
oxumaqla yox, həm də bir çox korifeylərlə canlı
ünsiyyətlərim sayəsində öyrəndiyimə
görə, şəxsi müşahidələrimə, xatirələrimə
söykənən faktların yaddaşımda həmişəlik
qalmasına görə belədi, bilmirəm. Yaxşı yaddaşım haqda çoxları deyib
mənə. Amma bunun xüsusi bir üsulu,
qaydası yoxdu, təbiətin verdiyi yaddaşdı. Bir də, məncə, qəzetçiliyin
böyük rolu olub bunda. Qəzetçilik çox
şeyi öyrədib mənə, xəbərə hörməti,
əldə etdiyin materiala diqqətli yanaşmanı, bildiyinin az hissəsindən istifadə etməklə
yazmağı, dəyərli, vacib məsələləri
yadda saxlamağı və s. Bunlar hamısı uzun illər qəzetdə
işləməyimin sayəsində olub.
Pərvin:
Bildiyimə görə “Kommunist” qəzetində
çalışanda çox populyar olmusunuz? Adətən
şöhrət mane olur yaradıcı adama. Sizin isə vikipediya səhifənizə baxanda
adamın gözü qaralır. Yəni
heç dayanmaq, fasilə vermək istəyiniz olmayıb?
İlham
Rəhimli: Yox, əlimdən başqa iş gəlmir axı. İşsiz də darıxıram, ona görə
mütləq nəsə yazmalıyam,
çalışmalıyam. Məsələn, mən
iş götürüb müdafiə etməyimin tarixçəsini
kimə danışıramsa, təəccüblənir. Namizədlik
dissertasiyası müdafiə edənə kimi az
qala altı müxtəlif mövzuda dissertasiya yazmışam.
Mane olurdular, qoymurdular müdafiə etməyə,
axırda rəhmətlik Yaşar Qarayevin köməkliyi ilə
filologiya üzrə müdafiə etdim.
Pərvin:
Kim idi mane olan? Niyə öz sahəniz üzrə
müdafiə etməyə qoymadılar?
İlham
Rəhimli: Müxtəlif səbəblərdən mane
olurdular. Cəfər Cəfərovun tələbələrini,
dissertantlarını vururdular o zaman, əvvəlcə ona
görə mane oldular. Sonra başqa səbəblərdən.
Amma mən də inadkar idim, mane olduqca,
haqqımda ora-bura yazıldıqca, daha da çox inada
düşüb davam edirdim. Axır ki,
müdafiə etdim. Amma sonralar doktorluq
işimdə də bəzi əngəllərlə
qarşılaşdım. Onda da çox əziyyət
çəkdim.
Pərvin:
Qürur duyulası məsələlərdən
danışırsız, amma elə adi şərh edirsiz ki,
bunları? Bu nədi, təvazökarlıq, ya
artıq hər şey adiləşib sizin üçün?
İlham
Rəhimli: Görünür, adiləşib... Bilmirəm.
Ümumiyyətlə, bəzən qarajın
küncündə qalaqlanmış kitablarıma baxanda təəssüflənirəm.
Düşünürəm, bəlkə də
bütün bu işlər heç kimə lazım deyil?
Pərvin:
Heç bayram ovqatında deyilsiz, İlham müəllim...
İlham
Rəhimli: Nə bayram? Yubileyim? İnanın ki, unutmuşdum doğum günüm
olduğunu. Səhər qardaşım zəng
edəndə xatırladım.
Pərvin:
Unutmuşduz? Axı bir az əvvəl
yaxşı yaddaşınızdan danışdıq...
İlham
Rəhimli: Görünür, məhz bu məsələdə
yaddaş korşalıb. Mənim
üçün adi günlərdən biridir. İşdə, yazı masamın arxasında oldum
bütün günü. Kompyuterimin
yaddaşında 7 kitabım növbə gözləyir, onlara
arada qayıdıram, baxıram, düşünürəm.
Narahatlıqlarım da, sevinclərim də əsasən
sənətimlə bağlıdı.
Pərvin:
Son dövrlər Azərbaycan teatrının durumunu necə dəyərləndirirsiz?
Nələr sizi sevindirir, nədən narazı
qalırsız?
İlham
Rəhimli: Teatrlarımızın təmir olunması, son
avadanlıqla təchizatı çox sevindirir. Artıq
aktyorlar əziyyət çəkmirlər. Eyni zamanda
teatrlarda maaş yüksək olmasa da,
Prezident təqaüdləri bir çox aktyorların maddi
sıxıntı çəkməməsinə kömək
olur. Amma bəzən aktyorların işləmək istəməməsi,
3 ildə beş normal rol ortaya qoymaması
məni çox incidir. Əlbəttə,
ayrı-ayrı uğurlu işlər, tamaşalar var, amma
bütöv halda deyə bilmərəm ki, razıyam indiki
durumdan.
Pərvin:
Yadımdadı, bir neçə ay öncə teatrla
bağlı narahatlıqlarınızı ifadə edən
yazınız getmişdi mətbuatda. Aktyorun necə
yetişməsi, baş rejissorun teatrda vacibliyi haqda maraqlı
fikirləriniz vardı.
İlham
Rəhimli: Bəli, bu gün də o fikirdəyəm ki, teatrda
mütləq baş rejissor olmalıdı. O teatrın
repertuarını, aktyorların öz üzərində
çalışması üçün lazım olan işləri
yönləndirməlidi. Təkcə aktyoru yox,
dramaturqun özünü də teatr yetişdirə bilər.
Bir şərtlə ki, qarşılıqlı iş
olmalıdı. Lap gənc bir qələm
adamı, dramaturji “ukladı” olan yazıçı zamanla,
teatrla, baş rejissorla işlədikcə, pyesləri bir
müddət qoyulmasa da, müzakirə olunduqca, səhvləri
deyildikcə, o yetişəcək. Bir
çox dramaturqlar belə yetişiblər, teatr özü
onları bu mühitə cəlb edib. İndi
isə bütün bu ənənə təəssüf ki,
unudulub.
Pərvin:
Sizcə bərpa etmək mümkündü? Çıxış
yolunu nədə görürsüz?
İlham
Rəhimli: Yalnız işləməkdə, şəxsi
ambisiyaları kənara qoyub sənətə xidmət etməkdə.
Məsələn, hal-hazırda
teatrımızda olan Bəhram Osmanov – Əli Əmirli birgə
fəaliyyəti, qarşılıqlı əməkdaşlığı
kimi “duetlər” daha çox olmalıdı. Baxın bu iki sənətçinin – rejissor və
ssenaristin qarşılıqlı işi nəticəsində
nə qədər uğurlu tamaşalar gəlib səhnəmizə.
Eyniylə bu şəkildə gənclər də
teatra, rejissorlarla işə cəlb olunmalıdırlar.
Pərvin:
İki il öncə II Bakı Teatr
Konfransında etdiyiniz çıxış yadımdadı.
Teatrlarımızın ölkədən kənara az-az
çıxması, xaricilərin bizim pyeslərə
quruluş verməməsi haqda ağrılı bir
çıxış etmişdiniz... Azərbaycan
teatrlarına xarici rejissorlar kifayət qədər tez-tez dəvət
olunur. Bəs bütün bu işlərin
qarşılıqlı olmamasının səbəbi nədi?
İlham
Rəhimli: Əvvəla deyim ki, teatr konfranslarının,
festivalların əhəmiyyəti böyükdü. Ən azından gəlib Azərbaycanda teatrların
varlığını, səviyyəsini görürlər.
Çünki təəssüflər olsun ki, bəzi
ölkələrdə heç bizdə teatrın olması
haqda belə təsəvvürləri yoxdu. Ona görə qonaqların gəlib bütün
bunları görməsi, müşahidə etməsi vacibdi.
Amma mənim o çıxışımda da əsas
vurğu onun üzərində idi ki, əməkdaşlıq
qarşılıqlı olmalıdır. Biz
xaricdən rejissor dəvət edirik, gəlir burda tamaşa
qoyur. Çox yaxşı. Amma bizdə də istedadlı, peşəkar
rejissorlar çoxdu, onlar da gedib xarici ölkə
teatrlarında tamaşalar qoymalıdırlar. Təkcə qardaş Türkiyə ədəbiyyatından
onlarla pyes qoyulub teatr səhnələrimizdə. Amma gəlin görək Türkiyədə bizim
dramaturqların əsərlərinə müraciət edirlərmi?
Bəlkə bir-iki dəfə Axundzadənin əsərlərini
qoyublar, vəssalam. Yaxud niyə biz xaricə,
hansısa festivala gedəndə əcnəbi əsəri
aparmalıyıq ora. İngilisə
maraqlı deyil axı bizim teatr Şekspiri necə anlayıb,
necə qoyub?! Ona maraqlıdı ki, bizim
özümüzün olan, milli olan nəyimiz var? Bax bu məsələlər məni narahat edir,
dediyiniz çıxışımda da bir çox məqamları
dilə gətirdim.
Pərvin:
Bu dediyiniz problemlərin həllində tərcüməçilərin
də boynuna hansısa vəzifə, məsuliyyət
düşür, elə deyilmi?
İlham
Rəhimli: Əlbəttə, tərcümə sahəsində
boşluqlar bir çox problemlərin yaranmasına səbəb
olur. İnanıram ki, bu məsələ də
tezliklə həllini tapacaq. Ən
azından son vaxtlarda Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin yaradılması xeyli ümidləndirdi bizləri.
Pərvin:
İlham müəllim, bayaq dediniz ki, Sovet dövründə
“Kommunist” qəzetində bir dənə felyeton, yaxud tənqidi
məqalə yazırdız, ölkə bir-birinə dəyirdi.
İndi bir az fərqlidi hər şey. Yazılanlar elə effekt vermir. Öyrəşdiyiniz
reaksiyaları görməməyiniz necə təsir edir sizə?
İlham
Rəhimli: Bax, bu da ağrılı məsələdi.
İndi tənqidə dəhşətli
dözümsüzlük var. O zaman hətta haqqında felyeton
yazdığın adam gəlib səni
tapırdı, deyirdi haqlısan, düz yazmısan. Bəziləri ilə sonradan dostlaşırdıq
da. İndi belə deyil. Hansısa
qüsurları lap yüngül formada dedin, xəfif tənqid
etdin, o tərəfdəkilər olur səninlə düşmən,
hətta təhqirə də keçirlər. Əvvəl
bir tamaşadan resenziya yazırdıq, bunu teatr rəhbərliyi
iclasda müzakirə edirdi, qüsurları anlamağa, aradan
qaldırmağa çalışırdı. Amma indi tənqidçiyə dastan boyda cavab da
yazırlar ki, sən haqsızsan. Və qeyri-ciddi,
naşı “cavab”a yenidən oturub dəlil-sübutla nəsə yazmağa
həvəs də olmur.
Pərvin:
Bəs sizcə şəxsi münasibətlər incəsənətin,
teatrın bugünki durumuna necə təsir edir? Ümumiyyətlə edirmi?
İlham
Rəhimli: Hər halda edir. Azərbaycandı və hansısa
yazılmamış qanunları var. Ancaq uzaqbaşı orta səviyyədə
işə yaxşı deyərlər, amma pisin təriflənməsi
nadir hallarda ola bilər. Hər
halda mən pisə yaxşı deməmişəm heç
vaxt.
Pərvin:
Əslində, maraqlı bir məqama yaxınlaşdıq. Mədəniyyət kanalında tamaşaları təqdim
edən, teatr repertuarlarından bəhs edən verilişlər
aparırsız. Haqqında
danışdığınız tamaşaların
hamısını doğrudan da bəyənmisiz?
İlham
Rəhimli: (gülür) Yox, yəqin ki, bəyənmədiyim
də olub.
Pərvin: O verilişlərin bir çoxunu izləmişəm. Teatr repertuarlarında olan tamaşaların da çoxuna baxdığımdan, bəzən söz səxavətinizi də hiss eləmişəm verilişlərdə... Məncə, bəzi rəylərinizdə dostluq, yaxınlıq münasibətləri rol oynayır, elə deyilmi? Hər halda kimlərinsə xatirinə dəymək istəmirsiz.
İlham Rəhimli: Haqlısız. Amma gəlin verilişin formatını da nəzərə alaq. Məsələ burasındadır ki, bizim verilişlərin əsas məqsədi tamaşaçını teatra cəlb etməkdi. Yəni bir növ reklam xarakteri daşıyır. Biz əsasən rejissoru, baş rolların ifaçılarını çağırıb dəyirmi stol arxasında söhbət edirik. İstəyirik heç olmasa hansısa məsələ ilə, bəlkə aktyorun etirafı, bəlkə rejissorun izahı ilə tamaşaçını maraqlandıraq, teatra gəlsin. Ona görə o cür verilişlərdə mənim tənqidçi fikirlərimi ortaya qoymağım düz olmaz. Dostlarımın uğursuz, yaxud mənim zövqümdə alınmayan işlərinə gəldikdə isə, belə məqamda əlimdən yalnız bir şey gəlir. Sadəcə susuram. Daha doğrusu qələmim susur. Fikirlərimi, iradlarımı təkbətək söhbətlərimizdə bildirirəm.
Pərvin: Necə reaksiya verirlər?
İlham Rəhimli: Əksər hallarda razılaşırlar. Yaxud öz arqumentlərini gətirirlər. Sənət mühitində çox təbii prosesdi. Müzakirəsiz, polemikasız olmaz.
Pərvin: İstərdim bir az da müəllimlik fəaliyyətinizdən danışaq. Tələbələrinizlə də sənət müzakirələri, polemikalarınız olurmu?
İlham Rəhimli: Əlbəttə. Tələbənin hazırlıq səviyyəsindən asılı olmayaraq, mütləq müzakirələrə cəlb edirəm. Bu, onlarda fikri yığcam ifadə etmək bacarığı formalaşdırır. Eyni zamanda onları nəsə yazmağa, araşdırmağa alışdırıram. Gördüyüm işin nəticəsi olanda daha da həvəslənirəm, sevinirəm. Məsələn, indi burda Mədəniyyət kanalında bir neçə gənc yetirmələrim var, bizimlə çiyin-çiyinə çalışırlar, onların uğurlarını müşahidə edib, necə inkişaf etdiklərini görüb qanadlanıram.
Pərvin: Amma bayaq deyirdiniz ki, yazdığınız kitablar heç kimə lazım deyil...
İlham Rəhimli: Əslində elə yəqin əsas təsəllimiz bu gənclərdi, ümidimiz də onlaradı.
Pərvin: Bilirik ki, İncəsənət Universitetinə bəzən təsadüfən gəlib çıxan adamlar da olur. Ümumiyyətlə bu sahədə qabiliyyəti olmayan adama nəsə öyrətmək mümkündü?
İlham Rəhimli: Nəsə öyrətmək olar, amma çox şey öyrətmək mümkün deyil. Çünki baza, yəni ruh, istedad yoxdu. Ona görə mən qabiliyyətinə inandığım tələbələrlə, proqrama daxil edilməyən fərdi saatlarda da məşğul oluram. Əsas prinsipim qarşılıqlı inam və ehtiramdı. Tələbəyə hörmətim olmasa, ona heç nə öyrədə bilmərəm. Həm də bizim sahəmiz də başqadı. Riyaziyyatçının dediyi mühazirə, apardığı məşğələ ilə bunun arasında çox böyük fərq var. Bir də tələbələrimlə ünsiyyətdə bilmədiklərimi də öyrənirəm, auditoriyada öyrətməkdən əlavə öyrənməyə də səy göstərirəm.
Pərvin: Yəni bu sahə ilə bağlı öyrənməli olduğunuz nə isə qalıb?
İlham Rəhimli: Əlbəttə. Çox
şey. Baxın
stolumun üstü doludu arxiv materialları ilə. Hələ də
oxuyuram, araşdırıram, öyrənirəm. Yaddaşımı təzələyirəm.
Pərvin:
İlham müəllim, “Sərbəst söhbət”
verilişinizi əsasən izləyirəm, bir çox
buraxılışlarına baxmışam. Qonaqlarınızı
onların yaradıcılığı haqqında
danışdıranda çox sərbəst olursunuz. Bəs indi necə özünüz haqda
danışmaq diskomfort yaratmadı ki?
İlham
Rəhimli: (gülür) Yox. Elə burda da
verilişdə olduğum kimi sərbəstəm. Sərbəst və səmimi.
Pərvin:
Bəs rəqəmlər necə rahatsız etmir sizi? Məsələn, 65 rəqəmi?
İlham
Rəhimli: Qətiyyən. Rəqəmlərin
yaradıcılığıma, işimə, səhhətimə ziyanı yoxdusa nədən
narahat olum ki!?
Pərvin:
Son olaraq sizi yubileyiniz münasibətiylə bir daha təbrik
edir və maraqlı söhbət üçün minnətdarlığımı
bildirirəm.
İlham
Rəhimli: Mən də sizə təşəkkür edirəm.
Baş redaktorunuz Rəşad Məcidin diqqəti
və zəngi məni xeyli təsirləndirdi. Qəzetinizin redaksiya heyətinə, başda Rəşad
müəllim olmaqla, hamısına salamlarımı
çatdırın.
PƏRVİN
525-ci qəzet.-
2014.- 13 sentyabr.- S.20-21.