Vətənin nəğməkarı: həmişə
doğru yolda
Hidayət Orucov – 70
“Bilirsiniz, mən kiməm?
Babamın
atamdan sonrakı yaşı,
Çiçəkli,
meşəli, qayalı Zəngəzur torpağı,
Bir aran
çeşməsinin su daşı.
...Qədimdən-
qədiməm,
Uludan uluyam,
Bir ovuc,
Bir içim
xan Araz suyuyam!”
Bugünlərdə 70 yaşını tamamlayan dəyərli
şair, publisist, dramaturq, tərcüməçi Hidayətin
– fəal ictimai xadim, Azərbaycanın
Qırğızıstandakı səfiri Hidayət Orucovun
sözləridir bunlar. Özü haqqında poetik, amma həm də
mühüm bir gerçəkliyi ifadə edən sözlərdir.
Hidayət Orucov neçə onillikdir ki, ölkəmizin
ədəbi-mədəni həyatına qiymətli töhfələr
verməkdədir. Eyni zamanda ictimai fəaliyyətilə
seçilən fədakar qələm adamıdır.
Ədibin indiyədək “Məni səsləyəndə”, “Məhəbbət
qocalmır”, “Bir az gözləyin
məni”, “Dənizi harayladım”, “Ömrümün çəhlimləri”,
“Eviniz analı olsun”, “Zirvə cığırı”, “İrəvanda
xal qalmadı”, “Qatardan məktub”, “Hərdən xatırla məni”,
“Sabaha çox var”, “Mən belə
yaşayıram”, “Doxsanıncı il”, “Həsrət”, “Hərdən
xatırla məni”, “Sözün vaxtı”-publisistika,
“Ömrümün çəhlimləri”, “Burdan min atlı
keçdi”, “Özüm yazmaq
istərdim”, “Azərbaycanda din: ən qədim dövrdən bu
günədək” kitabları
işıq üzü görüb. Onun ingilis, rus, island,
türk, şotland, gürcü və digər xalqların
söz sənətkarlarından etdiyi tərcümələr
– poeziya, nəsr, dram nümunələri XX əsrin
80-90-cı illərində ayrı-ayrı kitablar şəklində,
antologiyalarda, dövri mətbuatda işıq üzü
görüb və böyük maraq doğurub.
Şekspirin
“Sonu yaxşı bitən hər şey yaxşıdır”
pyesini, Harriyet Biçer-Stounun “Tom dayının daxması”
romanını, XIX əsrin ingilis, island poeziyasından
nümunələri və bir sıra görkəmli rus ədiblərinin,
eləcə də başqa xalqların
yazıçılarının əsərlərini dilimizə
çevirib. Yubilyarın öz əsərləri
isə 20-dən artıq dilə tərcümə edilib.
70 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin
sərəncamı ilə Hidayət Orucova ölkənin
ictimai həyatında fəal iştirakına görə “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” verilib.
Qələm dostları isə “525-ci qəzet” vasitəsilə
yubilyara təbriklərini, ürək sözlərini
çatdırıblar.
Xalq
şairi, millət vəkili Sabir Rüstəmxanlı:
– Azərbaycanın
görkəmli qələm ustalarından biri, şair,
dramaturq, nasir, publisist, ictimai-siyasi xadim kimi yaxşı
tanınan və sevilən gənclik dostum Hidayət yetmişi
haqlayıb. Həyatın çox
sınaqlarından keçib, sevinc də görüb, dərd
də; ancaq ilk tanışlığımızda gözlərinin
dərinliyində və sözündə gördüyüm kədər
heç vaxt silinib getməyib. Hidayət
bütöv Vətənin nəğməkarıdır, lakin
Zəngəzur öz acı taleyi ilə həmişə onun
oxuduğu nəğmələrin şah bəndidir.
Azərbaycan Dövlət Universitetinin birinci kursunda
oxuduğumuz, yataqxanada bir yerdə qaldığımız
günləri, uşaqlıq xatirələrinə və Azərbaycanın
gələcəyinə köklənmiş söhbətlərimizi
xatırlayıram. Yeni yazdığımız şeirləri
isti-isti bir-birimizə oxuyardıq. Hidayət
yeni yazılarını indiyə qədər dəyişilməmiş
son dərəcə səliqəli xətlə iri bir dəftərə
yazardı. O, dəftərdə Arazı,
Mığrısı, Aldərəsi, Maralzəmisi, Xəllərgə
yaylağı, Ələngəz dağı, “başqa cür
çıxan” Günəşi, saya gəlməyən gözəllikləri
ilə sirli bir Zəngəzur dünyası vardı. Həmin illərin bütün mürəkkəb,
acılı-şirinli yaşantıları Hidayətin
şeirində, nəsr və publisistikasında, bədii məktublarında
əksini tapıb. Bu əsərlərin hər
biri ayrıca araşdırma mövzusudur.
Hidayət əyani təhsildən ayrıldı, ancaq
bizdən ayrılmadı. Dostluğumuz və
yaradıcılıq əlaqələrimiz davam etdi.
İrəvanda
yaşaya-yaşaya Azərbaycanda tanındı, nəşr edildi və
sevildi...
Sonra ildən-ilə artan erməni şovinizminə, erməni
mətbuatında və ictimai həyatında baş alıb
gedən antitürk təbliğatı və düşmənçiliyinə
dözmədi, Bakıya köçdü. Burada da həmkar
olduq. Kitab mədəniyyətimizi
inkişaf etdirmək qayğılarımızı
bölüşə-bölüşə o, “Gənclik”, mən
“Yazıçı” nəşriyyatında baş redaktor
işlədik. Azərbaycan müstəqillik
qazanandan sonra o, Prezident Aparatında dövlət
müşaviri oldu, mən mətbuat və informasiya naziri.
Ancaq universitet yataqxanasında bir otaqda
qaldığımız günlərin səmimiyyəti
heç azalmadı.
Hidayətin ədəbiyyatımız
qarşısında xidmətləri çoxdur. Ancaq bir xidməti
də var ki, xüsusi qiymətləndirilməlidir. Bu da şair ilhamı, istedadı ilə, ictimai-siyasi
xadim, dövlət məmuru obrazının mükəmməl
şəkildə bir-birini tamamlamasıdır. Belə insanlar o qədər də çox deyil.
Bu məsələdə taleyimizin
oxşarlığından bunun nə demək olduğunu
yaxşı bilirəm. Təsadüfi deyil ki, o, milli məsələlər
üzrə dövlət müşaviri və ya Dini Qurumlarla
iş üzrə Dövlət Komitəsinin sədri olanda da
bu məsul vəzifələrin öhdəsindən
bacarıqla gəldi; ucaldıqca xalqa daha da
yaxınlaşdı, müstəqil dövlətdə
vicdanlı məmurluğun, milli ziyalılığın
nümunəsini göstərdi. Buna görə
də indi Qırğızıstan Respublikasında Azərbaycanın
böyük elçisidir və ölkəmizi ləyaqətlə
təmsil edir. Bizim Hidayətlə
dostluğumuzun təməlində də onun çətin
uşaqlıq həyatı, Mığrı, ana, ilk sevgi,
doğulduğu yerlərin gözəllikləri haqqında
yazdığı və tələbə yataqxanasının
balaca otağında dinlədiyim gənclik şeirlərindəki
dərin səmimiyyət və gələcəyə ümid
olmuşdu. Şair dostumun bir çox məktubları,
çıxışları da var ki, siyasi publisistikanın
öz vətəndaşlıq borcunu necə yerinə yetirməli
olduğuna örnək sayıla bilər. Bu
əsərlər dövlət müstəqilliyinin qorunub
möhkəmləndirilməsində yazıçı
sözünün necə mühüm rol
oynadığını göstərir.
O,
yaradıcılığında olduğu kimi, tutduğu vəzifələrlə
bağlı apardığı bütün işlərdə,
siyasi kitablarında, müsahibə və
çıxışlarında da böyük vətəndaşdır.
Bir vaxt Zəngəzur üçün söylədiyi
nəğmələri o, sonra bütöv Azərbaycan
üçün oxuyub.
Dövlət müstəqilliyini əldə etmək,
müharibə şəraitində və belə mürəkkəb
coğrafi-siyasi mövqedə, bu qədər çox
düşmən arasında gənc dövləti qorumaq
çətin işdir. İyirmi beş ildir qolunu
çırmayıb bu işi görənlər, öz
gücünü milli gücə qoşanlarla yanaşı, kənarda
dayanıb dodaq büzməkdən, qüsur axtarmaqdan başqa
peşəsi olmayanları da görürük. Hidayət isə
ilk gündən tərəddüd etmədən, əsl
şair ilhamıyla çiynini bu ağır yükün
altına verən və öz səngərini əzmlə
qoruyan, milli dövlətinə xidmət göstərməkdən
zövq alan şəxslərdən biri
olub. “Bu gün vəzifə kürsüləri
rahatlıq üçün deyil” – söyləyərək gecə-gündüz
çalışıb. Ona görə də
xalqının və dövlətinin yanında
üzüağ və başıucadır. Keçdiyi
yaradıcılq yolu, ictimai mübarizə yolu həmişə
adına yaraşan bir səviyyədə
olub. Həmişə doğru yolda olub. Bu
yol Azərbaycanın böyük gələcəyinə və
bütövlüyünə gedən yoldur...
Yazıçılar
Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:
– Hidayət
müəllimlə neçə illərin
tanışıyıq. Onu həm ictimai xadim, həm
də yazıçı, dramaturq kimi tanımışam.
Azərbaycan teatrında quruluş verilən
pyeslərinə də zamanında maraqla baxmışam.
Xatırlayıram ki, bir neçə il
öncə Hidayət müəllimin silsilə yazıları
“525-ci qəzet”də çap olunurdu və oxucular da bu əsərləri
böyük maraqla qarşılamışdılar. Hidayət
müəllimlə yaxından tanış
olduqca onun necə alicənab, təvazökar, bir qədər
sakit, amma həm də olduqca mehriban, xoşxasiyyət adam
olduğunu gördüm. O, hal-hazırda
Qırğızıstan Respublikasında səfir kimi də
daima Azərbaycanın təəssübünü çəkir
və mən deyərdim ki, ölkəsinə, vətəninə
son dərəcə bağlı bir adamdır. Eyni zamanda o, istər publisistik
yazıları, istərsə də bədii əsərləri,
dramaturgiyası, müxtəlif dillərdən tərcümələri
ilə ədəbiyyatımızı zənginləşdirir.
Hidayət müəllimi 70 yaşı münasibətilə
təbrik edirəm, ona həm diplomatik fəaliyyətində,
həm də yaradıcılığında uğurlar
arzulayıram.
Gənc
yazıçı və publisist Pərvin Nurəliyeva:
– Bu ilin mart ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki Opera Teatrında Azərbaycanın Xalq yazıçısı Anarın qırğız oxucuları ilə görüşü keçirildi. Həmin görüşün əsas təşəbbüskarı və təşkilatçısı olan Hidayət müəllimlə ilk dəfə orada tanış oldum. Daha doğrusu, əsərlərinə, fəaliyyətinə az-çox bələd olduğum hörmətli ədibimizi bir şəxsiyyət kimi tanımaq, yaxından müşahidə etmək imkanı qazandım. Etiraf edim ki, Hidayət müəllimin o görüşə necə hazırlaşması, hər məsələyə həssas, diqqətli yanaşması, Anar müəllimin timsalında Azərbaycan ədəbiyyatına, mədəniyyətinə münasibəti, incəsənətimizin təbliğatı üçün gördüyü işlər məni xeyli təsirləndirmişdi. İndiyə kimi səfirliyin işçiləri ilə əməkdaşlığımız davam edir və mən hər dəfə Hidayət müəllimin Qırğızıstanda səfir kimi fəaliyyətini, keçirdiyi görüşləri, mədəniyyətlərimizin qarşılıqlı tanınması üçün gördüyü işləri izlədikcə bir gənc kimi sevinirəm. Hidayət müəllimi yubileyi münasibətiylə təbrik edir, ona bu şərəfli yolda yeni uğurlar diləyirəm.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev:
– Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, şair, dramaturq, ədəbiyyatşünas, teatr tənqidçisi, tərcüməçi, ictimai-siyasi xadim Hidayət Orucov ömrünün hər anını xalq və Vətən yolunda xidmətdə bulunmuş dəyərli ziyalımızdır. Hidayət Orucov ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə, eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Onun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası rus, ingilis, gürcü dillərində də nəşr olunub.
Mən 2000-ci il iyun ayının 18-də İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbər təyin olunarkən orada direktor kimi fəaliyyətə başlayarkən kollektivə ilk sözüm bu oldu: “Biz gərək bu teatrı Hidayət müəllimin dövründəki səviyyəyə çatdıraq.
Əgər buna nail ola bilsək, onda İrəvan Teatrı ən nüfuzlu teatrlar sırasına çıxa biləcək”. Bu belə də oldu. Az müddət ərzində İrəvan Teatrı bütün göstəricilərinə görə respublikanın öndə gedən teatrları sırasına çıxdı. Əlbəttə, bu işdə Hidayət müəllimin bizə verdiyi dəyərli məsləhətlər və tövsiyələr çox böyük rol oynadı.
Hidayəti, bir dramaturq kimi sevdirən əsas cəhət cəmiyyət və şəxsiyyət problemini obrazların psixoloji münasibətlərində axtarmasıdır. Dramaturq şəxsiyyətin mənəvi-əxlaqi xüsusiyyətlərini onun ictimai fəaliyyətinin siyasi mahiyyəti ilə vəhdətdə götürür.
Azərbaycanın son onillərdə yaşadığı mürəkkəb tarixi prosesləri şəxsi taleyinin bədii süzgəcindən keçirən Hidayət yaradıcılığının qayəsini vətəndaşlıq pafosu, milli mənsubiyyət, torpağa, elə-obaya bağlılıq, Vətən təəssübkeşliyi təşkil edir.
Bütövlükdə, Hidayətin yaradıcılığı Azərbaycan poeziyasının, ədəbiyyatının, dramaturgiyasının, teatr sənətinin, teatr
tənqidinin və bütövlükdə Azərbaycan mədəniyyətinin əvəzsiz milli bədii sərvətidir.
S.Mürvətqızı
525-ci qəzet.-
2014.- 13 sentyabr.- S.19.