“Günahsız Abdulla”, 62 dəqiqəlik
şedevr və 30 il
“Bu
tamaşa bütün dünyanın günahsız bəndələrindən
ötrü bir teleağı idi”.
Aydın
Talıbzadə
...
1984-cü il. Mart ayının
sonuncu səhəri... Ucqar dağ kəndində çiskinli havadır.
Adamların ovqatı
onsuz da dünəndən korlanıb,
“Günahsız Abdulla”ya baxandan sonra...
Uzaq
Borçalı mahalının Sarvan qəzasında iynənin
ucu boyda
günahı olmayan Abdullaya haqsızlıq olunub. Adam gözgörəti
şərə düşüb. Bütün KƏND Abdullanın
müsibətindən danışır...
...Uzun illər
KƏND Abdullanın dərdini unutmadı. Hər dəfə
bu teletamaşaya baxanda susub sonu gözlədi, gözlədi ki, bəlkə bu
dəfə...
Heç
nə baş vermədi, əksinə, cəmi 8 il
sonra Abdullanın gününə ağlayan KƏND ağlar
günə qaldı. Qarabağ
– kənd-kənd, şəhər-şəhər
işğal olundu,
bir milyon insan minillik ata-baba yurdundan ayrı düşdü,
DÜNYA heç nə olmamış kimi bu haqsızlığa göz yumdu...
O
zamansa... sovet dövrü idi.
Bayağı “qəhrəmanlar”ın meydan suladığı
bir vaxtda Ramiz Həsənoğlu haqqı tapdalanan insana səhnədə
meydan vermişdi. ADAMLAR da ilk
gündən Abdullanın günahsızlığına
inanmışdı, o gündən harda Abdulla adına rast gəldilərsə,
adının əvvəlinə günahsız
sözünü artırdılar. XALQ sevdiyi qəhrəmanın əvəzini bütün Abdullalara bəraət
verməklə çıxdı...
Sənətin gücünə bax!!!
İllər
sonra bu tamaşaya təkrar-təkrar baxıb məğzini
anladıqca, bu təkrarsız teletamaşanın uğurunun səbəbini,
köklərini aradıqca tanınmış teatrşünas Aydın Talıbzadənin “Ustad və ayna” kitabından “Günahsız Abdulla”nın
qapalı orbiti”ni xatırlayıram. Mənə elə gəlir
ki, heç kim bu tamaşanı Aydın Talıbzadə qədər
uğurlu təhlil etməyib, qaranlıqdakı detalların
üstünə belə gur işıq salmayıb, günahı və
günahsızlığı sənətşünaslıq
süzgəcindən belə məharətlə keçirməyib.
Nəhayətdə, bu tamaşanın tərifini verib: “Azərbaycan teleteatrı
üçün 62 dəqiqəlik ŞEDEVR”.
Şedevr hələm-hələm yaranmır, bu sənət
əsərinin təməlini gürcü
yazıçısı Mixail
Cavaxaşvili qoyub. Unikal rejissor Ramiz Həsənoğlu bu əsəri
oxuyandan sonra istedadlı insanları ətrafına
toplayaraq kefi istəyən bir
teletamaşa hazırlayıb.
Nəticədə
bu tamaşa 30
il insanları gizli və aşkarda göz yaşında
boğub...
Bu
uzun-uzadı müqəddimədən sonra
xatırlatmalıyam ki, Ramiz Həsənoğlunun təklifi ilə Dilsuz
Mustafayev bu povesti tərcümə edərək səhnələşdirib.
30 ildən
sonra şair, tərcüməçi, dramaturq Dilsuz Mustafayev
“Günahsız Abdulla”nı belə
xatırlayır:
– Bu əsərin
müəllifi gürcü ədəbiyyatının klassiki Mixail
Cavaxaşvilidir. Cavaxaşvilinin demək olar ki, bütün əsərlərində
azərbaycanlı obrazı var.
Mən televiziyada
işləyən vaxtlarda Tiflis
televiziyasından nümayəndə gəlmişdi, özü ilə
Cavaxaşvilinin “Uçqun”
romanı əsasında hazırlanmış tamaşa gətirmişdi. Bu tamaşanın rus dilindən tərcüməsini
mənə həvalə elədilər. O qədər
gözəl bir tamaşa idi ki, mən bu tamaşaya baxandan
sonra Cavaxaşvili yaradıcılığına heyran oldum.
Bu mənim Cavaxaşvili yaradıcılığı ilə
ilk tanışlığım oldu. Sonra Ramiz Həsənoğlu
təklif elədi ki, “Günahsız Abdulla” povesti əsasında
ssenari yazım. Bu teletamaşa Ramiz Həsənoğlu
ilə bizim ilk işimiz olsa da, sözün düzü
uğurlu alındı.
Teletamaşanın
musiqisini
Cavanşir Quliyev yazdı.
Abdulla rolunu Mikayıl Mirzə oynayırdı və mənə
elə gəlir ki, onun heç bir oyunu “Günahsız
Abdulla”dakı qədər uğurlu alınmayıb. Çünki Mikayıl Mirzənin
xarakteri ilə
obrazın xarakterində
üst-üstə düşən məqamlar vardı.
“Günahsız Abdulla”da Mikayıl Mirzədən daha
çox, Ramizin hərəkətləri yadımda qalıb. O necə həyəcan
keçirirdi, necə aşağı-yuxarı gedib-gəlirdi,
necə əli ilə üzünü tuturdu. Kaş o məqamları gizli kamera ilə çəkib saxlamaq
mümkün olaydı.
Mən Ramizi sakit adam
kimi tanıyırdım. İş prosesində gördüm
ki, o öz
hisslərinə hakim ola bilmir,
hisslərinin əsiri olur. Mən o məqamları
görmüşəm, o məqamlar mənim üçün
maraqlıdır.
Tanınmış
- bəstəkar Cavanşir Quliyev:
–
Əslində o zaman biz böyük bir iş görəcəyimizi
düşünmürdük. Ramiz
televiziyanın rejissoru idi, bu tamaşa da onun planlı işlərindən
biri idi. Bu teletamaşadan əvvəl “Topal Teymur” teletamaşasında
birlikdə işləmişdik, ikinci işimiz
“Günahsız Abdulla” oldu. O illərdə mənim teatr aləmində
çoxlu
dostlarım vardi. Hərdən qədimi meydan teatrı barədə
danışırdılar.
“Günahsız
Abdulla”nın
meydan teatrı üslubunda tamaşaya qoyulması mənə
daha maraqlı göründü.
İllər
ötür, xatirimdə qalan odur ki, bu teletamaşada çox həvəslə
işlədik. Lazım olandan da artıq həvəs
göstərirdik.
Nəticədə, çox
duyğulu tamaşa alındı. Düşünürəm
ki, nə yaxşı o vaxt Ramiz bu tamaşanı
hazırladı. Yoxsa Mikayıl Mirzədən
nə qalacaqdı?
Teletamaşanın baş qəhrəmanı Mikayıl
idi. Abdulla rolunu çox gözəl oynayırdı,
sanki bu rol ona biçilmişdi.
Dediyim kimi, teletamaşada meydan teatrının
ünsürləri vardı, hər şey
tamaşaçının gözünün qabağında
baş verirdi.
Onun televiziyada tətbiqini ilk dəfə Ramiz həyata
keçirdi. Və o zamankı mütəxəssislərin
dediklərinə görə teletamaşa uğurlu
alınmışdı. Alınmasaydı 30 ildən sonra biz o tamaşa
barədə danışmazdıq ki.
O ki
qaldı musiqiyə, tamaşaçılar yəqin ki, diqqət
ediblər tamaşanın musiqisində bir dənə də
olsun musiqi aləti yoxdur.
Hamısı insan səsləridir.
Rejissorla belə qərara gəldik ki,
tamaşanın musiqisini yalnız insan səsləri ilə həll
eləyək. Əslində dünyanın
ən gözəl musiqisi elə insan səsidir. Çünki insan səsinin rəngləri
çoxdur. Bu hikmətin bir daha şahidi
olduq.
Tamaşada
Abdullaya yerə-göyə
sığmayan haqsızlıq
edilir. Onu ifadə
eləmək üçün çox duyğusal, emosional
musiqi lazım idi. Tamaşada xor,
duet, solo oxumaqlar var.
Musiqini çəkilişlərdən əvvəl yazdıq,
çünki elə səhnələr var idi ki, musiqinin fonunda
çəkilməli idi. Azərbaycan
televiziyasının xorunu sərəncamımıza verdilər.
Brilyant Dadaşova o zaman yeni-yeni oxumağa başlayırdı
və onu hələ heç kim
tanımırdı. Tamaşaya tanınmayan səs lazımdır, əgər
belə olmasa tamaşanın sirri itər, rejissorun məqsədi
puç olar.
Tamaşadakı
mahnılardan bir neçəsini Brilyant oxudu, kişi səsləri ilə
olan mahnıları məcbur
olub özüm oxudum. Çünki müğənni
kimi məni kimsə tanımırdı. O üzdən
musiqiləri çəkilişdən əvvəl bəstələdim, lentə
alındı və ondan sonra
çəkilişlər başladı.
Hər dəfə bu tamaşaya baxanda ruslar demiş,
deyirəm “neujeli” bu tamaşanı biz
hazırlamışıq. (Gülür). Əcaba, bu bizimmi işimizdir? İnsan gənc olanda çox
enerjili olur, çox müsbət hisslərlə irəli
baxdığından əlindən çıxan işlər
də elə işıqlı, həyatsevər, enerjili olur.
Tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu:
–
Tamaşanın ideyası deməzdim birdən-birə yarandı. 1981-ci ildə Riqada teletamaşalar festivalı
keçirilirdi, mən də ora bir tamaşa
aparmışdım. Bu festivalda Gürcüstandan gələn Tomaz
Qodezişvili ilə tanış oldum. Onlar festivala Cavaxaşvilinin “Uçqun”
romanı əsasında səhnələşdirilmiş
gözəl bir tamaşa gətirmişdilər.
Festivalın bağlanışında Riqa
televiziyasında çəkilişlər oldu, hərə bir
fikir söylədi, mən də təklif elədim ki,
qarşılıqlı təcrübə mübadiləsi
olsun. O
görüşdən sonra Tomaz məsləhət
gördü ki,
Cavaxaşvilinin
“Günahsız Abdulla” əsərini oxuyum.
Bakıya
dönəndən sonra
bu povesti tapıb oxudum. Məqsədimiz bu idi ki, mən
bu əsəri Gürcüstan televiziyasında, gürcü
aktyorları ilə hazırlayım, gürcü rejissoru da gəlib
bizim televiziyada
dramaturqlarımızdan birinin əsərini tamaşaya
qoysun.
Təəssüf
ki, bu arzumuz həyata keçmədi, amma televiziyanın o
vaxtkı rəhbəri Elşad Quliyev razılıq verdi ki, bu tamaşanın çəkilişlərinə
başlayaq.
Dilsuza təklif
elədim ki, bu
əsəri tərcümə eləsin. Tərcümə elədi
və finalı
dəyişdi. Final belə idi ki, Abdulla məhbəsdən
qaçıb Mustafanı öldürür. Bunu tuturlar təzədən mühakimə eləyirlər
və sonda bəraət qazanır. Dilsuza dedim ki, gəl
bunu öldürək. Belə də oldu,
yadımdadır ki, tamaşa yaxşı mənada çox
böyük səs-küyə səbəb oldu.
Haşiyə:
İllər sonra teatrşünas Aydın Talıbzadə
tamaşa barədə belə yazacaqdı: “Ramiz Həsənoğlu
yaradıcılığında öz güclü
energetikasına görə ikinci belə tamaşa yoxdur”.
– Mənim
bioqrafiyamda o tamaşa çox möhkəm yer tutur. İllər keçir,
o tamaşalar tarixə çevrilir, tamaşadakı insanların
çoxu artıq həyatda yoxdu. Həyatda olanlara da Allah can sağlığı versin, yaşa dolublar.
Mən o illəri nostalji hisslərlə xatırlayıram...
Tamaşanın
musiqisi barədə isə onu deyə bilərəm ki,
Cavanşirlə danışdıq ki, bu hadisə Azərbaycandan bir az kənarda,
ancaq azərbaycanlıların məskunlaşdığı bölgədə baş verdiyindən bayatılardan, holavarlardan gələn bəzi
xallarla yanaşı,
gürcü elementlərindən də istifadə edək.
Cavanşir bunları ustalıqla tamaşaya tətbiq
elədi və çox gözəl nəticə
alındı.
Çox
qəribədir ki, Dilsuz şair olsa da, bu tamaşaya şeir yox, bayatılar seçdi. Və o bayatılar da mənə elə gəlir ki,
çox uğurlu seçilmişdi.
Aktyor seçmək də həmişə mənə
çətin olub. Mən aktyor ailəsindənəm. Bilirəm o aktyorlar nələr çəkir. Aktyor seçimində səhv etdiyim məqamlar da
olub, bu səhvlərimə görə Allah məni
bağışlasın.
O tamaşadan bir il əvvəl Mikayıla “Topal Teymur”da – Şair Kirmani rolunu vermişdim. Fikirləşirdim ki, Abdulla rolunda kim olsun, kim olsun, kim olsun baxıb görürdüm ki, o piramidanın başında Mikayıl Mirzə dayanır. Heç bir tərəddüd eləmədən rolu Mikayıla verdim.
Mənim iş prinsipim belədir ki, çox dəqiq operatorla, aktyorla, rəssamla işimi qururam. Və hamı bilir ki, mən nə istəyirəm.
Xüsusi ilə aktyorlar. Mikayılda isə bir qədər fərqli idi. Mən onun fəhminə inanırdım. Üstəlik, bu tamaşanı meydan teatrı
əsasında qururdum, meydan teatrının prinsiplərindən biri də odur ki, aktyora bir az sərbəstlik, meydan vermək lazımdır və
Mikayıl bunu məndən xahiş elədi. Mən də ona meydan
verdim...
Ümumiyyətlə,
mən nə
iş görürəmsə, o işə ciddi bir iş kimi
yanaşıram. Qalacaq, qalmayacaq onu zaman göstərəcək.
Mənə
elə gəlir ki, hər bir rejissorun görülən işləri
arasında utandığı və utanmadığı
işləri var. Mən bu işimdən utanmıram...
“Günahsız
Abdulla” – Mikayıl Mirzə
2004-cü
ildə Xalq artisti Mikayıl Mirzə Aydın Talıbzadənin
“Ustad və ayna” kitabının təqdimatında ona uğur gətirən bu
teletamaşadan, Ramiz Həsənoğlunun
yaradıcılığı barədə çoxdan ürəyində
gəzdirdiyi sözləri deməyə fürsət
tapacaq və bu tarixi çıxışı lentin
yaddaşına köçüb əbədiləşəcək.
O çıxışdan bəzi məqamları
xatırlamağa dəyər:
“...Tale elə
gətirdi ki, Ramiz mənə Abdulla rolunu təklif elədi
gördüm ki, dəhşət bir roldur. Kiçik
bir əsərdi, amma burda yerin-göyün günahları var. Ramizə dedim ki, mənə meydan ver. Dedi sənə
meydan verəcəm. Ona görə də bu
tamaşanı Ramiz meydan ruhunda qurdu. Bu tamaşa Azərbaycan televiziyasında
yeni bir mərhələ idi. Bu Azərbaycan
teatrının modeli idi. “Günahsız Abdulla” Azərbaycan
teatrı tarixində
yaranmış möcüzə tamaşalardan biri
idi. Yaradıcısı Ramiz idi...
... Sonda mən özümü boğmurdum, Aydın
çox gözəl deyib kitabda, əslində
günahlarımı boğurdum. Mən
Mustafanı boğduğum kəndiri əlimdə gətirirdim.
Və orda variantlar var idi, özümü nə
cür boğum. Birinci dublda kəndir əlimdədir,
necə ki, şərf mənim əlimdə oyuncaq idi, indi əlimdə
kəndir idi. Bir də gördüm kəndir dolanıb ey mənim
boynuma. Artıq mən boğulmuşam Ramiz sənətində,
Ramiz kəndirində... Eşq
olsun sənə, pultda qal , Ramiz!!!”
“Günahsız
Abdulla”dan danışarkən teletamaşanın operatoru Eldar Məmmədovun, rəssam Rəfael
Əlizadənin, eləcə də tamaşada iştirak edən
Sofa Bəsirzadə, Hamlet Qurbanov, Ramiz Məlikov, Səidə
Quliyevanın adını çəkməliyik. Çünki
teletamaşanın
uğurunda hər birinin
pay var.
... 30 ildə “Günahsız Abdulla” unudulmadı və deyəsən qarşıdakı 30 ildə də unudulmayacaq. Haqsızlıq unudulmur ki...
Təranə VAHİD
525-ci qəzet.-
2014.- 13 sentyabr.- S.18.