Cavidlər haqqında bitməmiş
yazı
Dəyərli şair və publisist Əbülfəz Naxçıvanlı qəzetimizdə
mədəniyyətə, ədəbiyyata,
görkəmli şəxsiyyətlərimizə
dair yazılarla mütəmadi çıxış
edən müəlliflərdən
idi. Bugünlərdə dünyasını
dəyişən Ə. Naxçıvanlı
özünün sonuncu
– təəssüf ki,
tamamlamağa macal tapmadığı yazısını
da “525” üçün
nəzərdə tutubmuş.
Bu yazı böyük
şair Hüseyn Cavidin özünün və ailə üzvlərinin taleyinə,
onların uzun ayrılıqdan – dünyadan
köçəndən sonra,
Ümummilli lider Heydər Əliyevin diqqəti və təşəbbüsü sayəsində,
nəhayət, bir məqbərədə uyumalarına
həsr edilib.
Ailəsi tərəfindən redaksiyamıza
təqdim olunan, əcəlin amansızlığı
üzündən yarımçıq
qalmış bu yazını müəllifin
– Əbülfəz Naxçıvanlının
işıqlı xatirəsinə,
onun fədakar ruhuna ehtiram əlaməti kimi dərc edirik.
Dahilər xoşbəxt yarananlardı. Ona görə
ki, dahilərin yaratdıqları əsərlər,
etdikləri böyük
kəşflər insanlığa
xidmət edir. Özündən sonra dünyada
dahi övladlar qoyub gedən dahilər isə ikiqat xoşbəxtdirlər.
“Oddan kül törəyər”-deyiblər. Bəzən dahilərin
zaman-zaman öz istedadı və zəhməti hesabına qazandığı nüfuzu,
hörməti bircə
anda ayaqlar altına atan övladlara da tarixdə çox rast gəlinib. Lakin nə xoş ki, öz dahi
valideynlərinin ucalıq
mərtəbəsində yerini
qoruyub saxlaması naminə bütün ömrünü fəda edən istedadlı övladlar tarixin yaddaşında daha çox qalıblar.
Tale dahi filosof , şair və
dramaturq, Azərbaycanda
mənzum dramaturgiyanın
əsasını qoymuş
Hüseyn Caviddən də istedadlı övlad payını əsirgəməmişdi. Böyük
dramaturq həyatda çox az yaşamış,
lakin bu qısa müddətdə
özünü yazıçı,
dramaturq, şair, rəssam, musiqişünas
və bəstəkar Ərtoğrul Cavid kimi bir oğul,
istedad sahibi olan , gələcəkdə
onun əsərlərinin
toplanması, nəşri,
tamaşaya qoyulması,
adının əbədiləşdirilməsi
uğrunda uzun illər layiq olduğu şəkildə
sözün əsl mənasında ciddi-cəhdlə
mücadilə aparan Turan Cavid kimi
kişi qeyrətli bir qız övladı
bəxş etmişdi.
37-nin repressiya dalğası
böyük sənətkar
Cavid əfəndini öz cənginə alıb aparanda o, 14 yaşlı Turanı-Nənəsim
amanatını (babası
onu əzizləyərək
bəzən belə çağırardı-Ə.N.) 18 yaşlı Ərtoğrula
tapşırıb getdi. 1942-ci ildə İkinci Dünya Müharibəsinin
ən şiddətli vaxtlarında ordu sıralarına səfərbərliyə
alınarkən Ərtoğrul
Turanı anasına – Muşkinaz xanıma əmanət etdi. 1976-cı ildə isə uzun illər
ömür-gün yoldaşının
həsrəti ilə yaşayıb dünyadan köçən Muşkinaz
xanım Turanı taleyin ümidinə buraxıb həyatla vidalaşdı. Bu zaman
Turan artıq 53 yaşında idi və necə deyərlər, dünyanın
gərdişindən yaxşı
baş çıxarırdı...
Turan Cavid 2004-cü il
sentyabr ayının
12-də çeşmək arxasından bizlərə
dikilən nurlu gözlərini əbədi
olaraq yumdu. 81 yaşının tamam olmasına düz iyirmi gün qalırdı.
Onu Naxçıvanda
– Cavidlərin möhtəşəm
məqbərəsində doğmaları
ilə əbədi görüş gözləyirdi.
Həmin günün səhərisi
Naxçıvana təşkil
edilmiş xüsusi təyyarə reysi ilə mərhumun yaxın qohumları, respublikanın adlı-sanlı
ədəbiyyat, incəsənət,
elm, mədəniyyət xadimlərinin
də müşayiət
etdiyi təyyarə təxminən bir saatdan sonra Naxçıvan
hava limanında yerə endi. Bakıdan gələn nümayəndə heyətinin
müşayiət etdiyi
cənazəni qarşılamaq
üçün, başda
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
sədri cənab Vasif Talıbov olmaqla, Muxtar Respublikanın rəhbər
heyəti təyyarə
limanında idilər.
Gələn qonaqları şəhərə
aparmaq üçün
xüsusi mikroavtobuslar
ayrılmışdı.
Təyyarə limanından Muxtar Respublikanın paytaxtına
kimi cənazəni aparan korteji izləmək üçün
yüzlərlə yerli
sakin küçələrə
çıxmışdı. Yolboyu düzülmüş
bu sadə insanlar həm yerliləri dahi filosof, şair və dramaturq Hüseyn Cavidin istedadlı qızı Turan xanımı son mənzilə yola salırdılar. Cənazə əvvəlcə mərhumun
atasının zaman-zaman
əsərləri göstərilmiş
Naxçıvan Dövlət
Musiqili Dram Teatrının
səhnəsində qoyuldu.
Burda keçən matəm mitinqini Naxçıvan MR
Ali Məclisinin sədri
Vasif Talıbov açdı. Sonra akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli, Bakı Metropoliteninin sabiq rəisi,mərhumun yaxın
qohumu, ədəbiyyatımızın
hamisi, qayğıkeş
Tağı Əhmədov,
cavidşünas Azər
Turan çıxış
edərək dünyadan
böyük bir dahinin, istedadlı övladın getdiyindən
söz açdılar.
Onlar qeyd etdilər ki, Turan Cavid atasından
sonra düz altmış il onun it-bata düşmüş
əsərlərini, necə
deyərlər, dişiylə,
dırnağıyla toplayaraq,
kipriyiylə od götürə-götürə nadanlarla, qaragüruhçularla
cəngi-cidana çıxaraq
topladıqlarını sistemə
saldı və yenidən xalqa qaytardı. Bu, əslində
böyük bir elmi müəssisənin görə biləcəyi
ağır bir iş idi.
Bundan əlavə
Turan Cavid babası bəraət alandan sonra müxtəlif
nəşriyyatlarda çap
olunan seçilmiş
əsərlərin tərtibatçısı
idi. Naxçıvanda və
Bakıda ev
muzeylərinin yaradılmasına,
paytaxtın görkəmli
bir yerində ona abidə ucaldılmasına nail oldu.
Ən böyük
möcüzə isə
1982-ci ildə Hüseyn
Cavidin cənazəsinin
tapılıb Vətənə
gətirilməsi və
doğulduğu torpaqda
– Naxçıvanda dəfn
edilməsi idi.
Bütün bunlara nail olmaq üçün isə xalqımızın qeyrətli
oğlu, dünyanın
ən tanınmış
siyasətçilərindən biri, ulu öndərimiz
Heydər Əliyev kimi qətiyyətli bir insan lazım
idi ki, o da Turan xanımın,
ümumın xalqımızın
bəxtinə düşmüşdü.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıdandan sonra Cavidin Naxçıvanın
Əlixan məhəlləsində
– adını daşıyan
küçədəki məzarı
üzərində möhtəşəm
bir abidə ucaltdırdı. Sonra Turan xanımın xahişi ilə anasının cənazəsi
Bakıdan, Ərtoğrulun
cənazəsi isə
Naxçıvan qəbiristanlığından bura
köçürüldü. Məqbərənin sonuncu sakini isə Turan xanımın özü oldu.
Elə buradaca qeyd etmək
istərdik ki, Hüseyn Cavid 1956-cı ildə bəraət alsa da, uzun
illərdən sonra,
1958-ci ildə “Azərnəşrdə”
onun ilk irihəcmli bircildliyi Turan xanımım tərtibatında
işıq üzü
görsə də, böyük şair və dramaturqun əsərlərinin dilinə
bir çox yersiz müdaxilələr
edilmişdi. Naşirlər
Cavidin “qüsurlu dilini” türk ifadələrindən “təmizləməyə
çalışırdılar ” ki, nəticədə
bir çox parçalar eybəcər
şəkilə salınmışdı.
Bütün bunlar uzaq Sibirdə uyuyan ulu şairin
ruhunu, burada nəşriyyatın beş addımlığında
yaşayan Turan xanımın isə qəlbini sızıldadırdı.
Ədəbi üslubdan,
yazıçının dil
anlayışından çox-çox
uzaqda olan bu naşirlər isə dahi sənətkarın
əsərlərinin başına
necə deyərlər , “oyun açırdılar”...
Əbülfəz
NAXÇIVANLI
525-ci qəzet.-
2014.- 13 sentyabr.- S.16.