Zohir Saidov:"Ölkələrimiz
arasında münasibətlərin dərin kökləri mövcuddur"
Müsahibimiz Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovdur.
- Cənab səfir, Azərbaycan Tacikistan əlaqələrinin hazırkı
durumunu necə dəyərləndirirsiniz?
- Ölkələrimiz arasında
münasibətlərin dərin
kökləri mövcuddur.
Xalqlarımızın ümumi adət-ənənələri,
bir çox cəhətləri var. Dünya
ədəbiyyatı xəzinəsinə
misilsiz töhfə vermiş böyük Azərbaycan şairi Nizami Gəncəviyə Tacikistanda da böyük hörmət bəslənilir, həyat və yaradıcılığı
məktəblərdə öyrənilir.
Eləcə də klassik
tacik ədəbiyyatına
Azərbaycanda maraq olduğunu bilirik. Bu köklər müasir dövrdə iki ölkələrin əlaqələrinə
də müsbət fon yaradır.
Qeyd etmək lazımdır ki, bu əlaqələrə
iki ölkə rəhbərinin dostluq münasibətləri mühüm
impuls verir. İqtisadi sahədə də əlaqələrimiz dinamik
inkişaf edir, hökumətlərarası birgə
komissiya fəaliyyət
göstərir. Bu il komissiyanın iclası Düşənbədə
keçirildi, bir sıra məsələlər
müzakirə olundu. Humanitar sahədə də əməkdaşlığımız qurulub. Bu gün
Azərbaycanda 20-dən çox
tacik tələbə
oxuyur. İstərdik
ki, gələcəkdə
daha çox tələbəmiz Azərbaycanın
ali məktəblərində
də təhsil ala bilsinlər.
Ölkələrimizin mədəni əməkdaşlığı
da inkişaf etməkdədir. Düşünürəm ki, ölkələrarası
münasibətlərin inkişafı
ilk növbədə məhz
bu sahədən başlamalıdır. Çünki mədəniyyət xalqları
birləşdirir, incəsənətin,
xüsusilə musiqinin
dili tərcümə
tələb etmir, hər kəs tərəfindən başa
düşülür. Mədəni
əlaqələrimiz aktiv
şəkildə inkişaf
edir. 2013-cü ilin iyununda Düşənbədə
Azərbaycan və Tacikistanın simfonik orkestrlərinin iştirakı
ilə "Rast-muğam"
adlı möhtəşəm
konsert proqramı oldu. Konsert təkcə Düşənbədə
deyil, Tacikistanın digər iki vilayət mərkəzində
də baş tutdu və hər
kəsdə dərin təəssüratlar yaratdı.
Muğam
musiqisi xalqlarımızı
birləşdirən mədəni
dəyərlərdən biridir.
Azərbaycanda olduğu kimi,
Tacikistanda da muğamı ("Şaşmakom")
qədim dövrlərdən
bu günədək qoruyub saxlamışıq.
Bundan başqa, Azərbaycanda olduğu kimi, bizdə də aşıqlar var ki, onlara "falak" deyilir. Bu janrla bağlı
da oxşarlıqlarımız
var. Falaklar da, aşıqlar kimi, gördüklərini şeirə,
musiqiyə çevirib
oxuyarlar. Musiqi alətinə
gəlincə, bizim aşıqlar "dombra"
ilə ifa edərlər. Bundan əlavə,
bizdə də tar və kamança alətləri var. Bir sözlə, bizim mədəniyyət, musiqi
sahəsində oxşarlıqlarımız
qədim tarixə malikdir. Yeri gəlmişkən, 2012-ci ildə Azərbaycan və Tacikistanın ictimai televiziyaları vasitəsilə Bakı ilə Düşənbə
arasında telekörpü
keçirildi. Geniş tamaşaçı
auditoriyasına təqdim
edilən bu yayım elm, mədəniyyət,
təhsil, humanitar mövzuları əhatə
etdi. Əlbəttə, belə tədbirlər
çox faydalıdır.
Biz də səfirlik
olaraq Azərbaycanda öz ölkəmizi daha yaxından tanıtmaq istəyirik.
Məsələn, bu ilin mart ayında İçərişəhərdə
keçirilən Novruz
bayramında milli geyimlərimiz, musiqi alətlərimizdən ibarət
sərgi ilə iştirak etdik. Sərgini çoxlu insanlar ziyarət edir, suallar verirdilər. Tacikistanda da Novruz böyük
təntənə ilə
bayram edilir. Bayram günlərində qala konsertlər, əl işlərindən ibarət
sərgilər, idman oyunları keçirilir.
- Bəs əlaqələrin
inkişafı istiqamətində
hansı yeni planlar varmı?
- Sentyabrın sonlarında Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tacik-fars ədəbiyyatının dahi nümayəndəsi Əbdürrəhman Camiyə həsr olunmuş konfrans keçirəcəyik. Caminin 600 illiyi UNESCO-nun yubileylər proqramına daxil edilib. Mədəni əlaqələrimizin yaxınlaşmasında, xalqlarımızın bir-birlərini daha yaxından tanımalarında qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. 2007-ci ildə Azərbaycanda Tacikistanın mədəniyyət günləri keçirilib. 2008-ci ilin noyabrında isə Tacikistanda Azərbaycan mədəniyyəti günləri gerçəkləşib. Əlbəttə, bu əlamətdar hadisələrdən xeyli vaxt keçib. Bu ənənəni təkrarlamaq üçün 2015-ci ildə Tacikistanda Azərbaycanın, 2016-cı ildə Azərbaycanda Tacikistanın mədəniyyət günlərinin keçirilməsini planlaşdırırıq. Həm də belə tədbirlər təkcə paytaxtlarda deyil, başqa şəhər və rayonlarda da qeyd olunmalıdır ki, xalqlarımız bir-birilərini daha yaxından tanısınlar. Onu da qeyd edim ki, mədəni əlaqələrlə bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşmamız da var. Tələbə mübadiləsi ilə bağlı konservatoriyalarımız arasında razılaşma mövcuddur. Bu razılaşmaların bizə verdiyi imkanları genişləndirməkdəyik. Bakıda keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edirik. Əlbəttə, bütün bunlar mədəni əlaqələrimizin inkişafına verilən töhfədir. Ümumiyyətlə, ölkələrimiz arasında gediş-gəlişin çox olmasını, qarşılıqlı olaraq daha çox tədbirlərdə iştirak etməyimizi istəyirəm.
- İki ildir ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərirsiniz. Bu müddətdə regionlarımıza, ölkəmizin görməli yerlərinə getmək imkanınız olubmu?
- Beynəlxalq "İpək yolu" musiqi festivalı günlərində Şəkidə olmuşam. 2013-cü ildə festivalda Tacikistanın ansamblı da çıxış etdi. Bu festival mənim çox xoşuma gəlir. Tədbirin belə bir şəhərdə keçirilməsi də gözəl seçimdir. Çünki Şəkinin küçələri ilə gəzdikcə, sanki tarixin içərisindən keçirsən. Qəbələ, Qax, Lənkəranda, Naxçıvanda da olmuşam. Naxçıvan da gözəl mənzərələri ilə diqqəti cəlb edir. Bu regionların hər birində əhali öz tarixinə, adət-ənənəsinə hörmətlə yanaşır və onu gələn qonaqlara göstərməyə çalışır. Əlbəttə, bunlar Azərbaycan xalqının gözəl xüsusiyyətləridir. Bakıya gəlincə, İçərişəhərdə, Qala etnoqrafik qoruğunda, Atəşgahda olmuşam. Təəssüf ki, vəzifə fəaliyyətimə görə bu səfərlərə getmək heç də həmişə mümkün olmur. Amma imkan yarandıqca, fürsəti dəyərləndirmə çalışıram. Bakı sanki hər gün inkişaf edir və bunları gözümlə görməkdən məmnunam.
- Maraqlıdır, səfir təyin olunmazdan öncə Bakı, Azərbaycan haqqında hansı məlumatlarınız vardı?
- Daha öncə Azərbaycana gəlməmişdim. Amma, təbii ki, ölkəniz haqqında məlumatım vardı. Unutmaq lazım deyil ki, biz 70 il bir ittifaqda yaşamışıq. O zaman bu əlaqələr daha intensiv idi. SSRİ zamanında Azərbaycanda olmasam da, digər vasitələrlə, məsələn, musiqi ilə xalqınız və ölkəniz ilə tanış idim. Tacikistanda çoxlu azərbaycanlılar yaşayır. Ölkəmizdə azərbaycanlı musiqiçilər də var. Musiqinin dili olmur, bu bəşəri bir sənətdir. Tacikistanda da Azərbaycan musiqisi, mədəniyyəti çox gözəl tanınır. Mən özüm sovet dövründə Rəşid Behbudovu, Polad Bülbüloğlunu dinləyərdim. Ümumiyyətlə, o zamankı nəsil belə gözəl ifaçıların mahnıları ilə böyüyüb.
- Ölkələrimiz arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz?
- Turizm Tacikistanda ölkə üçün vacib sahələrdən hesab olunur. Bu sahənin inkişafına çalışırıq. Bir neçə il öncə Bakı-Düşənbə birbaşa reysini təşkil etmişdik. Üç ay fəaliyyət göstərdikdən sonra iqtisadi səbəblərə görə bağlandı. Bu reysin bərpası istiqamətində yenidən işləyirik. Əgər bu reys açılarsa, qarşılıqlı turizm səfərlərinin, gediş-gəlişlərin sayı da artar. Ümumiyyətlə, elə bir şərait yaradılmalıdır ki, turist ölkəyə rahat daxil olsun, gəzsin, dincəlsin. Eyni zamanda turizm infrastruktursuz mümkün deyil. Bu gün Azərbaycanda turizmin inkişafı üçün çox işlər görülür. Məsələn, mən Şahdağ turizm kompleksinə heyran oldum. Turizmin inkişafı üçün Azərbaycanda çoxlu hotellər də tikilir. Amma bir şey mənə aydın deyil ki, niyə onların əksəriyyəti beşulduzludur. Məncə, əhalinin orta təbəqəsinə aid olan hotellərin tikilməsi də nəzərə alınmalıdır.
Tacikistanda da çoxlu görməli yerlər var. Məsələn, Dağlıq Pamir vilayəti turistlər üçün əla məkandır. Düşənbədə yay olanda, bu vilayətdə qış olur. Safedorak da gözəl turizm məkanı hesab olunur. Zamanında bu ərazidə dağ xizəksürmə növündə idman yarışları da keçirilib. Bu mənada daha çox turizm məkanlarını saymaq olar. Turistlər bizim görməli yerləri gəzir, ölkənin cənubuna səyahət edirlər. Bundan başqa dağ turizmi, ov turizmi də turistləri cəlb edir. Tacikistanda mədəniyyət turizmi də inkişaf edib. Ölkəmizdə qədim tarixi abidələr bərpa olunur. Bu ərazilərdə infrastruktur qurulur, hotellər tikilir.
PƏRVANƏ
525-ci qəzet.- 2014.- 16 sentyabr.- S.3.