"Mənim
sevgi dünyam"a bir nəzər
Şairə İradə Əlilinin Bakıda nəşr olunmuş
"Mənim sevgi dünyam" adlı şeirlər kitabını
vərəqləyirəm. Müəllif mənim kimi vətəndən uzaqlarda
yox, vətənimizin paytaxtı Bakı şhərində yaşayır
deyə, Vətən,
torpaq həsrətindən
yox, məhəbbətin
və eşqin insan qəlbində yaratdığı yanğılı
ehtizazlardan söz açır, oxucunu yanar eşqin pərvanəsinə çevrilməyə
sövq edir. Kitabdakı şeirlərin demək olar hər biri
sevgi coşğusu, sevda fırtınası və acı sevginin hayqırtılarıdır.
Sevirsənsə, məni sev həmişəlik,
Uyma yad baxışa, özgə gülüşə.
Hissini qəlbində saxla ömürlük,
Qoyma mən can atım
yalan görüşə.
Ürək titrədən sevgi həsrəti, saf eşqin coşğun tərənnümü İ.Əlilinin
qələmə aldığı
sətirlərin qayəsini
təşkil edir.
Hər kəsə bir tale, yazı yazılıb,
Ömrümdən ömrünə şikayətim
var.
Sənin
bu sevdana məzar qazılıb,
Olan acılara dəyanətim
var.
Kitabdakı şeirlərdən biri
"Gərək öyrətməzdin"
adlanır. Müəllif
yazır:
Saçım əllərinin tumarın
istər,
Sözüm gözlərinin dərin mehrini.
Əllərim ovcunda isinmək
istər,
Sözüm sözlərinin şirin mehrini.
Həsrət qalırdımsa ayaq
izinə,
Gərək öyrətməzdin məni özünə!
Ürəyinin sevgi atəşindən
alovlanan hisslər müəllifin yaradıcılığına
işıq saçır,
sətirlərinə can verir
və onun poetikasında rəngarənglik
yaradır. İlahi sevgi və həsrət
duyğuları, yağış damlaları
kimi birləşib poeziya axarına çevrilir, şairənin
daxili dünyası oxucunu istər-istəməz
öz aləminə məftun edir. Onun daxili dünyası
vətənə, anaya,doğma torpağa olan sevginin təzahürüdür.
Keçən il
işıq üzü
görmüş "Mənim
sevgi dünyam" şeirlər toplusunda oxucuların ixtiyarına verilmiş poetik nümunələr həssas
qadın ürəyinin
sevgi ilə alışıb yanan, istək və arzularından doğan poetik düşüncələrin
nəzmə çəkilən təzahürüdür.
Kitabda sevgi ilə yoğrulub, sevgi ilə ərsəyə gətirilmiş yeni deyimli, yeni poetik çalarlar,
şairənin ürəyindəki
niskilin oxucularla görüşə
gələn ilk nişanələridir.
Allahın göydən
yerə göndərdiyi
nurlu yağış damcıları şairənin
tükənən arzularının
üzərinə su səpir, onların ömrünü uzadır,
onun illərdən bəri yığılıb
qalmış kədərini
saflığı və təmizliyi ilə yuyub aparır. Bu hikmətdən
təsirlənən şairə
belə yazır.
Yağış yağır, həsrətimin
yağışıdır,
Bu həsrətin pəncərəmdə
izi qalır.
İradə Əlilinin yaratdığı
sevgi dolu poeziya nümunələri,
rəngarəngliyi və bənzərsizliyi ilə seçilən xırdaca bir qalaktikanı xatırladır. Buradakı ulduzların azacıq
seçilə bilən
parıltısı isə
çox uzaqlardan görünməkdədir.
"Vətən torpaqları müqəddəsdir, əzizdir;
O yad torpaqlarda özüm gəzsəm də, Ruhumun qidası torpağımdadır"
- deyən şairə ruhən
Vətən torpağına
bağlı olduğunu,
bu torpaqların həmişə ruhunun qidqsı olduğunu göstərir. Müəllifin könül dünyası
əsl sevgi təşnəsidir. Bu enişli-yoxuşlu yollarda
və yaradıcılıq
axtarışlarında İradə
xanıma uğurlar arzulayıram.
Vasif
MƏMMƏDOV,
"Şəhriyar"
Ədəbi-Mədəni Cəmiyyətinin sədri
525-ci qəzet.-
2014.- 17 sentyabr.- S.7.