"Cənnətdən
yuxarı"dakılar
Adi iş
günlərinin birində hörmətli tənqidçimiz
Əsəd Cahangir məni salamlamaq üçün otağa
girdi. Görüşdük. Stolumun üstündəki
kitablarla maraqlandı. Bir-bir götürüb baxdı və
yerinə qoyaraq soruşdu: "Cənnətdən yuxarı
haradı?" "Mənim ürəyim" dedim.
Gülümsünərək "Möminlərin ürəyi"
deyib cavabımdan məmnun halda otaqdan çıxdı.
"Cənnətdən
yuxarı" Təranə Vahidin kitabının adıdır
və bu kitab stolumun üstündə oxunmaq növbəsini
gözləyirdi. Oxumağa başladım. Mənə
maraqlıydı ki, görüm Təranə Vahid
üçün cənnətdən yuxarı haradı. Bunu
sadəcə kitabı açıb 118 səhifədəki
eyni adlı esseni oxumaqla da müəyyənləşdirə
bilərdim,amma adətimə sadiq qalaraq mənə verilmiş
kitabı başdan-ayağa qədər oxumaqda qərarlıydım.
Qəribədir ki, kitabdakı yazılar janr baxımdan
üç yerə ayrılıb: hekayələr, esselər və
miniatürlər. Təsadüfdürmü, yoxsa
yaradıcılıq mistikasıdırmı bilmirəm, amma
oxuyandan sonra kitabda başqa üçlüklər də
aşkarladım. Qeyd edim ki, üç rəqəminin
mistikası çox maraqlıdır. Bu başqa bir mövzu
olduğundan kitaba qayıdıram. Sanki üç rəqəmi
bu kitabın taleyinə yazılıb, bu
üçlüyün üzərində qurulub. Məsələn,
kitabın ümumi mövzusunu üç mərhələdə
görmək mümkündür: cənnətə qədər,
cənnət və cənnətdən sonra... müharibədən
əvvəlki dövr, müharibə, müharibədən
sonra... Yəqin elə bu üçlüyün enerjisidir ki,
kitabı oxumaq çox asandır. Bəli, burda dil faktoru da
çox önəmlidir. Xüsusi qeyd etmək istəyirəm
ki, Təranə Vahidin yazı dili bir kənd adamının
ürəyi qədər, əməli qədər safdır. Bəzən
o qədər safdır ki, yazıçı dilindən
uzaqlaşır. Obrazları da fərqlidir. Onlar hər gün
qarşımıza çıxan adamlara,
tanıdığımız, haqqında eşitdiyimiz
qonum-qonşular kimi deyillər, elə bil Təranə Vahidin
bizimlə tanış elədiyi adamlar ömrü boyu torpaqda
təəmmüm edib, dağlardan süzülən bulaqda dəstnamaz
alıb, imanlarını sevgiyə bağlayıb, qiblələrini
Vətən bilirlər. Qəribədir
ki, heç bir obraz nifrət eləmir, söymür,
bağırmır. Yəni bu kitabı pəncərə kimi
taybatay açıb baxanda dünyanın cənnət
olduğuna zərrə qədər də şübhə eləmirsən. Kitab kənd təsvirləriylə,
daha dəqiq desəm sözlə çəkilmiş peyzajla,
portretlərlə, tablolarla zəngindir. Oxuyanda bəzən
adama elə gəlir ki, rəsm əsərinə baxırsan.
"Axşamüstü"
hekayəsində belə bir mənzərə var:
"İkinci yol üzümlüyə gedib
çıxır. Üzüm yığını çoxdan
başlamışdı və qoca yaxşı bilirdi ki, bu kənddə
bineyi-qədimdən belə bir adət var. Cavanlar üzüm
yığanda kanisterdən çaxır süzüb içə-içə
məst olub kəndin qızlarından danışırlar. Məsələn,
filan qızın gözəl gözlərindən, filankəsin
biçimli ayaqlarından, filan qızın qızılı
saçlarından o qədər danışırdılar ki,
o gecə hamı yuxuda o ayaqları, o gözləri, o
saçları görürdü". Çox dəqiq təsvirdi.
Hətta adamın qulağına qızların səsi,
bir-birlərini haylaması, oğlanların gülüşmələri,
qəh-qəhələri, fitlə çaldıqları musiqi
səsləri eşidilir. Oğlanların bəhanəylə
qızların cərgəsinə girdiyi görünür. Bu
ümumi mənzərənin kökündə yenə kənddəki
adamların bir-birlərinə bağlılığı,
mehribançılığı, saflığı və
sevgiləri durur.
"İntihar" hekayəsi belə bir cümləylə başlayır: "Bura-nənəsigilin damında özünü asmağa gələndə yolda qabağına kəndin ayağında yaşayan balıqçı Həşimin çilli qızı çıxdı". İlahi, bu çilli qız nə imiş? Adamı əzrailin əlindən alan afət! Doğrudan da bəzən dara düşmüş, yolunu azmış bir insanı xilas etmək üçün ilahi qüvvə öz köməyini, xilaskar mələyini bir adamın simasında göndərir. "İndi hər şey hazır idi: kəndir də, kətil də, tavandakı tir də" amma onun ruhunu göylərə aparacaq mələk hazır deyildi və o çilli qız əlindəki balıqlarla-dədəsinin tutduğu balıqlarla onun həyatını xilas edir. Elə bil ilahi qüvvə o oğlanın əvəzinə balıqların canın alıb. Balıqların ömründən kəsib ona verib və qarşılaşdırıb. Hekayəni oxuyanda məlum olur ki, sevdiyi qızın başqasına getməsi arına gəldiyi üçün oğlan intihar etməkdə qərarlıdır. Amma bu çilli qız... "səndən elə xoşum gəlir ki..." deyir. Bu da adamı ipdən alan söz! Sonra qız deyir ki, istəyirsən balıqları sənə verim. Oğlan "pişirənim yoxdu" deyir. "Balıq yemək istəsən utanma, nənəmgilə gəl..." Burda qəribə bir nüans var: oğlanın nənəsi gildə onu kətil, tirdən asılmış ip və ölüm gözləyir, çilli qızın nənəsi gildə ölümün açıq ağzını bağlamış balıqlar, ona öz sevgisini gözlərindəki parıltıyla göstərən bir çilli qız... Bu hekayədə iki yol var, -ölüm və həyat, iki nənə evi var- tavanından ölüm kəndiri asılan və tavanında qızarmış balıqlar olan, iki sevgi var- xəyanətlə bitmiş və yeni başlayan. Hekayənin sonu müsbət bitir; oğlan balıq yeməyə gedir.
Bu səpkidə bir neçə hekayə var ki, orda kənd adamlarının ürəyi, bir-birlərinə münasibətləri, dünyaya baxışları, xarakterləri görünür.
Qayəsində Vətən sevgisi, torpaq həsrəti, yurd yerinin müqəddəsliyi duran hekayələr də maraqlıdır və bu hekayələrdəki nisgili, sızıltını, adamın içinə axan göz yaşlarını görməmək mümkün deyil. "93-cü ilin qışı" adlı hekayə bu qəbildəndir. Torpağı düşmən tərəfindən işğal olunmuş, yurd-yuvaları viranə qalmış adamların 93-cü ildən sonra mərhəmətləri də, saflıqları da, səmimiyyətləri də ağlamaqdan, dərd çəkməkdən, sığınacaq axtarmaqdan, ehtiyacla əlləşməkdən itib getdi. Deyir yataqxanada " Havva arvad kəntdən gətirdiyi və deyəsən heç vaxt çiynindən düşməyən köhnə şalına bürünüb blokun ağzına çıxır, yoldan ötənlərə, gəlib keçənlərə baxırdı". Havva arvadın çiynindəki o köhnə şal elə o kənd idi, elə o kəndin ən böyük xatirəsi idi... Bəlkə də Havva arvad çiynindəki şalla blokun ağzına gəlib-gedənlərə baxmaq üçün yox, çiynindəki şalı-doğma evinin, kəndinin müqəddəs bayrağını göstərirmiş. O şalın yaddaşını, xatirəsini danışırmış. Həmişə ocağın üstündə isti çay saxlayarmış ki, kimsə qapısından içəri girsin və Havva arvad çayın istisiylə ildən-ilə soyuyan xatirələrdən danışa, adamların yaddaşına 93-cü ilin qışını yaza. 93-cü ildə ruhunu kənddə qoyub gəlmiş Havva arvadın bir gün cismini torpağa tapşırırlar. "93-cü ilin qışını unudanların biri də azaldı..." Bax bu sonluq adama şillə kimi dəyir. Görəsən o illəri hər gün neçə adam unudur? Yəni doğrudanmı bir gün gələcək 93-cü ilin qışını xatırlayan adamlar olmayacaq? Yəni doğrudanmı qatar bir də gəlməyəcək?
"Vağzaldakı qarı"nın qatarını deyirəm. Dəmir yol vağzalını bir anlıq gözünüzün önündə canlandırın. Və platformada rəngi bozarmış şalına bürünüb tək-tənha, qəmli-qüssəli oturub hər gün qatar gözləyən "dəli" arvada baxın. Arabasında oturub siqaret satan o müharibə əlili o arvadı hər gün görür. Əvvəllər arvadın bu mənasız gözləməsinə, gəlib saatlarla-axırıncı qatar gələnə qədər oturub, sonra durub getməsinə acığı tutsa da, onun bu hərəkətinə əsəbiləşsə də sonradan alışdı. Yerində görməyəndə darıxdı. Darıxdı və bir gün onun dalınca evinə qədər getdi. "Nənəm hər gün vağzala gedib Ağdam qatarını gözləyir. Atam deyir, arvadla işiniz yoxdu, özü bilər, qoyun gözləsin. Bilsə ki, Ağdam, Qarabağ yoxdu, ürəyi partlayar. Qoyun ümidlə yaşasın, axır-əvvəl bir gün bu qatar gəlib çıxacaq, ya yox? " O gündən əlil hər dəfə o qarını görəndə içində ümid göyərirdi. Əslində o arabadakı əlil Qarabağı itirmiş, şikəst qalmış bizlərik. O arvadın gözüylə, ümidiylə, inamıyla müjdəylə gələcək Ağdam qatarını gözləyirik.
Gözləmək insanların məşğul olduqları ən çətin işdi. İnsan həmişə nəsə gözləyir. "Qanadlı adam"ı gözləmək bir başqa işgəncədir. "Hamı ona qanadına görə hörmət edirdi..." Belə görünür ki, müəllif haqqında danışdığı adam artıq mələkdir, cənnət sakinidir. Və təəssüflər olsun ki, bir gün onun qanadlarını qırırlar. Heç şübhəsiz ki, o göy üzündən yerə çırpılır. Onun dərdini, ağrısını ancaq qanadı qırılmışlar bilər. Amma hamı ümidlə gözləyir ki, bəlkə nə vaxtsa yerə yenə qanadlı adam gələ və onların ruhunu sevindirə. Göylərin cənnətində uçan qanadlı adam elə bil yerə gəlməkdən utanır.
"Utancaq adam" sirrini heç kimə vermir. Nə çəkir içində çəkir. Göründüyü kimi yox, içində olduğu kimi yaşayır. Amma ölüm üçün hamı eynidir. "Utancaq adam utanıb eləmədən öldü..." Uçdu dünyası.
"Uçan dünya" bir uşağın ovcunda parabüzənə döndü və uşaq ovcunu açan kimi o dünya uçub getdi. Yenə "Yazıq adam"lar qaldı: "Barmağının ucunda dilənçiyə pul uzadıb ehtiramla dedi: "Zəhmət olmasa götürün". Dilənçi bir açıq ovcuna, bir də ona rəhmi gələn adama baxıb ürəyində dedi: "yazıq adam". Görəsən belə "yazıq adamlar" öləndə hara gedir cənnətə, yoxsa "Cənnətdən yuxarı" ? Tanrının göydən enib qadına övlad olduğu bir vaxtda ana əllərini göyə açıb "Allah oğlumu qoru deyir". Allahı Allaha tapşırır və bu sevgidən Allah ananın ayağının altına cənnəti sərir.
Kitabı oxuyub bitirəndə anladım ki, Təranə Vahidin cənnətdən yuxarı hesab etdiyi yer elə Vətən torpağıdı, yurd yeridi, Qarabağdı.
Vüsal NURU
525-ci qəzet.- 2014.- 17 sentyabr.- S.7.