"Açdım
pəncərəmi son bahara
mən..."
Bu da üçüncü
kitab. Bu da
üçüncü görüş.
Bu da könül pıçıltılarının ağ vərəq
üzərindəki üçüncü
inikası...
"Dünya qəmli
nağıl imiş",
"Yağışlı bir
gün" və
"Ömür pillə-pillədir". Hər üç
kitabın müəllifi
Caviddir. Cavid Qəmbər
oğlu Qurbanov.
Bu üç kitab son
illər yaransa da,
əslində müəllifin
bütün yaşamını,
sevincini, kədərini,
böyük bir nəslin keçdiyi keşməkeşli həyat
yolunu ehtiva edir. Bu kitablarda yer alan şeirlər,
eləcə söz xatirinə, həvəs xatirinə yazılmayıb,
hər birinin arxasında, hər sətrində müəllifin şəxsiyyəti,
düşüncəsi, xarakteri,
həyata baxışı
dayanır. Əlbəttə
ki, əgər şeirin müəllifi sadəcə şeir yazmırsa, ictimai siyasi yük daşıyan bir şəxsdirsə, tanınmış
bir soy-kökün davamçısıdırsa, o zaman
bu sətirlərin altına atılan imzanın
cavabdehliyi, məsuliyyəti
də bir o qədər böyük olur. Çünki oxucu onu şairlikdən
əvvəl, siyasətçi
kimi dəyərləndirir
və yazdıqlarına
da həmin prizmadan baxır, təhlil edir, bəyənir və ya tənqid edir. Bəlkə elə buna görədir və yaxud fitrətən gələn istedaddandır
ki, Cavidin yazdıqları gerçək
şeirlərdir, yaratdıqları
realist poeziyadır.
Cavid, babasıyla söhbət edəndə də:
Yuxumda səninlə danışıram
mən,
Yenə
asta-asta gülürsən,
baba
Ayılıb görürəm həyatda
yoxsan,
Sanki ürəyimi dəlirsən,
baba.
Sənsiz
qəribsəyib, sazda
tel ağlar,
Dağda çiçək ağlar,
bağda gül ağlar.
İndi
gözümüzdən axır
bulaqlar,
Yurdun viran qalıb, bilirsən, baba?!
Arzularıyla baş-başa qalanda
da:
Bir ürək istəyirəm-
Sevinməsin gərəksiz:
Köməksizə əl tutsun-
Çörək dərdi çəkənlər
Heç qalmasın çörəksiz.
Qürbətdə vətəni xatırlayanda
da:
Ey ana Vətənim, Azərbaycanım,
Atıldım qoynundan kənara yenə.
Özgə torpaqlarda bir də inandım
Heç yer çata bilməz sənin hüsnünə.
Dünyanın gərdişinə etiraz
edəndə də:
Açdım pəncərəmi son bahara mən,
Havadan payızın
qoxusu gəlir.
Ömür də belədir-cavanlıq
gedir,
Qarşıdan qocalıq qorxusu gəlir.
Ömrümüz-günümüz durna qatarı
Dağıtma bu qərib qatarı, dünya.
Gəlimli, gedimli dedilər
sənə -
Vəfan ötəridir, ötəri,
dünya.
Ömrü qəfil qırılan
ömür gün yoldaşıyla dərdləşəndə
də:
Bilmirəm,neyləyim bu ayrılığa,
Nə işlə başımı
qatım,bilmirəm.
Sənsiz
bir boşluq var mənə həyatda,
Hansı
rahatlıqla yatım,bilmirəm.
Sənsiz
içimizdə bir
can yanğısı,
Şəmşiri bir kimsə ovuda bilmir.
Nigarın qəlbində Ana ağrısı,
Bu dərdi,ağrını unuda bilmir.
Taleyinə, həyatına öz varlığıyla
yeni səadət payı gətirən Leylasına can atanda da:
Tale üzə gülsə dönərəm geri,
Ahım
parçalayar,yandırar
yeri.
Mən səndən ayrılıb
gedəndən bəri
Bilmirəm tək necə dolanmısan sən?!
Hərdən şair olub,yazmağım da var,
Sözü zarafatla yozmağım da var.
Vüsal
dumanında azmağım
da var,
Ağlımı aparan Leylammısan sən?!
- səmimidir, olduğu kimidir, riyadan və yalandan uzaqdır Cavid.
Şeirləri oxuduqca təəccüblənirəm. Xüsusilə
son kitabında toplanan
şeirlərdə cərəyan
edən əhval-ruhiyyə
bu şeirlərin tarixinin ən az on beş-iyirmi il əvvələ gedib
çıxdığını ortaya qoyur. Elə təəccübümün
səbəbi də budur. Açığı
mən yaşadığı
böyük həyat kədərinin, qarşılaşdığı
sonsuz üzüntünün
ona sətirlər diktə etdiyini, acısını unutmaq
üçün qələmə
sarıldığını
düşünmüşdüm əvvəllər.
Sən demə yanılırmışam.Cavid
dünyanı dərk
etməyə başlayandan,
hələ gənc yaşlarından yazıb.
Ulu babası
Aşıq Qurban kimi, babası Dədə Şəmşir
kimi, atası Qənbər Şəmşiroğlu
kimi. Sadəcə həddindən artıq
təvazökarlığı, bu mənəm, mən də varam iddialarından uzaq olması ona bu sətirləri,
yazıldığı divarların
əhatəsindən kənara
çıxarmağa imkan
verməyib.
Cavidin yaradıcılığına
dərindən bələd
olmayanlar, onu bəlkə də sırf məhəbbət
şairi, qəm dostu kimi dəyərləndirə
bilərlər. Lakin bu heç də belə deyil. Onun şeirlərinə nüfuz etdikcə anlayırsan ki, qarşında həqiqi bir Vətən aşiqi, torpaq, yurd sevdalısı var.
Hələ 1999-cu ildə qələmə aldığı"Hardan alım?"
adlı şeirində
vətənsiz yaşamağın
faciəsini böyük
bir ustalıqla oxucuya çatdırır. Sanki şeir
yazmır, Vətənə
ağı deyir:
Altı
ildi tarimar, altı ildi vətənsiz,
Həsrətini çəkdiyim havanı hardan alım?!
Namərd
şeytan əliylə
yolumuzu bağladı,
O isti od-ocağı,yuvanı hardan alım?!
Obamız,oymağımız,yaylağımız hanı
bəs?!
Gözlərində buz donan bulağımız
hanı bəs?!
Gözəllər seyrangahı oylağımız
hanı bəs?!
Müqəddəslər yazdığı duanı
hardan alım?!
Eyni əhval-ruhiyyə, yurd həsrəti, torpaq sevgisi "Dağlar bizim dağlar deyil"şeirində çox
sadə və eyni zamanda rəvan
bir dillə, əsl aşıq qopuzundan qopan gəraylı kimi oxucuya çatdırılır:
Bu dağların dili başqa,
Çəmənində gülü başqa.
Bu dağların eli
başqa-
Dağlar bizim dağlar deyil.
Biz yolçuyuq,ömür yoldu
Cavanlığım orda qaldı.
Gec anladım,gözüm doldu-
Dağlar bizim dağlar deyil.
Cavidin şeirlərinə xas olan həzin romantik lirikayla birlikdə, bu şeirlərdə həm
də sətiraltı
sarkazm da özünü göstərir.
Müəllif, Sabiranə gedişlər edərək, yaratdığı
lirik qəhrəmanın
diliylə konkret bir məfhuma gülür. "Baş var ki" şeirində
olduğu kimi:
Bədəndən yuxarı dayansa
da baş,
Bəzən baş olduğun başa düşməyib.
Baş var ki,üstündən
adlayıb illər,
Baş yox,boş olduğun
başa düşməyib.
Baş var,bər-bəzəkdi papaq altında,
Bir kimsə
baş açmaz özündən başqa.
İnsan
baş qoşanda belə başlara
Çarəsi qalmayır dözümdən
başqa.
Haqqın nahaqqa satılmasına, ədalət mizanının itib getməsinə dözə bilməyərək "haçan olar namərdindən kişi çox" sualıyla hələ 1993-cü ildə qələmə aldığı "Vətən, ox"şeirində deyir:
Məəttələm Yaradanın işinə-
Qeyrətsizlər necə döyür döşünə?!
Yaddan çıxıb kişilik nə,kişi nə,
Haçan olar namərdindən
kişi çox?..
Tufan qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşırıq
bədənsiz,
Oba köçdü, ellər
qaldı Vətənsiz,
Dilim gəlmir deyim, yoxsan,Vətən!Ox!..
Yaradıcılığı və yeni kitabı haqqında qısaca da olsa nələrisə
söyləməyə çalışdığımız
bu kiçik yazının sonunu, oxucuda Cavidin şəxsiyyəti, insanlığı
haqqında dolğun təsəvvür yarada biləcək "Olmasa"
şeiriylə bitirir və daha əvvəlki
məqalələrimizdə olduğu kimi, adətimizə xilaf çıxmadan
dəyərli poeziyasevərləri
yenə də şairin iç dünyası ilə baş-başa buraxır, əziz qardaşımızı
isə doğum günü münasibətilə
təbrik edərək,
ona bol uğur
diləyirik.
Ey dostum,torpaqda yatan sərvətin
Nə xeyri yerini bilən olmasa.
De,kimə lazımdı varın-dövlətin
Qapına bir nəfər gələn olmasa.
Namərdin aşına əlini
vurma,
Sənə əl açanın
qəlbini qırma,
O kəslə əylənib,o kəslə durma-
Duz-çörək qədrini bilən olmasa.
Yaxşılıq daşından bir
saray yarat,
Dara düşənlərin imdadına
çat,
Ay Cavid,nə lazım,
de,belə həyat
Gözünün yaşını silən olmasa.
Jalə Əliyeva
525-ci qəzet.- 2014.- 18 sentyabr.-
S.7.