BİR
ÜRƏK İSTƏYİRƏM
Bir ürək istəyirəm -
zirvələrdən çəkilib
ətəklərə enməsin.
Bir ürək istəyirəm, -
əhdinə sadiq qalsın,
sədaqətdən dönməsin.
Bir ürək istəyirəm, -
Hər soyuqdan qorxmasın.
Hər alov bu ürəyi
Yandırmasın, yaxmasın.
Bir ürək istəyirəm -
oduna, alovuna
El-obası qızınsın.
Bir ürək istəyirəm -
axsa, tökülsə qanı
Yerdə "Vətən" yazılsın!
Bir ürək istəyirəm -
güllərdən ilham alsın.
Buzu, qarı əridib
qış günü bağça salsın.
Bir ürək istəyirəm -
Sevinməsin gərəksiz;
Köməksizə əl tutsun -
Çörək dərdi çəkənlər
Heç qalmasın çörəksiz.
Bir ürək istəyirəm -
xalqına gərək olsun.
Bir ürək istəyirəm -
Belə bir ürək olsun!
ÖMÜR PİLLƏ-PİLLƏDİR
Gözlərimdən damla düşdü,
Yandırdımı yeri görən?!
Ömür də damla kimidir -
Qayıdarmı geri görən?!
Bizim alın yazımızdır
Bu həyatın hər nəyi var.
Ömür bənzər pillələrə -
Çıxmağı var, düşməyi var.
Kimin ağlı yerindəsə
Öz ömrünü başa düşər.
Kimin bəxti yeyin olsa
Zəri yekdən şeşə düşər.
Pillələri addım-addım
Qalxanda biz, düşəndə biz,
Gah güldürür, gah ağladır -
Fərəhimiz, kədərimiz.
Əyri olan bu dünyada
Çətin imiş düz yaşamaq...
Ağrı-acı yeyə-yeyə
Nəyə lazım yüz yaşamaq.
Əyri olan bu dünyada
Rəbbim, mənə düzlüyü ver.
Ürəkləri oxumağa
Bir bəsirət gözlüyü ver.
Ruhumdadır, Allah, eşqin,
Sənə fəda bir canım var.
Pillələri çıxdım, düşdüm,
Üzü sənə şükranım var.
FƏLƏK
Sevgilimin vüsalına
Məni həsrət qoyan fələk.
Sən nə yaman qan
edirsən,
Bircə
anlıq dayan,
fələk!
İtirmisən haqqı-sayi,
Bir bilmisən
qışı, yayı.
Gedənlərin yoxdu sayı,
Cavanlara
qıyan fələk!
Uçurumlar düzəldən - sən,
Yapışmazsan düz əldən sən.
Naxələfsən əzəldən
sən,
Belə
tutub mayan,
fələk!
Ürəyimin çoxdu qəmi,
Qırıldı qəlbimin simi.
Bu Cavidin özü kimi
Alış, odlan, bir yan, fələk!
ÖTƏRİ
DÜNYA
Açdım pəncərəmi, baxdım
səmaya,
Havadan payızın
nəfəsi gəlir.
Gözəl olsalar da vəfasız olan
Köçəri quşların nəğməsi
gəlir.
Həyəcan içində, təlaş
içində
Çiçəklər payızdan qışa baxırlar,
Yoxsa bilirlər ki, dünya fanidir,
Yoxsa bilirlər ki, əvvəl-axır var...
Dünya
oyunçudur - fiqurları
biz;
Kimisi yıxılır,
kimisi durur.
Kiməsə xoşbəxtlik açarı
verir,
Kiməsə hörümşək torunu
qurur.
Açdım pəncərəmi son bahara mən,
Havadan payızın
qoxusu gəlir.
Ömür də belədir
- cavanlıq gedir,
Qarşıdan qocalıq qorxusu gəlir.
Ömrümüz-günümüz durna qatarı,
Dağıtma bu qərib qatarı, dünya.
Gəlimli, gedimli dedilər
sənə -
Vəfan ötəridir, ötəri
dünya.
PAYIZ
GƏLDİ
Payız
- təbiətin sarışın
qızı,
Gətirib gəlmisən bərəkət, ruzi.
Havan gah mülayim, gah da ki,
soyuq,
Qarşıdan qış gəlir - salırsan duyuq.
Solan yarpaqları ovundurursan,
Yaşıl ağacları soyundurursan.
Yarpaq xəzəl olub hey xışıldayır,
Ağacdan ayrılıb qəm pıçıldayır.
Ana təbiətin dərdi
gör nədir?!
Ayrılıq həmişə qəlbi
göynədir...
Yenə
ümid qalır yalnız Allaha,
Baharı gətirən nurlu sabaha.
Hər canlı yaşayır öz arzusuyla,
Yaşayaq payızda yaz arzusuyla.
SEVGİLİM
Dəyişib fəsillər yerini
sanki -
Yetişmir bağların barı, sevgilim.
Sənsiz
xəyalımı duman
alıbdı,
Ərimir dağların qarı, sevgilim.
Sənli
günlərimi varaqlayıram,
Ötən xoşbəxtliyi soraqlayıram,
Sənsiz
için-için hey ağlayıram,
Sozalıb gözümün nuru, sevgilim.
Bəxtimin baharı qış
olub getdi,
Sevincim qanadlı quş olub getdi,
Sankı
ulduzlara qoşulub getdi
Ömrümün sən adlı varı, sevgilim.
CAVİD
525-ci qəzet.-
2014.- 18 sentyabr.- S.7.