Azərbaycan şoloxovşünas alimlərin beynəlxalq konfransında təmsil olunub

 

 

Görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun vətənində -  Rusiyanın Rostov vilayətinin Vyoşenskaya qəsəbəsində keçirilmiş beynəlxalq konfransda Azərbaycan elmi ictimaiyyətini Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli təmsil edib.

"Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalar yanaşmalar" mövzusuna həsr edilmiş beynəlxalq eimi-praktik konfransda Rusiya, Azərbaycan, Polşa, Belarus, İndoneziya, İran alimlərinin elmi məruzələri dinlənilib.

Dünya şöhrətli yazıçı Mixail Aleksandroviç Şoloxovun həyatı və yaradıcılığını əks etdirən beynəlxalq konfransın böyük ədibin nəvəsi, Şoloxov muzey kompleksinin direktoru Aleksandr Mixayloviç Şoloxovun sədrliyi ilə keçən iclasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü Natalya Korniyenkonun "Mixail Şoloxov və müasirləri: metodologiya və mənbəşünaslıq məsələləri", Cənubi Rusiya Federal Universitetinin professoru, kulturologiya üzrə elmlər doktoru Nikolay Stopçenkonun "Mixail Şoloxovun bədii irsində Almaniya mövzusu", tanınmış şoloxovşünas, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun professoru Yuri Dvoryaşinin "Mixail Şoloxovun yaradıcılığında "Sakit Don"un yaranmasına qədər "Donçuluq" olmuşdumu", filologiya elmləri doktoru, professor Viktor Petelinin "Şoloxov və XX əsr rus ədəbiyyatı" mövzularındakı elmi məruzələri dinlənilib müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli beynəlxalq konfransın plenar iclasında  "Mixail Şoloxov və Azərbaycan" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ilk növbədə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük rus yazıçısı Mixail Şoloxovun zəngin irsinə verdiyi yüksək qiymət gerçək ədəbiyyat siyasəti nümunəsi kimi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzədə böyük rus yazıçısı Mixail Şoloxovun yaradıcılığındakı epoxanı bədii cəhətdən ümumiləşdirmək istedadı, "kiçik adamı" epopeya səviyyəsində təqdim edə bilmək qabiliyyəti elmi əsaslarla izah olunub. Bu baxımdan "kiçik adama" münasibətdə böyük rus yazıçısı Mixail Şoloxovun əsərləri ilə görkəmli Azərbaycan ədibi Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığı əsasında aparılmış təhlillər və müqayisələr xalqların və ədəbiyyatların tipoloji ortaq baxışlarının təqdim edilməsi mənasında  ciddi maraq doğurub.

Bundan başqa, akademik İsa Həbibbəylinin "Mixail Şoloxov və Azərbaycan" mövzusunda etdiyi məruzədə Xalq şairi Səməd Vurğunla "Sakit Don" epopeyasının, "Oyanmış torpaq" romanının, "İnsanın taleyi" povestinin müəllifi olan qüdrətli sənətkarla sovet yazıçılarının ikinci qurultayında ümumittifaq poeziyası haqqında məruzə ilə çıxış etmiş Xalq şairi Səməd Vurğunun şəxsi dostluğunun və yaradıcılıq əlaqələrinin mahiyyəti və əhəmiyyəti sənətkar və zaman münasibətləri müstəvisində elmi şəkildə şərh olunub.

Eyni zamanda, məruzədə Mixail Şoloxovun əsərlərinin Azərbaycan dilinə tətcümə edilməsi sahəsində sadə Azərbaycan ziyalısı Cahanbaxış Cavadzadənin çoxillik xidmətləri müqayisəli ədəbiyyatşünaslıq baxımından təqdim edilib. Həmçinin Əyyub Abbasovun, Beydulla MusayevinHüseyn Şərifin də böyük rus yazıçısının əsərlərinin tərcümə edilməsi sahəsindəki fəaliyyəti nəzərə çarpdırılıb.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələri Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Süleyman Rəhimov və başqalarının Mixail Şoloxovun yaradıcılığı haqqındakı dəyərli fikir və mülahizələrini, tədqiqatlarını Azərbaycan elmi-ədəbi ziyalılığının Mixail Şoloxovun zəngin irsinə münasibətinin ümumiləşdirilmiş ifadəsi kimi nəzərə çarpdırıb.

Səfər zamanı böyük rus yazıçısı Mixail Şoloxovun ev muzeyi, Don çayı sahilindəki xatirə kompleksi ziyarət edilib. XX əsr ərzində "Sakit Don" eporeyası əsasında çəkilməkdə olan üçüncü bədii filmin yaradıcı heyəti ilə dialoq və çəkiliş üçün salınmış xutorla tanışlıq da əhəmiyyətli olub.

"Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalaryanaşmalar" mövzusunda keçirilmiş beynəlxalq eimi-praktik konfransda 3 gün ərzində müxtəlif ölkələrin nümayəndəsi olan alimlərin 28 məruzəsi dinlənilib. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Samir Səttarovun "Azərbaycanın aliorta məktəblərində Mixail Şoloxovun öyrənilməsi məsələləri" mövzusundakı məruzəsi də maraqla qarşılanıb.

Azərbaycan nümayəndə heyəti adından Mixail Şoloxovun ev muzeyinə xatirə hədiyyələri təqdim olunub.

Ağahüseyn ŞÜKÜROV

525-ci qəzet.- 2014.- 18 sentyabr.- S.7.