Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Naxçıvanın yeri və rolu
(əvvəli ötən saylarımızda)
Naxçıvan Azərbaycanın qədim
tarixə malik regionlarından biridir. Buradakı qədim
tarixi abidələr, maddi-mədəniyyət nümunələri
Naxçıvanın təkcə
Azərbaycanın deyil,
bəşəriyyətin təşəkkül
tapdığı ən
qədim yaşayış
məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı
həm də müxtəlif fəaliyyət
sahələrində ölkəmizə
əvəzsiz xidmət
göstərmiş görkəmli
tarixi şəxsiyyətləri
ilə məşhurdur.
Bu da Naxçıvanın
həm maddi-mədəni,
həm də mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.
Tarixi şəxsiyyətlər
Naxçıvan görkəmli tarixi şəxsiyyətlərindən, Azərbaycan memarlığının
görkəmli nümayəndəsi,
Naxçıvan memarlıq
məktəbinin banisi
Əcəmi Naxçıvani
Əbubəkr oğlu
(XII əsrin 20-ci illəri
- XII əsrin sonlarında
yaşayıb. Əcəmi orta əsr Azərbaycan memarlığına
yeni istiqamət verib, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının
bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirib, Yaxın Şərq memarlığına
güclü təsir göstərib. Yaratdığı abidələrin üzərindəki
kitabələrdə özünü
"Əbubəkr oğlu
Əcəmi, Naxçıvanlı
memar" adlandıran
sənətkarın təsviri
sənəti və mühəndisliyi memarlıqda
üzvi şəkildə
birləşdirdiyi aydın
görünür. Şərqin böyük dühaları
onu "Şeyxül-mühəndis"
(mühəndislərin başçısı)
adlandırıblar. Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli
Azərbaycan Atabəyləri
dövlətinin paytaxtı
Naxçıvanla bağlı
olub. Mühüm beynəlxalq ticarət
yolları qovşağında
yerləşən, Azərbaycanın
siyasi, iqtisadi, mədəniyyət, sənətkarlıq
mərkəzi olan Naxçıvanda geniş
abadlıq və tikinti işləri aparılırdı. Əcəminin ilk məlum abidəsi Yusif Küseyir oğlu türbəsidir.
Naxçıvan şəhərinin mərkəzində yerləşən
və el arasında
"Atababa günbəzi"
adı ilə tanınan bu türbə 1162-ci ildə
tikilib. Təkcə
Azərbaycanda deyil, islam aləmində
ən hündür və incə kompozisiyalı türbələrindən
sayılan Möminə
xatın türbəsini
Əcəmi 1186-cı ildə
Naxçıvanın qərb
hissəsində ucaldıb.
El yaddaşında "Atabəy günbəzi"
adı ilə qalan bu türbə
Atabəy Şəmsəddin
Eldənizin arvadı,
Məhəmməd Cahan
Pəhləvanın anası
Möminə xatının
şərəfinə tikilib.
Türbə özünün iri ölçüləri,
monumental biçimləri, dinamik
silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi
və mürəkkəbləşməsi
əsasında yaradılmış
onguşəli Möminə
xatın türbəsi
monumental abidədir. Türbə yeraltı
hissəsinin quruluşu,
xarici səthlərinin
və bu səthləri bir-birindən
ayıran tillərin memarlıq bölgülərinin
həlli, eləcə
də həndəsi ornamentlərin tərtibi cəhətdən misilsiz sənət nümunəsidir.
Əcəmi Möminə xatın
türbəsinin ornamentlərini
həndəsi sistemləri
xatırladan mürəkkəb
naxış şəbəkəsi
ilə hörüb, kufi xətli kitabələri ornament bəzəklərinə
uyğunlaşdıraraq, abidənin
ümumi kompozisiyasına
daxil edilməsinə ustalıqla nail olub.
Əcəminin yaratdığı tikililərdən
biri də XIX əsrə aid fotodan məlum olan qoşa minarədən və bunları birləşdirən baştağdan-portaldan
ibarətdir. Bu abidə,
Möminə xatın
türbəsi də daxil olmaqla, böyük bir memarlıq kompleksinin giriş hissəsidir.
Bu kompleksə daxil olan və XIX əsrə kimi dağınıq halda qalmış Naxçıvan
Cümə məscidi,
mənbələrdə adı
çəkilən "Darülmülk"
- Eldənizlər sarayı
və "Dövlətxana"-hökumət binası da Əcəmi sənətinin nümunələridir.
Əcəmi yaradıcılığı Azərbaycan
və Yaxın Şərq ölkələri
memarlığına böyük
təsir göstərib. Marağadakı Göy günbəzdə
(1196), Naxçıvandakı Gülüstan türbəsində
(XIII əsr), Qarabağlar
türbəsində (XII-XIV əsrlər), Bərdə
və Səlmas türbələrində (XIV əsr),
türk memarı Sinanın (XVI əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi
ənənələri yaşayır.
1926-cı ildə Gəncədə Nizaminin məzarı üstündə
abidə qoyularkən Əcəmi irsindən istifadə edilib, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilib. Bakıda ucaldılmış
Nizami heykəlinin kürsü hissəsində,
Şuşadakı Vaqif
türbəsində, Naxçıvan
şəhərindəki Hüseyn
Cavid məqbərəsində Əcəminin memarlıq irsinin təsiri aydın hiss olunur.
Əcəminin yaradıcılığı XII əsr Azərbaycan mədəniyyəti və
ictimai fikrindəki intibahın parlaq təzahürlərindəndir. Abidələrindəki
zəriflik, memarlıq
bölgülərinin quruluşu,
ornament bəzəklərinin oynaqlığı orta əsr anlayışı çərçivəsinə sığmayan bədii təfəkkürün məhsuludur.
Onun ornament kompozisiyaları
bədiiliklə riyazi
fikrin vəhdətinə
əsaslanır.
Əcəmi memarlıq sənətinin
başlıca problemlərindən
olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən parlaq həllini tapan mühəndis və sənətkar olub.
XIII-XIV əsrdə yaşamış
məşhur şəxsiyyətlərdən
biri də tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi Hinduşah Naxçıvani
Bağdadın Müstənsəriyyə
mədrəsəsində oxuyub. Hinduşah Naxçıvani
1275-ci ildə qardaşı,
Kaşan hakimi Seyfəddövlə Əmir
Mahmudun naibi olub, daha sonra
Müstənsəriyyə mədrəsəsində
müdərris işləyib.
1289-cu ildə həmin mədrəsə
üçün Nəcməddin
Katibinin məntiqə
dair "Came əd-dəqaiq
fi kəşf əl-həqaiq" əsərinin
üzünü köçürüb.
Əsrin
sonlarında maliyyə
sistemində çalışıb,
bir sıra vilayətlərin hakimi olub, görkəmli dövlət xadimi kimi tanınıb və "Fəxr əd-dövlə" ləqəbi
alıb. Əlaəddin
Ətaməlik Cüveyninin
oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti
olaraq "Sahibi" nisbəsini qəbul edib. Hinduşah Naxçıvani türk, ərəb, fars,
eləcə də pəhləvi (orta fars) dillərini mükəmməl bilib, dərin məlumata malik olması, uzaqgörənliyi, ədəbi
zövqü ilə diqqət çəkib. O,
fəlsəfə, nücum,
riyaziyyat və s. elmlərlə də məşğul olub, tərcümələr edib.
H. Naxçıvaninin zəmanəmizə
ərəb dilində
yazdığı "Məvarid
əl-ərab" antologiyası
çatıb, əsər
1307-ci ildə Təbrizdə
tamamlanıb. Ərəb xəlifələrinin
(56 xəlifə) həyatından,
dövrlərindən, onların
vəzirlərindən, Əməvilər,
Abbasilər və Səlcuqilərin tarixindən
bəhs edən "Təcarüb əs-sələf"
("Sələflərin təcrübələri")
əsəri isə
1324-cü ildə tamamlanmış
və Böyük Lur atabəyi Nüsrətəddin Əhməd
bin Yusif şaha
(1295-1330) ithaf olunub.
"Təcarüb əs-sələf"
əslində, ərəb
alimi İbn Təqtəqinin "Əl-Fəxri"
əsərinin fars dilinə tərcüməsi kimi tanınır. Lakin Naxçıvani həmin əsəri fars
dilinə səlis tərcümə etməklə
yanaşı, onun bəzi hissələrini atıb, özündən
çoxlu əlavələr
edib, əsəri təkmilləşdirib və
son nəticədə ərəb
variantından 3 dəfə
böyük həcmdə
başa çatıb.
Bu mövzuda fars dilində yazılmış
ən mükəmməl
əsər hesab olunan "Təcarüb əs-sələf"də müəllifin
nəsli, özü, Şəmsəddin Cüveyni
və başqa görkəmli şəxsiyyətlərlə
bərabər, Naxçıvan
barədə də məlumata təsadüf olunur.
XIV əsrdə yaşamış
görkəmli mütəfəkkir,
şair Fəzlullah Nəiminin Naxçıvana
dolayısı ilə
bağlılığı var. Nəimi orta əsrlərdə Yaxın
və Orta Şərqdə geniş yayılmış hürufilik
təriqətinin əsasını
qoyub. Hürufiliyin fəlsəfi əsasını
təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını
"Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında,
qismən "Novmnamə"
("Yuxular haqqında")
əsərlərində və
"Divan"ında şərh
edib. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə").
Hürufilər allahın Fəzlullahda
təcəssüm etdiyinə,
onun allahın timsalı kimi yerdəki ədalətsizliyi
aradan qaldıracağına
inanırdılar. Mənbələrdəki
məlumatlara görə
hürufiliyi təbliğ
etdiyi və hakim dairələrə qarşı
kəskin siyasi mübarizə apardığı
üçün Teymurilər
Nəimini Naxçıvanda
Əlincə qalasına
qədər təqib edib, əmir Teymurun əmri ilə onun oğlu
Miranşah tərəfindən
tutulub və edam edilib.
(ardı
var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 18 sentyabr.-
S.6.