Saflıq simvolu
"İnsandan
qızıl saray qalmaqdansa, təmiz ad qalmağı daha
yaxşıdır" - ifadəsini uşaq vaxtı atamdan
tez-tez eşidərdim. Sonralar bu sözlərin müəllifinin
Qarabağın tarixini yazan Mirzə Camal Qarabağiyə məxsus
olduğunu öyrəndim. Zaman keçdikcə bu sözlərin
hikmətini də başa düşdüm. Təmiz ad və
yaxşı adam adını qazanmaq hər kəsə nəsib
olmur, eyni zamanda hamının qarşısına da belələri
çıxmır. Universiteti bitirib "Elm və həyat"
kimi tanınmış bir jurnalda işləməklə
özümə həm iş yeri, həm də ləyaqətli
dostlar tapdım. Əvvəlcə Ülkər Hüseynova ilə
tanış oldum. Çox keçmədi ki, sıramıza
daha bir xanım jurnalist Maral Poladova da qatıldı. Beləliklə,
biz üç olduq.
İnsanları
bir-birinə yaxınlaşdıran onların əqidəsi,
dünyagörüşü, mənəvi keyfiyyətləridir.
Bütün bunlar uyğun gələndə insanlar bir-birilə
ünsiyyət tapır, doğmalaşır.
Üçümüzü - Ülkər xanımı, Maral
xanımı və məni birləşdirən əqidə
birliyi, təmənnasızlıq, xeyirxahlıq və insanpərvərlikdir.
Bu gün
sentyabrın 18-də Maral Poladovanın 65 yaşı tamam olur.
65 ilin yarıdan çoxunu - düz 35 ilini birgə
addımlamışıq desəm, yanılmaram. Bu
yaxınlıq iş birliyindən başlasa da, sonralar daha da dərinləşmiş,
yaxın sirdaşa çevrilmişik. Hər bir hadisəni
obyektiv qiymətləndirməyi bacaran M.Poladova
saflığı və sözübütövlüyü ilə
də başqalarından fərqlənib.
Maral
Poladova əmək fəaliyyətinə dünyaya göz
açdığı Goranboy rayonunda çıxan
"Mübariz" qəzetində başlayıb. Universitetin
jurnalistika fakültəsini bitirdikdən sonra bir müddət
AMEA-nın Əlyazmalar Fondunda (indiki Əlyazmalar
İnstitutunda) çalışıb, 1983-cü ildən isə
"Elm və həyat"da müxbir kimi fəaliyyətə
başlayıb. Elə işə başladığı ilk
günlərdən Maral xanımın təşəbbüsü
ilə jurnalda yeni rubrika açıldı. Qədim abidələrin
qorunması və bərpası ilə bağlı onlarla məqalə
hazırladı. Bu yazıları araya-ərsəyə gətirmək
Maral xanıma o qədər də asan başa gəlməyib.
Bunun üçün o, Bakı kəndlərini
qarış-qarış gəzib, uçub-dağılmaqda
olan, gözdəniraq, unudulmuş abidələrin bərpasının
vacibliyi barədə fikirlərini dönə-dönə
jurnalın səhifələrinə çıxarıb, eyni
zamanda əlaqədar təşkilatların nəzərinə
çatdırıb. Təkcə jurnalist kimi deyil, həm də
bir vətəndaş kimi abidələrin sonrakı taleyi ilə
maraqlanıb.
Onun
hazırladığı məqalələrin mövzu dairəsi
də genişdir. Azərbaycan tarixinin
açılmamış səhifələrindən,
arxeoloqların axtarışlarından, ədəbiyyat, dil,
incəsənət, epiqrafika, etnoqrafiya, memarlıq, tibb, kimya
elmi sahəsində çalışan alimlərin
qazandığı uğurlardan bəhs edən onlarla məqalənin
müəllifidir.
Onun
AMEA-nın müxbir üzvlərindən - çox nadir sənət
sahibi, epiqrafiyaçı alim Məşədixanım Nemətə,
tanınmış ədəbiyyatşünas Yaşar Qarayevə,
kimyaçı Fəzilə Səmədovaya, mətbuat
tarixinin canlı ensiklopediyası sayılan,
hamımızın müəllimi, professor Şirməmməd
Hüseynova və başqalarına həsr etdiyi məqalələri
sözügedən alimlər barəsində oxuculara geniş
və hərtərəfli məlumat verir.
M.Poladovanın
vaxtilə akademiklərdən Məmmədağa Şirəliyevlə
dilçiliyin, Mikayıl Hüseynovla memarlığın,
AMEA-nın müxbir üzvlərindən Arif Abbasovla
arxeologiyanın, Əziz Mirəhmədovla ədəbiyyatşünaslığın
problemlərindən bəhs edən müsahibələri indi
də öz aktuallığını itirməyib. Maral
xanım orta əsrlərdən bu günümüzə
yadigar qalan İçərişəhərin tarixi və orada
yerləşən abidələrin öyrənilməsinə
xüsusi fikir verib. Tədqiqatçıların diqqətini
Azərbaycanın tarixinin açılmamış sirlərini
özündə saxlayan nadir memarlıq incilərinin öyrənilməsinə
yönəldib.
M.Poladova
özünə və ətrafdakılara çox tələbkardır.
Həyatda kövrək, ürəyiyumşaq olsa da, iş
prosesində prinsipialdır. Uzun illər jurnalın məsul
katibi işləyən Maral xanım məqalələrin
aktuallığına diqqət yetirib və hər bir
yazıya oxuculara yeni fikir çatdırmaq nöqteyi-nəzərindən
yanaşıb. Zəif yazıların jurnalda çap
olunmasının həmişə əleyhinə olub. Bəzən
müəlliflər gətirdikləri məqalələrin
çap olunmasını təkidlə tələb edəndə,
Maral xanım dönə-dönə təkrar olunmuş məlumatların
oxucu üçün maraqsız olduğunu onların diqqətinə
çatdırıb.
Azərbaycanda
elmi təbliğ edən yeganə elmi-kütləvi
jurnalın bağlanmaq təhlükəsi olanda Maral xanım
ruhdan düşmədi, jurnalın nəşrinin davam etdirilməsi
üçün sözün əsl mənasında mübarizə
apardı. Müxtəlif mətbuat orqanlarında jurnalın nəşrinin
vacib olması barədə məqalələrlə
çıxış etdi. M.Poladova "Elm və həyat"ın
hər yeni sayının çap olunmasına uşaq kimi
sevinirdi. Jurnal üçün məqalələrin
seçilməsinə, bütün elm sahələrinin əhatə
olunmasına xüsusi diqqət yetirib. İstər humanitar, istərsə
də dəqiq elm sahələrinə aid məqalələrin
populyar dildə oxuculara çatdırılmasını həmişə
əsas meyar kimi götürüb.
M.Poladova
elmi jurnalistikanın yaranması və formalaşmasında
böyük rol oynayan "Elm və həyat" jurnalına
çox yüksək dəyər verib, onun
daşıdığı missiyanı lazımınca qiymətləndirib.
Elə buna görə də maddi vəsaitin
olmadığı vaxtlarda, jurnalın düşdüyü
ağır vəziyyətdə belə əməkhaqqı
almadan bu jurnalda işləməyə üstünlük verib.
Maral
xanım yaxşı qələm sahibi olmaqla yanaşı, həm
də səriştəli bir redaktor kimi də tanınır. Məqalələri
çox vaxt təkrar-təkrar redaktə edir, dilin rəvanlığına
xüsusi diqqət yetirir. Azərbaycan dilinin
saflığının qorunub saxlanması üçün əlindən
gələni edir. Tanınmış yazıçı və
publisist Cəmil Əlibəyovun rəhbərliyi ilə fəaliyyət
göstərən "Elm və həyat" nəşriyyatında
onun redaktəsi ilə onlarla kitab işıq üzü
görüb.
M.Poladova
ömrünün böyük bir hissəsini, nə az, nə
çox düz 30 ilini H.Zərdabinin ənənələrini
davam etdirən "Elm və həyat"ın nəşr
olunmasına həsr edib. Bu işdən usanmayıb, bəzən
jurnalın ən xırda işlərini də görməyi
öz boynuna götürüb. 1995-ci ildən 2013-cü ilin
sentyabrınadək "Elm və həyat"ın məsul
katibi vəzifəsini layiqincə yerinə yetirib. Hazırda
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər
şöbəsində baş mütəxəssis vəzifəsində
çalışır. Humanitar elmlər üzrə "Xəbərlər"
jurnalının, eyni zamanda şöbədə hazırlanan
digər jurnalların redaktə olunaraq nəşrə
hazırlanmasında yaxından iştirak edir. Maral xanım həmişə
olduğu kimi yenə də öz işinə məsuliyyətlə
yanaşır. Peşəkar jurnalist və redaktor kimi məqalələrin
dəqiq redaktə olunmasına, səhvsiz işıq
üzü görməsinə diqqət yetirir.
M.Poladovanı
hamının gözündə ucaldan onun mənəvi zənginliyi,
xeyirxahlığı, qədirbilənliyi və
gözütoxluğudur. O, ömrünün arxada qalan illərini
təmiz və pak adla yaşayıb. İki övladından hər
birini - 20 saylı uşaq poliklinikasının həkimi Reyhan
xanımı və oğlu Mehmanı, 4 nəvəsini də
saf və təmiz olmağı aşılayır. Maral
xanımın ömür-gün yoldaşı Vaqif Poladov
dünyasını vaxtsız dəyişsə də, ailəsində
yaratdığı zəngin mənəvi mühit indi də
qorunub saxlanır. Yəqin ki, bu estafeti yeni nəsil davam etdirəcəkdir.
Çünki bu ailə ocağının
işığını Vaqif Poladov kimi alicənab ata və
Maral xanım kimi mənəviyyatlı ana yandırıb.
Sözümün
sonunda Maral xanımı ad günü münasibətilə təbrik
edir, ona cansağlığı və qələminin həmişə
iti olmasını arzulayıram.
Mehparə AXUNDOVA
525-ci qəzet.- 2014.- 18 sentyabr.- S.5.