"Ən böyük
arzum çalışdığım müxbir bürosunu Xankəndinə
köçürməkdir"
Tanınmış telereportyor Sənan Həsənoğlunun müsahibəsi
- Öncə, yubileyin münasibəti ilə təbrik edirəm!
- Çox sağ
olun! Düzü, 40 yaşımı qeyd etmək istəsəm də, Aqil Abbas qoymadı.
Dedi ki, 40 yaşı qeyd etməzlər, düşər-düşməzi
olar. Mən də onsuz heç bir addım atmıram.
- Səbəb nədir ?
- 18 yaşımda Ağdərədə
döyüşürdüm. O vaxtlar Azərbaycanın görkəmli adamları,
ziyalıları döyüş
bölgələrinə gəlirdilər.
Hamısı əsgərlərə mənəvi və maddi dayaq dururdu.
Aqil Abbas da döyüş
yerlərinə gəlib
həm qəzetində
məqalələr yazırdı,
həm də dostlarının verdiyi pulları əsgərlərə
paylayırdı. Bəzən adamların
gözünü oğurlayıb
özü də döyüşürdü.
Ağdərə geri alınanda oraya ilk gələn də Aqil Abbas
olub. Həmin döyüşlərdə mən də iştirak edirdim. Ağır yaralanmışdım. Məni Aqil
Abbas axtarıb tapdı. Barmağındakı
üzüyü çıxarıb
mənə verdi.
Dedi ki, al, Məmməd Arazın üzüyüdür, sənə
bağışlayıram. Həmin üzüyü
mənə verilən
böyük mükafat
kimi qəbul etdim. O vaxtdan bu günə qədər bu üzüyü
əziz bir yadigar kimi barmağımda
gəzdirirəm. Sonralar
üzüyü görən
qızlar subay olsam da, elə
zənn edirdilər ki, evliyəm...
Aqil müəllim
məni özüylə
apardı, müalicə
etdirdi, sağaldım. Oxudum, təhsil
aldım, yanında işlədim, sonra ayrıldıq. Rusiyada müxtəlif
qəzetlərin müxbiri
kimi fəaliyyət göstərdim, orada bir çox mətbu orqanla əməkdaşlıq etdim.
Bir müddət sonra vətənə döndüm.
2003-cü ildən televiziya yaradıcılığı
ilə məşğul
olmağa başladım.
"Space" kanalının
Qarabağ müxbiri,
ATV-nin Aran bölgəsinin müxbiri
vəzifələrində çalışdım.
Bir müddət isə Türkiyənin "Kanal-D"
televiziyasında işləməli
oldum.
Artıq 3 ildir, AzTV-nin Qarabağ müxbir bürosunun rəhbəriyəm.
- Görünür, jurnalistikanı
təsadüfən seçmisən.
- Xeyr. Mənim birinci ixtisasım
mühəndislikdir. Mühəndis
kimi az
işləmişəm, bir
az tikintidə çalışmışam, fəhləlik
də eləmişəm.
Ara-sıra qəzetlər üçün
yazılar da yazırdım.
Ancaq jurnalistlika
peşəsinə marağım
lap uşaq yaşlarından
yaranıb. 3-cü sinifdə oxuyanda divar qəzetinin redaktoru olmuşam. Hətta şeir də yazmaq istəmişəm.
Lakin başa düşdüm ki, şeir yazmaq mənlik deyil... Bir müddət hekayələr
yazırdım. İndi də
birinci Qarabağ müharibəsində başıma
gələnləri qələmə
alıram. "Səkkiz saat əsirlikdə"adlı kitab
yazmışam, hələlik
çapa verməmişəm.
Bəzi dostlar məni Qarabağ müharibəsi
mövzusunda çəkilən
filimlərə məsləhətçi
kimi dəvət edirlər. Mən də onların
dəvətini həvəslə
qəbul edirəm, ancaq adımın yazılmasını istəmirəm.
- Ailənizdə kimsə yaradıcılıqla məşğul
olubmu?
- Konkret ad çəkə bilmərəm. Gözümü açıb evimizdə
çoxlu kitab görmüşəm. Atamın kitab
oxumağa böyük
marağı olub.
Onun o qədər kitabı vardı ki, onları sayıb qurtara bilmirdim. Məni yaradıcılığa bu
kitablar həvəsləndirib.
Hesablamağı atamın kitablarını
saya-saya öyrənmişəm.
Üçüncü sinifdə oxuyanda
artıq "Vicdan susanda" romanını mütaliə etmişdim.
7-ci sinifdə yoldaşlarım "Min bir
gecə nağılları"ndan
danışanda onlara gülürdüm. Çünki
o nağılları çoxdan
oxuyub başa vurmuşdum... Ona görə də
uşaqlar həmişə
deyərdilər ki, Sənan yaşından çox irəli gedib. Odur ki, bəziləri
mənə paxıllıq
edirdilər. Həyatda ən
çox paxıllıqdan
zəhləm gedir.
Çox gənc olmağıma baxmayaraq, respublikanın nüfuzlu şəxslərindən
sayılan Aqil Abbasın yanında işləməyim çoxlarına
qəribə gəlirdi. Deyirdilər ki,
o gedib belə yerə necə çıxa bilib?
- Hiss olunur ki, həyatında
Aqil Abbasın təsiri
böyükdür.
- Mən bu gün
həyatda qazandıqlarıma
görə Aqil müəllimə borcluyam.
Dostları, hətta məni
onun oğlu hesab edirlər. Rəşad Məcid, Yusif Rzayev də
mənə Aqil Abbasın mənəvi övladı kimi baxır. Mən Aqil Abbasla fəxr edirəm. Çünki onunla birlikdə
döyüşmüşəm. Aqil müəllim cəbhəyə
başqa jurnalistlər
kimi gəlmirdi, əlinə avtomat alıb döyüşürdü.
Bir dəfə Vəngdə o
qədər yaralı
daşımışdı ki, üst-başı tamam qan içində
idi. Hətta
1992-ci ilin yayında ermənilər Çıldıranda
başı yaralı
daşımağa, döyüşə
qarışmış Aqil
Abbası əsir götürmək istəyirdilər...
- Qarabağ kimi bir bölgənin reportyoru olmaq çətinlik törətmir
ki?
- Hazırkı şəraitə
görə Qarabağ
ən gərgin bölgə hesab olunur. Lakin çətinliklər məni qorxutmur. Əksinə
özümü fəlakət
nöqtələrində, döyüş
gedən ərazilərdə
olarkən daha rahat və sərbəst
hiss edirəm. Mən
bir az
da təlatümləri
sevən adamam. Elə ki, asudəlik olur, darıxıram.
Elə zənn edirəm ki, qılıncı qırılmış cəngavərəm.
İndi də, əvvəllər digər kütləvi informasiya vasitələrində
çalışanda da
ərizə verib dünyanın ən qaynar nöqtələrinə
- Suriyaya, Livana, İsrailə, Əfqanıstana
göndərilməyimi xahiş
edirdim. Lakin hər dəfə
uşaqların balacadır,
deyib icazə verməyiblər.
Amma Rusiyada işlədiyim vaxt Balkanlarda olmuşam. Balkan müharibəsi zamanı
ORT-nin əməkdaşı
mərhum Etibar Babayevlə dünyanın
bir sıra məşhur agentlikləri
üçün foto-
reportyorluq edirdim.
Etibar Babayevlə Bosniya və Hersoqovinada da birgə fəaliyyət
göstərmişik. Şübhəsiz, xeyli sayda Avropa və Şərq ölkələrində
olmağım da peşə hazırlığıma
ciddi təsir göstərib.
- Hazırkı işindən
razısanmı?
- Mənim üçün jurnalistika ilə Qarabağ üzrə bölgə müxbirliyi fərqli şeydir. Biz təlatümlərin içərisindəyik. Bununla belə,
maraqlı olması baxımdan öz işimdən razıyam.
Əgər tapşırılan
işin öhdəsindən
gəlirəmsə, deməli,
xoşbəxtəm...
-Övladlarının
arasında jurnalist peşəsinə maraq göstərən varmı?
- Bir qızım ali məktəbdə
təhsil alır, digər qızım 11-ci sinifdə oxuyur, oğlum Həsən isə 8-ci sinif şagirdidir. Həsənə həm atamın,
həm də dayımın adını
qoymuşam.
Hələ ki, uşaqların heç birində jurnalistikaya maraq hiss etməmişəm. Bunu gələcək göstərəcək. Özləri istədikləri sənəti
seçsələr, daha
ürəyimcə olar.
- Gələcək planların,
istəyin nədir?
- Zənnimcə, dövlət
strukturunda işləyənlərin,
baş redaktorun planları olur. Ədəbiyyat adamlarının, reportyorun, jurnalistin isə planı olmur. Ancaq qəlbimdə çox
arzu var. Ən böyük arzum, istəyim çalışdığım
bu büronu Ağcabədidən Xankəndinə
köçürməkdir. Gecə-gündüz bu haqda düşünürəm. Hətta necə köçəcəyimi
təsəvvür də
edirəm. Möhkəm
inanıram ki, möhtərəm prezidentimiz,
cənab İlham Əliyevin apardığı
uğurlu daxili və xarici siyasət sayəsində bu iş tezliklə
baş tutacaq. Mən orada işləyəcəm.
Orada işimiz başqa
cür olacaq. Oraları tikəcəyik, abadlaşdıracağıq.
Mən də Xankəndidə, Ağdərədə aparılan
abadlıq-quruculuq işlərindən
reportajlar hazırlayacağam.
Xocavənddə, Ağdərədə,
Xankəndində, Ağdamda
salınmış Heydər
Əliyev adına
parkları çəkəcək
və yaxud Xocalı aeroportu yenidən qurulduqdan sonra onun açılışına
gələn cənab prezidentin səfərini işıqlandıracağam. Bax, mənim
planlarım bunlardan ibarətdir.
Mən onları
çox aydın görürəm. Artıq ehtiyat materiallarımı
da hazırlamışam.
Ağdamla, Laçınla əlaqədar
çoxlu yazı yazmışam.
Əminəm ki, Qarabağ torpaqları tezliklə düşmən tapdağından
xilas olunacaq. Daha Azərbaycan
əvvəlki Azərbaycan
deyil. Onun səsi hər
yerdə eşidilir, qərarları ilə hamı hesablaşır.
Bütün dünya bilir ki, Azərbaycan
torpaqları işğal
altındadır,onun işi haqq işidir.
Odur ki, hər an cənab
prezidentin əmrini gözləyirik. Mən əsgərəm,bir əsgər kimi onun əmrini yerinə yetirməyə həmişə hazıram!
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2014.- 18 sentyabr.- S.5.