Mirəlinin siğə
kəbini - (hekayə-novella)
Mirəli
illərlə öncə beş il bir qrupda oxuduğu tələbə
yoldaşı Hilalla Bakıda təsadüfən
rastlaşdı. Hilalın Almaniyada
yaşadığını biləndə həm təəccübləndi,
həm də sevindi. Təəccübləndi
ki, Hilal doğma vətəni qərib ölkəyə necə dəyişib. Sevindi
ki, bəlkə Hilalla Almaniyaya getsin, özünü həkimlərə
göstərsin. Son vaxtlar onu həkimlərin
baş
çıxarmadığı bir xəstəlik
tutmuşdu. Çox sıxıntı keçirir, həyatda kiməsə gərəksiz
olduğunu düşünür, tənhalıq həyatı
keçirirdi. Ola bilsin ki, bu ixtisası ilə
bağlı idi. Mirəli baytar həkim idi. Sovet sistemi dağılanda
qurduğu kolxoz da, mal-qarası da bir göz
qırpımında
dağılmışdı. Sovetin vaxtında mal-qaraya, qoyun-quzuya
müxtəlif xəstəliklər düşərdi. Mirəli onların xəstəliyini duruşundan, gözündən oxuyar, dərdinə əlac edərdi.
İndi isə mal-qara da, qoyun-quzu da dağ adamlarının
özləri kimi xəstəlik nə olduğunu bilmirlər. Bir vaxtlar rayonda sayılıb-seçilən Mirəli
get-gedə unudulur, adi yığıncaqlara belə dəvət
olunmurdu. Bəzən ona qulağı eşidə
eşidə mal həkimidir, deyənlər də olurdu. Mirəliyə ən çox
ağır gələn o idi ki, onların arasında həkimlər də vardı.
Mirəli hər şeyi özünə dərd edirdi.O,
get-gedə ümidsizləşir, özünə yer
tapmırdı. Elə Bakıya da özünü həkimlərə
göstərməyə gəlmişdi. Onun
əlli yaşı hələ tamam olmamışdı. Uşaqlarını
yerbəyer etməmişdi. Mirəli tələbə dostunu
güllü-çiçəkli dağ kəndinə - evlərinə dəvət etdi.Hilal
dəvəti böyük məmnunluqla qəbul etdi. Yaşıllıqlar içində
itib-batan bir şəhərdə yaşasa da, Hilal burda başqa bir aləm
gördü. Mirəlinin evi dağın döşündəydi. Aşağıda - dərədə
dağ çayı
gurultu ilə axıb gedirdi. Hər yan
gül-çiçək idi. Hardansa Hilalın yadına kəlbəcərli
şair Ənvər Rzanın
iki misrası düşdü:
Mərcanı
çiyələk, gül dərə-dərə,
Endim bir dərəyə, dərə nə dərə.
Doğma
yurd didərgini olan bu talesiz şair indi hardadır, yaşayırmı?
Fikir onu ağuşuna alıb uzaqlara
aparmışdı. Onu fikrindən Mirəlinin həyat
yoldaşı Sənəm müəllimə ayırdı:
- Hilal
qardaş, deyirlər o tərəflərdə yaxşı həkimlər
var. Allah səndən razı olsun. Mirəlini
apar onlara göstər, qoy rahatlansın, həm də
dünyanı görsün. Sənəm sanki Mirəlinin ürəyini oxuyub bu sözləri
deyirdi. Mirəli arvad sarıdan xoşbəxt
idi. Sənəm bir dəfə də olsun Mirəlinin xatirinə dəyən
söz deməmiş, ərini
başının tacı hesab etmişdi. Sənəm
halal, xeyirxah adam idi. Adət-ənənəyə
sadiq olan Sənəm övladlarını yaxşı tərbiyə
etmişdi. Mirəli bir yana, kənddə Sənəmə
görə çox analar onların qızlarını gözaltı etmişdi.
Çoxları qızlarının bu ailəyə
düşməsini arzu edirdi...
Hilal
qardaş, bilirsən ki, Mirəli zəhmətkeş adamdı.
Mal-qaramız,
qoyun-quzumuz,
toyuq-cücə, əkin sahəmiz vardır.Mən də
məktəb müəllimi kimi
az-çox maaş alıram.
Uşaqlar da
böyüyür, hər şey tədarük etmişik. Qara gün
üçün də
tədarükümüz var. İmkansız deyilik. Təki Mirəlini həkimlər müayinə etsin.
Görək bunun dərdi nədir...
İki həftədən sonra Hilal Mirəlini də
götürüb təyyarə ilə Almaniyaya yola
düşdü. Mirəli keçmiş Sovet
İttifaqının bəzi ölkələrindən
başqa,
dünyanın heç bir yerində
olmamışdı.
Hilaldan xahiş etdi ki, kapitalist ölkələri
adlandırdığımız ölkələrdən
danışsın. Hilal məmnuniyyətlə sözə
başladı. O, Hilalın söhbətinə maraqla qulaq asırdı. Eşitdiklərinin bəzisi ona yuxu kimi gəlir, bəzisi
ağlasığmayan, əcaib-qəraib işlər təsiri
bağışlayırdı. Düzlük, halallıq,
işi təmənnasız görmək, işi işbilənə həvalə
etmək, qayda-qanuna boyun əymək ona nağıl kimi
görünürdü. Bu yerdə
Hilal Şəhriyardan iki misranı bədii qiraət
ustalarına məxsus tərzdə əzbərdən dedi:
Bizdən
irəlidi avropalılar,
İşi
iş bilənə tapşırır onlar.
Mirəli dağ rayonunun ucqar kəndində
yaşayırdı. Bir baytar həkim kimi ən çox onu
heyvanlar maraqlandırırdı. Dünyanın
gedişi, başqa xalqların həyat tərzi barədə məlumatı
çox az idi. Odur ki, Hilal
ağıl kəsməyən məsələlərdən
söz açanda Mirəli qulaqlarına inanmırdı.
Hilal deyəndə ki, Amsterdamda "Qırmızı
fanarlar" adlanan küçədə rəsmi olaraq, dövlətin
icazəsi ilə qadınlar öz bədənlərini
satmaqla, bizim anlamda əxlaqsızlıqla məşğul
olur, pul qazanırlar. Almaniyada və bir çox başqa ölkələrdə
xüsusi yerlərdə qadınlar bu işlə məşğul
olurlar. Qazanclarından dövlətə vergi
verirlər. Mirəli eşidəndə ki, bu qadınlar
arasında ərli qadınlar da olur:
-
Onların ərlərinin papağı boş qalsın - dedi.
Hilal sözünə davam edərək xüsusi
vurğuladı ki, əvvəllər xəlvəti, indi isə
aşkar eyni cinsdən olan adamlar evlənirlər. Bəzi
ölkələrin parlamentləri bu barədə qərar da
çıxarıb.
Mirəlinin yadına tələbə vaxtı mühazirədə
professor Mərcanlıdan eşitdiyi sözlər
düşdü. Professor deyirdi ki, Marksa görə mədəniyyətin
axırı vəhşilikdir. Marks köpəkoğlu
doğru deyirmiş - deyə düşündü.
Hardansa yadına tarixdən dərs deyən Əsəd Kələntərlinin
sözləri düşdü: "Həddən artıq
demokratiya və
azadlıq anarxiyaya gətirib
çıxarır".
Tələbələr
onu "KQB"-nin agenti
adlandırırdılar. Əslində o da
düz deyirmiş. Hələ böyük
ziyalı, Qori seminariyasının məzunu, professor Əhməd
Seyidovun çəkinmədən dediyi sözlər; "A
bala, a bala, o kommunizm deyirlər ha, o olsa-olsa Çində
olacaq".
-
İlahi, nə
böyük müəllimlərimiz varmış - deyərək
Mirəli dərindən ah çəkdi. Ürəyinə
gəldi ki, bəlkə elə hava limanından geri
dönsün.
- Ahın
dağlara-daşlara - deyərək Hilal onu fikrindən
ayırdı. Dostunun əhvalının pozulduğunu
aydınca hiss etdi və mövzunu dəyişdi.
Mirəli, "nemetski şot" ifadəsi var,
eşidibsən? Bir dəfə qrupumuzun tələbələri
bayram vaxtı yeyib-içəndə ondan istifadə
etmişdi, yadındadırmı?
Mirəlinin doğma kəndində dini ehkamlar möhkəm
olduğundan və kasıblıq ucbatından yeyib-içməkdən
kənar idi. Elə indinin
özündə də dilinə içki dəysə-dəysə
toylarda dəyərdi. Son vaxtlar dini kitablara
hədsiz maraq göstərirdi. İlahiyyatçı
alim Mirəziz Seyidzadənin "İslami söhbətlər"
və "Allahımı necə tanıdım" əsərləri
stolüstü kitablarına çevrilmişdi.
Tələbə
yoldaşından cavab almayan Hilal dedi ki, "nemetski
şot"un nə olduğunu sənə əyani
şəkildə göstərərəm.
Üç
gün ərzində Hilal dostunu həkimlərə göstərdi:
Bütün analizlər verildi. Mirəli
hesabladı ki, xeyir-şər qarışıq təkcə
analizləri ailə büdcəsinin üç
aylığını apardı. Axırı xeyir olsun! -
dedi. Xeyir də oldu. Həkimlər
onda heç bir xəstəlik tapmadılar. Bu
sağlamlıqla 80-100 il yaşayacaqsan
dedilər. Hilal almanca gözəl bilirdi. Həkimlərə
anlatdı ki, Mirəligilin bölgəsində 100-120 il yaşayanlar çoxdur və
uzunömürlülük burada adi haldır. Həkimlər
Mirəliylə hərtərəfli söhbətdən sonra
anladılar ki, ixtisası ilə bağlı xiffət çəkir, depressiya
keçirir. Məsləhət gördülər
ki, ferma yaratsın. Fermer təsərrüfatı
onun dərdinin dərmanı olacaq. İşini
çox sevdiyinə görə və övladları çox
olduğuna görə öhdəsindən gələcək,
adlı-sanlı fermerə çevriləcək. Məşvərət
keçirən həkimlərin haqqı ailənin ikiaylıq büdcəsi
qədər oldu. Lakin Mirəli sevinirdi.
Alman həkimləri onu sanki yuxudan
ayıltmışdılar. Fermer məsələsi
onu çoxdan düşündürürdü. Lakin həkim olduğundan bunu özünə
sığışdırmırdı. Görək
mən adlı-sanlı, imkanlı fermer olandan sonra indi mənə
mal həkimi, deyənlər nə deyəcəklər. Əvvəlki ad-sanı qaytarmasam, mən Mirəli
deyiləm. Gün gələcək ki,
yenidən mənə doktor deyə müraciət edəcəklər.
Yadına Sənəm düşdü. Sənəm
ayaqlarından əziyyət çəkir, Allah qoysa gələcəkdə
gərək onu da bu həkimlərə göstərim. Həm də dünyanı görər. Həyatında vətəndən kənara
çıxmayıb - deyə düşündü. O,
qeyri-adi yüngüllük hiss edirdi.
Hilal nəsə deyirdi. Onu şirin xəyallardan
ayırdı.
Hər iki dostun kefi kök idi. İlk növbədə
Vətənə dönmək üçün Mirəliyə
bilet aldılar. Sonra Hilal dostunu şəhərlə
yaxından tanış etməyə
başladı. Gözəl bir binanın yanından keçəndə
Hilal dedi ki, bura təyyarədə söhbət
açdığım məşhur yerdir. Buranı
hamı tanıyır. Kimdən soruşsan
barmaqla göstərər. Pəncərələrin
qabağından keçəndə müxtəlif
yaşlı, müxtəlif millətlərdən olan
qadınları gördülər. Hər otaqda bir nəfər
özünə sığal verirdi.
-
Ölmüşlər necə də gözəldirlər.
Bunları kim desən alar. Pozğunluqla məşğul
olmaq əvəzinə niyə ərə getmirlər - dedi.
- Hilal kəndli
təfəkkürü ilə yaşayan dostunun sualına təbəssümlə
cavab verdi.
Yaşıllıqlar içində itib-batan şəhər
Mirəlinin çox xoşuna gəldi. Belə gözəl şəhərdə
"əxlaqsızlıq yuvası"nın
olması ona bir dərd oldu.
Axşam restoranda oturub yaxşıca yeyib-içdilər. Mirəli demək
olar ki, hallanmışdı. Birdən Hilal qonşu stolun
arxasında əyləşən bir cütlüyü göstərərək
dedi ki, onlar ər-arvaddır. Mirəli gördü ki, kişi ayrı, qadın ayrıca hesab verdi.
- Bax, Mirəli
"nemetski şot" budur. Dostlar da burada
hesabı belə verirlər.
Mirəli hallansa da başı yaxşı işləyirdi.
- Əvvəlan o kişinin ki, yanında arvadı hesab verir,
o kişinin başı yerə girsin. İkinci isə sənin
sözündən belə çıxır ki, biz də
ayrı-ayrı hesab verməliyik. Bəri
bax, bəs bizim azərbaycanlılığımız harda
qaldı?
Hilal gülməkdən özünü saxlaya bilmirdi. Almaniyaya gəldiyi
ilk vaxlar o da Mirəli kimi düşünürdü.
Hilal Mirəlini qaldığı üçulduz
mehmanxanaya gətirəndə artıq gec idi. Səhər
tezdən onu hava limanına aparacaqdı.
Bərk-bərk tapşırdı ki, yatsın,
özünə gəlsin. Hava limanında içkili olduğu
bilinsə problem ola bilər.
Mirəli yerinə uzananda susuzluq ona üstün gəldi. Bardan bir
şüşə Bavariya pivəsi götürüb
başına çəkdi. Gözünün
qabağına məşhur binadakı gözəl qadınlar
gəldi. Sonra nə baş verdiyini bilmədi.
Bir də gördü ki, həmin binanın
qabağındadır. Onu dünyanın ən
əziz qonağı kimi görünməmiş
mehribanlıqla qarşıladılar. Nə
qədər adamın qoyun-quzusunu, mal-qarasını məhv
olmaqdan qurtarmışdı, kimsədən belə
mehribançılıq görməmişdi. Əvvəlcə albomlarda, sonra isə pəncərədən
qadınların hamısını ona göstərdilər.
Mirəli obyektiv adam idi.
- Necə
də gözəldilər. Hamısı good - dedi. Dinimiz yol verir. Əgər bu
qadınlardan birini siğə etsəm, Allah və Sənəm
məni bağışlar. Qəti qərar
qəbul etdi.
- Ay vont a vif (wayf sözünü düz tələffüz
etmədi. İnstitutda ingilis dilini az tədris
etmişdilər).
-
Hamısı good wifdir. Qiymətinə görə hansını istəyirsən
seç. Lap gənc və gözəl qadınlar daha
bahadır - dedilər.
- Mən siğə ilə arvad almaq istəyirəm.
Onu anlamadılar.
Bir anda tərcüməçi
çağırdılar.
- Mən
siğə kəbini ilə bir dəfəliyə arvad almaq istəyirəm.
Tərcüməçi siğə sözünü
anlamadı.
Odur ki, Mirəlinin
sözlərini belə tərcümə
etdi:
- Bu cənab
rəsmi kəbinlə birdəfəlik arvad almaq istəyir.
Baxdılar ki, geyimindən-kecimindən ziyalıya
oxşayır.
Tezliklə binaya yayıldı ki, bir kişi rəsmi arvad almaq istəyir.
Çoxları onun başının xarab olduğunu zənn etdilər.
Nəhayət vətənindən didərgin
düşmüş, "Robinzon Kruzo" filmindəki, zənci
qıza bənzər qadın:
- O qara, mən
qara, bizimki tutar - deyib razılıq verdi. Kəbin kəsildi.
Tərcüməçinin,
nigah kəsənin, "gözəl bina"nın
işçilərinin zəhmət haqqını ödəyəndən
sonra Mirəli baxdı ki, cibində az miqdar pulu qalıb. O, istədi
ki, zənci qadınla otaqlardan birinə keçsin,
qoymadılar. Bayaqkı mehribanlıqdan əsər-əlamət
qalmamışdı. Sanki onlar bayaq əldən-ayaqdan gedən
adamlar deyildi:
- Bu sənin
kəbinli arvadındır, vətəninə aparacaqsan - dedilər.
Mirəli nə baş verdiyini anlamırdı.
İlahi, mən camaatın üzünə necə
baxacağam, Sənəm və
uşaqların yanında
başımı necə
qaldıracağam.
Qızlarımı kim alacaq, oğlanlarıma kim qız verəcək
- deyərək
baş-gözünə
döyməyə başladı. İntihar
etmək qərarına gəldi. Qoy camaat elə bilsin ki, xəstəlikdən
ölmüşəm. Sənəmin və
uşaqların başı aşağı olmasın.
Başıma gələn biabırçılığı
qara torpaq örtsün. Lakin vətəndən
uzaqlarda, qərib ölkədə ölmək, yad torpağa
basdırılmaq ona ağır gəlirdi. Hardansa
yadına Azərbaycanın ilk Xalq şairi Səməd
Vurğunun Çində xəstələnərkən
yazdığı misralar düşdü:
Vaxtsız
əcəl məndən uzaq dayan, dur,
Qürbət
eldə can vermərəm ölümə.
Qılıncını məndən uzaq dolandır.
Onu bil ki,
qələm aldım əlimə,
Qürbət
eldə can vermərəm ölümə!...
Şeirin
və düşdüyü ağır vəziyyətin təsirindən ömründə
ağlamayan Mirəlinin gözündən yaş sel kimi
axırdı. Ayaqlarım sınaydı, buralara gəlib çıxmayaydım - dedi. Ən əcaib-qəraib, ən ağlasığmaz
adət biz müsəlmanların siğə ilə evlənməsi
imiş - deyərək özünü lənətlədi.
Birdən bərk taqqıltı və səs-küy
eşitdi. Gördü ki, qan-tər
içindədir. Nə baş verdiyini anlamadı. Qapıda
Hilalın uca səsi eşidildi:
- Aç
qapını, hava limanına gecikirik. Qapını
açmağı ilə Hilalı qucaqlayaraq
hönkürtü ilə ağlamağı bir oldu. Haçandan
haçana özünə gələrək.
- Allah sənə
şükür, yuxuymuş- dedi.
Hilal heç nə başa düşmədi.
Qəzənfər Paşayev
professor
525-ci qəzet.- 2014.-
19 sentyabr.- S.8.