...Nurəngiz Günün günü

 

 

1981-ci ildə ədəbiyyata "Tanrı" povesti ilə gələn şairə xanım Nurəngiz Günü oxucular, ədəbi ictimaiyyət yaxşı tanıyır. Vaxtıyla bu əsərin sorağı elm təhsil ocaqlarından gəlirdi desəm, bəlkə bu az olar. Duyuram ki, bu barədə danışmalı olsam çox xatirələr üzə çıxa bilər. Onu da bildirirəm ki, Nurəngiz xanımla bağlı xatirələrim çoxdu. Onlardan birini xatırlasam, məncə, yerinə düşər. Yaxşı yadımdadır, 1982-ci il ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda tələbə idim. Bir gün Lomonosov adına Moskva Dövlət Unversitetinin professoru, eloğlumuz Koroğlu muəllimlə rastlaşdım (məlumat üçün bildirirəm ki, xüsusi istedadı olan bu şəxs əslən Gəncədən idi - M.Məftun). Qoltuğunda xeyli qəzet-jurnal var idi. Salamlaşdıq. O, mənə:

- Eloğlu, yaxşı jurnallar gətirmişəm Vətəndən, bir-ikisini verim sənə, oxuyub qaytararsan - dedi. Təklifini məmnuniyyətlə qəbul etdim. O, qoltuğunda bərk-bərk tutduğu jurnalın bir neçə nüsxəsini qaytarmaq şərtilə mənə verdi. Onu da qeyd edim ki, bu jurnalın bir neçə sayında Nurəngiz Günün qələmə aldığı "Tanrı" povesti dərc olunmuşdu. Xatırlayıram ki, məhz bu povesti oxumağı Koroğlu müəllim özü mənə məsləhət gördü. Belə ki, ayrılarkən o mənə: "Tanrı" povestini hökmən oxu! - söylədi. Etiraf edirəm ki, çətin kurs imtahanları ilə bağlı vaxt məhdudiyyətim olsa da, o povesti mütaliə etdim. "Tanrı" povestinə görə Koroğlu müəllimin məsləhətinə qulaq asmağıma sevindim. Çünki povest olduqca maraqlı idi. Çoxlu maraqlı personajları olan bu balaca  povesti mütaliə edərkən həyəcanımı saxlaya bilmirdim. Zərnişanın, Tanrının, Məryəmin başına gələn hadisələr heç adi deyildi.

Sonralar N.Günün əsərlərinə "Gənclik" "Yazıçı"  nəşriyyatlarında, habelə müxtəlif qəzet jurnallarda  rast gəldim. Bu əsərlərdən sözsüz ki, oxuduqlarım oxumadıqlarımdan az oldu. Əvvəlcə onu deyim ki, Tanrı öz nurunu, sevgisini yaratdığı bütün bəndələrindən, əsirgəməyib. Lakin bildirmək istərdim ki, Nurəngiz Günün çöhrəsində görünən nurun bənzərsizliyi özünəməxsusluğu ilə seçilir. Həm yeri gəlmişkən qeyd edim ki, Tanrı sevgisindən pay alan bu şairə xanımın nuru, həm onun bütün əsərlərinə hopub.  Fikrimi daha yaxşı anlamaq üçün gəlin N.Günün qələmindən çıxan "Yol gedirəm" adlı şeirə nəzər salaq:

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid qürur,

İçimdə ağlamaq ehtiyacı

Yol gedirəm, yorulanadək...

Bəli, görmək olur ki, bu misralarda hissin təzəliyi, insanı düşündürən lirizm öndədir fikrimcə, özünün orijinallığıyla bu oxucusunu valeh etməyə bilməz.

Nurəngiz xanımla  görüşlərimizin birində yəqin etmişdim ki, yaradıcılığıyla bağlı bəzi mətləblərə aydınlıq gətirəcəyəm, lakin yenə arzuma nail ola bilmədim. Çünki onun məna dolu gözləri, xalqına, torpağına sevgisi, dövlətçiliyimizə vurğunluğu əsl azərbacanlı xanımının səmimiyyətini bağışladığından, o danışan zaman adam istəyir ki, təkcə elə, o özü danışsın. Odur ki, hər dəfə ona deyəcəklərimi unutmaq məcburiyyətində qalıram.

Mən "özü" sözünü elə-belə işlətmirəm. Bu "özü" sözünün arxasında o şəxsiyyət, o insan durur ki,  özünü  televiziya kanallarında, radio dalğalarında, təhsil müəssisələrində gənc nəslin təlim-tərbiyəsi işində ömrünü şam kimi əridib. İllərin əzablarını yaşamış, ali niyyətlərə söykənmiş, türkçülüyə bağlı Nazim Hikmət sevgisiylə  ovxarlanmış bir ömrün söz qəhrəmanı... söz sahibi...

Bəli, bu insan Nurəngiz Gündür.  Qeyd edim ki, xalqımızın min illərlə ölçülən tarixini  gözlərindən  keçirən Nurəngiz  Günün yaradıcılığı çoxşaxəlidir. Amma etiraf edim ki, onun yaradıcılığına hərtərəfli nəzər salmaq, danışmaq asan məsələ olmadığından, mən onlardan bir neçəsinə qısaca nəzər salmaqla kifayətlənirəm.

"Xocalı simfoniyası" əsərini  (rekviyemdir) müəllif  2006-cı ildə qələmə alıb.

Bu əsər haqqında çox yazılsa da, - az yazılıbdır desəm, - bəlkə də yerinə düşər. Çünki "Xocalı soyqırımı" mövzusu elə bir mövzudur ki, bu mövzuda yüzlərlə, hətta minlərlə  əsərlər  yazılsa da belə, nə bu mövzu tükənən, nə də dərdimiz azalan deyil...

Amma şairə Nurəngiz  Günün  "Xocalı simfoniyası"  bu mövzuda yazılan əsərlərdən fərqlənir, söyləsəm, yəqin ki, səhv etmərəm. Demək olar ki, bu əsərdə sanki ruhların döyüşü - ruhların şavaşı gedir. Bu savaşda qələbəsi görünən ruhlar təsəlli prizmasından keçir. Əsərdən bir neçə misra...

İlahi! Sən onlara rahatlıq ver...

İlahi! Təskin et!

Sən onlara səma nəğmələri göndər,

Təsəlli səp...

Bu misralardan aydın görmək olur ki, şairə ulu Tanrıyla bağlantı yaradır, haqsız qanı tökülən xalqından ötrü Ona - o Uca Xaliqə yalvarışlar, dualar edir. Bəşəri hisslər, bəşəri duyğular, oxucu ürəyini titrətməyə bilmir.

Qeyd edim ki, XXI əsrin ən böyük faciəsi olan, bütün dünyanı silkələyən "Xocalı soyqırımı" zamanı erməni faşizmi öz iç üzünü  göstərmiş, xalqımızın tarixinə sağalmayan yaralar vurmuşdur. Konkret olaraq bu əsərdə, müəllifin  "Məryəm anayla söhbəti" səhnəsində bəşəri duyğuların canlı rəsminin çəkildiyini görürük:

Ah!..

Səslərə ürpəşirəm,

Şum edilmiş insanların kütləvi qırğınına

Daraq çəkə bilmirəm...

Bax, ona ağlayıram,

Məryəm ana!..

Bəli, bu misralarda daxili yanğı, mubarizlik ruhunun canli emosional təsir gücü poetik detallarla oxucuya çatdırılır. Burada şairə xanımın zərif ürəyinin narahat çırpıntılarını duymamaq mümkün deyil.

Əsər  qəribə sonluqla  bitir: "İLAHİ,  sən onları  rahat et"... Şairənin bu misra ilə əsəri yekunlaşdırması, həm xalqına, həm də özünə təsəlli kimi səslənir . Uca Tanrıya bu məqamda olan yalvarış  - İLAHİ yalvarış və duadır.

"Xocalı simfoniyası" əsəri çağdaş ədəbiyyatımızda  bu mövzuda yazılan layiqli əsərlərdən biri hesab edilməlidir.

Yeri gəlmişkən, bildirirəm ki, əgər bir məqama nəzər yetirməli olsaq, Nurəngiz Gunun şəcərə tarixinin bizə çox zənginliklərdən xəbər verdiyini görərik. Ana babası görkəmli ziyalı Hüseyn Cavidin məslək dostu, dövrünün məşhur həkimi olmuş Hacızadə Mirzə Ələkbər əfəndi 1937-ci ilin "pantürkist" damğalı qurbanlardan biri olub.  Zamanına görə bu nəsil sayılıb-seçilən nəsillərdən, əsilzadələrdəndi. Həmin nəsildən ikisi  - N.Günün Təbrizdə yaşayan dayılarından biri olan Ağa Səlim Hacızadə 1946-cı ildə İranda şah rejiminə qarşı çıxıb Cənubi Azərbaycan Demokrat Firqəsinin tərkibində Bakıya gəlib və sonra  "100 demokrat-100 ən qatı sovet düşməni" kimi Sibirə sürgün edilib.

N.Günün digər dayısı Ağa Kərim Hacızadə bütün həyatını Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə həsr edib. Məzarı Təbrizdədir. O, əsərləri Təbrizdən Avropaya qədər yayılmış məşhur Azərbaycan rəssamıdır. Bu şəxsin əqidə dostu olmuş Xalq şairi Söhrab Tahir hər zaman onu çox hörmətlə, yanğıyla xatırlayır.

Beləliklə, görmək mümkündür ki, Nurəngiz Günün sinəsinə bir əsrdə iki sağalmayan dağ çəkilib. Birincisi, yaxın qohumlarının "37-ci il"in  qurbanları olması və ikinci sağalmayan dərdi - "Xocalı faciəsi". Fikrimcə, hər adam bir əsrdə iki dərdi çəkə bilməz, bunun üçün insana fil ürəyi gərəkdir.

Mərhum şairəmiz Mədinə Gülgünə ithaf etdiyi şeirdə N.Gün:                        

Anamın Sabiri, Kərimi orda,

Yol çəkən gözləri gömüldü burda.

Çatmadı qolları bir daha yurda -

Bir nəzər sal öncə mənim bağrıma

Qan olubdur, daha məni çağırma!

- deyə, öz nisgilini poetik misralarla çatdırmağa çalışır.

Oxuculara məlumat üçün bildirmək istəyirəm ki, Nurəngiz Gün həm də ən ağır zamanda, dövrdə sözünü deməyi bacaran qələm sahibi, televiziyaçı olub. Onun "Tanrı bəşər övladıdır", "Qırmızı gecə " povestləri, "Əsrin son yuxusu", "Ağ qanadlar", "Salamat qal, Ağca yol", "Quzey Kıprız yuxusu",  "Qar" romanları, poemaları, "Əbədi və əsrarəngiz" silsilə sonetləri, hekayələri oxuculara yaxşı tanışdır.

Mən bu qənaətdəyəm ki, Nurəngiz Gün haqqında yazı yazmaq, söz demək üçün onun yaradıcılığını dönə-dönə oxumaq, mütaliə etmək lazımdır. Nürəngiz Günün günü hələ bundan sonradır onun üçün. Hörmətli şairəmizə yaradıcılıq uğurları və cansağlığı arzusu ilə:   

 

Maşallah MƏFTUN,

şair-publisist

525-ci qəzet.- 2014.- 19 sentyabr.- S.7.