Teatrşünas və ictimai xadim Cəfər Cəfərov
yad ediləcək
Görkəmli teatrşünas, ədəbi
tənqidçi, ictimai
xadim Cəfər Cəfərovun bu il sentyabrın
7-də 100 illiyi tamam oldu. Sentyabrın 20-də isə onun
vəfatının 41-ci ildönümü
tamamlanır. Bu münasibətlə vaxtilə
onun özünün təsisçisi olduğu
Yazıçılar Birliyinin
"Natəvan" klubunda
anım tədbiri təşkil olunacaq.
Bəlkə də indi çoxları
onu tanımır. Bu, xüsusən, gənc və orta nəslə
aiddir. Yaşlı nəslin nümayəndələri
isə C.Cəfərovun
ədəbi-elmi, eləcə
də dövlət xadimi kimi səmərəli
fəaliyyətinin yaxından
şahidi olublar.
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anarın
fikrincə, C.Cəfərov
Azərbaycan ədəbiyyatının,
eləcə də teatrşünaslığının inkişafında mühüm
rol oynayıb: "O, Vətəninə, millətinə
hər zaman sadiq ədib olub. Mirzə Fətəli Axundov
haqında geniş tədqiqatları var. Mənim
onun haqqında "Sənət yanğısı"
adlı essem çıxıb. Həmin essedə
Cəfərovun yaradıcılığından,
Azərbaycan teatr sənətinin tarixini yazan çox dəyərli monoqrafiyalar müəllifi kimi barəsində geniş yazmışam. Cəfər
müəllim Atam Rəsul Rza ilə yaxın dost olub. Rəsul Rza 1939-cu ildə
Yazıçılar Birliyinin
sədri olanda Cəfər Cəfərovu
dəvət edərək
bu təşkilatda katib vəzifəsinə təyin edib. Cəfərov həm də
universitetdə mənim
müəllimim olub.
Diplom işimin rəhbəri idi... Atamla yaxın olduğundan, hər zaman evlərinə gediş-gəlişimiz
olub. Onun xəstə yatağında
tez-tez yanına gedərdim. Cəfər bəyin Vətən
eşqi xəstə yatağında belə onu hər zaman
narahat edirdi. Təbrizi xatırlayırdı və
mənə deyirdi ki, o şəhəri paytaxt görmək istəyirəm".
Cəfər Cəfərov
milli teatrşünaslığın
konseptual inkişaf istiqamətlərinin əsl
elmi məcraya düşməsində müstəsna
işlər görüb.
O, Bakıda doğulub
və ilk təhsilini də burada alıb. 1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji
İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında ssenari
şöbəsinin müdiri,
Azərbaycan Yazıçılar
İttifaqının məsul
katibi, mədəniyyət
nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul
vəzifələrdə çalışıb.
O cümlədən, 1967-1971-ci illərdə Mərkəzi
Komitənin ideologiya, mədəniyyət və
elm üzrə katibi olub. Azərbaycan SSR Ali Sovetinin deputatı
kimi də fəaliyyət göstərib.
Cəfər Cəfərov 1959-cu ildən
ömrünün sonunadək
Azərbaycan MEA Memarlıq
və İncəsənət
İnstitutu teatr və kino şöbəsinin
müdiri olub. Burada bir
sıra teatrşünas
alimlərin yetişdirilməsinə,
kino və teatr sənətinə aid
tədqiqatlar aparılmasına
rəhbərlik edib.
Teatrşünas Cəfər Cəfərov
tənqidi fəaliyyətə
1930-cu ildən başlayıb. O, Hüseyn
Ərəblinski, İsmayıl
Hidayətzadə, Həqiqət
Rzayeva, Mehdi Məmmədov, Tofiq Kazımov, Abbasmirzə Şərifzadə, Rza Təhmasibin yaradıcılıqları
barədə dəyərli
elmi məqalələr
və monoqrafiyalar yazıb. Alimin "Rejissor sənəti",
iki cilddə Azərbaycan və iki cilddə rus dillərində "Seçilmiş əsərləri",
"Azərbaycan Dram Teatrı"
kitabları dəyərli
tədqiqat nümunələridir.
Onun "Cavid və teatr", "Mirzə Fətəli Axundazdənin dramaturgiyası",
"Mirzə Fətəli
Axundzadə və teatr", "Vilyam Şekspirin dramaturgiyası"
elmi əsərləri
milli teatrşünaslıq
elmimizin dəyərli
yaradıcılıq örnəkləridir.
Cəfər Cəfərov 1973-cü ildə
Bakıda vəfat edib. Məzarı Fəxri
Xiyabandadır.
Həyat yoldaşı Zibeydə Əzizbəyova da botanika sahəsi üzrə elmi doktor, professor olub. Bir sıra elmi məqalələrin, geniş tədqiqatlar aparıb. O, həyat yoldaşının həm şad, həm də acı günlərində yanında olub. Birgə iki övlad - Aral və Ayaz Cəfərovları böyüdüblər. İndi onlar da həyatda deyillər. Əvəzində nəvələri əzizlərinin xatirəsini qəlblərində yaşadırlar.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 19 sentyabr.- S.7.