Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Naxçıvanın yeri və rolu
(əvvəli ötən sayımızda)
Naxçıvan Azərbaycanın qədim
tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri
Naxçıvanın təkcə
Azərbaycanın deyil,
bəşəriyyətin təşəkkül
tapdığı ən
qədim yaşayış
məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni
abidələrilə yanaşı
həm də müxtəlif fəaliyyət
sahələrində ölkəmizə
əvəzsiz xidmət
göstərmiş görkəmli
tarixi şəxsiyyətləri
ilə məşhurdur.
Bu da Naxçıvanın
həm maddi-mədəni,
həm də mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.
Naxçıvanın tarixində özünəməxsus rol
oynamış şəxsiyyətlərdən
biri də buranın sonuncu xanı Kəngərli Ehsan Xan Kəlbəli
Xan oğludur.
1826-28-ci illər Rusiya
- İran müharibəsi
zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən
biri, İran ordusunun sərhəngi (polkovniki) olan Ehsan xan Kəngərli
rusların tərəfinə
keçib və qalanın alınmasında
onlara kömək göstərib. Tarixi mənbələrə görə,
Ehsan xan Kəngərli naxçıvanlılardan
və ruslardan ibarət on minlik qoşuna başçılıq
edib. Azərbaycanın
şimalı Rusiyaya birləşdirildikdən sonra
general-mayor rütbəsi alan
Ehsan xan Kəngərli İrəvan
və Naxçıvan
xanlıqlarının, Ordubad
dairəsinin səlahiyyətli
nümayəndəsi kimi
Türkmənçay müqaviləsini
(1828) imzalayıb, xanlıq
ləğv edildikdən
sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunub. Ehsan xan abadlıq,
quruculuq işlərinə,
dünyəvi təhsilə
böyük diqqət
yetirirdi. 1840-cı ildə
süvari dəstəsinə
başçılıq etmək
şərti ilə naiblikdən imtina edib. Sonralar Krım müharibəsində
(1853-56) də şücaətlə
vuruşub. "Müqəddəs
Georgi" ordeni ilə təltif edilib. Ehsan xan
Kəngərlinin adı
Kremlin Georgi salonunda qızılı hərflərlə
yazılıb.
Naxçıvan öz görkəmli
hərbi xadimləri ilə tarixə şanlı səhifələr
yazıb. 1824-1883-cü illərdə
yaşamış general-mayor Kalbalı Xan Ehsan oğlu Naxçıvanski sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin
oğlu, İsmayıl
xan Naxçıvanskinin
qardaşıdır. 14 yaşında
ikən Peterburqdakı
zadəgan uşaqlarına
məxsus Paj korpusu məktəbinə verilib, lakin qəfildən xəstələndiyinə
görə Naxçıvana
qayıtmalı olub. Müalicədən sonra
1849-cu ildə könüllü
olaraq Dağıstan yürüşündə iştirak
edib, döyüşlərdə
igidlik göstərdiyinə
görə zabit rütbəsinə layiq görülüb. Krım
müharibəsində (1853-56) igidliklə vuruşub,
1855-ci ildə leyb-qvardiya
Qusar polkuna komandir təyin olunub. 1877-78-ci illər rus-türk müharibəsində
azərbaycanlılardan ibarət
İrəvan süvari
briqadasının komandiri
təyin olunan Naxçıvanski hərbi
əməliyyatlarda böyük
şücaət göstərib.
Xalq arasında böyük nüfuz sahibi olan Naxçıvanski
Naxçıvanın ictimai-siyasi
və mədəni həyatında mühüm
rol oynayıb. Üçüncü dərəcəli
"Müqəddəs Stanislav"
ordeni, iki "Müqəddəs Georgi"
ordeni ilə təltif olunub, brilyantla bəzədilmiş
qılıncla mükafatlandırılıb.
Naxçıvanın daha bir məşhur hərbi xadimi onun qardaşı,
1819-1909-cu illərdə yaşamış
general-leytenant İsmayıl
Xan Ehsan Xan oğlu Naxçıvanskidir. Tiflis hərbi gimnaziyasını bitirərək
poruçik rütbəsi
alıb. 1877-78-ci illər
Rusiya-Türkiyə müharibəsində
göstərdiyi sərkərdəlik
fəaliyyətinə görə
isə o, süvari qoşunu general-mayoru rütbəsinə layiq görülüb. Ordudan
general-leytenant rütbəsi
ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq
işləri ilə məşğul olub, Naxçıvana su çəkdirib, kəhrizlər
qazdırıb və tarixi abidə kimi bugünədək qorunan günbəzli hamam tikdirib, Xurşud Banu Natəvanın qızı
Xanbikə xanımı
oğlu Əman xana alıb, Qarabağ xanlığı
ilə qohum olub. Birinci və
üçüncü dərəcəli
"Müqəddəs Stanislav",
üçüncü və
dördüncü dərəcəli
"Müqəddəs Vladimir", dördüncü dərəcəli
"Müqəddəs Georgi"
ordenləri ilə təltif olunub.
Daha bir görkəmli hərbçi Kalbalı xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsi 1863-1919-cu illərdə
ömür sürmüş
gerenal-leytenant Hüseyn
Xan II Kalbalı Xan oğlu Naxçıvanskidir.
On beş yaşında
ikən Peterburqdakı
Paj korpusu məktəbinə verilib,
1881-ci ildə oranı
əla qiymətlərlə
bitirərək, çarın
xüsusi süvari qoşununda xidmət edib. 1907-ci ildə
general-mayor rütbəsinə layiq görülüb. Çoxsaylı orden və medallara layiq görülüb. Qəbri Sankt-Peterburqdakı
Aleksandr Nevski monastırının qəbiristanlığındadır.
Naxçıvanın görkəmli hərb xadimlərindən
biri isə 1895-1938-ci illərdə yaşamış
Cəmşid Naxçıvanskidir.
Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirən C.Naxçıvanski Birinci
dünya müharibəsində
(1914-18) müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olub, "Brusilov cəbhəsi"nin yarılmasında
iştirak edib,
4-cü dərəcəli "Müqəddəs Georgi"
ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində
üç dəfə
yaralanan Naxçıvanski
igid süvari zabiti kimi gümüş
silahla mükafatlandırılıb,
2-ci, 3-cü, 4-cü dərəcəli
"Anna", 2-ci dərəcəli "Stanislav" ordenləri ilə təltif olunub. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan
sonra ştab-rotmistri Naxçıvanski başçılıq
etdiyi alayla birlikdə Azərbaycana qayıdıb, 1918-ci il sentyabrın 15-də türk
qoşunları və
Azərbaycan Əlahiddə
Korpusu ilə birgə Bakını daşnak, eser-menşeviklərdən
ibarət olan və ingilislərə arxalanan "Sentrokaspi diktaturası" qüvvələrindən
təmizləyib. Azərbaycanın
müstəqilliyi uğrunda
Naxçıvanski də
inamla vuruşub.
1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən
alayı daşnaklara və daxili düşmənlərə qarşı
döyüş əməliyyatlarında
fəal iştirak edib. Aprel işğalından
(1920) sonra onun süvari alayı bolşeviklərin tərəfinə
keçib. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə
dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq
haqqında teleqram göndərib. Cəmşid
Naxçıvanski Azərbaycanda
baş verən antisovet üsyanların yatırılmasında iştirak
edib. O, Bakıda yaradılmış Azərbaycan
Birləşmiş Komanda
Məktəbinin rəisi,
1921-ci ilin dekabrında
isə Azərbaycanın
ilk milli atıcı diviziyasının komandiri
təyin olunub, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm
rol oynayıb. Naxçıvanski
1923 və 1928-ci illərdə
Moskvada Ali Hərbi Akademiyanın qısa müddətli kurslarında
oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub. 1922-29-cu illərdə general Əlağa
Şıxlinskinin təşəbbüsü
ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri idi. Naxçıvanski
1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilib.
Akademiyanı fərqlənmə
diplomu ilə bitirdikdən (1933) sonra, orada müəllim saxlanılıb, 3 il Ümumi taktika kafedrasına rəhbərlik
edib, akademiyada əsas fakültənin kurs rəisi olub. 1935-ci ildə Naxçıvanski briqada komandiri (kombriq) hərbi vəzifəsinə
təyin olunub. Adına Bakıda hərbi lisey, Bakıda və Naxçıvanda küçə
var. Naxçıvanda ev-muzeyi
yaradılıb.
Naxçıvanın görkəmli ictimai-siyasi xadimlərindən
biri də Cəfərqulu xan Naxçıvanskidir. Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə Naxçıvan
bölgəsinin ictimai-siyasi
həyatında və
bölgənin qarşılaşdığı
problemlərin həllində
mühüm rol oynayıb. Cümhuriyyətin
yaranması ərəfəsində
və onun fəaliyyətinin ilk çağlarında
Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən
müdafiəsində, əhalinin
daşnakların törətdikləri
qırğınlardan xilas
edilməsində fəal
iştirak edib.
1920-ci il avqustun sonlarında
Naxçıvan İnqilab
Komitəsi tərəfindən
həbs edilib və Şuşa həbsxanasında vəfat
edib.
(ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.-
19 sentyabr.- S.6.