Ailəçilik
uğrunda
Ailə ictimai-siyasi və sosial həyatda dövlətçilik
və millətçilik anlayışları ilə
yanaşı, mühüm önəm daşıyır.
Dünya
mətbuatında da ailə quruluşu haqqında dəyərli
tədqiqatlar var.
Lakin bu quruluşun əxlaqi-psixoloji münasibətlər
fonunda problemləri indiyədək öz həllini
tapmayıb.
İnsan doğularkən onun qəlbinə təbii olaraq
"mən"lik şüuru, necə deyərlər, hakim kəsilir
və o, ilk növbədə öz mənafeyini qorumağa
çalışır. Bu prinsip ən yaxın münasibətlərdə
olan ər-arvadın da xasiyyətində çox vaxt
özünü güzəştsiz büruzə verir.
Ailədə istər ata, istərsə də ana hərəkətlərində
doğruluğu sübut etməyə çalışır. Bir-birlərinə
etiraz etmək də çox zaman həqiqəti ortaya
çıxarmır. Operativ və təsirli
informasiyaya istinad etmək isə hər bir şəxsin
söhbətinin başlanğıcı olur. "Azadlıq", "demokratiya",
"firavanlıq" sözləri ilə başlanan kənar
informasiyalar da əksər hallarda aldadıcı olur. Bütün bunlar ailə müqəddəsliyinə
kölgə salır.
Ailə cəmiyyət
üçün layiqli vətəndaş tərbiyə edən
orqan, bütövlükdə isə hər bir ölkənin,
millətin ilk yaradıcı ictimai-sosial təşkilatıdır,
kollektiv vahididir,-desək səhv etmərik.
Ailə bəşəriyyətin eradan əvvəlki on
min illik "vəhşilik" dövründən sonrakı
intibah mərhələsinin yaradıcısıdır.
Ümumiyyətlə, ailə insanın ən zəruri
nemətinin-sağlamlığının,
"insanlıq" adlandırılan keyfiyyət bazisinin
qurucusudur.
Statistikadan məlumdur ki, xristianlarda qadın
azadlığı və demokratiya adı altında
boşanmaların sayı müsəlman dünyasına nisbətən
həmişə çox olub. Bunun nəticəsidir
ki, xristianlarda müqəddəs ailə öz yaradıcı,
tərbiyələndirici və
sağlamlaşdırıcı funksiyalarını tam həcmdə
yerinə yetirə bilmir.
Müşahidələr göstərir ki, ailə
qalmaqalında yuxarıda xatırlatdığım "mən"lik
problemi bir sıra mənəvi dəyərlərə zərbə
vurur. Ona görə də görünür, ailədə
ənənəvi əmək bölgüsü ilə
yanaşı, məsuliyyət bölgüsü də aparmaq
lazımdır.
Məsuliyyət olan yerdə qanunçuluq da var. Ona
görə məhəbbət mütləq azad və
könüllü yox, həm də ictimai-siyasi, müqaviləli-humanitar
münasibətdir. Ailənin möhkəmliyi də sevgi ilə
yanaşı, belə münasibətlərdən irəli gəlir.
Dünyanın bütün sivil ölkələrində
artıq qəbul edilib ki, ailənin layihələndiricisi və
qurucusu ərdir (kişidir). Bu səbəbdən
də ailə daxilində yaranan problemlərin cavabdehliyini ər
daşımalıdır.
Ali təhsilli insanın (ərin) qurduğu ailə daha
gileysiz və nöqsansız olur. Lakin burada hansısa
ailəyə "pisdir" demək də doğru deyil.
Çünki hər bir ailə məlum irs
zəncirinin bəndidir (halqası, təşkilatı
vahididir). Ailə varsa, nəsil də, irs də
mövcuddur.
Azadlıq və demokratiya haqqında ən çox
söhbət gedən Avropada ailə sabitsizliyi hər iki tərəfi-əri
də, arvadı da rahatsız edir. Deməli, ailəçilik
fəaliyyətində azadlığın və
demokratiyanın öz ənənələri və
qanunları var. Bəzi ərlərin
düşündüyü azadlıq isə ailə təməlini
laxladır.
Əzəldən təbiət elə qurulub ki, ölkə,
cəmiyyət, millət daxilində yaşayan insanın
azadlığını çuvala doldurulmuş milyonlarla
buğdadan hər hansı birinin sərbəstliyinə bənzətmək
olar. Şərti də olsa, bu, belə qəbul edilməlidir.
Çünki məlum nəzəriyyəyə əsasən,
fərd çoxluqdan kənarda olmur. Ailə
də fərd kimi irsin və cəmiyyətin ayrılmaz bəndidir.
Partiya və məfkurə mənsubluğu
baxımından irsi mənsubluq mənasız olsa da,
sağlamlıq və mənəvi saflıq, eləcə də
tarixi inkişaf nöqteyi-nəzərindən hər bir irsin
öyrənilməsi gələcək ailənin şəffaflıq
və dəqiqlik əsasında qurulması naminə zəruridir.
"Ailəçilik" anlayışı da, "ailəçilik
uğrunda" çağırışı da ailənin cəmiyyətdəki
həqiqi yerini və rolunu müəyyənləşdirməyə
xidmət edir.
İnsan inkişafı çağdaş ailənin də
qarşısında yeni vəzifələr qoyur. Bəşəriyyətin
sivil dövrünə (pilləsinə) uyğun ailə
haqqında F. Engels belə deyib: "Təknikahlıq
sivilizasiyalı cəmiyyətin elə bir hüceyrəsidir
ki, ona əsasən biz artıq həmin cəmiyyət daxilində
tamamilə inkişaf etmiş olan əksliklərin və
ziddiyyətlərin təbiətini öyrənə bilərik".
Mövcud təbii əksliklər və ziddiyyətlər
isə məhəbbət üzərində qurulan ailənin
möhkəmliyini zəiflədir.
Ərin sərbəstliyi və hökmranlığı
ilə arvadın bərabər hüququ və analıq borcu
ziddiyyət təşkil edir, soyuqluq və qısqanclıq
yaradır.
Ailənin təbiiliyi, onun sivil səviyyəyə
qalxması ilə bəşəriyyətə ikinci intibah mərhələsi
qazandırması, hər bir cəmiyyətin, ölkənin və
millətin gələcək xoşbəxtliyindən xəbər
verir.
Məlum olduğu kimi, bəşəriyyət həyat
vasitələrini kəşf etməklə birinci intibah mərhələsinə
yüksəlib. Ailəni möhkəmləndirməklə
ikinci mərhələ də "fəth edilib".
Azərbaycanlı
milli mentalitetində qonaqpərvərvərlik, qurbanverərlik
(Qurban bayramından kənarda), mehribanlıq və namusluluq
kimi mənəvi dəyərlər var. Bu və başqa dəyərləri
mənimsəməklə ailə anlayışını
"BMT erası" dövründə növbəti intibah mərhələsinə
qaldırmaq olar.
Mənəviyyatlı
ər (kişi) ailə müqəddəsliyi
naminə özünün keçmişdən qalmış sərbəstliyindən
və hökmranlığından imtina etməyi bacarmalıdır.
Əgər bir vaxtlar "mənəmlik" ona
fayda verirdisə, həmin xeyiri, necə deyərlər, qurban
verməlidir, onu keçmişin "arxivinə" göndərməlidir.
Bu halda qısqanclıq da mənasını itirər,
ailə öz yaradıcı və sağlam
böyüdücü funksiyalarını tam həcmdə və
keyfiyyətlə yerinə yetirər.
Avropanın çağdaş sivilizasiya şəraitində
ona zorakı xristianlıq uyğun gəlmədiyi kimi,
imperialistlik, militaristlik, separatistlik və terroristlik də
yaraşmır. Bütün bu "keçmiş qoxulu" naqisliklər
ailə problemlərinin yaranmasına, nikah pozulmalarına,
körpə atasızlıqlarına və s. səbəb olur.
Lakin bu hallar heç də bəşəriyyətin
təbii inkişafını dayandırmır.
Güclülərin zorakılığı mexanikanın
"təsir əks təsirə bərabərdir"
qanunu ilə
dəf edilir, zərərsizləşdirilir.
Həyatda hər bir şəxsin hərtərəfli
sağlamlığı onun xoşbəxtliyidir. Sağlamlığın
bazisini ana südü təşkil etdiyindən, ailənin
möhkəmliyi də sağlamlığın
başlanğıcıdır.
Araşdırmalar göstərir ki, ailə sağlam əsaslar
üzərində qurulubsa, müəyyən tələblərə
tabedirsə, hətta hansısa problemlə üzləşilirsə
belə çətinliklərin aradan qaldırılması
müşkül deyil.
İctimai və sosial mənada sağlamlıq bilgisinə
görə vaxtdan səmərəli istifadə etmək, ona
sayğılı yanaşmaq da sağlamlığın əsas
şərtlərindən sayılır.
Həyatda maneəsiz və tabe olmadan axıb gedən
vaxt (zaman) olduğundan, onun qarşısında baş əymək,
onu saymaq, ondan çəkinmək lazımdır. Digər tərəfdən,
insanın qidalanması, qəbul etdiyi ərzaqlardan
aldığı enerjinin (kalorinin) sərfi, istirahəti, rejimi
(qrafiki) vaxtdan asılı olduğundan, bu amil daim diqqət mərkəzində
saxlanılmalıdır.
Sağlamlıq
üçün bir məsələyə də önəm
verilməlidir: hər bir vətəndaş vaxt vahidi (saat,
gün, ay) ərzində tamamladığı ictimai faydalı
işi qiymətləndirməyi bacarmalıdır ki, sərf
etdiyi enerjini də dəyərləndirə bilsin.
Başqa
sözlə, vaxta hörmət və qənaət olmasa, dəqiqlikdən,
şəffaflıqdan belə söhbət gedə bilməz, əmək məhsuldarlığı
barədə düşünməyə dəyməz.
Sözün
həqiqi mənasında vaxtdan səmərəli yararlanmaqla, insan öz
gümrahlığına (qıvraqlığına) nəzarət
edə bilər. Bu halda kimlərsə
köklükdən, başqaları isə arıqlıqdan əziyyət
çəkməzlər, alınan təhsil də, elm də
öz səmərəsini, faydasını verər.
Ailə daxilində "vaxtsayarlıq" - hər dəqiqənin,
saatın təyinatını bilmək övladların da intizamlığına
və dəqiqliyinə şərait yaradır. Vaxt
sayılmırsa, qiymətləndirilmirsə, sağlamlıq
da arxa plana keçir.
Burada bir cəhətə də diqqət yetirək. "Təmizlik"
anlayışından fərqli olaraq, "səliqəlilik"
məfhumu daha geniş fəaliyyət sferasını əhatə
edir. Bura çirklənməkdən uzaq
olmaq, həyat vasitələrinin yerini bilmək, qida maddələrinin
evdə saxlanmasını tənzimləmək, cəmiyyət
tərəfindən qəbul olunmuş qayda-qanunlara vaxtında
riayət etmək, verilən sözü dəyərləndirmək
kimi məsələlər daxildir.
Məlumdur ki, səliqəlik olan yerdə rahatlıq da,
sağlamlıq da olar, xoşbəxt yaşamaq
üçün faydalı vasitələr də seçilər.
Göstərilən hər iki amil -
"vaxtsayarlıq" və "səliqəlik" ailəni
sabitləşdirir.
Ailə üçün başqa bir tələb - həmməqsədlikdir. "Mən",
həm də "sən - "biz". Qürurluluq
mənasında "mən"lik nə qədər
sayğılı olsa da, ər-arvad münasibətlərində
məhəbbəti artırmır. Həm ev işlərinin
icrasında, həm də məsuliyyət bölgüsündə
"həmsənlik" ("mən" və "sən")
prinsipi, yəni birlikdə razılıqlı və eyniməqsədli
şəkildə gözlənildikdə ədalətli olur.
"Həmsənlik" və ya "mənsənlik ailə
daxilində müştərəkliyi, kollektivliyi və həmrəyliyi
təsdiqləyir. Ailədəki birliyi standart ölkədəki
birliyin, milli (ölkə əhalisi) bütövlüyün
etalonu kimi qəbul etsək, deyə bilərik ki, ailəçilik
problemlərinin həlli dövlətçilik qədər zəruridir.
Ailəçiliyə nikah məsələsini də
əlavə etsək, görərik ki, həqiqətən
sivil dünyanın insanının sağlam və xoşbəxt
gələcəyi həmin problemin həllindən
asılıdır.
İctimai inkişaf üzrə təknikahlı ailənin
yaradılması ilə bəşəriyyət ikinci intibah mərhələsinə
çoxdan "yiyələnib".
Ailəçiliklə əlaqədar olaraq, mənəvi dəyərlərin mənimsənilməsi ilə və militarizmin, separatizmin və terrorizmin aradan qaldırılmasıyla bəşəriyyət üçüncü intibah mərhələsinə yüksələcək. Birlik insanları və dünyanı xilas edəcək!
Baba ƏHMƏDLİ
alim, publisist
525-ci qəzet.- 2014.-
19 sentyabr.- S.4.