Hadi Rəcəbli:"Azərbaycan dünyada artıq öz sözünü iqtisadi baxımdan deyə bilir"

 

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəblinin "525"ə müsahibəsi

 

 

- Hadi müəllim, bir neçə gündür ki, deputatların yay istirahət mövsümü başa çatıb. Onu da qeyd edək ki, bu ilin yayı, xüsusilə, avqust ayı ölkəmiz, dövlətimiz, xalqımız üçün belə demək mümkünsə, hər mənada qızmar keçdi. Bildiyiniz kimi, Ermənistan-Azərbaycan cəbhə-təmas xəttində olduqca gərgin anlar, hadisələr yaşandı. Az qala ikinci Qarabağ savaşı başlanacaqdı. Bu baxımdan, yay mövsümünün bütövlükdə yekunlarını necə qiymətləndirirsiniz?

- Həqiqətən də bu il yayın ortasında, avqust ayında Azərbaycanın daxili, xarici siyasətinin içərisində gedən ictimai-siyasi həyatda ciddi hadisələr baş verdi. Erməni qəsbkarları, erməni irticaçı qüvvələri yenidən Azərbaycan ərazisinə hücum etdi, böyük itki baş verdi. Bu itkilər, əlbəttə, Azərbaycan xalqını ağrıtdı və bu itkilərə möhtərəm prezidentimiz cənab İlham Əliyev özü xüsusi reaksiya verdi, məsələyə hərtərəfli  diqqət yetirdi, şəhid ailələrinə xüsusi qayğı göstərdi, cəbhədə  yaralanan əsgərlərimizi Türkiyəyə müalicəyə göndərdi. Həmçinin, möhtərəm prezidentimizin şəxsi nüfuzu,  hörməti nəticəsində Türkiyənin o zamankı xarici işlər naziri-indiki baş naziri-Əhməd Davudoğlu özü gedib Ankarada bizim xəstəxanada yatan əsgərlərimizə dəydi, baş çəkdi. Eyni zamanda, möhtərəm prezidentimiz həmin ərəfədə cəbhə bölgəsində oldu,əsgərlərimizlə, zabitlərlə görüşdü.  Hətta, Soçidə Rusiya prezidenti Vladimir Putunlə görüşün özündə də bu məsələylə bağlı bir mesaj göndərdi, bir ultimatum verdi ki, Qarabağ məsələsinin həlli uzanır, bunun günahının biri də elə sizdədir, vasitəçilərdədir və sair.

"Bunlar bir daha Azərbaycan cəmiyyətini ayağa qaldırdı, Azərbaycan cəmiyyətini bir az da möhkəmlətdi..."

Bununla yanaşı, prezidentimiz həmin ərəfədə bütün çıxışlarında  bizi-Azərbaycan cəmiyyətini bu məsələdə diqqətli olmağa, əsgər-zabitlərimizi ayıq-sayıq olmağa, orduda bizim qüvvələrimizin bir az da möhkəmlənməsinə çağırdı. Möhtərəm prezidentimizin səfərbəredici görüşləri, çıxışları oldu. Bunlar bir daha Azərbaycan cəmiyyətini ayağa qaldırdı, Azərbaycan cəmiyyətini bir az da möhkəmlətdi.  Şəxsən  mən özüm 29-u avqustda Türkiyədə müalicə alan əsgərlərdən birinin- Sərxangilin  evinə getdim,  onun ad günündə atası Musa kişi ilə, anası ilə görüşdüm, söhbət etdim. Çox maraqlı söhbətimiz alındı. Sərxanın özü  ilə telefonla danışdım,  ailəsinə maddi yardım göstərdim. Dediyim odur ki, biz hər belə gəncimizə, öz ailəsini itirən, əlil olan əsgərlərimizlə maraqlanmalı, onların qapısını açmalıyıq. Hərbi komissarlıqlar bunu etməlidirlər. Yerli bələdiyyələr bunu etməlidirlər...

"Ukraynada baş verən hadisələrə görə, Rusiyaya embarqo qoyulub, sanksiyalar tətbiq olunub, amma Ermənistana hələ heç bir sanksiya, embarqo qoyulmayıb"

- Yeri gəlmişkən, burada bir məsələ var, yəni,  bu gün istəsək də-istəməsək də dünyada gedən proseslər, o cümlədən, Ukraynada baş verənlər bizdən də yan keçmir...

- Tamamilə, doğrudur. Bu gün Ukrayna ilə bağlı olan işlərin hər biri Azərbaycana birbaşa toxunan məsələlərdir. Təsəvvür edin ki, Krım hadisələri Qarabağ hadisələrinin qismən sinonimini təşkil edir. Ukrayna ərazilərinə hücumlar  bizim işğal altında olan 7 rayonumuzda  gedən proseslərə oxşayan proseslərdir.  Eyni zamanda, bunlar hamısı dünyada bir daha çözüləndə Azərbaycan yada düşür. Bununla yanaşı, Ukraynada baş verən hadisələrə görə  Rusiyaya embarqo qoyulub, sanksiyalar tətbiq olunub, amma Ermənistana hələ heç bir sanksiya,  embarqo qoyulmayıb, hansı ki, neçə illərdir ərazilərimiz işğal olunub. Yenə ikili standartlar.... Bu hadisələrin dünyada belə inkişaf etməsi bir daha onu göstərir ki, dünyada gedən proseslərdən dünyanın bu və ya digər ölkəsi də xali deyil,  o cümlədən, biz də. Məsələn, Ukrayna-Rusiya münaqişəsində bəzi məqamlar var idi ki, Rusiya orada kəskin addımlar ata bilmirdi.  Amma Amerikanın İraqda, Suriyada gedən proseslərə müdaxiləsi Rusiyaya imkan verdi ki,  Ukraynadakı separatçı qüvvələrə dəstək versin. Rusiyanın dili onda açıldı ki, Amerika başladı İraqın, Suriyanın daxili məsələlərində müdaxilə etməyə, İŞİD-lə bağlı əraziləri bombalamağa. 

"Dünyada gedən proseslər istər-istəməz gəlib bizə də çatır"

Görürsünüz, dünyada gedən proseslər istər-istəməz gəlib bizə də çatır və beləliklə, bu hadisələrin gedişi sonda  Azərbaycanın məsələlərinin həllinə də  kömək edə bilər.... Bu yerdə onu da deyim ki, biz əgər dünyadan danışırıqsa, beynəlxalq münasibətlərdən danışırıqsa, o zaman ən önəmli hadisə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsidir, prezident kürsüsünə gətirilməsidir. Əhməd Davudoğlunun baş nazir seçilməsidir. Cənab Ərdoğanın bir daha Azərbaycana səfər etməsi və görüş vaxtı ona yüksək mükafatın verilməsi, Ərdoğanın çıxışında qaldırılan məsələlər, yəni, "mən NATO-nun iclasından başqa digər beynəlxalq təşkilatların iclaslarında da  Qarabağ problemini qaldırıram,  qaldıracağam" deməsi və həmişə bizim yanımızda olmasını dünyaya göstərməsi özü bizi bir daha düşündürür və gücləndirir. Möhtərəm prezidentimiz  özü bu görüşdə dedi ki,  Türkiyə nə qədər güclü olarsa, biz o qədər güclüyük. 

"Azərbaycan bu gün beynəlxalq münasibətlərdə özünün iqtisadi qüdrəti, özünün karbohidrogen ehtiyatları ilə də dünyaya meydan oxuyur"

Bax bu da üçüncü məqamdır ki, Azərbaycan üçün çox əhəmiyyətlidir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı - həm ordu quruculuğu baxımından, həm iqtisadi münasibətlər baxımından Azərbaycan üçün əhəmiyyətlidir. Dördüncü məqam ondan ibarətdir ki, Azərbaycan bu gün beynəlxalq münasibətlərdə özünün iqtisadi qüdrəti , özünün karbohidrogen ehtiyatları ilə də dünyaya meydan oxuyur. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı ardıcıl siyasət ona gətirib çıxarır ki, Azərbaycan dünyada artıq öz sözünü iqtisadi baxımdan deyə bilir. Beşinci məqam. Biz yenə yay tətilindən qayıdırıq deputat kimi. Bir müddət mən Bakıda deyildim. Mən Lənkəranda idim. Sonra bir az xaricə çıxmışdım. Şəhərdən bir az uzaq idim. İsti vaxtlarda daha çox kənarda olmuşam. İnanın Azərbaycanda ay yarımda olan dəyişikliklər, ay yarımda gedən tikinti-quruculuq, abadlıq işləri misilsizdir, mən heç ağlıma gətirə, təsəvvürümə gətirə bilməzdim ki, nə qədər intensivdir, nə qədər geniş miqyaslıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan inkişaf edir, Avropa Olimpiya Oyunlarına hazırlıq prosesləri ilə bağlı yolların abadlaşdırılması, küçələrin yenidən qurulması və bütöv tikinti-quruculuq işləri, bu sürət, bu temp bir daha onu göstərir ki, Azərbaycan, sözün əsl mənasında, qüdrətli dövlətdir. Çünki onun başında qüdrətli lider durur...

"İnkişaf yeni arzulara gətirib çıxarır, bu arzuların yaranması Azərbaycan dövlətinin uğurudur, bu, bizim nöqsanlarımız deyil"

- Bütün bunlara rəğmən, Azərbaycan bütövlükdə öz imkanlarından istifadə edib daxili sabitliyini qorumalıdır, bu da vacib şərtlərdəndir...

- Haqlısınız. Elə bir müddət öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev cənablarının mətbuat işçiləri ilə keçirdiyi görüşün əgər bir qismi sırf mətbuata aid idisə, digər qismi elə cəmiyyətə aid idi, cəmiyyətə mesaj idi ki, cəmiyyət bütöv olmalıdır, cəmiyyət bir nöqtəyə vurmalıdır, Azərbaycanın uğurları daha açıq çözülməlidir. Mən həmişə nə deyirəm? Bu qədər rayonlarda da gedib görüş keçiririk, görürsən ki, vaxtıykən ancaq elektrik enerjisindən şikayət edən adamlar, ancaq onun düzəlməsini istəyən adamlar, bu gün artıq məktəb də tikilib qurtarıb, yollar da çəkilib qurtarıb, işıq da qurtarıb, suda çəkilib, kanalizasiya da çəkilib, indi artıq elektrik enerjisinin gərginliyinin nə bilim nə qədər  aşağı olmasından şikayət edirlər və sair. Yəni,  bu inkişaf yeni arzulara gətirib çıxarır. Bu arzuların yaranması Azərbaycan dövlətinin uğurudur. Bu, bizim nöqsanlarımız deyil. Görürsünüz bəzi şeylər var idi ki, onlar əvvəllər  heç qabarıq görünmürdü. İndi görünür. ASAN xidmət yarandı, korrupsiyanın qarşısını alır. Elə ASAN xidmət olandan sonra o biri korrupsiya əməlləri o dəqiqə görünür. Yəni, bəzi məsələlər var ki, görünür, daha çox müdaxilə tələb edir,  bəzi məsələlər var ki, daha yeni baxış tələb edir və bunlar da, əlbəttə, təbiidir. 

"Mətbuat da Azərbaycanın sirrlərini  qorumalıdır"

Ona görə hesab edirəm ki,  Azərbaycanın sirrlərini həm də mətbuat qorumalıdır, mətbuat  Azərbaycanın uğurlarını geniş yaymalıdır, təbliğ etməlidir.  Açın Rusiya kanallarına baxın. Görün Rusiya kanallarında rus əsgərlərinin ölümü haqqında məlumat verilir? Onların kanallarında daim Ukrayna ordusunda nə qədər adam öldü, Ukrayna ordusunda görün nələr baş verir,  tipli məlumatlar yayımlanır.  Baxın da informasiya gözünüzün qabağındadır. Rusiya mətbuatını açın görün necədir? Ancaq bizim bugünləri əsgər ölümündən sevinən müxalifət qüvvələri, əsgər ölümünü şişirdən,  ən xırda, ən kiçik nöqsanı belə şişirtmək istəyən, sensasiya yaradan mətbu orqanlarımız var ki, bunlar adamda təəssüf doğurur...

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2014.- 19 sentyabr.- S.4.