Qapı
Günəş ona rahat ölümü də çox
görmək niyyətində idi. Özü də
inanmışdı buna. Nədən ki, o
öləndə gün günorta yerindəydi. Günəşin
şüaları ağ nazik pərdəni
dəlib keçir, ox kimi onun bəbəklərinə
sancılırdı. Onunçün də var
gücüylə gecəyə qədər dözməyə
çalışırdı (Öləcəyini bilirdi).
Qaranlığı sevirdi. Qaranlıq onu,
onun bütün əzablarını gizlədirdi hamıdan – ən
məhrəm sirdaşıydı...
...
Günəş qalibanə təbəssümlə zenitə
çatanda o, sonuncu dəfə həyata gözlərini
açdı – bir daha qapamamaq şərtiylə... Və heç nə görmədən. Zatən, insanlar bu dünyaya kor gəlib, kor da gedirlər.
Nəsə gördüyünü iddia edənlərsə
boşboğazdırlar sadəcə....
...
Öldüyünü ilk bilən hər səhər və
axşam onu yoluxmağa gələn, süni şit təbəssümüylə
zəhlə aparan həkim oldu. Həkim
yatağa yaxınlaşıb nəbzini tutdu. Öldüyünə əmin olub gülümsədi.
Amma bu dəfə təbəssümü lap təbii
alındı.
Palatadan çıxmaq istəyəndə
gözü çarpayının yanında yerə
düşmüş dəftərçəyə dəydi.
Hiyləgər təbəssümündən bu
dəftərçəyə maraq göstərdiyi bəlli
olurdu. Dəftərçəni
götürüb etinasız bir hərəkətlə meyitin
yanındaca oturdu və dəftərçəni vərəqləməyə
başladı. Yazılar
qarmaqarışıq idi, çoxu oxunmurdu. Nəhayət,
vərəqləməkdən vaz keçib sonuncu
yazını oxumağa başladı...
lll
“Yenə uçurdum. Səmada süzmək,
üzümü yalayan, saçlarımı oxşayan küləyi
hiss etmək xoş idi mənimçün. İndiyədək belə yüksəyə
qalxmamışdım. Bütün bədənimlə
yüksəkliyi duyur, bundan həzz alırdım. Nə vaxtdan uçduğumun fərqində deyildim –
bir saatmı, günmü, aymı?! Bilmirdim.
Səfərimin başlanğıcını xatırlamağa
çalışdığım müddətdə qəfil nəsə
yumşaq bir şeyə toxunub dayandım... Qabağımı
bulud kəsmişdi. Buludu yarıb
keçmək istədim, amma o, çox elastik idi və
dağılmırdı. Yavaş-yavaş
anlayırdım nə baş verdiyini – kainatın sonuna
çatmışdım, bura son idi.
Lap
mahnıdakı kimi:
Burdan
ötede köy yok,
Burdan öte bir yol yok.
Yanındaysa,
göz yaşın
Bundan iyi
vakit yok...
Dodağımın altında zümzümə edə-edə
ətrafa göz gəzdirdim. Heç nə
görünmür, kimsə gözə dəymirdi. Yəqin, belə də olmalıydı, amma mən
maraqlıydım hər künc-bucağı yoxlamaqda.
Burnumu az qala hər dəlmə-deşiyə
soxmuşdum. Axır ki, bir yarıq tapdım.
Bir adamın rahat keçəcəyi
böyüklükdə idi. Lap qapıya
oxşayırdı, kənarları şüşə kimi
hamardı. Oraya girdim, elə bil
kandardaydım, otağa keçdim. Bura
göz işlədikcə uzanan qəribə bir yer idi. Havadan hansısa, xoşladığım ətir
duyulurdu. Deyəsən, “Hermes” idi.
Çox təəccüblüydü: bu ətir haradan gələ
bilərdi?! Bilmirdim hələ ki... Rənglər
də qeyri-adiydi. Sanki bütün rəngləri
qarışdırmışdılar və vahiməli bir rəng
alınmışdı. Ətrafa baxa-baxa
xeyli irəlilədim. Lap uzaqda qaraltı
görünürdü. Deyəsən,
ağac idi. Yanına tələsdim. Uçuş sürətim artmışdı. Ağırlığım yox idi elə bil. Üzümə külək vurmurdu, amma tam tərsi
olmalıydı. Ən azından fizika qanunları bunu
diktə edirdi... Axır ki, ağaca
çatdım. Nəhəng gövdəsi
vardı. On adam əl-ələ
tutsaydı, yenə ağacın gövdəsini dövrələyə
bilməzdi. Qəribəydi ki, ağacın
kökü heç yerə bitişməmişdi, eləcə
havadan asılıydı ağac. Rişələri
göz işlədikcə boşluğa uzanırdı. Gövdəsi cadarlanmış, qupquru qurumuşdu.
Yaşıllıq nişanəsi kimi ən
aşağı budaqda bircə yarpağı vardı. O
da amanabənd idi...
Yaxınlaşıb ağacın ətrafına
dolanmağa başladım. Gəldiyim yola əks
tərəfdə böyük bir koğuş vardı. Koğuşa boylandım, içəri qaranlıq
olsa da, orda kiminsə olduğu bilinirdi.
– Ey, kim var içəridə? – deyə
səsləndim.
Koğuşdakı tərpəndi və
yavaş-yavaş bayıra çıxdı. İndicə çox qorxulu
varlıq görəcəyimi zənn etiyimdən bir
ayağımı qaçaraq qoymuşdum... Hə,
bağışlayın, qaçmaq üçün torpaq gərək,
odur ki, bir əlimi uçaraq saxlamışdım
(uçmağı bacarsam da, qanadlarım yox idi – lap
düşük filmlərdəki gicgicə supermenlər kimi).
Amma qorxuma rəğmən koğuşdan ortayaşlı,
ucaboy, yaraşıqlı, üzü tərtəmiz təraş
olunmuş bir kişi çıxdı. Ağzım açıla qalmışdı, amma dəqiq
bilirdim ki, onu haradasa görmüşəm. Kişinin gülümsədiyini görüb
özümü yığışdırdım. Üzündən görürdüm ki, məni ələ
salır – təsəvvür edirdim sifətimin nə hala
düşdüyünü. Birtəhər
özümü ələ alıb:
–
Kk-iim-siizz, – soruşdum.
Yeni
tanışım səssizcə, ancaq ürəkdən
gülərək, səhnədə monoloq söyləyən
aktyor kimi pafosla:
– Tanrı,
– dedi. Və səsi o qədər
inandırıcı çıxdı ki, inandım ona.
– Bəs,
burada nə edirsiz? Bir də, axı, Tanrı gözə
görünməz...
– Bura mənim
oylağımdır. Gözə görünməmək
isə boş sözdür. İnsanlar
tanımadıqları kəslər, görmədikləri məfhumlar
haqqında əfsanələr yaratmağı
xoşlayırlar. Buna görə də
sizlərdən kənar gəzirəm. Əvvəllər
insanların ürəyindəydim, indisə, görürsən,
kainatın son nöqtəsindəyəm.
Bir xeyli susduq. Haçandan-haçana:
– Deməli,
mən düz fikirdəyəm – Tanrı insanın
özüdür, onun açdığı yoldur, seçdiyi
yox, məhz açdığı – həyatda hazır yollar
olmur çünki. Onu özün
açmalısan.
Dinmədi. Sadəcə gülümsədi,
çöhrəsindən məmnunluq yağırdı.
Üzündəki
ifadəni dəyişmədən, qəfil:
– Xəbərim
var, məni döyüşə çağırırsan, mənim
absurdluğumu, zəifliyimi sübut etmək istəyirsən. “Cənnət və cəhənnəm yoxdur. Tanrı, Tanrının yolu yoxdur”, – deyirsən,
sübut tələb edirsən. Yadda saxla: Tanrını
beyinlə yox, ürəklə, ruhla anlamaq lazımdır. Tanrının varlığı sübut tələb
etmir.
Mənim
gülümsədiyimi görüb bir anlıq sükutdan sonra
davam etdi:
–
İnanmırsan... Bəs, sən bura gələndə
ən sevdiyin şeylərlə qarşılaşmadın?
“Hermes” ətri, bir qədər qaramtıl-bənövşəyi
boz rəng, sevdiyin mahnını xatırladan məkan. Bunlar hamısı sənin ürəyində kök
salan məfhumlardır. Bura sənin ürəyindir, – hə,
mənim sənə tanış gəlməyim
də, səncə, təsadüfidir? – məni
tapdığın yer də ürəyinin ən dibdəki
hissəsidir. Ora heç kəs girmir icazəsiz,
girə bilmir. Ancaq sən sərbəst girə
bilərsən. Bir də mən – Tanrı.
Amma sən mənə üsyan etdin, məni
dandın. İndi mən buradan getməliyəm, burada mənə
yer yoxdur – çünki sən məni qovdun...
Bunları deyib dərindən nəfəs aldı. Sanki
ağır bir yükü çiynindən atmışdı.
Mənsə özümü çox pis hiss etməyə
başlamışdım. Elə bil böyük
günah işlətmişdim, amma etiraf edə bilmirdim. Bu günahın cəzası da yox idi. Cəzaya
gəlmirdi günahım...
Tanrının
səsi fikrimin axınını yardı:
– Hə,
di gəl, döyüş
çağırışını qəbul edirəm, – dedi
və necə elədisə, əlində dümdüz, iri, yəqin
ki, xeyli də ağır qılınc peyda oldu. Qılınc elə bil büllurdan
tökülmüşdü. Çaşıb
qaldım, amma o, hücum etmədi. Nəyisə
gözləyirdi sanki. Birdən
ağacın rişələrindən biri mənə tərəf
uzanmağa başladı. Rişənin
ucunda bir qılınc görünürdü. Rəngi qapqara idi. Qara brilyant kimi
par-par yanırdı. Heyrətdən susub
durmuşdum. Rişə yanıma
çatıb dayandı. Qılınc sinəm
bərabərindəydi. Karıxdığımdan
onu rişədən ala bilmirdim.
Tanrının
gur səsi yenə məni diksindirdi:
–
Götür qılıncı! Özünü müdafiə et! Sübut elə ki, dediklərin həqiqətdir!
Görürsən bu ağacı? O, sənin
ruhundur. Bax! Diqqətlə bax! O, sənə görə
Tanrıya qarşı çıxır. Sənsə,
ruhundan hər vəchlə imtina etməyə
çalışırsan.
Qara qılıncın qara parıltısı gözlərimə
keçmişdi. Gözlərimin ağı da qaraya
çalırdı elə bil. Tanrının
səsi qapı arxasından gəlirdi sanki.
Qılınca baxdıqca kəsib-doğramaq, qan tökmək
həvəsi doğurdu məndə...
Qılıncı götürdüm, rişə
qılıncın qəbzəsini buraxıb yerinə çəkildi. Qılıncı
sağa-sola hərlədim, bir az
ağır olsa da, rahat idi. Havada müvazinətimi
tarazlayıb qılıncı möhkəm sıxdım.
Sıxdıqca da ondan soyuqluq, rahatlıq,
özünə əminlik axdı içimə.
İlk hücum edən o oldu. Birinci həmlədən
anladım ki, mən girən kol deyil. Çox
güclü idi və həddən artıq rahat vuruşurdu.
Mənim daha bir çətinliyim dayaqla
bağlıydı. Uça bilsəm də,
hər şeydən əvvəl torpağın
övladıydım. Bununçün də
heç yerə tutunmadan döyüşmək çox
çətiniydi. Belə çox davam edə
bilməzdi. Açıq-aşkar
ölüm idi bu vuruşun sonu. Amma vəziyyət
heç gözləmədiyim halda dəyişdi.
Tanrı növbəti həmləni edəndə yana çəkildim. Zərbə
çox güclü alındığından o, bir anlıq
müvazinətini itirdi. Fürsətdən
istifadə edib qılıncı onun çiyninə endirdim.
Çiynindən parlaq, göz qamaşdıran
maye fışqırdı. Və çox
güclü gurultu qopdu. Olduğumuz yer
qaranlıqlaşdı. Təkcə biz
durduğumuz yer projektorla işıqlandırılmış
kimi aydınlığıydı. Amma bu
işartı açıq-aşkar zəifləyirdi. Qəfil Tanrının mənim ruhum
adlandırdığı ağacdan “Ah” nidası eşidildi,
yeganə yaşıl yarpağı qopdu, fırlana-fırlana
dibsiz boşluqda gözdən itdi. O an
hiss etdim ki, ürəyim daha vurmur...
Tanrı əlindəki
qılıncı az qala gözümə
sancaraq, yüzlərlə topun yaylım atəşinə bənzər
səslə:
– Hə, sən istədin bunu! Sən Tanrını öldürmək istədin! Əslində bu sənin ölümündür. Qalan sonuncu yarpağı da qopardın. İndi, sən, yalnız, kölgəsən. Başqa heç nə... Mən səni bircə göz qırpımında məhv edərdim. Amma etmədim. Əvəzində etdiklərinə bax! Deməli, sənin kölgənin belə, yaşamağa haqqı yoxdur, – deyib qılıncı sol çiynimə endirdi. Macal tapıb öz qılıncımı qabağa verdim. Ancaq qılıncım zərbdən iki bölündü və Tanrının qılıncı çiynimə işlədi...
lll
... Otağımdaydım. Çarpayıda uzanmışdım. Buna sevindim: deməli, yuxu imiş hər şey... Qalxmaq istədim, çiynimdən qopan ağrı məni yatağa mıxladı. İndi gördüm, yaralanmışdım, bütün yataq qana boyanmışdı. Gözlərimi hərləyib döşəməyə düşmüş qara qılınc qırığında saxladım. Qılıncın qırılmış tiyəsində qurumuş, par-par yanan maye ləkəsi görünürdü, döşəmədə də eyni izlər vardı...
Yaramdan axan qan hələ dayanmamışdı, amma birtəhər özümü toplayıb yataqdan qaldım, səndələyə-səndələyə həyətə çıxdım. İzlər bir qədər irəlidə yoxa çıxırdı. Amma həyətə kölgə salan talvara dırmanmış meynənin yarpaqları qana boyanmışdı. Aydın idi, O, öz məkanına qayıtmışdı. Sevindim, deməli, ölməyib. Deməli, mən hələ də öz halımdayam – canlı insanam, quru kölgə yox. Amma nədənsə ürəyimin döyüntüsünü eşidə bilmirdim. Özümə təskinlik verdim – yaralıyam, qan itirmişəm, ona görə ürəyim zəifləyib.
Özümü az da olsa, inandırıb yenə çözələnən fikirlərimə qayıtdım:
– Deməli, hələ heç nə itirilməyib, oraya yenə gedib, Tanrıya sülh təklif edə bilərəm...
... Birdən arxa tərəfimdə nəsə
guppultu ilə yerə düşdü. Geri çevrilməyə
ürək eləmədim. Gözümün qabağına həyat
ağacından qopan sonuncu yarpaq gəldi – fırlana-fırlana
dibsiz boşluqda gözdən itməkdəydi... Haradansa, burnuma
“Hermes” ətri dəydi. Və haradasa, Emre Aydın oxuyurdu:
Burdan
ötede yol yok,
Burdan
öte bir köy yok,
Yanındaysa
göz yaşın,
Bundan iyi
vakit yok...
Qəfildən xəyal da yoxa çıxdı, ətir
də çəkildi. Emre Aydın da daha oxumurdu. Sükunət qulaq dəlirdi. Ürəyimin
vurmadığını dəqiq bildim indi... Qurtardı!!! Hər
şey bitdi... Bitdi!..”
lll
Dəftərçəni örtüb ayağa qalxdı. Meyitə lap yaxın gəlib
onun donuq üz cizgilərinə tamaşa etməyə
başladı. Pəncələri üstündə
yellənə-yellənə, fitlə hansısa mahnını
səsləndirərək, bir xeyli beləcə qaldı.
Elə bu vaxt qapı səssizcə aralandı,
xəstə baxıcısı – gənc qız palataya girdi.
Həkim bu vəziyyətdə
yaxalandığı üçün pərt oldu. Fitini kəsdi, karıxdığından
qıpqırmızı qızarmışdı. Dillənəndə
kəkələdi:
– Ooo...
ooradaa öölüb...
Tibb bacısı bir xeyli key-key ona və meyitə
baxdı, güclə özünü qapının
yanındakı kətilə yıxdı. Heç nə
ifadə etməyən gözlərini çarpayıda uzanan
adamın göyərmiş, bir qədər də
dartılmış kimi görünən sifətinə zillədi.
Handan-hana qalxıb meyitin əl-ayağını
nizamladı. Sonuncu dəfə bir anlıq
onun gözlərinə baxdı və qorxurmuş kimi tələsik
gözlərini bağlayıb mələfə ilə
üzünü örtdü. Mələfəni
düzəltmək üçün əyiləndə bir
damla yaş yanağından qopub, mələfənin üzərinə
– ölünün göz çuxurunun üstünə
düşdü.
Sonra hər ikisi, sözləşiblərmiş kimi, səssizcə
qapıya yönəldi. Çıxarkən qız qapını
var gücüylə çırpdı. Qapıya
bərkidilmiş, üzərində 13 rəqəmi olan
lövhənin bir tərəfi qopub sallandı. Gedənlərin
dalınca əl edirmiş kimi yellənirdi 13...
Cavid QƏDİR
525-ci qəzet.-
2014.- 20 sentyabr.- S.28